Bildiyiniz kimi, bu il XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi tamam olur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Pənah Vaqif” adlı virtual sərgi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, görkəmli poeziya ustadının müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Molla_Penah_Vaqif/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1717-ci ildə Qazax mahalının Salahlı kəndində dünyaya göz açmış Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi - Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
Molla Pənah Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə eləsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaratmışdır.
Virtual sərginin bir eksponatı da dahi şairin dillər əzbəri olan “Hayıf ki, yoxdur” şeirinin səsləndirilməsidir.
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü-Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur!
Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənəxdanlı, qönçə dodaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!
Havasından torpağının, yerinin,
Dadızmaz dəhanın, ləbi-şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!
Ucu əşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün burulması, hayıf ki, yoxdur!
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmaya dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can almağı, hayıf ki, yoxdur!
Çünki yorğunuyam mən bu yolların,
Qaydasını billəm hər üsülların,
Gümüş biləklərin, bəyaz qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Ayna tutub hərdəm camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər.
Getməyin binası, hayıf ki, yoxdur!