Super User

Super User

Cümə, 08 Aprel 2022 10:00

“Divan” kitabı iddialı gəlir

 

Lilpar Cəmşidqızının uzun illər üzərində işlədiyi “Divan” kitabı nəhayət ki, işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın ön sözü Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, Yazıçı-dramaturq İlqar Fəhmi tərəfindən yazılıb. 

“Mənim kitabımın ərsəyə gəlməsində köməyi olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm.” deyə Lilpar xanım öz sosial media hesabında sevincini bölüşür.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşdırılan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ilk öncə Azərbaycandan gələn qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyevin abidəsinin, habelə Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül çiçəkləri qoyublar.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri daxildir.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqlara  rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklər haqqında məlumat verib, habelə qonaqları Mərkəzdəki Heydər Əliyev muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi və Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə tanış edib.

Azərbaycan mədəniyyət günü münasibəti ilə ilk tədbir olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılış mərasimi olub. Milli Kitabxananın direktoru Umida Teşabayeva açılış mərasimində çıxış edərək Azərbaycanla əlaqələr, Azərbaycan Mədəniyyət Mərkəzi  ilə birgə layihələr və əməkdaşlıqdan danışıb. Direktor bildirib ki, Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Azərbaycana dair Özbəkistan kitabxanalarına çoxsaylı nəşrlər hədiyyə olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənd və Termez şəhərlərində çoxsaylı tədbirlərin keçiriləcəyini, kitabxanalarda Azərbaycan fondlarının və ocaqlarının açılışı, kitab təqdimatları, sənətçilərimizin iştirakı ilə dostluq konsertləri, moda sərgiləri, habelə çoxsaylı ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.

2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunduğunu qeyd edən diplomat 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması nəticəsində dağıdılmış və viran qoyulmuş yurd yerlərimizin, abidələrimizin  bərpası, məhv edilmiş kitabxanalarımızın yenidən qurulacağını söyləyib.

Özbəkistan Ali Məclisiniin deputatı, şair və tərcüməçi Gülbahar Saidqaniyeva  iki ölkə arasında mədəni əlaqələrin bu qədər dinamik inkişafından sevinc və fərəh hissi keçirdiyini, aparılan sistemli iş nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq platformasının qurulduğunu söyləyib.

Qənirə Paşayeva xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında danışaraq, şair və yazıçılarımız, günü-gündən yüksələn, inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığından danışıb. O, tarixən bu münasibətlərin daim inkişafda olduğunu və möhkəmləndiyini qeyd edərək, bu işdə dövlət başçılarımızın xidmətlərini qeyd edib. Deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. O, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğal etdiyi şəhər və kəndlərimiz yerlə yeksan edilib, məscidlərimiz dağıdılıb.

Deputat Müşfiq Cəfərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O yaxın zamanlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana səfəri və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar haqqında məlumat verib

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, 2023-ci ildə TÜRKSOY tərəfindən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri haqqında danışıb. O, münasibətlərin bu səviyyədə olmasında AMM-nin xüsusi rolunu qeyd edib.

Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Qeyd edək ki, yaradılan Azərbaycan fonduna 400 adda nəşrlər hədiyyə olunub.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı  keçirilib. Təqdimat mərasimində Azərbaycanlı və Özbək alimlər çıxış və məruzələr ediblər.

 

Aprelin 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq artisti Şövkət Məmmədovanın 125 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verib.

Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən muzey direktoru onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. O deyib ki, Xalq artistinin həyatının keşməkeşli olmasına baxmayaraq, o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan A.Bayarmova onun pedaqoji fəaliyyətindən də danışıb.

Bildirilib ki, o, 1897 il aprelin 18-də Gürcüstanın Tbilisi şəhərində anadan olub. Atası Şövkətin musiqiyə həvəsini hiss edib, onu Bakıya gətirir. Tanınmış milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1911-cİ ildə Milanda musiqi məktəbinə göndərilib. Burada məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova sonra Kiyev Konservatoriyasında təhsil ala-ala R.Qlierlə birgə konsertlər verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kafedra müdiri, professor, Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova görkəmli sənətkarın həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətləri haqqında danışıb.

Qeyd edilib ki, unudulmaz müğənni mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O eyni zamanda bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da onun təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəylinin, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb. Ş.Məmmədova 1981-ci il iyunun 8-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış videoçaarx vasitəsilə müşayiət olunub. Şövkət Məmmədovanın ifaları səslənən audio və videoyazılar səsləndirilib.

Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

 

Cari ilin 23-26 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Kamera və Orqan Musiqisi Zalı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  konsertlər, tamaşa, ustad dərsləri keçiriləcək.

Ölkəmizdə ilk dəfə keçirilən “Barokko Günləri” Beynəlxaq Musiqi Festivalı çərçivəsində dinləyicilər bu dövrə məxsus musiqi nümunələrini azərbaycanlı musiqiçilərlə yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərin təfsirində dinləyəcəklər.

Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası baş tutacaq. Həmçinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Orkestri və Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq Barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olan “D’accordo” ansamblının çıxışı nəzərdə tutulmuşdur.

Dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo və digər opera teatrlarının bədii rəhbəri olmuş, D’arte Lirika Akademiyasının direktoru, professor Vinçenzo De Vivonun (İtaliya) Festival çərçivəsində ustad dərsi də keçiriləcək.

Bir sözlə, çox maraqlı olacaq.

 

Ömrünü Doğu Türkistan mücadiləsinə həsr edən, Doğu Türkistanı Qazax Türklərinin də vətəni bilib bu sevdadan heç vaz geçməyən Hızır Bek Ağabey Tanrının dərgahına köçüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına araşdırmaçı-jurnalist Aida Eyvazlı Göytürk məlumat verib. 

Onu da qeyd edək ki, Hızır Bek Ağabeyin “Altaylar’da Kanlı Günler” adlı kitabının yayınlandığı illərdə  Doğu Türkistan məsələsinin Türkiye mühitində tanınmasında önemli bir yeri olduğunu da tarixə bir not olarak biıdirmək gərəkdir.

Cümə axşamı, 07 Aprel 2022 09:27

Günün fotosu: Bu dəfə yüz faiz öldü

Fevraldan bəri bir neçə dəfə ölməsi xəbəri yayılan və sonra təkzib edilən rus siyasətçisi Vladimir Jirinovski 6 aprel tarixində bu dəfə artıq 100 faiz öldü. Vida mərasimi İttifaq evində olacaq, adam Troekurovsk qəbiristanlığında dəfn ediləcək.

 

Azərbaycan xalqını təhqir edən, əvəzində az sonra Bakıda rəsmi qaydada böyük təntənə ilə qarşılanan Vladimir Volfoviç qatı millətçi, şovinist, ultra sağçı idi. 

Amma kaş ki, o Rusiyanın çöküşünü görüb sonra ölərdi. Həm ruhən, həm cismən. 

Onun ölüm xəbərini isə rəsmi Rusiya dərc etdiyimiz bu fotosu ilə yayıb. 

 

Foto: Euronews

 

İstedadlı gənc kinorejissor Amil Amal növbəti işini yekunlaşdırıb. “Vulkan üzərində ev” qısametrajlı sənədli filminin çəkilişlərini başa çatdırıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn filmin adı erməni sovet rejissoru Ama-bek Nazaryanın yüz il öncə lentə aldığı məşhur filmi ilə eyniyyət təşkil etsə də orijinallıq baxımından daha üstündür. 

Amil Amalın filminin çox maraqlı süjet xətti var. Filmin qəhrəmanı xanımdır, adı da Aqibət. Bakının Binəqədi qəsəbəsində, aktiv olan Keyrəki vulkanı yaxınlığında yaşayan Aqibət xanımı Amil uzun müddət müşahidə edib, 55 yaşlı xanımın həyatı ilə vulkanın bir vəhdət təşkil etməsini detallı ortaya qoyub. 

Hazırda film post-prodakşn mərhələsindədir.

 

Rejissorun qısa tərcümeyi-halını niyə də təqdim etməyək. Burada triumflara da rast gələnir. O, 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, 2013-2015-ci illərdə isə dövlət hesabına Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) kinorejissorluq və kinodramaturgiya ixtisası üzrə ikiillik ali kurslarda təhsil alıb. Sənətin sirlərini ssenarist, rejissor Denis Rodimin və rejissor, pedaqoq Vladimir Fençenkonun emalatxanasında öyrənib.

Rejissorun “Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında (2015), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nda (2016), “Haqq iş” qısa film festivalında (Türkiyə, 2017), Bakı Beynəlxalq Qısa Film Festivalında (2019) mükafatlara layiq görülüb. Müəllifin “Titrəmə” filmi isə ötən il Türkiyədə keçirilən 9-cu Beynəlxalq İpək Yolu Film Festivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.

 

Amil Amal həm də gözəl şairdir. Onun bir şeiri ilə söhbətimizə yekun vuraq:

Sudan quruya çıxan

üç yüz milyon illik 

amfibiyaların təkamülü kimi

yəqin bir gün 

intihar edənlərin də 

təkamülü olacaq.

Özünü dənizə atanlar

boğulmayacaqlar

balıq olub üzəcəklər,

özünü göydələnlərdən atanlar 

qanad açıb uçacaqlar.

Cümə axşamı, 07 Aprel 2022 12:30

Braziliya Film Festivalı başa çatıb

 

Paytaxtda, Nizami Kino Mərkəzində 5 gün davam edən Braziliya Film Festivalı başa çatıb.

 

Azərbaycan Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşan festivalın proqramına 4 bədii, 1 sənədli film daxil edilmişdi.

Qeyd edək ki, Braziliya Film Festivalı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunmuşdu.

Azərbaycanın mədəniyyət aləmində kifayət qədər məhsuldar fəaliyyət ortaya qoyan Ramil Qasımov (hazırda Heydər Əliyev Sarayının direktorudur) Mədəniyyət Nazirliyinin və “Mədəniyyət” kanalının “Şuşadan dünyaya” birgə layihəsində yer alıb.  Ramil Qasımovun təqdimatında layihə tezliklə “Mədəniyyət” kanalında təqdim olunacaq.

 

Yeni layihə barədə mediaya açıqlama verən Ramil Qasımov bunları söyləyib: “Ölkə başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən xalqımız üçün müqəddəs, əziz məkan və Zəfər rəmzi olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması mədəniyyət və incəsənət xadimlərinin daha çox yazıb-yaratmağa, özünü inkişaf etdirməyə sövq edib və onların həyat eşqinin, ruh yüksəkliyinin artmasına səbəb olub. İnanıram ki, bu məqsədlə hazırlanan “Şuşadan dünyaya” layihəsi də Azərbaycan mədəniyyəti və incəsənətinə yeni bir töhfə olacaqdır”.

 

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən “Qarabağ ilmələrdə” sənədli filmi hazırlanıb.

 

Bu barədə AzərTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə Qarabağ “Çələbi” xalçasına 44 gün ərzində minlərlə insan ilmə ataraq toxuyub. Sonuncu ilmələri işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunub.

Xüsusi avtomobildə daşınan xalçaya şəhid ailələri, müharibə iştirakçıları və müxtəlif bölgələrdə yaşayan vətəndaşlar ilmə ataraq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı Ordumuz tərəfindən 44 günün sonunda düşmən üzərində qazanılan Qələbənin yaşatdığı hissləri dilə gətiriblər.

“Qarabağ ilmələrdə” sənədli filmi aprelin 10-da ilk dəfə İTV-də yayımlanacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.