Super User

Super User

 

Martın 31-də Azərbaycan İstiqlal Muzeyində 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Alınan qisas” adlı tədbir keçirilib.

 

Muzeydən Azər TAC/a bildirilib ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, Mədəniyyət Nazirliyi sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədov çıxış ediblər.

Bildirilib ki, tarix boyu xalqımıza qarşı təkrarlanan bütün soyqırımlar arasında öz amansızlığına və miqyasına görə tarixin qanlı salnaməsinə çevrilən, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə həyata keçirilən bu dəhşətli faciə nəticəsində minlərlə dinc sakin qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, tarixi mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Qeyd edilib ki, ötən əsrdə dörd dəfə- 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalardan illər keçsə də tarixi ədalət bərpa olunub, Azərbaycan bütün dünyaya siyasi, iqtisadi və milli birlik gücünü sübut edib. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqımızın birliyi ilə 44 günlük Vətən müharibəsində tarixən xalqımıza qarşı törədilən bütün amansız cinayətlərin qisası düşməndən döyüş meydanında alınıb.

Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Leonardo da Vinci” beynəlxalq mükafatına layiq görülən rəssam Nazim Məmmədovun Azərbaycan İstiqlal Muzeyinə hədiyyə etdiyi “Məhşər günü” adlı rəsm əsərinin təqdimatı keçirilib, rəssam fəxri fərmanla təltif olunub.

“Ədəbiyyat və incəsənət” portalı şair-tərcüməçi Ümid Nəccarinin tərcüməsində küveytli şairə Səadəs-Sabahın şeirlərini təqdim edir. Səadəs-Sabah (Səad Məhəmməd Sabah) həm də nasir, tənqidçidir. Siyasət və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

Məni rahat oxu

 

Məni ərəbcə kimi 

sağdan sola oxuma.

Məni latın dili kimi

soldan sağa oxuma.

Məni çin dili kimi

yuxarıdan aşağıya oxuma.

Məni çox rahat oxu, 

Günəş yaşıllığı,

Sərçə çiçəyin kitabını oxuyan kimi...

Sən eşqi qohumluq məsələsi kimi bilməyən

birinci aydın düşüncəli...

yatağı danışıq üçün kürsüyə çevirməyənin birisisən...

bilirəm,

mən sənin həyat üçün birinci qadının

amma hər gün bizimlə birlikdə qəhvə içən İblis

məni həvəsləndirir,

səndən soruşam ki,

ikincisi kimdir?? 

 

Bir kişini tanıyıram 

 

Dünyada olan kişilər sırasında

Keçmişimi iki yerə bölən bir kişini tanıyıram.

Məni öz quluna çevirən birisi,

Məni azad edən, 

Toplayan,

Ayıran,

güclü əllərinin arasında gizlədən birisini tanıyıram.

Dünyada olan kişilər sırasında

Bir kişini tanıyıram,

Yunan Tanrılarına bənzər,

Gözlərindən şimşəklər işıldayan

Ağzından yağışlar yağan...

 

Bir kişini tanıyıram, 

Ormanlığın sonunda nəğmələr oxuyanda

Ağaclar arxasınca yeriyərlər...

 

Dostum ol

 

Vaxtaşırı ürəyim səninlə yaşıllıqların üzərində

yerimək istəyəndə,

səninlə şeir kitabı oxumaq istəyəndə,

səni dinləmək istəyəndə,

mən xoşbəxt bir qadına dönürəm,

Ey şərq kişisi,

Nədən mənim üzümə valeh,

Nədən gözümün sürməsini görürsən?

Ağlımı görmürsən...

Və mən bir yer misali

Suyun danışığına möhtac

Nədən mənim qızıl qolbağımı görürsən?

Nədən səndə bir hökmranlıq var?

Dostum ol mənim, 

Dostum ol...

 

Eşq

 

Eşq bir çevrilişdir

Can mayasında

Cəsarətli üsyandır

əşyanın düzümünə…

və səndə olan vəcd

təhlükəli vərdişdir,

ondan can qurtarmağın yolunu bilmirəm ki…

və sənin eşqin

böyük günahdır…

arzu edirəm,

arzu edirəm ki, 

heç zaman bağışlanmasın!

 

Yuxu 

 

Dünən gecə bir yuxu gördüm

Sənin gözlərində üzən

bir balıq olduğumu gördüm...

Qorxudan, sənə yuxumu danışmadım

Qorxdum ki,

Yumarsan gözlərini,

mən boğularam...

 

 

 

 

Tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Elçin teatrı: absurd dram “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” monoqrafik araşdırması çap olunub.

 

Bu monoqrafiyada Avropa absurd teatrının tarixinə qısa və yığcam şəkildə ekskurs edilir. İlk dəfə olaraq ədəbi-bədii mətn tamam fərqli müstəvidə – Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində təhlil olunur. Absurdluqla qeyri-səlislik arasındakı əlaqələr və fərqli cəhətlər elmi, nəzəri, məntiqi cəhətdən əsaslandırılır.

Araşdırmanın maraqli cəhətlərindən biri odur ki, monoqrafiyada Azərbaycanın Xalq yazıçısı Elçinin absurd teatrının məziyyətləri ümumiləşdirilir, onun absurd pyesləri əsasında hazırlanmış tamaşalar haqqında səlis məlumat verilir. Elçin pyeslərində situativ keçidlər enerjinin dəyişməsi kimi səciyyələndirilir.

 

Qırğız Respublikasının namizədi Sultanbai Raev TÜRKSOY-un yeni Baş katibi seçilib.

 

AzərTAC xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında qərar qəbul olunub.

Qırğız Dövlət Universitetində 1979-1984-cü illərdə jurnalistika ixtisası üzrə ali təhsil alan Sultanbai Raevin böyük dövlət idarəetmə təcrübəsi var. Müxtəlif ali vəzifələrdə çalışan yeni Baş katib 2013-2014 Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri olub, 2020-ci ildən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini vəzifəsində çalışıb.

Türk dövlətləri ilə geniş əlaqələrə malik olan TÜRKSOY-un yeni Baş katibi Sultanbai Raev AZƏRTAC-a ilk açıqlamasında gələcək planlarından danışaraq əminliklə bildirib ki, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa şəhərinin bütün dünyada geniş tanıtdırılması və sevdirilməsi üçün strateji mədəniyyət layihələri həyata keçiriləcək.

"Ulduz" jurnalının mart nömrəsi işıq üzü görüb. Jurnal Şamil Ənvəroğlunun özü ilə söhbəti və esseləri ilə açılır. 

 

“Şeir vaxtı"nda Allahşükür Ağa, Aysel Xanlarqızı Səfərli, Aysel Fikrət kimi şairlərin şeirləri, "Nəsr"də isə Günel Natiq, Məmməd Məmmədli, Furqan, Zəhra Namazlı və Tağı Türkün hekayələri təqdim edilir.

"Tərcümə saatı"nda Fərid Hüseynin tərcüməsində serbiyalı Nina Simiç Paniçin, Əkbər Qoşalının uyğunlaşdırmasında Özbəkistan şairi Qeyrət Məcidin şeirləri, eləcə də Kamran Nəzirlinin tərcüməsində Pakistan yazıçısı Məhəmməd Zahid Rifatın "Zahid" hekayəsi yer alıb. 

“Yazı masası"nın budəfəki qonağı şair Qəşəm Nəcəfzadədir. Namiq Hacıheydərlinin "Turanın başkəndi-Ötükən" başlıqlı araşdırma yazısı Hun İmperiyasının və Göytürk dövlətinin paytaxtı olmuş eyniadlı tarixi şəhərdən bəhs edir.

Bundan əlavə, oxucular "Debüt" rubrikasında gənc yazarlar Fatehin və Fuad Novruzlunun şeirləri ilə, eləcə də Maya İmranın "Dəli" hekayəsi ilə tanış olacaqlar. Tənqidçi Vaqif Yusiflinin "Qayıdış" sərlövhəli yazısı şairə Nübar Eldarqızının yaradıcılığına işıq tutur. Tural Cəfərlinin "Esse" rubrikasında yer almış yazısında isə şair Elçin İsgəndərzadənin yaradıcılığına nəzər salınır. Dramaturq Əli Əmirli ənənəvi "Ustad dərsləri"nin VI mövzusunu belə adlandırıb: "Yaxşı pyes, yaxşı dialoqlardan ibarətdir". Nadir Yalçının "Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə" başlıqlı yazısı Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin böyük ədibə həsr edilmiş "Əbədiyyət yolçusu" adlı kitabının təqdimat mərasimindən bəhs edir.

"Dərgidə kitab" rubrikasında Seyfəddin Hüseynlinin esseləri, "Dərgidə sərgi" rubrikasında isə gənc rəssam Tünzalə Sadıq qızının rəsmləri yer alıb.

 

Türkiyədə səfərdə olan Mədəniyyət naziri Anar Kərimov Bursa Böyükşəhər Bələdiyyə başçısı ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtında səfərdə olmaqdan məmnunluğunu bildirən nazir yüksək səviyyədə təşkil olunmuş tədbir və mərasimlərdə iştirak etməyin əhəmiyyətini xüsusi vurğulayıb. Qardaş ölkənin əsrarəngiz təbiətə, zəngin mədəni infrastruktura malik şəhərinin gözəlliyini dilə gətirib.  Həmçinin “Bursa 2022” türk dünyasının mədəniyyət paytaxtına dair görüləcək işlər barədə müzakirələrin, qardaş ölkənin bu sahədə olan təcrübəsindən faydalanmağın əhəmiyyətindən danışıb. 

Alinur Aktaş mədəniyyət nazirini səmimi salamladıqdan sonra Bursanın Azərbaycan şəhərlərindən biri ilə gələcəkdə qardaşlaşmasını ürəkdən arzuladığını və bu sahədə işlərin aparılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. 

Görüş hər iki tərəfin maraq dairəsində olan məsələlərin müzakirəsi ilə davam edib.

 

Martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində fövqəladə iclasından sonra brifinq keçirilib.

 

AzərTAC-a istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, brifinqdən əvvəl yekun sənəd imzalanıb. Yekun sənədində TÜRKSOY-un yeni Baş katibinin seçilməsi, Şimali Kipr Cümhuriyyətinin TÜRKSOY-un üzvlüyünə namizədliyi və Şuşanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov, Azərbaycan mədəniyyət naziri Anar Kərimov, Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikasının Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu iştirak ediblər.

Türkiyənin mədəniyyət və turizm naziri tədbirin uğurla başa çatdığını qeyd edib. Pandemiya bitdikdən sonra fəaliyyət dairəsinin daha da genişlənəcəyini söyləyən nazir deyib: "Şuşada görüşmək üzrə sizdən ayrılırıq".

Brifinqdən sonra üzv dövlətlərin mədəniyyət nazirləri TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinova hörmət və ehtiram əlaməti olaraq qiymətli hədiyyələr və mükafatlar təqdim ediblər.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabiq Baş katibi fəxri fərmanla təltif edib.

 

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində TÜRKSOY-un Daimi Şurasının Türkiyənin  Bursa şəhərində keçirilən iclasında iştirak edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə  Anar Kərimov mədəniyyətimizin beşiyi sayılan Şuşanın təqdimatı ilə çıxış edib. Təqdimatda qədim və zəngin tarixə malik Şuşa haqda geniş məlumat verilib. 

1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Uzun illər boyu Qarabağ xanlığının paytaxtı və əsas müdafiə qalası olmuş Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər rolunu oynayıb. Şərq memarlığı üslubunda salınmış Şuşa şəhəri 17 məhəllədən ibarətdir. Hər bir məhəllənin öz məscidi, hamamı və bulağı olub. Sənətkarlığın və incəsənətin müxtəlif sahələri şuşalıların əsas ruhunu təmsil edir. 

İşğaldan azad edilmiş mədəniyyət ocağımızın tarixinə,  dirçəlməsinə dair videoçarxlar nümayiş olunub.

 Sonra Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Rəsm qalereyası:
Sakit Məmmədov, “Cıdır düzü”

Günün fotosu: Yardım etmək üçün 4 min kilometr gələnlər

 

Avropanı mərhəmət aksiyaları bürüyüb. Bu qadın karvanı dörd min kilometr məsafə qət edərək Polşaya gəlib ki, ukraynalı qaçqınlara yardım etsin. Onların meneceri Selen Patrik Dükre fransızdır, deyir, uşaqların dərdli gözlərini görmək çox üzücüdür. 

Rəsmi Polşa açıqlayıb ki, ukraynalı qaçqınların sayı 31 mart tarixinə 4 milyon baryerini keçib. 

 

Foto: Euronews

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.