Super User
“Oskar” mükafatlandırma mərasimində səhnəyə çıxacaq sənətçilərin adları açıqlanıb
“Oskar” mükafatlandırma mərasimində səhnəyə çıxacaq sənətçilərin adları açıqlanıb.
Türkiyə mediası xəbər verir ki, “Ən yaxşı musiqi” kateqoriyasında yarışan Beyonce və Billie Eilish mərasimdə iştirak edənlər sırasındadır. Qeyd edək ki, Sebastian Yatra ve Reba McEntire kimi sənətçilər də səhnəyə çıxacaqlar.
Mükafatlandırma mərasimi martın 28-i Dolbi Teatrında keçiriləcək.
Sofiya şəhərində “Arşın mal alan” operettasının bolqar dilində premyerası keçirilib
Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzərTAC-a bildiriblər ki, operettanın bolqar dilində ilk təqdimatında Bolqarıstan Respublikasının hökumət və ictimai-siyasi nümayəndələri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, həmçinin diaspor əməkdaşları iştirak ediblər.
Azərbaycan operettasının bolqar dilində premyerası yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Rusiya prezidenti böyük səhv edib” - Bu saatda Brüsseldə NATO-nun sammiti keçirilir.
Brüsseldə NATO-nun təcili sammiti keçirilir və orada Rusiyanın Ukrayna ərazisinə soxulmasına cavab olaraq gələcək tədbirlər müzakirə olunur. Sammitdə NATO ölkələrinin rəhbərləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, görüş başlamazdan əvvəl alyansın baş katibi Yens Stoltenberq mediaya bəyan edib ki, hərbi-siyasi blok bu gün sononilliklərdə ən ciddi təhlükəsizlik böhranı ilə üzləşib.
"Rusiya prezidenti böyük səhv edib, müstəqil və suveren dövlətə qarşı müharibəyə başlayıb. O, Ukrayna xalqının gücünü, Ukrayna xalqının cəsarətini lazımınca qiymətləndirməyib", - deyə Stoltenberq bildirib.
NATO-nun baş katibi bir daha vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukraynaya qoşun göndərməyəcək və səmanı bağlamayacaq: "Ukrayna üzərində uçuşsuz zonanın elan edilməsi o deməkdir ki, biz onu qurmalıyıq, o deməkdir ki, biz Rusiya, Belarus və Ukrayna səmasında hava hücumlarına qarşı kütləvi əks hücum aparmalı olacağıq, həmçinin Rusiya təyyarələrini vurmağa hazır olmalıyıq, onda NATO ölkələri ilə Rusiya arasında genişmiqyaslı müharibə riski çox yüksək olacaq və bu da böyük ölümlərə və dağıntılara səbəb olacaq".
Stoltenberq kimyəvi silahdan istənilən istifadənin münaqişənin təbiətini köklü şəkildə dəyişəcəyini və ağır nəticələrə gətirib çıxaracağını da bildirib.
Sammit bu saatlarda davam edir.
Ən çox oxunan xəbər “Ərzaq böhranı” barədə xəbərdarlıqdır
“Dünya ərzaq böhranı ilə üzləşmə riski yaşayır. Ərzaq məhsullarının qiymətlərinin artımı qaçılmazdır. Milyonlarla insanın aclıq təhlükəsi var.”
Bu manşetlər ötən gün dünya mediasında cövlan edib.
“Ədəbiyyat və incəsənət” portalı
Euronews-a istinadən məlumat verir ki, bunun səbəbi kənd təsərrüfatı bitkilərinin, xüsusən taxılın əsas dünya tədarükçülərindən biri sayılan Ukraynada gedən hərbi əməliyyatlardır.
“Rusiya artilleriyasının atəşi altında tarlaları necə əkə bilərik?"- bu yaxınlarda ölkə prezidenti Vladimir Zelenskinin dilindən belə bir sual səslənib.
Ukraynanın aqrar siyasət naziri Avropa Parlamentinin deputatları qarşısında ərzaq təhlükəsizliyi probleminin mahiyyətini açıqlayıb.
Roman Leşşenko, Ukraynanın aqrar siyasət və ərzaq naziri: "Məhsulun çatdırılmasının əsas kanalları bizim dəniz limanlarımız idi. Hazırda onlar ya qismən, ya da tamamilə dağıdılıb. Bir neçə saat əvvəl Rusiya Silahlı Qüvvələri Nikolayev taxıl terminalını darmadağın etdi. Böyük anbar avadanlıqları - hamısı məhv edilib".
Buğdanın qiymətləri, eləcə də günəbaxan yağı son günlərdə rekord səviyyəyə çatıb.
Rusiya və Ukraynadan taxıl tədarükündən ən azı əlli ölkə birbaşa asılıdır, lakin daha çox inkişaf etməkdə olan regionlar - Şimali Afrika, Asiya və Yaxın Şərq asılıdır.
Ən ağrılısı isə qiymət artımının məhz yoxsul dövlətlərə zərbə vurmasıdır. Onların bir çoxu hələ də pandemiyanın yaratdığı və iqlim dəyişikliyi problemi ilə daha da dərinləşən ciddi maliyyə çətinliklərində yaşayırlar. Ukraynadakı hərbi münaqişə üzündən ərzaq böhranı təhlükəsi iqtisadi cəhətdən ən zəif ölkələr üçün tam reallaşıb.
Müharibənin 4-cü həftəsinin acı nəticəsi belədir. Kremlin işğalçılıq siyasəti bütün dünya üçün təhlükə yaratmaqdadır.
Adamyeyən Vera Petrovna
Ukrayna yazıçılarının “Yazıçılar internet məkanında” adlanan sosial media platformasında şair Dmitriy Kolomenskinin “Vera Petrovna” adlı şeiri dərc edilib.
Əlbəttə, şairin yaratdığı obraz bizə çox tanış gəlir, şeirə aid karikaturada isə simaca da onu kiməsə oxşadırıq. Qadın obrazlı bu kişini kim tanımır ki? Bəs niyə
qadın obrazı? Çünki o, tək özünü yox, bütün ölkəni təmsil edir, ölkə isə rus qrammatikasında qadın cinsinə aiddir.
“Ədəbiyyat və incəsənət” portalı üçün şeiri Məhbub Ələsgərli sətri tərcümə edib.
Tanış olun,
bu Vera Petrovnadır,
O adamyeyəndir.
Özü də o,
deməyin ki, adamları
nahara bişirib yeyir.
Ya da, deməyin ki, onları
gecə gizlincə ovlayır,
Köpək dişlərinə çəkir,
Sümüklərindən də gübrə kimi
bağ-bostan əkir.
Yox ki yox!
Vera Petrovna fərqli birisidir,
insan əti yemək tərzi də
tam fərqlidir.
Bu qadın qanqal kimi böyüyür,
Qərb küləyi əsəndə
şərqə əyilir,
şərq küləyi əsəndə - qərbə.
Elə ki böyük, ya kiçik rəislər
Kütləvi çıxışlarında sülhdən,
xoşbəxtlikdən dəm vururlar,
Bax onda Vera Petrovnaya
sanki xüsusi siqnal ötürülür.
Bu zaman onun kürəkləri enliləşir,
gözündə qırmızı işıq yanır.
Üst-üstə qalaqlanır
milli, sinfi nifrət,
dini həqarət.
Qızlıq qüruru da
lap ayaqda dayanır.
Və o, başlayır yeməkçün
adam axtarmağa.
Düşmən baxış, zəhərli dil,
xoşagəlməz burun görəndə
Genişqəlbli Vera Petrovna
donos yazır,
qəbir qazır.
Qələmini itiləyib məqaləyə də keçir.
Məqaləsinə belə bir ad da seçir:
“Rusiyanın ayağa qalxmasına
və cənnətdə yaşamasına
mane olan siyasi cəhətdən
zərərli elementlərin adlarının
tam külliyyatı…”
Qarışdırır bir-birinə
Publisistikayla ədəbiyyatı.
Doyunca ət yemək üçünsə
Polisə, prokurorluğa, məhkəməyə
işə düzəlir.
Orda ət də təzədir,
təchizat da fasiləsizdir,
hər şey də əqillə hesablanır.
Və ümumən,
kollektivdə qidalanmaq
tək qidalanmaqdan
daha öndə dayanır.
İstənilən ölkədə, istənilən əsrdə
bu cür “mətbəxə” aid
çoxlu nümunələr olub.
İnsan ətini daha dadlı edən souslar
İnsan əti yeməyin ən uyğun zamanlarında
Normativlərə yazılıb.
Beş dəqiqəndən keç,
Bəyən və seç.
Lakin qəfildən zaman dəyişir,
Rəislər əmrlərini ləğv edirlər.
Vera Petrovna məyusluqla
çiyinlərini çəkir,
qırmızı gözü maviyə dəyişilir.
Nifrət və qəzəb dolu baxışları ilə
O adiləşir, adi adama dönür.
Elə bil arzuları da qəfil sönür.
Və bir gün də biz,
Onunla eyni avtobusda
yanaşı oturub gedirik,
Uzun yolu söhbətimizlə
yarı edirik.
Ki, bu il kartof yaxşı məhsul vermədi,
Ki, soğan məhsuldar oldu.
Ki, qış sərt keçdi,
Ki, bahar mülayimliklə doldu…
Birdən Vera Petrovna içini çəkir,
“Ət də yaman bahalaşıb”, - söyləyir.
Gözünü döyür, ağzını əyir.
Sonra hərisliklə
baxır mənim bədənimə.
Sanki baxışları deyir:
“Bu hissədən bozartma çıxar,
Bu hissədən qızartma.”
Adi insan beləmi olar?
İçinə bunca vəhşilikmi dolar?
“Gündüz çıraqla da
ət tapa bilmirəm”-
şikayətlənir bu kəs,
Ağzı sulanır,
xəyalən ətimi basıb yeyir nakəs.
Qışqırsam da,
sürücüyə səslənsəm də,
avtobus dayanmır.
Pəncərədən dibsiz çöllər bozarır.
Vera Petrovnanınsa mavi gözləri
hey qızarır, qızarır.
Günün fotosu: Çubays İstanbul aeroportunda fotokameraya tuş gəlib
Günün fotosu: Çubays İstanbul aeroportunda fotokameraya tuş gəlib
Ötən gün Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoliy Çubaysın istefa verərək Rusiyanı tərk etməsi və həyat yoldaşı ilə birgə İstanbula getməsi xəbəri bomba kimi partlayıb.
Xəbəri ilk olaraq Blumberq və Röyters agentlikləri yaymışdılar, sonradan Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da təsdiqləmişdir.
Peskov Çubaysın ölkədən gedib getmədiyinə aydınlıq gətirməmişdir. Amma bu arada BBC Çubaysın “Kommersant” qəzetində dərc edilmiş İstanbil aeroportunda çəkilmiş fotosunu yayımlamışdır.
Demək, Çubays - Putinin apardığı işğalçı müharibəyə ilk etiraz edən yüksək ranqlı məmur kimi tarixə düşəcək.
Türkiyə ədəbiyyatına itki üz verib
Qocaman Türkiyə ədibi, Türk Ədəbiyyatı Vaqfının qurucularından sayılan Rifat Çokum vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Türk Ədəbiyyatı Vaqfının başqanı Serhat Kabaklı öz facebook hesabında məlumat vermiş, TƏV adından başsağlığı mətni yaymışdır.
Serhat Kabaklı cənazənin sabah - martın 24-də götürüləcəyini, İstanbulun Güzelkent camesində vida namazının qılınacağını, mərhumun Silivri Ali Paşa məzarlığında dəfn olunacağını da qeyd etmişdir.
Allah rəhmət eləsin!
Şəkildə: Rifat Çokum 1989-cu ildə Bakıda, xalq yazıçısı Əzizə Cəfərzadənin və digər həmkarlarının əhatəsində.
Günün fotosu: Kiyevin mərkəzində lalələrdən Ukrayna gerbi
Günün fotosu: Kiyevin mərkəzində lalələrdən Ukrayna gerbi
Rusiya işğalçı qüvvələrinin Kiyevi mütəmadi bombardman etdiyi bir vaxtda onlarla kiyevli şəhərin mərkəzində yerdə lalələrdən Ukraynanın gerbini hazırlayıb.
Öncə Ukraynanın digər bölgələrində həyata keçirilən bu aksiya artıq Kiyevdə reallaşıb.
Foto: Euronews
Filarmoniyada Bokkerini, Vivaldi, Şubert, Şostakoviç və Əlizadə musiqisi səsləndirilib
Paytaxtımızda klassik musiqidən ibarət konsert proqramlarının keçirilməsi hər dəfə musiqi xadimləri üçün toy-bayrama çevrilir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti də eyni hissləri yaşadıb.
“Ədəbiyyat və incəsənət” portalı tədbirin aparıcısı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü Aysel Kərimə istinadən bildirir ki, açılış nitqində bu fikirlər dilə gətirilib: “Əziz dostlar, əziz musiqisevərlər. Xoş təşrif buyurmusunuz. Bizləri bir araya gətirən musiqiyə olan sevgimizdir. Bu gözəl musiqi ocağında reallaşan tədbirin işığına toplaşmaq əhvalımıza rəng qatır. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdim edəcəyi əsərlərin adlarını böyük məmnuniyyətlə sadalamaq istəyirəm:
Luici Bokkerini - "Madriddə hərbi gecə keşikçilərinin yürüşü". Əsərdə gecə həyatının dincliyinin qorunmağı təsvir edilib. Bokkerini klassik dövrün parlaq italyan bəstəkarı kimi yaradıcılığında müxtəlif janrlara toxunub.
Antonio Vivaldi - "İlin fəsilləri". Bu silsiləyə 4 konsert daxildir. Bahar, yay, payız, qış. Konsertlərin hər biri 3 hissədən ibarətdir. Əsər proqramlıdır və hər fəslin təsviri göstərilib. Vivaldi istedadlı italyan bəstəkarları olub. Barokko dönəminin önəmli nümayəndələrindən biridir.
Frans Şubert – Ouverture “Der Teufel als Hydraulicus”. Səhnə üçün yazılmış şən mahnılarla dolu mif su şeytanı komediyası. Avstriya bəstəkarı qısa ömrü, lakin dəyərli sənəti ilə dünya musiqi tarixində yer almaqdadır. Romantizm janrının banilərindən biridir.
Dmitri Şostakoviç - Prelüd və Skertso. Şostakoviç görkəmli sovet bəstəkarı olub. Sovet dönəmində yazıb-yaradan bir çox bəstəkarlara sənətin sirrlərini aşılayıb və onların yaradıcılığına yaxşı mənada təsir edib. Onun musiqisi 20-ci əsr mədəniyyətinin əhəmiyyətli səhifələrindən biri kimi göstərilir.
Firəngiz Əlizadə- “Dance” (rəqs). Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, YUNESKO-nun sülh elçisidir. 1967-ci ildə yaradılmış Ağa Xan Fondunun ilk musiqi mükafatına layiq görülən görkəmli musiqi xadimi, şərqdə və qərbdə uzun illər fəaliyyət göstərmiş, ustad dərsləri keçmiş, dünya miqyasında hörməti və nüfuzu ilə seçilən musiqi bilicisidir. Əsərləri xarici ölkələrin konsert və teatr səhnələrində, beynəlxalq festivallarda dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilən yaradıcı şəxsiyyətdir.
Dəyərli qonaqlar əsrarəngiz əsərlərin təsirilə xoş zaman keçirəcəyinizə ümid edirik. Diqqətinizə görə minnətdaram.”
Sonra çıxışlar başlanıb. Orkestr bədii rəhbər və baş drijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə çıxış edib. Proqramın solisti beynəlxalq müsabiqə laureatı, violin ifaçısı Ümidə Abbasova olub.
Xüsusən konsertdəki son ifa - dünyanın bir çox musiqiçilərinin repertuarında yer tutan, Azərbaycan musiqisinin şedevri sayılan Firəngiz Əlizadənin “Dance” əsəri tamaşaçıları heyran edib. Kamera orkestrinin möhtəşəm ifasında həm lirika, həm yumor, həm Azərbaycan ritmlərinin incəlikləri yer tapıb.
Tədbirdə bir çox rəsmi qonaqlarla yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə və Azərbaycan Respublikası Mədəniyyət nazirinin xanımı da iştirak edib.
Tədbir yaddaqalan məqamlara xatirələrə həkk olunub. Aysel Kərim söyləyir: “Nə xoş ki, ölkəmizdə musiqi mədəniyyətinə yüksək dəyər verilir. Qeyd etmək yerinə düşər ki, dövlət rəhbərliyinin, xüsusən Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği sahəsində gördüyü işlər biz peşəkar musiqiçiləri də olduqca həvəsləndirir. Bu istiqamətdə daha çox işlər görməyə sövq edir.”
Şəkildə: Aysel Kərim Mədəniyyət nazirinin xanımı ilə.