Yeva Lindström 2022-ci il üzrə Astrid Lindqren mükafatının sahibi olub Featured

 

“Balaca və damda yaşayan Karlson” kitabını oxumasanız belə çoxlarınız eyniadlı cizgi filmini görüb. “Uzincorab Peppi”ni də həmçinin. Bunlar məşhur İsveç yazıçısı Astrid Lindqrenin qələmindən çıxan dünya bestsellerləridir. O Astrid Lindqrenin ki, xatirəsinə beynəlxalq mükafat təsis edilib və bu mükafat hər il uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilir. 

“Ədəbiyyat və incəsənət” portalı RİA Novosti-yə istinadən xəbər verir ki, İsveç hökuməti Astrid Lindqren mükafatını 2002-ci ilin yanvarında yazıçının ölümündən sonra təsis edib. Bu mükafata iddia edən yazıçı və illüstratorların əsərləri Astrid Lindqrenin ruhunu əks etdirməlidir. Mükafat fondu böyükdür - 5 milyon İsveç kronuna bərabərdir. Bu, uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən ən böyük mükafatdır. 

Mükafatın münsiflər heyəti Mədəniyyət üzrə Milli Şura tərəfindən formalaşdırılır, onun tərkibinə yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər, kitabxanaçılar daxil olur.

Ötən gün 2022-ci il üzrə mükafat öz sahibinə çatıb, bu, isveçli müəllif və rəssam-illüstrator Yeva Lindström olub.

Yeva Lindström 1952-ci ildə Vesterosda doğulub. 1969- 1974-cü illərdə Stokholmda Konstfak rəssamlıq kollecində rəngkarlıq ixtisası üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə rəssam-multiplikator kimi başlayıb. O özünün “Katmössan” ("Pişik şlyapası", 1988) adlı birinci kitabına illüstrasiyaları da özü çəkib. Lindströmün bənzərsiz yumoristik üslubu həm mətnlərdə, həm də şəkillərdə hiss olunur.

Lindströmün qalibiyyəti heç də asan başa gəlməyib, 2022-ci ilin laureatı mükafata iddiaçıların siyahısındakı 71 ölkədən 262 namizədi qabaqlamağı bacarıb.

Qeyd edək ki, ötən 2021-ci ildə Astrid Lindqren mükafatının laureatı fransız hekayəçisi Jan-Klod Murleva olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.