Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihəsi əsasında “Zəfər duyğuları” poeziya antologiyası nəşr olunub. Kitab “Şuşa İli”nə həsr edilib.
Sözügedən antologiyada ümumilikdə 46 tanınmış şairin şeirləri yer alıb. Nəfis şəkildə, 300 tirajla çap olunmuş 220 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz”ün müəllifi AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı və filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.
Layihə ilə bağlı fikirlərini AzərTAC-a açıqlayan “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı deyib: “Tariximiz, cəmiyyətimiz üçün daimi gündəmdə olan ümdə məsələlərdən biri də ədəbiyyat vasitəsilə qələbəmizin ruhunda dayanan ictimai əhəmiyyətli faktların, milli-tarixi gələnəklərimizin, vətənpərvərlik tariximizin, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliğinin gücləndirilməsidir. Layihəmizin adından da bəlli olduğu kimi, Zəfər tariximizin təbliğinə yönələn əsərlərin, kitabların yazılmasına böyük ehtiyac vardır. Ona görə də layihənin məqsədinə uyğun olaraq ölkəmizdə, Türkiyədə, Gürcüstanda və digər bölgələrdə Vətən müharibəsindəki Zəfər tariximizi vəsf edən poetik əsərləri toplayıb dəyərləndirərək antologiya halında çap etmişik”.
Dəyanət Osmanlı xüsusi olaraq vurğulayıb ki, 44 günlük haqq savaşında əzəli və əbədi torpağımız Qarabağın kənd-kənd, rayon-rayon, şəhər-şəhər 30 illik erməni işğalından azad olunması hər bir Azərbaycan insanının həyatına yeni bir möhtəşəm qürur qatmışdır. Vətən müharibəsinin ədəbi-bədii, mədəni, tarixi-ictimai düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, həm də yeni tarix yazılır. Bu amil yeni nəslin keçmişə, bugünə və gələcəyə baxışlarının optimallaşmasında mühümdür.
O, antologiyanı tərtib edərkən bir sıra məqamlara toxunulduğunu söyləyib: “Ədəbiyyat yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların bugünkü həyatının, gələcəyinin ən aktual stimulverici qüvvəsi kimi çıxış edir”.
Qeyd edək ki, kitabın kitabxanalara, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanılması nəzərdə tutulub.