Azərbaycanın mədəniyyət aləmində kifayət qədər məhsuldar fəaliyyət ortaya qoyan Ramil Qasımov (hazırda Heydər Əliyev Sarayının direktorudur) Mədəniyyət Nazirliyinin və “Mədəniyyət” kanalının “Şuşadan dünyaya” birgə layihəsində yer alıb. Ramil Qasımovun təqdimatında layihə tezliklə “Mədəniyyət” kanalında təqdim olunacaq.
Yeni layihə barədə mediaya açıqlama verən Ramil Qasımov bunları söyləyib: “Ölkə başçısının müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən xalqımız üçün müqəddəs, əziz məkan və Zəfər rəmzi olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması mədəniyyət və incəsənət xadimlərinin daha çox yazıb-yaratmağa, özünü inkişaf etdirməyə sövq edib və onların həyat eşqinin, ruh yüksəkliyinin artmasına səbəb olub. İnanıram ki, bu məqsədlə hazırlanan “Şuşadan dünyaya” layihəsi də Azərbaycan mədəniyyəti və incəsənətinə yeni bir töhfə olacaqdır”.