Super User
Məşhur modelyer Gülnarə Xəlilova yeni kolleksiyasını nümayiş etdirir
Martın 20-dən etibarən Azərbaycanın geyim mədəniyyətini, estetikasını xarici ölkələrdə yetərincə uğurla təmsil edən məşhur modelyer Gülnarə Xəlilovanın Port Baku Mall-da “Xarıbülbül və Qarabağ” kolleksiyalarının təqdimatı başlayıb. Rəngarəng, milli ornamentli geyimlərin hamısı əl işidir, böyük zəhmətin nəticəsidir,
möhtəşəmdir.
Təşkilati dəstək: Synerjy Partnership- dir.
Nümayiş martın 24-dək davam edəcək.
Diqqət! Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun müsabiqə mərhələsi başlanır
Əziz yazarlar!
Məmnuniyyətlə sizə bildiririk ki, bu gün - mart ayının 20-i yenicə yola çıxmış Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsinə start verilir.
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən, Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festival 2 mərhələdən ibarət olacaq.
1-ci mərhələ:
Martin 20-dən aprelin 20-dək yaşı 35-dək olan gənc yazıçı və şairlər
Müsabiqə mərhələsinə qatıla biləcəklər. Bu mərhələdə iştirakçılar 12-lik Times New Roman qarniturunda, poeziyada maksimum 4 şeir, nəsrdə maksimum 7500 işarə həcmində yazılarını, özləri haqda qısa məlumatı və əlaqə nömrələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yollamalıdırlar. Kriteriyalara cavab verən, yüksək ədəbi zövq aşılayan 30 ən dəyərli işin müəllifi gizli ekspertlər
tərəfindən müəyyənləşəcək və final mərhələsinə adlayacaq.
2-ci mərhələ:
Aprelin 30-da 30 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar (bütün xərcləri təşkilatçı tərəf qarşılayır).
Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar.
Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq.
Qala gecə:
Musiqi ilə, təbrik nitqləri ilə, zəngin banket süfrəsi ilə müşayiət olunacaq Qala gecədə bütün iştirakçılar festivalın finalçısı Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla mükafatlandırılacaqlar.
Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək.
Əziz gənclər, buyurun, müsabiqəyə qatılın, öz gücünüzü sınayın.
Festivalın devizi isə belədir: Sonda ədəbiyyat qalib gələcək!
Təşkilat komitəsi
UNESCO-nun qeyd etdiyi Novruz, Şıxəli Qurbanov və İsmayıl Şıxlı cəsarəti, hər ayinin öz rəmzi mənası - Bayramınız mübarək!
Bu soyuq, sulu qar yağan bir gündə Novruz bayramının – gözəl baharın gəlişi bir qədər müəmmalı görünsə belə, bəli, bu gün xalqımızın ən əziz bayramı olan Novruz bayramıdır, bu gecə də Azərbaycana yaz gələcək.
“Ədəbiyyat və incəsənət” portalı Novruz bayramı barədə ən müxtəlif bilgiləri sizlərin diqqətinə çatdırır.
Bəşəriyyətin qeyri-maddi irsi olan bir bayram
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar, həmçinin, türkdilli xalqlar, azərbaycanlılar yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd ediblər, şənliklər keçiriblər. Bu gün Novruz bayramı Azərbaycanla yanaşı İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və bir sıra şərq ölkələrində qeyd olunur. Novruzu qeyd edən ölkələrdə baharın gəlişi ilə rəmzi mənada yeni il gəlir, İran və Əfqanıstanda isə bu, rəmzilikdən çıxır, həmin gün onlarda rəsmən təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.
Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ”Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal-hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.
Novruz bayramının mənşəyi
Qeyd etdik ki, Novruz bayramı Azərbaycanda qeyd edilən ən qədim bayramlardan biridir. Və onun mənşəyində yalnız bir şey – baharın gəlişi durur. Əlbəttə ki, çox uzun müddətlər din xadimləri, müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışıblar. Onu şiyəlik və sünnilik məzhəblərinə bağlayanlar, ayrı-ayrı xilafət nümayəndələrinin təşəbbüsünə aid edənlər də tapılmışdır, tədqiqat işləri, məqalələr yazıb qızğın təbliğata girişənlər də olmuşdur.
Hətta bəzi İranpərəst, şiyə məzhəbinə aid qüvvələrin fikrincə, bu bayram Həzrət Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni, guya ki, xalq Həzrət Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı ilk dəfə keçirmişdir. Halbuki, Həzrət Əli iyul ayında hakimiyyətə gəlib, Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur.
Dini məsələlərin Novruz Bayramına təsiri Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır, orta əsrlərdə, sonrakı panislamizm dövrlərində rişələnmiş, bu bayramı gündəmdən çıxarmaq məqsədi ilə Sovet dövründə isə onun dini əsasları daha qabarıq reklam olunmuşdu ki, ateist cəmiyyətdə qadağaya daha rahat məruz qoyulsun.
Amma, qeyd etdiyimiz kimi, bu bayramın dinlə heç bir əlaqəsi yoxdur, özündə baharın gəlişini ehtiva edir, farsca tərcümədə “yeni gün” mənasını verən bu bayram islam dini yaranandan xeyli əvvəl mövcud olub. 10-cu əsrdə yaşamış fars alimi Əbu Reyhan Biruni isə Novruz bayramının ən qədim təbliğatçısı hesab edilir, müxtəlif rəvayətlərdə məşhur alim bayram adət-ənənələrindən, Novruz bayramının yaranma səbəblərindən bəhs edib. O, öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu sübut eləyib.
İmperiya qadağaları və xalqın inadı
Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən bu qədim xalq bayramı təbii ki, Azərbaycanı işğal edib ikiyə bölən Çar Rusiyasının zamanında da kütləvi keçirilir, heç bir qadağalarla rastlaşmırdı. Amma qırmızı sovet diktaturası qurulduqdan, SSRİ imperiyasında yüzlərcə xalqın milli mənsubiyyətini poza-poza sovetləşdirilmə prosesində Novruz bayramına da qadağalar qoyuldu. Amma bütün bu qadağalara baxmayaraq xalq gizlin də olsa öz sevimli bayramını qeyd etmək ənənəsindən qalmadı, dövlət xadimi kimi Vəli Axundov, Şıxəli Qurbanov, yazıçı kimi də xalq yazıçımız İsmayıl Şıxlı bu bayramın adını çəkmək, onu yasaqlıq pərdəsi arxasından çıxarmaq cəhdləri ilə tarixdə qaldılar. 1967-ci ildə ölkə rəhbərliyində təmsil olunan iki şəxsin – birinci katib Vəli Axundovun və ideoloji katib Şıxəli Qurbanovun sayəsində Bahar bayramı adı altında Növruz bayramı dövlət bayramı kimi qeyd edildi, amma sonrakı illər Kreml buna icazə vermədi, millətçi sayılan Şıxəli Qurbanovun müəmmalı ölümü isə onun öldürülməsi anlamını verdi.
İsmayıl Şıxlının “Dəli Kür” çəsarəti
Xalq yazıçısı İsmayıl Şıxlı XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən “Dəli Kür” əsərini 1957-ci ildə qələmə almağa başlamış, 1967-ci ildə tamamlamışdı. 1969-cu ildə isə roman əsasında rejissor Hüseyn Seyidzadə “Dəli Kür” filmini çəkdi. İsmayıl Şıxlı sadəcə əsərin deyil, eyni zamanda filmin ssenari müəllifi kimi “Dəli Kür” filmində Azərbaycan kino tarixində ilk dəfə olaraq Novruz bayramının təsvirini yaratdı, filmin bir neçə epizodunda bayram adət-ənənəsini göstərdi. Bunlar “yuxarıların” icazəsi alınmadan həyata keçirilmişdi.
Filmdəki Novruz səhnəsi Şamaxının Dədəgünəş kəndində çəkildi. Milli ruhlu yazıçı kimi tanınan İsmayıl Şıxlı nə qədər təkidlə əsərdə Novruzdan bəhs edibsə, eynilə də milli ruhlu rejissor kimi filmlər ərsəyə gətirən Hüseyn Seyidzadə də eyni inadkarlıqla filmdə həmin epizodların çəkilməsi uğrunda mübarizə apardı. Rejissor filmin hazırlıq prosesində “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərovun yanına getdi və onunla qısa və konkret danışdı: “İcazə olsa da, olmasa da, Novruz səhnəsini filmdə ekranlaşdıracayıq”.
Adil İsgəndərovun Hüseyn Seyidzadənin cəsarətindən xoşu gəlibmiş, “Get, ürəyin necə istəyir, çək, lazım gəlsə, yuxarılarla da danışmaq mənim boynuma” deyibmiş, beləcə Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı “Dəli Kür” filmində ekranlaşdırıldı.
Filmdən gördüyümüz kimi Novruz bayramı ilə bağlı kadrlar – şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, kənd uşaqlarının «Dirədöymə» oynamaları, bacadan şal atmaları və s. bu qədim bayramın rituallarla təsviridir ki, bu da sənət nöqteyi-nəzərindən təsirli olduğu qədər də maraqlı alınıb.
Novruz bayramı çərşənbələri
Novruz bayramı qeyd edilən 21 mart tarixində gecə ilə gündüz bərabərləşir. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa-başqa adla qeyd olunur.
İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.
İlin ikinci çərşənbəsi Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar, küləyin hesabına əmələ gəlir, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır, torpaq qış yuxusundan tam ayılır, qızır, canlanır.
Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı sulayır, Od çərşənbəsində torpağı qızdırır, yel çərşənbəsində təbiəti oyadır, indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Novruz bayramı adətləri
Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni-yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb, hal-hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlərə rast gəlinir:
Səməni əkmək. Bu, bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən, ətrafın yaşıllaşmağından xəbər verir.
Şəkərbura, paxlava və şorqoğalı bişirmək. 7 atributlu xonça bəzəmək.
Tonqaldan tullanmaq. Bu, Novruzun dəyişilməz adətidir, bu adət həm Novruz bayramı günü, həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir, əgər yaxşı söhbətlər danışılırsa, onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
Üzük falı qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
Yumurta döyüşdürmək isə hamının ən sevdiyi adətdir. Yumurtası qırılan tərəf digərinin dediklərini etməl etməli olur adətən. Oxuyur, rəqs edir, şəbədə çıxarır.
Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycanda Novruz bayramının əsas rəmzlərindəndir.
Bayramınız mübarək, əziz azərbaycanlılar!
Avrasiya Yazıçılar Birliyinin başqanı Yakub Ömeroğlu təltif olunub
Kazaxıstanın dövlət başçısı Qasım Comərd Tokayevin sərəncamı ilə Avrasiya Yazıçılar Birliyinin başqanı Yakub Ömeroğlu “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı bu gün - martın 19-da Yakub Ömeroğluya Ankarada, Qazaxıstanın Türkiyədəki səfirliyində fövqəladə və səlahiyyətli səfir Abzal Saparbekulov təqdim edib.
Sözügedən hadisəyə Yakub Ömeroğlu bu cür şərh verib: “ Çox xoşbəxtəm. Qazaxıstan, qazax ədəbiyyatı və qazax mədəniyyəti üçün gördüyüm çalışmaları sevgiylə davam etdirəcəyəm”.
Günün fotosu: ABŞ Ukraynaya dron-kamikadzelər verir
Günün fotosu:
ABŞ Ukraynaya dron-kamikadzelər verir
Bayden administrasiyası Ukraynaya pilotsuz hərbi uçuş aparatları təqdim edəcək. Söhbət Switchblade adlı
dron-kamikadzelərdən gedir. Onlar on kilometrdən düşmən hədəflərini dəqiq vururlar.
Foto: BBC
Saçı uzun bir xatun… - karikaturaçımız Skopye kataloqunda
Makedoniyada, Skopye şəhərində keçirilən 51-ci Dünya Karikatura Qalereyasında (51st World Gallery of Cartoons) həmyerıimiz Soltan Soltanlının bir karikaturası finala çıxmış və kataloqa daxil edilmişdir. Həmin karikaturanı diqqətinizə çatdırırıq.
Cem Yılmaz 21 yaş özündən kiçik sevgilisi ilə Etilərdəki mənzildən çıxarkən paparatsilər tərəfindən yaxalanıb
Türkiyədə həqiqətən də mədəniyyət xadimlərinin sənətlərindən çox şəxsi həyatları gündəmdədir. Onlara, sözün həqiqi mənasında paparatsilərin əlindən gün yoxdur.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki, 2012-ci ildə evləndiyi Ahu Jirtu ilə 2013-cü ildə boşanmış master-komediyaçı Cem Yılmaz kinofilmlər, aktyorluq məharəti və daimi səhnə çıxışları ilə gündəmdən çıxmır. Amma o, şəxsi həyatı ilə də tez-tez gündəmi zəbt edir.
Ahu Jirtu ilə boşandıqdan sonra Defne Samyeli, daha sonra Sereney Sarıkayya ilə sevgili olan məşhur komediyaçı indi də növbəti yeniliyə imza atıb. Bu dəfə o, özündən 21 yaş daha kiçik olan yeni bir xanımla məhəbbətə uğraşıb.
Ümumiyyətlə, Cem Yılmaz öz uğurlu aktyorluq işindən başqa, həmişə öz adını yeni sevgililərlə çəkdirməyi yaxşı bacarır. Bu dəfə özündən 21 yaş kiçik yeni sevgilisi Rüya Demirbulutla İstanbulun ən nüfuzlu yaşayış məskəni olan Etilerdəki bir mənzildən çıxarkən Cem Yılmaz kameralara tuş gəlib.
Onlar birlikdə “Erşan Kuneri” dizisinde çəkiliblər.
Azərbaycan və Türkiyə arasında mədəni irs əməkdaşlığı genişlənir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı daşınmaz tarix-mədəniyyət abidələrinin müəyyən olunması, dövlət qeydiyyatına alınması, qorunması, istifadəsi və idarə olunması mövzularında əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə Respublikasına səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, 15-17 mart tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsi tərəfindən həyata keçirilən mübadilə proqramında Dövlət Xidmətinin Hüquq sektorunun müdiri Pərvanə Əliyeva, Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi MMC-nin direktoru Rəşad Hacıyev, Dövlət Xidmətinin baş məsləhətçiləri Seyran Quliyev, Fidan İmaməliyeva, böyük məsləhətçisi Elşən Məhərrəmov iştirak edib.
Nümayəndə heyəti ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin müdir müavini Seyit Ahmet Arslan arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında müvafiq sahə üzrə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin Ermənistan tərəfindən dağıdılması, hazırda Azərbaycan Respublikası tərəfindən həyata keçirilən bərpa işləri haqqında geniş təqdimatla çıxış ediblər.
Təcrübə mübadiləsi çərçivəsində daşınmaz mədəni irsin bərpa-konservasiyası, müvafiq sahə üzrə laboratoriyanın fəaliyyəti, arxeoloji qazıntılar və onlara nəzarət, abidələrin aşkar edilməsi və qeydiyyatı, inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, qanunvericilik və digər məsələləri əhatə edən görüşlər keçirilib.
Şair Vaqif Bəhmənlini diri ikən öldürmək istəyənlər
Şair Vaqif Bəgmənli Facebook sosial şəbəkəsində çox maraqlı bir paylaşma edib. Onu diqqətinizə çatdırırıq.
Yaxşı deyiblər ki, hər saatın öz hökmü var... Ötən gün axşam telekanalların hansındasa bir aktyor, yaxud ifaçı (Özüm izləmədim deyə, dəqiq bilmirəm) bəndənizin “Anam yuxuma girmir” şeirini təsirli bir şəkildə əzbər söyləyib. İfa bitəndən sonra verilişin aparıcısı yaxşı əsər olduğunu bildirib və həmin ifaçıdan soruşub ki, şeir kimin şeiridi? Bu da deyib ki, rəhmətlik Vaqif Bəhmənlinin. Düzdü, diriyə də rəhmət düşür. Amma, dünən axşam diri, sağlam və kefimin kök olduğunu sübuta yetirmək üçün bir xeyli telefon zənglərinə cavab verməklə ən azı 1 saat vaxt itirdim. Qurban olum millətimə, heç denən diri şair olar? Şair gərək rəhmətə gedə ki, şair sayıla...
Diriliyimə daha tutarlı dəlil kimi “1 saat” adlı şeirimi paylaşır, dünyaya sülh, bütün dostlara uzun ömür arzulayıram. Və həqiqətən də hər saatın bir hökmü var!
1 SAAT
Bizim babalardan hansı birisə
deyib, öz hökmü var hər bir saatın...
Uzun gecələri açıb diricə,
gərək saatında çapasan atı!
Altmış dəqiqədən altmış qat qısa
fürsətdi, müddətdi, andı 1 saat.
Çapığa tənzifdi, çolağa əsa,
sinədən fışqıran qandı 1 saat!
1 saat - dünyanın əvvəli, sonu;
göz qırpıb tarixi geri sayırsan...
Saat axıntıdı, baxır sən onu
hansı əqrəblərlə hesablayırsan.
Ənlik-kirşan vaxtı, ya ayna vaxtı...
kimsə adın cızır yar ağacına.
1 saat – kiminsə sauna vaxtı,
kimisə çəkirlər dar ağacına...
Təki ehsan aşı düşə könlünə -
qıvraq ol, mağarda aşdı 1 saat.
Qız məkri oğlanın şüşə könlünə
çırpmağa hazırca daşdı 1 saat!
Ötür üç-dörd mənzil 1 saatda at,
Deşir toğlu gözün quzğun dimdiyi.
Yirtcı şir üçün nədir 1 saat? –
Ləzzətlə sökülən ahu cəmdəyi...
Saat ədavətdi - dartdın uzanır,
bilmirsən harandan tutacaq təpik.
Oğru 1 saata milyon qazanır,
doğru – uzaqbaşı, 95 qəpik.
1 saat içində itirir postu,
Qızıl üyüdənin dəni kəsilir.
1 saat içində 40 ilin dostu
Qırxillik dostuna qənim kəsilir!
Saat əbədiyyət yoludur bəlkə,
dünya bir baladır pişik dişində.
Kainat saatın quludur bəlkə,
Allah da baş açmır saat işindən?!
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Cadenza” orkestrinin növbəti konserti
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Cadenza” orkestrinin növbəti konserti keçirilib.
AzərTAC xəbər verir ki, budəfəki konsertdə orkestr fleyta ifaçısı Avital Kohenlə (İsveçrə-İsrail) səhnəni bölüşüb.
Qeyd edək ki, A.Kohen daha əvvəl IV Beynəlxalq Qara Qarayev festivalında iştirak edib. Konsertdə Karlhaynz Ştokhauzenin “Pikkolo”, Antonio Vivaldinin Konsert No.3, Haynz Holligerin “Lied”, Türkər Qasımzadənin “Mürəkkəbin su həllində naxışları” və Arif Məlikovun “Konsertino” əsərləri ifa edilib.