Super User
Adelanın ilk kitabı - “Qum dənəsi” işıq üzü gördü
Gənc yazar Adelanın ilk kitabı çap olunub. “Qum dənəsi” adlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət” portalına müəllif kitabın qısa annotasiyasını danışmışdır.
Emma ailəsi ilə Almaniyanın Hamburq şəhərində yaşayır. İstər ailəsi, istər dostları ilə çox yaxşı münasibətləri var. Ünsiyyətçil olduğu üçün dostları tərəfindən çox sevilir. Ən böyük xəyalı skripka sənətçisi olmaq ikən həyat onun üçün daha fərqli oyunlar hazırlayır. İçində böyük bir yara ilə Bakıya gedəndə həyatının tamamilə dəyişəcəyindən xəbərsiz olur. O, 18 yaşında öz xəyallarının arxasınca gedəcəyini zənn edərkən qarşısına çıxan eşq, şəhvət, qısqançlıq kimi yeni hisslərlə mübarizə aparmaq məcburiyyətində qalır.
Mədəniyyət Nazirliyinin növbəti təqdimatı - “Şuşa mədəniyyətinin inciləri”: musiqi məclisləri
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın musiqi məclislərinə həsr olunub.
Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Şuşada muğam məclisləri təşkil olunub. Musiqi məclisləri əsl sənətkarlıq məktəbinə çevrilməklə yanaşı, bu sahənin inkişafına öz töhfəsini verib.
Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində Şuşanın tanınmış musiqi xadimlərinin yaratdığı məktəblər də mühüm rol oynayıb.
Onlardan biri XIX əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat Qulunun məktəbinə səsi olan gənclər götürülüb, musiqi məclisləri təşkil olunub, Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilib.
XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş bir başqa musiqi məktəbi isə “Kor Xəlifənin məktəbi” (1883-1893) idi. Bu təhsil ocağı Molla Əli Molla Kəlbəli oğlu (təxəllüsü Kor Xəlifə) tərəfindən açılıb. Bu məktəbdə dini elmlərlə yanaşı, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onların ifaçılıq xüsusiyyətləri, musiqi nəzəriyyəsi və praktikası, tar, kamança və digər musiqi alətlərinin ifası tədris olunub. Bir sözlə, “Kor Xəlifənin məktəbi”ndə kamil musiqişünas və ədəbiyyatçılar yetişib bu da öz növbəsində klassik musiqinin daha geniş təbliğinə rəvac verib.
Xarrat Qulu dünyasını dəyişəndən (1883) sonra görkəmli musiqişünas alim Mir Möhsün Nəvvab Qarabaği muğam ustadı Hacı Hüsünün yaxından iştirakı ilə Şuşada yeni musiqi məclisi təşkil edib. “Xanəndələr məclisi” də adlanan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək olub.
XIX əsrin sonlarında Şuşada “Molla İbrahimin məktəbi” də məşhur olub. Bu musiqi məktəbi daha çox dini xarakter daşıyıb. Yalnız məlahətli, gözəl səsli, poeziyaya xüsusi həvəsli istedadlı gənclərin seçilib götürüldüyü bu təhsil ocağında klassik muğamlardan dərs keçilib, fars, ərəb dilləri öyrədilib. Məktəbdə Qarabağın bir sıra musiqi xadimləri, xanəndələri, eləcə də dahi vokalçı Bülbül, Mehralı oğlu Bahadır və digərləri təhsil alıblar. “Molla İbrahimin məktəbi” təxminən 1920-ci illərədək fəaliyyət göstərib.
Bu gün Xalq artisti İsmayıl Osmanlının 120 illiyidir
Xalq artisti İsmayıl Osmanlını bizlərin daha çox “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yadımızda qalıb.
Bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasının 120 illik yibileyidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə, yoxsul bir ailədə dünyaya gəlib. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməyib, amma aktyorluğa həvəsini boşa verməyib. O, 1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
"Kəndlilər" filmində daxili işlər naziri, "Bir məhəlləli iki oğlan"da Mahmud, “O olmasın, bu olsun"da Rza bəy, "Yenilməz batalyon"da dərzi Yusif, “Mən ki gözəl deyildim"də poçt müdiri Şərif, “26-lar"da Şahbazov, “Ulduzlar sönmür"də Hacı Zeynalabdin Tağıyev, “Nəsimi"də Nəimi obrazlarını aktyor məharətlə yaradıb, “Yeddi oğul istərəm"də Kələntər obrazını isə ayrıca qeyd etmişik.
İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Ruhu şad olsun!
SW ekspertlərinin seçimi – “Həyat həmişə insanı ana dilində dindirmir” (Eminquey)
Bildiyiniz kimi Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsinə start verilib. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar hələ ki, qeydiyyatdan keçmiş 102 nəfər arasından əsas favoritlərin adlarını da açıqlayıblar. Bunlar Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Ələsgər Əhməd, Orxan Həsəni, Aypara Ayxan, Ümid Nəccari və Murad Muradovdur.
“Ədəbiyyat və incəsənət” portalı bu gündən etibarən əsas favoritlərlə oxucularını tanış etməyə başlayır. Ardıcıllıq qeydiyyat sırası ilədir.
Əlizadə Emin Akif oğlu
Şair, jurnalist. 11 iyun 1994-cü ildə Bakıda anadan olub. “Eminquey” təxəllüsü ilə yazır. “Günəbaxan” adlı şeirlər kitabının müəllifidir. 2021-ci ildə gənc yazıçı və şairlər üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb. 2022-ci il 2 fevral “Gənclər günü”ndə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatını alıb.
Ekspertlərin fikrincə, Eminqueyi festivalın final mərhələsinə adlatmaq üçün bircə bəndi də kifayət edir:
o gün bilmişəm,
bizim evin pəncərəsi
atamın divardakı şəklidi,
anam ağlayırsa hava yağışlıdı,
gülürsə günəşlidi.
***
o gün anamın avazına oyandım,
nə ev təmizləyirdi,
nə pəncərə,
heç evimizin çölə pəncərəsi də yox ki,
açıb udasan otların qoxusunu,
Günəş sığal çəkə dibçəklərə,
gözlərini ovxalayıb
tökəsən küçələrə gözlərinin yuxusunu.
atamçun oxuyurdu "Quran"ı
onun bağlanmış ömür kitabında
səhvləri düzəldirdi,
silirdi,
"günahlarını bağışla, ilahi"
deyirdi...
nə də olsa müəllim işləyib on il,
vərdişidi.
inanmırdım...
elə bilirdi,
adına bişirdiyi yeməkdən atam da yeyəcək,
onunçun çox bişirirdi aşı,
qaranı,
gecə yuxusuna gələcək,
qucaqlayacaq,
göz yaşlarını siləcək.
inanmırdım...
atamdan danışırdı dəqiqəbaşı
divardakı şəklini göstərirdi,
nəfəsini dərirdi,
için-için ağlamaqçun.
o gün bilmişəm,
bizim evin pəncərəsi
atamın divardakı şəklidi,
anam ağlayırsa hava yağışlıdı,
gülürsə günəşlidi.
o gün bilmişəm,
bu ev nə vaxtsa yansa,
anam birinci o şəkli götürəcək özüylə,
yuxularında sağ qalan
atamın bircə sözüylə
xoşbəxt oyanacaq yenə yuxudan.
o gecə məni ən çox qorxudan
anamın bir anlıq kəsilən nəfəsiydi,
deyəsən,
atam möhkəm qucaqlamışdı
onu bu dəfə...
yuxulara inanıb yatdım
o gecə səhərə kimi yuxumda
atamı gözlədim...
***
yağışlar
- Musanın yardığı dənizin sularıdı.
çətirlər
- Musanın tərsinə tutulmuş çomağıdı.
o çomaq məndə olsaydı,
düz müharibənin göbəyində,
bir əlimdə çomaq,
bir əlimdə vərəq,
sülh marşı çaldırardım düşmən əsgərlərinə.
həqiqət,
ağacın arxasında gizlənmiş
küskün bir uşağın gözləri kimi
parıldayır uzaqdan.
alınmaz,
dirijor çıxmaz məndən,
uzaqbaşı güllələrdən leysan yağdıraram
düşmən səngərlərinə.
əgər indi
Musanın çomağı məndə olsaydı,
əminəm,
ac qalmamaqçün
şou göstərirdim,
dovşan çıxarırdım papaqdan.
***
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası - Allah imiş,
biz xoşbəxt olanda
Allah - baba olur...
***
ey sən,
əllərinin qabarında taleyi çirkab adam,
bilirəm,
əllərin ciblərindəki qəpiklərlə kasıblığın tutur ritmini,
çıxırsan Tarqovıya,
o qoca Sveta məğrur yerişlərlə gəzdirir itini,
forsu yerə-göyə,
“Ford”u yollara sığmır,
tənhalıq da belədir,
qollara sığmır,
sığsaydı qucaqlaya bilərdik boşluğu.
lənətə gəlmiş pul,
şəhərin başdanxarab küləyi kimi
hər budağından bir adam aparır,
qızın rütubətdən qaralan divar kağızlarını qoparır,
qadının yuma bilmir
"filankəsin əri bir ailəni də saxlaya bilmir" deyən ağızları.
açırsan televizoru,
" ölkəmizdə yeni həbsxanalar açılır" deyib gülümsünür xəbərçi qız,
gülürsən,
hə qadası,
"söz veriblər ki, hamıya iş də verəcəklər"
açılış sonrası.
indi bilirəm ki, qarışqa yuvaları
bir-birinə qarışmır,
insanlar torpaq uğrunda yarışmır,
ölüm uğrunda yarışır.
insanların pis vərdişləri olur,
məsələn, şokoladı yeyib qurtarırlar,
amma çay qurtarmır.
yəni, ömrün şirin anları tez,
acıları gec bitir...
bilirsən,
yer də qumar masasındakı dəyirmandı,
hamının ömrü bir dəfə də olsa "bankrot"a tuş olur,
atam deyirdi, bil ki,
hədiyyələr hamıya xoş olur,
əgər o qara "çamadan"dan çıxmırsa
yəni, hədiyyələr həmişə sevindirmir.
ey sən, əllərin qabarında taleyi çirkab adam,
bu həyatın dilini bilməlisən,
həyat həmişə insanı ana dilində dindirmir...
Favoritlər var - Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun müsabiqə mərhələsində son 10 günə qədəm qoyulur
Bildiyiniz kimi Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsinə start verilib. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Bu gün “Ədəbiyyat və incəsənət” portalı festivalın ekspertlərinin ilkin rəylərini almışdır. Bazar ertəsinə kimi 157 nəfər müraciət etmiş, 102 nəfər müsabiqə mərhələsinə buraxılmışdır. Ekspertlər final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin olacağını proqnozlaşdırırlar. Onlar qeydiyyatdan keçmiş 102 nəfər arasından əsas favoritlərin adlarını da açıqlamışlar. Bunlar Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Ələsgər Əhməd, Aypara Ayxan, Ümid Nəccari və Murad Muradovdur.
Bir daha Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunda iştirak şərtlərini diqqətinizə çatdırırıq:
Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turu 2 mərhələdən ibarətdir.
1-ci mərhələ:
Aprel ayınln 20-dək yaşı 39-dək olan gənc yazıçı və şairlər
Müsabiqə mərhələsinə qatıla biləcəklər. Bu mərhələdə iştirakçılar 12-lik Times New Roman qarniturunda, poeziyada maksimum 4 şeir, nəsrdə maksimum 7500 işarə həcmində yazılarını, özləri haqda qısa məlumatı və əlaqə nömrələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına yollamalıdırlar. Kriteriyalara cavab verən, yüksək ədəbi zövq aşılayan 30 ən dəyərli işin müəllifi gizli ekspertlər
tərəfindən müəyyənləşəcək və final mərhələsinə adlayacaq.
2-ci mərhələ:
Aprelin 30-da 30 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar (bütün xərcləri təşkilatçı tərəf qarşılayır).
Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar.
Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq.
Qala gecə:
Musiqi ilə, təbrik nitqləri ilə, zəngin banket süfrəsi ilə müşayiət olunacaq Qala gecədə bütün iştirakçılar “festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla mükafatlandırılacaqlar.
Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək.
Festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.
Festivalın Təşkilat Komitəsi gənc yazarları müsabiqəyə qatılmağa, öz güclərini sınamağa dəvət edir.
Sonda ədəbiyyat qalib gələcək!
Çingiz Abdullayevdən yeni bestseller gəlir
Libraff kitab mağazaları şəbəkəsi Xalq Yazıçısı Çingiz Abdullayevin yeni “Oliqarx” seriyasından çap olunmuş ilk kitabının təqdimatını keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Teas-press nəşriyyayında işıq üzü görən kitabdan gələn gəliri xalq yazıçımız YAŞAT Fonduna keçirəcəyini elan edib.
Rəsm qalereyası: Vyaçeslav Yaroyev, “Mənzərə”
Rəsm qalereyası: Vyaçeslav Yaroyev, “Mənzərə”
Saxa Yakutiya Respublikasının Xalq Rəssamı, yakut türkü Vyaçeslav Yaroyevin təbiət lövhələrinin dərcini davam etdiririk. Bu dəfə növbəti mənzərə.
Günün fotosu: Stand up der Ukraine aksiyasına 10 milyard avro toplanıb
Ukraynaya və Ukraynalı qaçqınlara dəstək olaraq 10 milyard avrodan çox vəsait toplanıb. Bu barədə Stand up for Ukraine aksiyasının təşkilatçıları bildiriblər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də bu faktı təsdiqləyib. O, xeyriyyəçilik kampaniyasını şəxsən dəstəkləmək və Global Citizen Təşkilatının çağırdığı donorların beynəlxalq konfransında iştirak etmək üçün Varşavaya gedib.
Forum Polşa hökumətinin iştirakı ilə keçirilir.
Foto: Euronews
Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilində nəşr edilib
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycanın böyük şairi Rəsul Rzanın ikicildlik kitabının birinci cildi qırğız dilində nəşr olunub.
Fondun rəhbəri Nüsrət Məmmədova istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar kitaba “Ön söz” yazb. Şeirləri qırğız dilinə Kanıbek Omurzakov, Mukan Asanaliyev və Bakıt Junusaliyev tərcümə edib.
Kitabın redaktoru Altınbek İsmailovdur.
“Uulu Toolor” nəşriyyatında 500 tirajla nəşr edilən kitab Qırğızıstanın təhsil ocaqlarına, kitabxanalara veriləcək və pulsuz yayılacaq.
Qeyd edək ki, 392 səhifəlik kitab fondun bu günə kimi tərcümə etdirib nəşr etdiyi 137-ci topludur.
İran portalı “Qızıl cib saatı”ndan hissələr yayınlayıb
Yazıçı Varisin 1893-1993-cü illəri əhatə edən, ermənilərin Türkiyədə və Qarabağda həyata keçirdikləri mənfur milli siyasəti arxiv materialları vasitəsi ilə açan, ötən il İstanbulda TADEV yayınları tərəfindən nəşr edilmiş “Qızıl cib saatı” romanından hissələr İranın Yeniqapı.com saytında dərc edilib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Təbrizdə fəaliyyət göstərən sayt ilk öncə romanın ən tükürpədən hissəsini: 1918-ci ildə erməni daşnaklarının bolşevik bayrağı altında Bakıda törətdikləri vəhşiliklərdən bəhs edən, Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının materiallarına istinadən yazılmış fəsli təqdim edib, güneyli soydaşlarımıza bu acı həqiqətdən xəbər tutmaq imkanı yaradıb.
Qeyd edək ki, yaxın günlərdə sayt digər hissələrin tərcüməsini də oxucularının ixtiyarına verəcək.