Super User

Super User

Özbəkistanda çıxan “Darakçi” nəşrində Azərbaycan yazıçısı Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” romanı hissə-hissə dərc edilir. Roman həm də “Yenigün” nəşriyyatında kitab kimi çıxacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, atalar və oğullar arasında ənənəvi ziddiyyət mövzusuna toxunan bu roman Azərbaycanda 2019-cu ildə nəşr edilib və böyük uğur qazanıb. Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələri Nizami Cəfərov, Vaqif Yusifli, tanınmış yazıçı İlqar Fəhmi roman barədə müsbət rəylər vermişlər. 

Romanın mövzusu kinossenarilər yazılmasına da rəvac vermişdir. Görkəmli kinodramaturq Ramiz Fətəliyevin yazdığı ssenari xüsusilə diqqətçəkəndir.

 

Eşidəndə ki, sosial mediada yüz minlərlə izləyicisi olan, eləcə də komedik stand-up-ları ilə böyük izləyici auditoriyasına malik olan fransalı Patrik Veiseller bir müddətdir ki, Azərbaycandadır, qəribə dizaynlı pikap avtomobillə magistrallarımızda şütüyür, düşündük, görək nə məsələdir? Dərhal deyək ki, xoşməramlı səfərdir və xeyrimizədir. 

 

Mədəniyyət Nazirliyinin dəvəti ilə ölkəmizə gələn Patrik Veiseller çəkilişlər aparır, bundan sonra isə sosial media hesablarından və həmçinin "Netflix" platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avtomobil turu formatında həyata keçirilən layihədə Fransanın komediya ustası və bloggeri “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycanın tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər etməkdədir.

Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanan qonağa şəhər barədə ətraflı məlumat verilib və Naftalanın əsas görməli mədəni-tarixi yerlərində çəkilişlərin aparılmasına şərait yaradılıb.

Qeyd edək ki, bloger, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı da çəkilişlər

aparıb, bu reportajları da təqdim edəcək. 

Sırada isə adlarını çəkdiyimiz digər rayonlar dayanır.

Cümə axşamı, 14 Aprel 2022 12:00

Yunus Oğuzun yeni kitabı çapdan çıxıb

 

"Hökümət o zaman özünə potensial üsyançılar hazırlayır ki,cəmiyyətdə xurafatlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir, dövlətçilik anlayışı isə məmur və ictimai status anlayışı ilə eyniləşdirilir".

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun yeni  çapdan  çıxan  "Keçmişdən gələcəyə  nə  daşıyırıq- Tarix İbrətdir" adlı kitabı bu epiqrafla başlayır. 

Kitabda müstəqillik uğrunda mübarizə illərindən   günümüzə qədər olan  proseslər oxucunun diqqətinə çatdırılır.

Cümə axşamı, 14 Aprel 2022 11:30

Bu dəfə Seyid Şuşinski!

 Bildiyiniz kimi, Beynəlxalq Muğam Mərkəzi (BMM) muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərini "Dəyirmi masa" ətrafında müzakirə edir. Layihədə növbəti tədbirin görkəmli xanəndə Seyid Şuşinskiyə həsr olunduğunu bildirmişdik. Bu dəfə daha ətraflı.

 

Beləliklə, qeyd edək ki, layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.

“Seyid Şuşinski – ustad xanəndə, böyük müəllim” adlı tədbir xanəndənin ad günündə reallaşıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri Xalq artisti Seyid Şuşinski musiqi xadimi, pedaqoq, müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.

Xalq artisti, professor Möhlət Müslümov Seyid Şuşinskinin tələbəsi olmuş Əməkdar müəllim Nəriman Əliyevlə birgə çalışdığı dövrdə xanəndənin öz ustadından öyrəndiyini tələbələrinə olduğu kimi ötürdüyündən danışıb. Bildirib ki, bu gün də muğam dərslikləri həmin dövrdə Seyid Şuşinski tərəfindən tərtib edilən tədris proqramı əsasında çap olunur.

Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev diqqətə çatdırıb ki, “Ağa” deyərək müraciət olunan Seyid Şuşinski uzun illər dayısı Nəriman Əliyevin evində yaşayıb. O, 14 yaşından xanəndəni tanıdığını vurğulayaraq xatirələrini bölüşüb.

Əməkdar artist, tarzən Valeh Rəhimov Seyid Şuşinski ilə ilk dəfə tanışlığından danışaraq həmin gün eşitdiyi ifa ilə bağlı fikirlərini bölüşüb.

Seyid Şuşinski haqqında lentə alınan sənədli filmin rejissoru Kəmalə Musazadə filmin çəkilişlərindən danışıb.

Filmdə xanəndənin obrazını yaradan Əməkdar müəllim Qəzənfər Abbasov rolunun məsuliyyəti ilə bağlı təəssüratlarını bölüşüb.

Layihənin konsert hissəsində Xalq artisti Aygün Bayramova, BMM-in solistləri Əməkdar artist İlkin Əhmədov və xanəndə Məmməd Nəcəfovun ifaları təqdim olunub. Xanəndələri Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət edib.

 

Aprelin 13-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış teatr və kino aktyoru, Xalq artisti Məbud Məhərrəmovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq, yubilyara təbriklərini çatdırıb, onun yaradıcılıq yolu haqqında məlumat verib.

Muzeyin əməkdaşı Suğra Niftullayeva aktyorun sənət fəaliyyətindən ətraflı danışıb.

Tədbirdə iştirak edən qonaqlardan Xalq artistləri Ramiz Həsənoğlu, Hacı İsmayılov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Adil Abbas, rejissor Oleq Səfərəliyev, Əməkdar artist Həcər Ağayeva və başqaları yubilyarı ad günü münasibətilə təbrik ediblər və onunla bağlı öz ürək sözlərini bölüşüblər. Təbriklərə, eyni zamanda aktyorun ailə üzvləri və dostları da qoşulub.

Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış və M.Məhərrəmovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Həmçinin aktyorun oynadığı tamaşalardan və çəkildiyi filmlərdən fraqmentlər izlənilib. Eləcə də, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Xalq artisti xanəndə Gülyaz Məmmədova “Nə gözəldir”, “Dilkəş təsnifi”, Fatimə Cəfərzadə və Prezident təqaüdçüsü Atəş Qarayev “Arşın mal alan” operettasından “Axtarıb tapdım səni”, “Aşiq oldum”, “Arşın mal alan” ariyalarını ifa ediblər.

Bunlardan əlavə, tədbir yubilyarın şərəfinə təşkil olunmuş xoş sürpriz ilə yadda qalıb. Məbud Məhərrəmovun U.Şeksprin “Kral Lir” tamaşasında yaratdığı Təlxək obrazında Xalq rəssamı Arif Hüseynov tərəfindən çəkilmiş portretinin təqdimatı olub.

Əsər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin kolleksiyasına daxil edilib.

 

 Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

Festivalın ekspertləri final mərhələsinə adlayacaq 30 iştirakçı seçimində əsas favoritlərin adlarını da açıqlayıblar. Bunlar Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid və digərləridir.

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

Elroman Əlizadə Elçin oğlu (El Roman) 

2000-ci il sentyabrın 2-də Yevlax şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhəri 129 nömrəli orta məktəbinə daxil olub. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin alman dili və ədəbiyyatı fakültəsində təhsil alır. 

Ciddi yaradıcılığa 2014-cü ildən etibarən başlayan Elroman "Sənsizliyin baş hərfi" (2020) adlı şeirlər kitabının müəllifidir. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Yazarlar Klubunun sədridir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

2020-ci ildən "525-ci" qəzetdə müxbir vəzifəsində çalışır. 

El Roman təxəllüsü ilə yazdığı şeirlər "525.az", "Kulis.az", "Manera.az" və digər saytlarda, eyni zamanda "Ulduz" və "Azərbaycan" jurnallarında, iki müxtəlif şeir antologiyasında dərc edilib. 2021-ci ildə üç şeiri ingilis dilinə tərcümə edilərək Nyu-Yorkda "Punjabi Writer Weekly" qəzetinin yanvar nömrəsində dərc edilib.

El Roman Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi şeir müsabiqəsində ikinci yeri tutub. 2021-ci ildə Prezident təqaüdünə, 2022-ci ildə Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb.

Ekspertlərin fikrincə, El Roman elə ustalıqla poetik lövhələr qurur ki, bunların püxtələşmiş, on illərlə poeziyada olan bir peşəkarın qələmindən çıxdığını zənn edirsən. Halbuki o, hələ şox gəncdir.

 

Bir gün dərdiyin çiçək səni içinə çəksə,

Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...

Həmin gecə yuxuda özünü görəcəksən-

Dodaqların qırmızı, saçın uzun, laap uzun... 

 

 

Yarasalar

 

Bir qoca dedi ki, hələ diriydi

dünən gömüləndə o qız torpağa.

Gəldiyi yerlərə qayıtdı hər şey-

adamlar torpağa, kağız torpağa... 

 

Göyərsə göylərdə bir ağ göyərçin

Bu işə göylər də gülərdi, gərçi...

Sonra da darıxıb bu boz şəhərçün

Gəlib bulaşardı o toz-torpağa. 

 

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,

gəl.

Sən kimin olmusan min illər əvvəl?

adını oxudum cam kasalardan... 

 

Deyən olmadımı vaxtı dayandır?

Tanrıyam, bilmirəm yerin hayandır...

Mağara ağzında cığara yandır,

məni də bir dəfə yada sal orda... 

 

Mağara?!

görəsən, nəyin nəsidir?

Mağara - dağların əsnəməsidir.

Tərsinə asılmış quş qəfəsidir

Belə eşitmişəm yarasalardan... 

 

Bir qoca dedi ki, hələ diriydi

dünən gömüləndə o qız torpağa.

Sonra...

Gəldiyi yerlərə qayıtdı hər şey-

adamlar torpağa, kağız torpağa...

 

 

Qızım

 

Bir gün dərdiyin çiçək səni içinə çəksə,

Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...

Həmin gecə yuxuda özünü görəcəksən-

Dodaqların qırmızı, saçın uzun, laap uzun... 

 

Çöldə eşidəcəksən çirkinliyin səsini,

Evdə atan yeyəcək tikənin yekəsini.

İçində hiss edəndə təklik təhlükəsini,

Səndən soruşacaqlar, kimin qızısan, qızım? 

 

Getmək istəyəcəksən, yolun tən yarısında

Ətirini, donunu, onu unutmasan da,

O gün unudacaqsan bir kitabı masanda

Bir də açılmayacaq otağının qapısı... 

 

Bir az qocalacaqsan, bir az əsəcək dizin,

Bir az huşun itəcək, bir az əlinin duzu,

Yollara baxacaqsan, belə laap uzun-uzun...

Öləndə belə ölür qadınların yarısı. 

 

Bir də açılmayacaq otağının qapısı...

Öləndə belə ölür qadınların yarısı...

"Saçın uzun, laap uzun, dodaqların qırmızı...

Üzüntün tanış gəlir, kimin qızısan, qızım?"

 

 

Canıyeva Göyərçin

 

Yerek...

 

Ratsiyadan səs gəlir:

-Canıyev, yerini de!

-Təpənin “A” nöqtəsi! 

Ratsiyadan səs gəlir:

-Əbdülov, yerini de!

-Təpənin "B" nöqtəsi!

Erku...

 

On üç yaşlı Göyərçin

giley tökür kağıza:

"Ehh, bu riyaziyyat da

yığıb məni boğaza!

"A"-dan "B"-yə məsafə

Nə bilim, nə qədərdi?

atam olsa, bilərdi..." 

 

"Canıyev,

aradakı məsafəni xəbər ver!" - Ratsiya hələ susmur... 

 

İnsanlar özlərinə yaxşı təsəlli verir:

"Ordu müharibəni nə olsun, hələ udmur?

əsas odu, uduzmur..." 

 

Mek!

 

Bu vaxt bir mərmi deşir

buludların bağrını. 

 

Silahlar da diksinir

Partlayışın səsinə… 

 

O partlayış,

əsgəri tutub “A” nöqtəsindən

atır “B” nöqtəsinə… 

"Tapdım, anacan, tapdım!

Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin... 

 

"Canıyev, nə baş verir?!" - Ratsiya ağı deyir... 

 

birdən

əlaqə itir... 

 

sonuncu nəfəs ilə,

Canıyev ratsiyanı dodağına gətirir.

Xırıltılı səs ilə:

"Komandir, əlli metr..."

 

 

Qonaq

 

Mən səni sevməsəm, başqası sevsə,

Sənə də heyifdir,

mənə də heyif. 

 

Sarı dimdiyini mənə uzadıb

Çiyninin üstündə öpüş gözləyən

Buğda saçlarından ovucladığım

O quşa atdığım

dənə də heyif. 

 

Hətta küçənizə raket də düşsə,

Ağappaq çiynindən jaket də düşsə,

Birinci vətənçün, sonra səninçün

Narahat olacaq adamlar ki var,

Onların gözünə qəm qonaq gedə. 

 

Mənim də bəxtimə o səngər düşə...

Allahın əlindən bir çəngəl düşə,

Göylərə bu dəfə mən qonaq gedəm. 

 

Daha ikimizdən oldu, olmadı,

Yenə də heyifdir,

yenə də heyif...

Mən səni sevməsəm, başqası sevsə,

Sənə də heyifdir,

mənə də heyif.

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihəsi əsasında “Zəfər duyğuları” poeziya antologiyası nəşr olunub. Kitab “Şuşa İli”nə həsr edilib.

 

Sözügedən antologiyada ümumilikdə 46 tanınmış şairin şeirləri yer alıb. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.

Layihə ilə bağlı fikirlərini AzərTAC-a açıqlayan “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı deyib: “Tariximiz, cəmiyyətimiz üçün daimi gündəmdə olan ümdə məsələlərdən biri də ədəbiyyat vasitəsilə qələbəmizin ruhunda dayanan ictimai əhəmiyyətli faktların, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliğinin gücləndirilməsidir. Layihəmizin adından da bəlli olduğu kimi, Zəfər tariximizin təbliğinə yönələn əsərlərin, kitabların yazılmasına böyük ehtiyac vardır. Ona görə də layihənin məqsədinə uyğun olaraq ölkəmizdə, Türkiyədə, Gürcüstanda və digər bölgələrdə Vətən müharibəsindəki Zəfər tariximizi vəsf edən poetik əsərləri toplayıb dəyərləndirərək antologiya halında çap etmişik”.

Dəyanət Osmanlı xüsusi olaraq vurğulayıb ki, 44 günlük haqq savaşında əzəli və əbədi torpağımız Qarabağın kənd-kənd, rayon-rayon, şəhər-şəhər 30 illik erməni işğalından azad olunması hər bir Azərbaycan insanının həyatına yeni bir möhtəşəm qürur qatmışdır. Vətən müharibəsinin ədəbi-bədii, mədəni, tarixi-ictimai düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, həm də yeni tarix yazılır. Bu amil yeni nəslin keçmişə, bugünə və gələcəyə baxışlarının optimallaşmasında mühümdür.

O, antologiyanı tərtib edərkən bir sıra məqamlara toxunulduğunu söyləyib: “Ədəbiyyat yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların bugünkü həyatının, gələcəyinin ən aktual stimulverici qüvvəsi kimi çıxış edir”.

Qeyd edək ki, kitabın kitabxanalara, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanılması nəzərdə tutulub.

 

Gənc və istedadlı rəssamlar üçün öz istedadlarını realizə etmələri üçün əlahəddə bir şans yaranır: Bu gün Bakı Fotoqrafiya Evində “Re: Art” incəsənət agentliyinin və saytının təqdimatı keçiriləcək. Təbii ki, incəsənət ümumi anlayışdır, söhbət konkret rəssamlıqdan gedəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda agentliyin iştirakçı rəssamları Nərgiz Əsgərova, Şəlalə Salamzadə, Emin Mathers, Ləman Məmmədova və Leyli Salayevanın əsərlərinin videotəqdimatı da nümayiş ediləcək. Videoya yazılan musiqilər Azər Hacıəsgərliyə məxsusdur.

Agentlik “Mədəni üfüqlər” layihəsi çərçivəsində incəsənət xadimləri, mədəniyyət fəalları və yaradıcı sahibkarlar üçün təklif olunan 6 layihədən biridir. Beynəlxalq ekspert, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun müəllifi olduğu "Mədəni üfüqlər" layihəsinin məqsədi iştirak edənlərə təlim verməklə, yenilikçi fikirlərin ərsəyə gətirilməsində və bu fikirlərin sosial cəhətdən tələb olunan təşəbbüslərə və ya məhsullara, xidmətlərə çevrilməsində onlara yol göstərmək, eləcə də onların qarşısında yeni üfüqlərin açılmasına nail olmaqdır. 

Qeyd edək ki, Agentlik müasir incəsənətlə məşğul olan, fərqli düşüncəli insanlara, ilklərə imza atan qətiyyətli, inamlı rəssamlara dəstək vermək məqsədilə yaradılır.

Belə rəssamlar isə heç də az deyil.

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimovun əmri ilə İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin olunub. Dünən Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində yeni rəhbərin kollektivə təqdimatı keçirilib. 

 

Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri – Aparatın rəhbəri v.i.e Vüqar Məmmədov İbrahim Əliyevi kollektivə təqdim edən zaman Baş İdarənin Nazirliyin aparıcı qurumlarından biri olduğunu və bir çox əhəmiyyətli tədbirlərin təşkilində aparıcı rol oynadığını, burada çalışan mütəxəssislərin nazirlik çərçivəsində ekspert kimi cəlb edildiyini xüsusilə vurğulayıb. “Şuşa ili” çərçivəsində keçiriləcək tədbirlərdə, təcrübə mübadilələri zamanı Baş İdarədə çalışan mütəxəssislərin yaxından iştirak etmələrini, bölgələrlə paytaxt müəssisələri arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İbrahim Əliyev çıxışında mədəniyyət naziri Anar Kərimova göstərilən etimada görə təşəkkürünü bildirib və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində qarşıya qoyduğu vəzifələri  Bakı şəhəri üzrə uğurla yerinə yetirməyə çalışacağını söyləyib.

Daha sonra V.Məmmədov İdarə qarşısında duran əsas vəzifələrdən söhbət açıb və altı ay ərzində strateji qiymətləndirmələrin aparılması, həssas təbəqələrlə, xüsusilə şəhid ailələri və qazilərlə işin müntəzəm aparılması, mətbuatla iş, ictimaiyyətlə əlaqələrin genişləndirilməsini vurğulayıb.  Bu sahələr üzrə tövsiyələr verərək kollektivə uğurlar arzulayıb.

Bəs yeni idarə rəisi kimdir? “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə anadan olub.

Ali Peşə Məktəbi–Bakı Kompüter Liseyini, Azərbaycan Dövlət Neft Akademiyasını Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, daha sonra həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində, Bakı Kompüter Liseyində, Azərbaycan Hava Yolları QSC-də, İqtisadi İnkişaf Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir, 2 övladı var.

 

2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olur.

 

Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və görkəmli bəstəkar Rauf Hacıyevin Azərbaycanda musiqi mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2022-ci il

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.