Bu gün Xalq artisti İsmayıl Osmanlının 120 illiyidir

 

Xalq artisti İsmayıl Osmanlını bizlərin daha çox “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yadımızda qalıb.

 

Bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasının 120 illik yibileyidir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə, yoxsul bir ailədə dünyaya gəlib. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməyib, amma aktyorluğa həvəsini boşa verməyib. O, 1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

"Kəndlilər" filmində daxili işlər naziri, "Bir məhəlləli iki oğlan"da Mahmud, “O olmasın, bu olsun"da Rza bəy, "Yenilməz batalyon"da dərzi Yusif, “Mən ki gözəl deyildim"də poçt müdiri Şərif, “26-lar"da Şahbazov, “Ulduzlar sönmür"də Hacı Zeynalabdin Tağıyev, “Nəsimi"də Nəimi obrazlarını aktyor məharətlə yaradıb, “Yeddi oğul istərəm"də Kələntər obrazını isə ayrıca qeyd etmişik.

İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.