Super User
London Milli Qalereyasından Rusiya əleyhinə, Ukrayna xeyrinə jest
London Milli Qalereyasının toplantısında maraqlı bir qərar verilib. Fransız impressionisti Edqar Deqanın (1834-1917) "Rus rəqqasələri" adlanan məşhur rəsm əsərini Ukraynaya Rusiya Federasiyasının silahlı müdaxiləsi ilə əlaqədar olaraq "Ukraynalı rəqqasələr" adlandırıblar. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən məlumat verir.
"Bu əsərin adı uzun illər diskussiya mövzusu olub, məsələ elmi ədəbiyyatda da qaldırılıb. Slavyan rəqqasələrinin rus, belarus, yaxud ukraynalı adlandırılması qərarı rusların dominant mövqeyi nəticəsində öz həllini tapıb. Amma indi başqa zamanlar gəlib. Buna görə də qərara gəldik ki, “rus” adını dəyişdirməyə münasib an yetişib, bizcə, yeni ad əsərin mahiyyətini daha yaxşı əks etdirəcək", - deyə The Quardian nəşrinə Milli Qalereyanın əməkdaşı bildirib.
Məlumat verilir ki, kətanın adının dəyişdirilməsi təklifi ilə əvvəllər qalereyanın əməkdaşlarından biri və Londonda Ukrayna diasporunun nümayəndələri çıxış etmişdilər.
Pastel texnikasında yerinə yetirilən "Rus rəqqasələri" əsərini Deqa 1899-cu ildə çəkmişdir. Hesab edilir ki, rəssam Rusiya imperiyasından Parisə - qastrola gəlmiş rəqs truppasının müdhiş çıxışından ilham alıbmış. Rəssamın çəkdiyi qızlar parlaq milli kostyumlardadır, onların başlarında lentli çələnglər var.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin, guya, Donbass respublikası rəhbərlərinin yardım haqqında xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi, əslində isə Ukraynanı işğal edib hakim rejimi dəyişmək məqsədi ilə müharibəyə başlaması get-gedə Rusiyanın beynəlxalq miqyasda iflic vəziyyətinə salmaqdadır. Həm siyasi-iqtisadi, həm mədəni, həm idman, həm də digər sahələrdə.
Bu gün “Rus rəqqasələri”nin adı dönüb “Ukraynalı rəqqasələr” oldu. Kim bilir, sabah “rus” sözü daha haralardan çıxarılacaq.
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, ötən il “Nizami İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı layihələr həyata keçirilib. Nizami Gəncəvi Beynəlxalq Forumu, İşıq Festivalı və s. tədbirlər təşkil edilib, eyni zamanda VII Bakı Beynəlxalq Kitab Sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Vurğulanıb ki, bu layihələrin hər biri Nizaminin Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu sübut edən və təbliğinə töhfə verən fəaliyyətlər kimi mühüm əhəmiyyətə malikdir.
Esse müsabiqəsi haqqında məlumat verən nazir diqqətə çatdırıb ki, ötən ilin noyabrında elan edilən müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatıb. Ümumilikdə müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün 264 esse və onların müəllifləri xüsusi ştrixlə şifrələnərək qiymətləndirmə komissiyasına təqdim edilib. Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb.
Daha sonra qiymətləndirmə komissiyasının üzvləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova, yazıçı Günel Anarqızı, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıblar, təqdim edilən əsərlərdə Nizami irsinə sevgi və yanaşmaların müxtəlifliyindən söz açıblar.
Qeyd olunub ki, müsabiqə komissiyasının yekun qərarına uyğun olaraq aşağıdakı əsərlər qalib elan edilib:
I yer – Selçuk Karakılıç “Büyük kahraman: Nizami Gencevi”(Türkiyə)
II yer – Tariq Yousef “A Letter to Nizami Ganjavi” (Küveyt)
III yer – Mülayim Hümmətova “Nizami Gəncəviyə məktub”(Rusiya)
Daha sonra qalib müəlliflər mükafatlandırılıb.
Birinci yerin qalibi Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç Azərbaycan ədəbiyyatına və mədəniyyətinə sevgisindən danışıb. Türk dünyasının iki dahi mütəfəkkiri Yunus Əmrə və Nizami Gəncəvi dühasının yaşadıldığını və ölməzliyini, əsrlərlə insanların fəlsəfi düşüncələrinə təsirini qeyd edib. Müsabiqədə qalib olmağından məmnunluğunu ifadə edən S.Karakılıç “Nizami İli” çərçivəsində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən də söz açıb.
Qaliblərin mükafatlandırılması həm də esselərdən qısa parçaların qiraəti ilə müşayiət edilib. Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Samir Cəfərov və Əməkdar artist İlham Nəzərov Nizaminin sözlərinə yazılmış muğam və romansları təqdim ediblər. Bütün ifalar alqışlarla qarşılanıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin birinci yer üzrə qalibinə 2021 dollar, ikinci yer üzrə qalibə 1141 dollar və üçüncü yerin sahibinə isə 880 dollar pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub. 2021 - müsabiqənin elan edildiyi Nizami ili, 1141 - Nizaminin təvəllüdü, 880 isə anadan olmasının 880 iliiyi anlamındadır.
“Nadir şah” Hollivudda çəkilə bilər
Yazıçı-publisist Yunus Oğuzun "Nadir şah" əsərinə Hollivudun Spotlight Media Productions şirkəti tərəfindən film çəkilişi təklifi gəlib.
“Ədəbiyyat və incəsənət” portalı Yunus Oğuza istinadən xəbər verir ki, Spotlight Media Productions şirkətinin istehsal meneceri Charlie McDowell məktub göndərərək” Nadir şah" əsərinə film çəkilişini təklif edib:
"Sizin "Nadir şah" kitabınız ofisimizə gəldi və Hollivud kino agentləri bu materialı beynəlxalq kinoya çevirməyi tövsiyə etdilər. Biz sizin şah əsərinizin Hollivud bazarında aktivə çevrilə biləcək böyük potensialını gördük. Biz 20 ildən artıqdır ki, kino sənayesindəyik və arena daxilində və xaricində sıx əlaqələrimiz var. Warner Bros., Paramount Pictures, DreamWorks və Netflix kimi tərəfdaş film şirkətlərimiz sizin əsəriniz kimi unikal hekayələr axtarır. Əgər müsbət cavab versəniz, film hüquqlarınızı almağa hazırıq".
Məktubun sonunda yaxın gələcəkdə Yunus Oğuz ilə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiklərini qeyd edən şirkət telefon nömrəsini də qeyd edib.
Şimali Kiprdə “Həftə sonu” Azərbaycan Milli Məktəbi fəaliyyətə başlayıb
Şimali Kipr Türk Respublikasında uzun illərdir ölkəmizi təmsil edən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) yeni layihəyə start verib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qardaş ada ölkədə yaşayan soydaşlarımızın 8-14 yaş arası övladları üçün hər həftənin şənbə günləri Azərbaycan Milli Məktəbi təşkil olunur.
Bu barədə məlumat verən AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımızın dil problemi yoxdur. Uşaqlar yüksək səviyyəli yerli məktəblərdə təhsil alırlar. Yalnız bizə doğma olsa belə, yaşadığımız bu ölkədə uşaqlarımızın öz milli-mənəvi dəyərlərimizdən uzaq qalmamaları üçün müəyyən tədbirlərə ciddi ehtiyac var.
Cəmiyyət sədri diqqətə çatdırıb ki, Şimali Kiprdəki azərbaycanlı uşaqlar üçün həftə sonları nəzərdə tutulan bu layihə çərçivəsində Azərbaycanın milli musiqisi, tarixi, mədəniyyəti, ədəbiyyatımız haqqında məlumat veriləcək və onlar rəssamlıq dərslərində iştirak edəcəklər. Əminliklə deyə bilərik ki, bu layihə uşaqların gələcəkdə diasporumuzu uğurla təmsil etməsinə təkan olacaq. Bu günün uşaqları gələcəyin tanınmış şəxsiyyətləridirlər. Onlara dərs verəcək olan müəllimlərimiz ölkəmizin yetişdirdiyi çox qiymətli ziyalılardır. Onlardan dərs almaq özü bir məktəbdir.
Məlumatda bildirilir ki, Azərbaycan Milli Məktəbi layihəsində ölkəmizin tanınmış bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Cavanşir Quliyev, Lefke Avropa Universiteti türk dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nazim Muradov, Kiprdə yaşayan azərbaycanlı rəssam Arzu Məmmədnəbi İncər xüsusi dərs proqramları tədris edəcəklər. Layihənin əlaqələndiricisi Şimali Kiprdə yaşayan pedaqoq Mətanət Aydındır.
ANONS - Bütün zamanların 50 ən yaxşı albomunu təqdim edəcəyik
Əziz musiqisevərlər. Böyük Britaniyanın Rolling Stones jurnalının seçimində tarixin ən yaxşı musiqi albomlarını nəzərinizə çatdıracağıq.
Buğdanın qiymətində artım gözlənilir?
Bu il yerli buğdanın qiymətinin ötən ilə nisbətən baha olacağını şərtləndirən amillər var. Dünyada baş verən proseslər məhsulun maya dəyərini artırıb. Qiymət dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir.
Dünya bazarında buğdanın qiyməti durmadan artır. Təbii ki, bunun əsas səbəbi Rusiya-Ukrayna gərginliyidir. Çünki bu iki ölkənin dünya taxıl bazarında payı çox böyükdür.
Buğda ilə bağlı tələbatının böyük hissəsini idxal hesabına qarşılayan ölkələri qiymət artımı narahat edir, eləcə də Azərbaycanı. Məhsul xaricdə hansı qiymətə təklif olunursa, o qiymətə almağa da məcburuq. 3 ay sonra isə yerli buğdanın biçin mövsümü başlayacaq. Dünya bazarındakı qiymət yüksəlməsi yerli buğdanın satışında da öz əksini tapacaqmı? Adətən hansı məhsulun qiyməti bu il baha olursa, növbəti əkin mövsümündə fermerlər onların əkilməsinə daha çox meyil göstərirlər. Bu qiymət artımları Azərbaycanda buğda əkməyə üstünlük verənlərin artmasına təsir göstərə bilərmi?
İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, Ukrayna hadisələri olmasaydı belə, buğdanın qiyməti ötən ilə nisbətən baha olacaqdı:
"Azərbaycanda və dünyada gübrənin, toxumun qiyməti kəskin artıb. Ötən il neftin, dizelin də qiyməti artırılıb. Ölkədə bütün mal və xidmətlərin dəyərində artım var. Bu, istər-istəməz bütün malların qiymətlərinə sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə müqayisədə yüksək olacağını düşünürəm. Çünki istehsal xərci yüksəlib".
Hansı səviyyədə artım olmasına gəlincə, C.İbrahimli bildirib ki, ilkin olaraq, təxminən 10 faizlik artım gözlənilir:
"Buğdanın qiyməti biçin mövsümündəki qiymətlərlə ölçülür. Biçin mövsümündə müəyyən bir qiymət müəyyənləşir. Sonrakı dövrdə qiymət dünya bazarında baş verən proseslərə uyğun tənzimlənir. Builki biçin mövsümündə əvvəlki biçin dövrü ilə müqayisədə 10 faizlik qiymət artımı gözləyirəm. 2021-ci ildə məhsul toplananda buğdanın qiyməti 34-35 qəpik idi. Sonrakı tarixlərdə 50 qəpiyə qədər yüksəldi. Builki biçin ilində isə başlanğıc qiymət 40 qəpik və onun üzərində olacaq. Qalanları da siyasi proseslərdən asılıdır. Siyasi proseslər qaydasına düşsə, keçənilki biçin dönəminə paralel qiymət reallığı ilə üzləşə bilərik".
İqtisadçı Rəşad Həsənov deyir ki, iki səbəb yerli buğdanın qiymətinin artımını şərtləndirir:
"Birincisi, dünya bazarında qiymətlər yüksəlirsə, yerli istehsalçı da qiymətləri artırmalıdır. Bu, təbii bazar qanunauyğunluğudur. İkincisi, son bir ildə dünya bazarında gübrənin qiymətində 2 dəfə artım qeydə alınıb. Digər tərəfdən, Azərbaycanda istehsalda istifadə olunan gübrələrin əhəmiyyətli hissəsi Rusiyadan idxal olunur. Rusiyanın başlatdığı müharibəyə görə bu ölkəyə tətbiq edilən sanksiyalar fonunda bu ölkənin öz məhsullarının ixrac etmək imkanı məhdudlaşır, yaxud ixrac etdiyi təqdirdə, həmin məhsullara daha böyük rüsumlar təklif edir. Daşınma xərclərinin artması gübrənin və bu kimi digər pestisidlərin daha baha qiymətə gəlməsinə səbəb olur. Beləliklə, məhsulun maya dəyəri bahalaşır, nəticədə təklif qiyməti artır. Hər iki səbəb yerli istehsalın qiymətinin bahalaşmasını şərtləndirir".
R.Həsənov bildirdi ki, əsas buğda tələbatımız idxal hesabına ödəndiyi üçün qiymət dinamikası da dünyadakı siyasi proseslərdən asılı olacaq:
"Yerli buğda ərzaq məqsədli istifadə üçün o qədər də yararlı deyil. Azərbaycan, demək olar ki, ərzaq məqsədli taxılın 90 faizini idxal edir. İdxal olunan taxılın əhəmiyyətli hissəsi Rusiyanın payına düşür. Keçən il 331 milyon dollarlıq ümumi taxıl idxal olunub ki, onun da 318 milyonu Rusiyadan idxal olunub. Rusiyadan gələn taxılın da 98 faizi ərzaqlıq taxıl idi. Buna görə də, istənilən halda bu istiqamətdə qiymət dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir. Kifayət qədər sərt bahalaşma gözlənilir".
Qiymət artımının buğda əkməyə maraq göstərənlərin sayını artıracağına gəlincə, R.Həsənov bildirib ki, bu faktor təşəbbüsləri qismən artıra bilər:
"Meliorasiya tədbirləri düzgün aparılmadığı üçün Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi yararsız vəziyyətə düşüb. Xüsusilə taxıla yararlı torpaqlardan söhbət gedir. Çünki taxıl kənd təsərrüfatında son çarə kimi qiymətləndirilir. Əgər torpaq məhsuldardırsa, orada mənfəət norması daha yüksək olan məhsulların istehsal edilməsi faydalı hesab edilir. Taxıl su az çatan, məhsuldarlıq zəif olan yerlərdə əkilir. Düşünürəm ki, hökumət müəyyən qədər dəstəkləsə, təşviq etsə, xüsusilə də torpaqların şoranlaşmasının qarşısının alınması ilə bağlı tədbirləri gücləndirsə, növbəti ildə taxıl əkilməsində artım ola bilər".
Rəsm qalereyası: Aypara Ayxan “Balerina” tablosu ilə
Günün fotosu: Orban dördüncü müddət taxt-tacda qalmaq uğrunda mücadilə edir
Günün fotosu: Orban dördüncü müddət taxt-tacda qalmaq uğrunda mücadilə edir
Macarıstanda seçki məntəqələri dünən səhər erkən açılıb. Parlament seçkilərində səs verənlər altıpartiyalı müxalifət koalisiyasına - Qərbə istiqamətlənmiş "Macarıstan Uğrunda Birliy”ə səs verəcəklər, yoxsa baş nazir Viktor Orbanın partiyasına? O Orbanın ki, ardıcıl dördüncü müddətə mandat istəyir?
"Mən nikbinəm, - Orban özü səs verərkən söyləyib. - Bu qəribə seçkidir: məsələn, qar məhz nşbu gün, aprelin 3-də kəsib. Üstəlik, müharibə və sülh məsələsi seçkiqabağı kampaniyanın bir hissəsinə çevrilib. Bizim mövqeyimiz aydındır: biz sülh və təhlükəsizliyin təminatlı tərəfindəyik. Buna görə də biz hamıdan sülh və təhlükəsizliyə təminat verə biləcək partiyalara səs verməyi xahiş edirik".
Xatırladaq ki, Orbanı Avropada Lukaşenko ilə birgə diktator hesab edirlər.
Kim qalib gələcək? Bir neçə saatdan sonra biləcəyik.
Foto: Euronews
Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Əlibaba Məmmədovun xatirəsi anılacaq
Bu gün, aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, unudulmaz xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.
BMM tərəfindən təşkil edilən tədbirə Xan Şuşinski Fondu təşkilati dəstək göstərir.
Xatirə gecəsində tanınmış muğam ifaçıları və musiqi xadimləri iştirak edəcəklər.
Qabonlular niyə fransızlara qarğış yağdırırlar?
Afrikalılar qeyzlənib - onların ritual maskasını fransızlar 4,2 milyon avroya satıblar
Afrika dövləti Qabonun milli sərvəti sayılan ritual taxta maska Fransada auksionda 4,2 milyon avroya satılıb.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, Qabonun ictimai təşkilatı auksion rəhbərliyindən aksiya öncəsi maskanı milli sərvət olduğu üçün geri qaytarmağı tələb edib, amma auksion rəhbərliyi maskanı qanuni yolla əldə etdiklərini bildirib.
Auksion Fransanın Monpelye şəhərində baş tutub.
O ki qaldı sözügedən maskaya,
bu, Cənubi Afrikanın SABC radiostansiyasının məlumatına görə, 150 il əvvəl hazırlanıb. Qabonun şimalında yaşayan fanq xalqına məxsusdur. Maska nqil cadugərlər sektasına aid imiş, əcdadların kultunu yaşadan ainlərdə istifafə olunurmuş. 1910-cu ildə Qabonu işğal edən fransızlar cadugərliyi qadağan etmiş, maskanı da o dövrlərdə ələ keçirib Fransaya aparıblarmış. Bu illər ərzində maska bir neçə kolleksiyaçıda olub, nəhayət, satışa çıxarılıb.
Monpelyedəki auksion barədə öncədən xəbər tutan qabonlu aktivistlər öz milli sərvətlərini geri tələb etsələr də istəklərinə çata bilməyiblər, amma ruhdan da düşməyiblər.
Qabonun sivil nümayəndələri fransızları məhkəməyə verməklə hədələyir. Mövhumatçı kəsim isə qarğış edəcək, fransızlara fəlakət arzulayacaqlar. Qabonlular düşünür ki, maska geri qaytarılmayınca fanqlar xoşbəxt ola bilməyəcəklər.
Bax belə. Böyük xalqlar kiçik xalqlara niyə axı qənim kəsilib?