Ukrayna yazıçılarının “Yazıçılar internet məkanında” adlanan sosial media platformasında şair Dmitriy Kolomenskinin “Vera Petrovna” adlı şeiri dərc edilib.
Əlbəttə, şairin yaratdığı obraz bizə çox tanış gəlir, şeirə aid karikaturada isə simaca da onu kiməsə oxşadırıq. Qadın obrazlı bu kişini kim tanımır ki? Bəs niyə
qadın obrazı? Çünki o, tək özünü yox, bütün ölkəni təmsil edir, ölkə isə rus qrammatikasında qadın cinsinə aiddir.
“Ədəbiyyat və incəsənət” portalı üçün şeiri Məhbub Ələsgərli sətri tərcümə edib.
Tanış olun,
bu Vera Petrovnadır,
O adamyeyəndir.
Özü də o,
deməyin ki, adamları
nahara bişirib yeyir.
Ya da, deməyin ki, onları
gecə gizlincə ovlayır,
Köpək dişlərinə çəkir,
Sümüklərindən də gübrə kimi
bağ-bostan əkir.
Yox ki yox!
Vera Petrovna fərqli birisidir,
insan əti yemək tərzi də
tam fərqlidir.
Bu qadın qanqal kimi böyüyür,
Qərb küləyi əsəndə
şərqə əyilir,
şərq küləyi əsəndə - qərbə.
Elə ki böyük, ya kiçik rəislər
Kütləvi çıxışlarında sülhdən,
xoşbəxtlikdən dəm vururlar,
Bax onda Vera Petrovnaya
sanki xüsusi siqnal ötürülür.
Bu zaman onun kürəkləri enliləşir,
gözündə qırmızı işıq yanır.
Üst-üstə qalaqlanır
milli, sinfi nifrət,
dini həqarət.
Qızlıq qüruru da
lap ayaqda dayanır.
Və o, başlayır yeməkçün
adam axtarmağa.
Düşmən baxış, zəhərli dil,
xoşagəlməz burun görəndə
Genişqəlbli Vera Petrovna
donos yazır,
qəbir qazır.
Qələmini itiləyib məqaləyə də keçir.
Məqaləsinə belə bir ad da seçir:
“Rusiyanın ayağa qalxmasına
və cənnətdə yaşamasına
mane olan siyasi cəhətdən
zərərli elementlərin adlarının
tam külliyyatı…”
Qarışdırır bir-birinə
Publisistikayla ədəbiyyatı.
Doyunca ət yemək üçünsə
Polisə, prokurorluğa, məhkəməyə
işə düzəlir.
Orda ət də təzədir,
təchizat da fasiləsizdir,
hər şey də əqillə hesablanır.
Və ümumən,
kollektivdə qidalanmaq
tək qidalanmaqdan
daha öndə dayanır.
İstənilən ölkədə, istənilən əsrdə
bu cür “mətbəxə” aid
çoxlu nümunələr olub.
İnsan ətini daha dadlı edən souslar
İnsan əti yeməyin ən uyğun zamanlarında
Normativlərə yazılıb.
Beş dəqiqəndən keç,
Bəyən və seç.
Lakin qəfildən zaman dəyişir,
Rəislər əmrlərini ləğv edirlər.
Vera Petrovna məyusluqla
çiyinlərini çəkir,
qırmızı gözü maviyə dəyişilir.
Nifrət və qəzəb dolu baxışları ilə
O adiləşir, adi adama dönür.
Elə bil arzuları da qəfil sönür.
Və bir gün də biz,
Onunla eyni avtobusda
yanaşı oturub gedirik,
Uzun yolu söhbətimizlə
yarı edirik.
Ki, bu il kartof yaxşı məhsul vermədi,
Ki, soğan məhsuldar oldu.
Ki, qış sərt keçdi,
Ki, bahar mülayimliklə doldu…
Birdən Vera Petrovna içini çəkir,
“Ət də yaman bahalaşıb”, - söyləyir.
Gözünü döyür, ağzını əyir.
Sonra hərisliklə
baxır mənim bədənimə.
Sanki baxışları deyir:
“Bu hissədən bozartma çıxar,
Bu hissədən qızartma.”
Adi insan beləmi olar?
İçinə bunca vəhşilikmi dolar?
“Gündüz çıraqla da
ət tapa bilmirəm”-
şikayətlənir bu kəs,
Ağzı sulanır,
xəyalən ətimi basıb yeyir nakəs.
Qışqırsam da,
sürücüyə səslənsəm də,
avtobus dayanmır.
Pəncərədən dibsiz çöllər bozarır.
Vera Petrovnanınsa mavi gözləri
hey qızarır, qızarır.