Super User

Super User

 

Bolqarıstanın  “Literaturen svyat” elektron ədəbiyyatı jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun “İncə dərəsində yaz çağı” hekayəsinin və tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin “Elegiya” şeirinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, əsərlərin bolqar dilinə tərcümə müəllifləri – tanınmış bolqar tərcüməçiləri Nadya Popova və İvan Esenskidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə 9 may 2022-ci il tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.

Biletlərin onlayn sifarişi üçün bu saytda daxil olmaq lazımdır:

 https://iticket.az/events/concerts/my-azerbaijan-nw

 

 

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın simaları” bölməsi üzrə növbəti təqdimatı müsəlman Şərqində ilk operanın banisi, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, yazıçı, publisist, ictimai xadim, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, ən məşhur şuşalı Üzeyir Hacıbəyliyə (1885-1948) həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təqdimatda Azərbaycanın mədəniyyət tarixində misilsiz xidmətləri olan Üzeyir bəyin ana yurdu musiqi-sənət beşiyi Şuşa şəhərinin olması, dahi musiqiçinin uşaqlığının qədim Qarabağımızın tacı olan Şuşada keçməsi aparıcı xətt təşkil edir. Üzeyir dühasının qaynaqları da qarlı zirvələrin, dibi görünməz uçurumların, dərin dərələrin dövrələdiyi, sərin səhər nəsimlərinin oxşayıb tumarladığı, bulaqları bal dadan Şuşadır!

Üzeyir bəyin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuşdu. Üzeyir bəyin anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Bəstəkarın dayısı Ağalar bəy Əliverdibəyov xalq musiqisinin gözəl bilicisi və Üzeyir bəyin ilk musiqi müəllimi olub. Üzeyir Hacıbəylinin, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində formalaşıb.

Üzeyir Hacıbəyli ibtidai təhsilini Şuşada, Nikolayevski adına rus-tatar məktəbində alıb. 1899-cu ildə bu məktəbi bitirdikdən sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olub. 1904-cü ildə seminariyanı bitirib Şuşa yaxınlığındakı Hadrut kənd məktəbinə müəllim kimi əmək fəaliyyətinə başlamışdı. 

Üzeyir Hacıbəyli bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi sənətinin inkişafına sərf edib. O, müxtəlif təhsil sistemli musiqi məktəblərinin açılması, Azərbaycan Dövlət Konservatoriyasının təşkil olunması, dünya musiqi mədəniyyəti səviyyəli kadrların yetişdirilməsi, Azərbaycan musiqi tarixi və musiqi nəzəriyyəsinin yaradılması sahəsində xüsusi xidmətlər göstərib. Bununla yanaşı, bir-birinin ardınca musiqi təhsili və metodikasına aid dərslik və dərs vəsaitləri çap etdirir, yeni-yeni musiqili səhnə əsərləri yazıb.

Üzeyir bəy 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyub. Bəstəkarın 1910-cu ildə ərsəyə gətirdiyi “Ər və arvad” əsəri isə ölkəmizdə operetta janrının ilk nümunəsidir. Sənətkar daha sonra “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarını, “Əsli və Kərəm”, “Koroğlu” operalarını yaradıb. Üzeyir bəy eyni zamanda Azərbaycanın Dövlət Himninin, unudulmaz romans (“Sənsiz”, “Sevgili canan”) və mahnıların müəllifidir.

Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin yaradıcısı olmaqla yanaşı, musiqişünas, onun əsaslarını və prinsiplərini dərindən bilən və tədris edən görkəmli alim-pedaqoq idi. "Azərbaycan xalq musiqisinin əsasları" fundamental kitabı, habelə  "Azərbaycan xalq mahnılarının adlarını öyrənmək üçün təlim", "Çahargah" mövzusunda "Birinci fantaziya", "Şur" üzərində "İkinci fantaziya" və s. əsərləri ona böyük şöhrət qazandırıb.

Heydər Əliyev dahi bəstəkarın yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur". Məhz Prezident Heydər Əliyevin 1995-ci ildə – bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi qeyd olunur.

1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə, həmçinin dahi musiqiçinin şəhərdəki ev-muzeyi 1992-ci ildə, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Şuşa işğal edildikdən sonra vandalizmə məruz qalaraq tamamilə dağıdılıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Qarabağımız və onun tacı Şuşa işğaldan azad edildikdən sonra Üzeyir bəyin doğma yurduna mədəniyyətimizin də qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bəstəkarın yeni heykəli hazırlanıb və dövlət başçısının iştirakı ilə 2021-ci ilin 29 avqustunda Şuşa şəhərində abidənin açılışı keçirilib.

2021-ci il sentyabrın 18-də uzun illərdən sonra ilk dəfə Milli Musiqi Günü çərçivəsində Şuşada görkəmli bəstəkara həsr olunmuş Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti gerçəkləşdi. Şuşa bəstəkar övladının ölməz musiqiləri üçün çox darıxmışdı. Nəhayət, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqisinin banisinin əsərləri yenidən səsləndirildi. Şuşanın dağlarından Üzeyir musiqisinin sədaları hər tərəfə yayıldı.

Dahi bəstəkar Üzeyir Hacıbəyli bənzərsiz yaradıcılığı ilə adını Azərbaycanın musiqi mədəniyyəti tarixinə əbədi yazdıran böyük sənətkardır. Onun yaratdığı bəstəkarlıq məktəbi gələcəkdə də yeni musiqiçi nəsillərin yetişməsinə öz töhfəsini verəcək.

 

Günün ən çox oxunan xəbəri kişilərə əsl örnək göstərən rus qadın rəssamın özünəməxsus etiraz aksiyası olub ki, həmin xəbəri “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən dərc edir.

"Qırmızı rənglə boyanmış" ağ don geyinən Rəssam Yevgeniya İsayeva Sankt-Peterburq Şəhər Dumasının pilləkənlərinə qalxıb "ürək qan tökür", - deyə təkrarlayıb. Pilləkənlərin üzərinə isə bu sözlər yazılmış kətan döşəyib:

"Mən hiss edirəm ki, ağıla çağırmaq faydasızdır. Ona görə də sizin qəlbinizə müraciət edirəm. Hər gün Ukraynada qadınlar, uşaqlar, qocalar ölür. Bombardmanlardan, aclıqdan, dağıntılardan çıxmaq, ərzaq və dərman tapmaq mümkün deyil. Əldəqayırma xaçlar taxılmış qəbirlər həyətlərdə və uşaq meydançalarında qaralır. Minlərlə yaralı və şikəst, milyonlarla qırılmış talelər. Mərhəmət və şəfqət üçün güc tapın, qan tökülməsini dəstəkləməyin!"

Rəssam polis tərəfindən saxlanılıb. 

Amma Putin rejiminə qarşı bu etiraz milyonlarla narazı insanı cəsarətləndirə bilər.

Xəbər verdiyimiz kimi, rejissor Şan Heyderin çəkdiyi "CODA: Kar valideynlərin övladı" “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb.

“Ədəbiyyat və incəsənət” portalı Kommersant.ru-ya istinadən məlumat verir ki, bu barədə 94-cü Amerika Kino Sənəti Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Mərasim “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb. 

Və elə buradaca qeyd edək ki, bu filmi klassik kinostudiyalar ərsəyə gətirməyiblər, Apple TV+ striminq servisinin onlayn platformasında istehsal olunub bu film. 

Tək elə bu faktın özü “CODA: Kar valideyinlərin övladı”nın dünyanın əsas kino mükafatına layiq görülməsini bir qədər gözdən salmış olur və təsadüfi deyil ki, bu fakt medianın gündəmindən düşmür. 

Düzdür, süjet maraqlıdır: Komediya-dram janrında çəkilən film ailənin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Məktəb xorunun rəhbəri qızı çətin seçim qarşısında qoyaraq onu musiqi məktəbinə getməyə razı salır.

Rejissor işi də yaxşıdır. Aktyor ifasında da bir qüsur tapmazsan. 

Filmdəki rolların əksəriyyətini kar-lal aktyorlar canlandırıb. Onlardan biri - baş qəhrəmanın atası rolunu oynayan Troy Kotsur “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” da alıb. Rejissor Şan Heyder  özü isə eyni filmə görə “Ən yaxşı adaptasiya edilmiş ssenari” mükafatını da qazanıb. 

Amma və lakin…

İndi isə baş mükafatı qazanan filmin daha bir “qəbahəti”. Sən demə o, heç də orijinal film deyil,

"CODA: Kar valideynlərin övladı" fransız filmi "Beliye ailəsi" filminin (La famille Blier, 2014) remeykidir.

Yəni, bu qədər filmin içində orijinal bir film tapılmadı ki, kürsüyə qaldırılsın? 

Deyəsən Amerika kinoakademiyası başbilənləri sənət şedevrlərini seçmək işini yadırğayıblar. 

Və onu da nəzərə alaq ki, bütün dünya “Oskar”ın əsas nominasiyasında Düni Vinyovun “Dyünlər” filminin qalib gələcəyini gözləyirdi.

Necə deyərlər, sən saydığını say, gör Amerika Kino Akademiyası nə sayır.

Bazar ertəsi, 28 Mart 2022 16:31

Türkiyə səhnəsinin “Uşaqlığ”ı

 

İstedadlı gənc dramaturq Ülviyyə Heydərovanın müəllifi olduğu "Uşaqlıq" monopyesi ilk dəfə qardaş Türkiyədə səhnələşdirilir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rejissor  Rasim Aşın əsərə Türkiyənin Malatya şəhərində səhnə həyatı verir. Baş rolun ifaçısı Malatya Bələdiyyə Teatrının aktrisası Hatice Görgeçdir. Əsəri Türk dilinə yazıçı Humay Yılmaz  tərcümə eləyib. 

27 mart Beynəlxalq Teatr Günü münasibətilə Malatyada "Uşaqlıq" əsərinin ictimai baxışı da keçirilib. 

Tamaşanın premyerasının tarixi hələ müəyyənləşdirilməyib.

Günün fotosu: Əfqanıstanda qızların təhsil hüququnun qaytarılması tələbi ilə mitinq keçirilib

Əfqanıstanın paytaxtı Kabul şəhərində qızların təhsil hüququnun qaytarılması tələbi ilə qadınların mitinqi keçirilib. Belə ki, bir neçə gün əvvəl hakimiyyətə yiyələnmiş Taliban rejimi 11 yaşdan yuxarı qızlara məktəbə getməyi qadağan edib. 

Malala Yusufzay - Nobel mükafatçısı olan hüquq müdafiəçisi nümayiş edən qadınları dəstəkləmişdir.

Foto: Euronews

Bazar ertəsi, 28 Mart 2022 13:30

Tanınmış azərbaycanlı yazar vəfat edib

Rza Bərahəni Torontoda (Kanada) vəfat edib. Bu barədə onun oğlanları Oqtay və Arslan Bərahəni sosial mediada məlumat veriblər. 

Bəlkə də çoxları Bərahəninin  yaradıcılığına bələd deyil. O, 1935-ci ildə Təbrizdə doğulub. Azərbaycan türküdür. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rza Bərahəninin vəfatı ilə bağlı tanınmış Azərbaycan ədibi Firuz Mustafa belə söyləyib:

-Mən Rza bəylin yaradıcılığı ilə çoxdan tanışam. Təbrizdə əksər evlərdə Şəhriyarla yanaşı onun fotolarını da görmüşəm. Rza bəylə cəmi  bir dəfə AYB-də görüşmüşəm. O görüş Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə baş tutmuşdu. Amma onunla sosial şəbəkədə uzun müddət yazışmışam. Çox səmimi, doğma, duyğusal bir insan idi. Qərb ölkələri onun əsərlərini çox qiymətləndirirdi. Kanadada PEN klubun rəhbəri idi. Dünyanın bir neçə universitetində ingilis dilində mühazirələr oxuyurdu.  O, nəsr əsərlərini fars dilində yazırdı.  Seirlərinin bir qismini Azərbaycan türkcəsində qələmə almışdı. Vətənimizi çox sevirdi.  O, çox böyük nasir idi. Bir neçə dəfə Nobel mükafatına təqdim edilmişdi. Azərbaycanın müstəqilliyini, Krım tatarlarının bağımsızlığını öz yazılarında müdafiə etmişdi. 

Allah rəhmət eləsin!

Bazar ertəsi, 28 Mart 2022 13:00

Qari Çapmandan sevginin dilini öyrənəcəyik

 

“Qanun” nəşriyyatında Qari Çapmanın “Sevginin dili” romanı çapdan çıxıb. Məşhur Nyu-York Tayms bestselleri olan, uzaq 1992-ci ildə ilk dəfə işıq üzü görən roman, naşirin təbirincə, ailə sütunıarını möhkəmlətməyə xidmət edir. “Ərlə arvad sevginin mövcud olan 5 dilini öyrəndikdən sonra bir-birinin dərin emosional ehtiyaclarını bilmiş olacaqlar”.

Romanı Azərbaycan dilinə Sadiq Musa tərcümə edib. O, yeni kitabın çıxması sevincini sosial mediada bu cür bölüşüb:”Sayca 7-ci tərcümə kitabım işıq üzü gördü və beləcə, sevginin daha beş dilini öyrənmiş oldum. Artıq sevgi məsələləri bəndənizdən sorulur.”

Bazar ertəsi, 28 Mart 2022 12:30

Kinoda ilin ən pisləri müəyyənləşdirildi

 

İlin ən pis filmi, rejissoru və aktyorlarının seçildiyi “Qızıl moruq” mükafatının builki sahibləri bəlli olub.

«Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən xəbər verir ki, qalib adına 10 nominasiya üzrə namizəd olan “Diana: The Musical” filmi beş kateqoriyada, o cümlədən əsas – “İlin ən pis filmi” kateqoriyasında mükafata layiq görülüb. Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan “Cats” adlı ekran işindən də pis olduğu bildirilib.

“Netflix” tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə “Ən pis rejissor” (Kristofer Eşli), “Ən pis ssenari” (David Bryan və Joe DiPietro), “Ən pis aktrisa” (Janna de Vaal) və “Ən pis ikinci plan aktrisası” (Cudi Key) olub.

Bundan başqa, “Space Jam: The New Generation” filmi də “Ən pis remeyk”, “Ən pis ardıcıllıq” nominasiyalarının qalibi olub. "Warner Bros" kinokompaniyası tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.

Aktyor Cared Leto “The House of Gucci” filmindəki roluna görə “İkinci planda ən pis aktyor” seçilib.

“Qızıl moruq” 1981-ci ildən ən pis filmlərə və aktyorlara verilir. Ənənəyə uyğun olaraq pislərin adları “Oskar” qaliblərinin adlarının açıqlanmasına bir gün qalmış elan olunur. 

 

Şəkildə: “Diana: The Musical” filmindən kadr

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.