Super User
Bu gün “Fortepiano musiqisi axşamı” adlı konsert təşkil ediləcək
Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Fortepiano musiqisi axşamı” adlı konsert keçiriləcək.
Konsert proqramı Azərbaycan qadın bəstəkarlarının yaradıcılığına həsr olunacaq.
Dinləyicilər klassik əsərlərdən, Azərbaycan xalq mahnılarının işləmələrindən, həmçinin caz kompozisiyalarından və müasir musiqi janrlarında yazılmış əsərlərdən həzz ala biləcəklər.
Bu gün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşasını növbəti dəfə repertuara salıb.
Rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.
Bir-birindən maraqlı nağıl qəhrəmanlarını teatrın sevimli aktyorları – Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar. Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.
Bu gün nümayiş ediləcək səhnə əsərini izləmək üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
“Heç nə unudulmur, heç kəs yaddan çıxmır”
1993-cü ildə Cəbrayılın müdafiəsində iştirak etmiş 4 polis əməkdaşı ilə bağlı sənədli film Azərbaycan Televiziyasında (AzTV) nümayiş olunub.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan ekran əsəri “13-cü gün” adlanır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin qəhrəmanları Birinci Qarabağ müharibəsinin iştirakçıları - Nübarək Sevdimalıyev, Pəhləvan Məmmədov, Mədət Hümbətəliyev və Vaqif Məhərrəmovdur. 4 polis əməkdaşı həmin faciələrin canlı şahidləridir.
Polis əməkdaşları 1993-cü il 23 avqust tarixinə qədər Cəbrayılın müdafiəsində iştirak edib, işğaldan sonra iki ay müddətində də əhalini müdafiə edib. Polislər əhali ilə birlikdə Xudafərin körpüsünə qədər sıxışdırılıb, nəhayət insanları İran sərhədindən sağ-salamat keçirməyə müvəffəq olublar. Özləri isə 13 gün mühasirədə qalıblar. Cəbrayıl polisi o ərəfədə 16 şəhid verib. Əhalini qoruyan polislərdən sadəcə 7-si mühasirədən sağ çıxa bilib.
Filmdə həmin 13 gün ərzində baş verənlər - qəfil hücumlar, ağır döyüşlər, qətllər, erməni vəhşiliyi nümayiş olunur.
Məcburi köçkünlərin işğaldan sonrakı dəhşətli həyatı, məskunlaşdıqları çadır şəhərciyi, illərlə dözülməz şəraitdə yaşamaları da filmdə əks olunub.
“13-cü gün”ün qəhrəmanları torpaqlar azad olunandan sonra işğalın təfərrüatını bir-bir xatırlayır, doğma Vətənə ayaq basdıqca döyüş anlarını yada salır, ağrı-acını sanki yenidən yaşayırlar.
Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, quruluşçu operatoru Elşən Bədəlov, montaj rejissoru Cabir Əliyev, redaktoru Afaq Vasifqızı, prodüseri Fatimə Əzimovadır. Layihənin rəhbəri Elçin Musaoğludur.
Film bir daha sübut edir ki, müharibənin izləri daimidir, heç kim unudulmur, heç nə yaddan çıxmır.
Milli Kitabxana “Molla Pənah Vaqif” adlı virtual sərgi nümayiş etdirir
Bildiyiniz kimi, bu il XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi tamam olur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Pənah Vaqif” adlı virtual sərgi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, görkəmli poeziya ustadının müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Molla_Penah_Vaqif/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1717-ci ildə Qazax mahalının Salahlı kəndində dünyaya göz açmış Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi - Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
Molla Pənah Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə eləsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaratmışdır.
Virtual sərginin bir eksponatı da dahi şairin dillər əzbəri olan “Hayıf ki, yoxdur” şeirinin səsləndirilməsidir.
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü-Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur!
Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!
Havasından torpağının, yerinin,
Dadızmaz dəhanın, ləbi-şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!
Ucu əşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağı, hayıf ki, yoxdur!
Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin, bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert keçirilib
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert təşkil olunub.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin kamança ixtisası üzrə VIII sinif şagirdi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Orxan Hüseynov çıxış edib.
Konsertdə Orxan Hüseynov bəstəkar H.Xanməmmədovun bəstələdiyi “Kamança və orkestr üçün Konsert”in II-III hissəsini ifa edib.
“Ləyaqət simvolu” kitabının təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda şair Vahid Aslanın Əməkdar artist Nuriyyə Hüseynovaya həsr etdiyi “Ləyaqət simvolu” kitabının imza günü və təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair Səlim Babullaoğlu çıxış edərək Vahid Aslanı çağdaş ədəbi mühitdə özünəməxsus üslubu və dəst-xəti olan qələm adamlarından biri kimi xarakterizə edib: “Əməkdar artist Nuriyyə Hüseynova isə gözəl səsə malik muğam ifaçısı, bəstəkar, pedaqoq və ləyaqətli bir xanımdır. Belə bir kitabın yazılması həm ədəbiyyatımız üçün, həm də musiqi mədəniyyətimiz üçün xüsusi əhəmiyyətə malikdir”.
Səlim Babullaoğlu, eyni zamanda, Vahid Aslanın son iki ildə nəşr olunan dörd kitabı haqqında da danışaraq, “Gədəbəy rayonunun Şəhidləri” kitabının əhəmiyyətini xüsusi olaraq qeyd edib.
"Sağlamlığın qorunması" İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevaya təqdim olunan kitabın başlıca xüsusiyyətlərindən danışıb. O müəllifə həm də kitabın qəhrəmanına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa kitabın adının və məzmununun Nuriyyə Hüseynova şəxsiyyətini tam ehtiva etdiyini vurğulayıb.
Professor Qulu Məhərrəmli bildirib ki, istənilən cəmiyyətdə Nuriyyə Hüseynova kimi ziyalılara böyük ehtiyac duyulur.
Daha sonra tanınmış həkim, professor Müşfiq Həsənli, professor Nailə Rəhimbəyli, kitabın rəyçisi dosent Şəhla Tahirqızı, həkim-şair Rəfiqə Abbasova və digərləri çıxış edərək, kitab haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda kitabın müəllifi Vahid Aslan və kitabın qəhrəmanı Nuriyyə Hüseynova çıxış edərək tədbirdə iştirak edən qonaqlara və tədbirin keçirilməsi üçün geniş şərait yaradan Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Mədəniyyət Nazirliyi "Təmiz heykəl" adlı layihə həyata keçirir
Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, ölkəmizdə hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. Bu il də istisna olmayacaq. Gündəmdə yeni layihə var.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə 18 aprel 2022-ci il tarixində Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Təmiz heykəl” adlı layihə həyata keçiriləcəkdir.
Nə anlam kəsb edir bu layihə? Layihə çərçivəsində müasir və tarixi memarlıq nümunələrinin vəhdətində özünəməxsus gözəlliyi ilə seçilən paytaxtımızın ərazisində ucaldılmış qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarətedilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulmuşdur.
“Təmiz heykəl” adlı layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.
“Təmiz heykəl” adlı layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əzizə Əliyeva küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşviq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrostansiyası), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi), Səməd Vurğun (Puşkin küçəsi) kimi şəxsiyyətlərə həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulmuşdur.
Layihəyə 18 aprel 2022-ci il tarixində saat 12:00-da Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start veriləcəkdir.
Maraqlı təşəbbüsdür.
Bildiyiniz kimi, illərin toz-torpağı abidəıərim üzərinə çökür, üstəlik, quşlar da onları çirkləndirirlər. Abidələrin təmizliyə çıxması, əlbəttə ki, gərəkli bir prosesdir.
Sabah “Vəsvəsə” tamaşası nümayiş olunacaq
Sabah - aprelin 17-də Dövlət “Yuğ” Teatrında H.İbsenin əsəri əsasında hazırlanmış "Vəsvəsə" tamaşası nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.
Tamaşada rolları Amid Qasımov (Keşiş Manders), Mətanət Abbaslı (Frü Alvinq), Vüqar Hacıyev, (Enqstrand), Elgün Həmidov (Osvald) və Ləman Mərrih (Regina) ifa edəcək.
Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub
Şimal bölgəsinə səfər edən Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev kollektivə təqdim edilib.
Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.
2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Nazir Anar Kərimov Xaçmazda vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.
“Ədəbiyyat və incəsənət” portalının xəbər verdiyi kimi, 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bi gün Xaçmaz və Şabran sakinləri ilə görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
Daha sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib.
Qəbulda nazir Anar Kərimov Xaçmaz və Şabran rayonlarından sakinlərin müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
Nazir müraciətlərdə qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.