Super User

Super User

Manşet

 

Ədəbiyyat

 

 

Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival 

ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək! 

Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin keçdiyini söyləyirlər. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

Ələsgər Tərlan oğlu Əhmədov (Ələsgər Əhməd)

1997-ci ildə Bakida anadan olub. 2004-cü ildə 1 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. 2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Universiteti  bitirdikdən sonra Naxçıvan Əlahiddə Sərhəd diviziyasında 1 il tam hərbi xidmət keçib. 2020-ci ildən “Mücrü” nəşriyyatında redaktor və operator vəzifələrində çalışıb. 

Dövri mətbuatda şeirləri və məqalələri ilə çıxış edir.

Ələsgərin şeirləri həqiqətən də SW ekspertlərinin təəccübünə səbəb olub. Bu qədər dərin məzmunlu, obrazlılıqla aşıb-daşan, frazeologiya səpkili, bədii, cilalanmış şeirləri adı ədəbi dairələrdə epizodik keçən bir gəncin yazmasına təəccüblənməyib neynəyəsən?

 

ovuclar bir göz yaşı tutumudu;

gözləmək sevdanın onurğa sütunudu;

yəqinlik Allahın bəndədən əminliyidir;

bulvarın ortasında kəfənlənmiş kaktuslar

37-ci kalonda güllələnmiş məhbuslar ;

Quran ərəbcədən çox, Allahcadır; 

eşq - saçlarının qoxusunu unutmayan hafizə; 

təklik - çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi; 

azad dənizlərin düşməni akvariumlar; 

ömrün naqillərindən alo deyir

nömrəsi çevrilməmiş telefon dəstəyi;

yüklərinə tərəziyəm; 

ayaqqabı olmağa addımlayır

dərisi timsahın da;

söz - ana bətnində ölən uşaqdır...

 

 

 

1.

İtici romantika

 

Mən səni 

Anasından yem gözləyən,

yuvasında bütün varlıqları əzizləyən quşların yoxluğu qədər istədim 

 

Uşaqlığımdakı evin yeməyi olmasa da,

Getməyən anamın toxluğu qədər istədim.

Günəş gözünü,

heykəllərə qırpırdı

Sakit külək özünü,

dəstəksiz qapılara, mənzərəsiz pəncərələrə çırpırdı. 

 

Gəldin.

Həyəcanlı ikən titrəyən əllərimi gizlətdim,

saçların üsyankar dalğa idi küləkdə

Gözlətdim,

həyatımdakı qaranlıqlardan qaçırdım, ağ köynəkdə 

 

Bəlkə görə bilmək,

aşiq ola bilməkdi

Aşiq olmaq -

ona dünyanın genişliyini göstərmək üçün,

yanından çəkilməkdi 

 

Mən səni

Yaralı əsgərin ölmək,

korun eşitdiyini görmək,

Lalın həqiqətləri danışmaq istəyi qədər 

 

Beynini kələklərdən,

əynini küləklərdən qoruduğum sənə,

alışmaq istəyi qədər sevdim.

 

 

2.

Əl

 

Bir sinif şagird qucaqlamasıdı, 

ruhunun meditasiyası

Mənim üçün sənin əllərindir, Ləman 

Həqiqət zaman-zaman incidər, 

Bağlı gözlərindən gələn dodaqlarındı ağlımın mutasiyası 

Halı-sərgərdan dolaşıram, 

sənə həsrətlə baxmağa həsrət qalmamaq üçün alışıram 

 

Bütün qismətlərə 

Məmnunam, 

çünki ovuclar bir göz yaşı tutumudu 

Balıqların dərin sularda yeyildiyi kimi 

Gözləmək sevdanın onurğa sütunudu,

"Ovod"da deyildiyi kimi 

 

Mən üsyanam, 

bir balaca uğrumda vuruş. 

 

Doğulmamış övladından

vaz keçən ananın dərdində, səni tanımamağımın adı, ayrılıqdı? 

 

adi ayrılıqdı 

 

Ayrılıq bir nəfərin verəcəyi qərar deyil,

içindəki özündən də soruş 

 

Xatırlanmazsan hansısa qadından 

Nə gözlərindən oxşar, 

nə də yoxluğunda yaşar varoluşumdakı təlqin 

 

Qulaqlarında duyular, 

quyular, baxışlarının dərinliyidi 

Səninlə sağalaram yəqin,

yəqinlik Allahın bəndədən əminliyidir. 

 

Qaçışın ən tez nəfəsimə çatırdı 

qayıqları kifayətlərdə batırdı qarmaqlar 

barmaqlar qucaqladı əlimi

aşiq olduğum gözlərinlə baxıb dedin, ədəbiyyat müəllimi 

 

Bulvarın ortasında kəfənlənmiş kaktuslar

37-ci kolonda güllələnmiş məhbuslar 

 

Gəmi görkəmində mayak, 

yolu göstərib, gözləyən liman 

güman yerim 

 

Gəl sənə bir sirr verim: 

 

Yolun

ikinci addımında beş qaça bilirsənsə, ixlas, xilas

içindəki "düşmən" intiqamına

atəş aça bilirsənsə, islah, silahdı 

 

Sənin təsəvvüfündən hədiyyə, 

nəqş-bəndiyyə 

 

ilahi səfərdə yanlış addımlarımızın,

səf-arası onun rəsulu.

Dirsəyimdəki su, ruhumun qüsulu 

 

əriməklə yanğısına ağlayan şam

danmır qamətini,

qiyamətinə çevirəcək təkanı 

 

onun gözündən fitil,

mənim atəşimdən dabanımı közərdir

pəncəmə dolaşsa da 

 

Sönməyə çalışsa da,

qəbulu xatırlanır.

Axı, damlalar enməzdən öncə hazırlanır gölməçə məkanı. 

 

Göyərçinin ayağına yox,

qulağına pıçıldayıb ağlına bağlamışdım məktuba yazılanları 

 

Süleymanca tənbehləmişdim;

varlığının zikrini təsbehləmişdim 

Xarabatı təşbehləmişdim ki, baxçadı 

 

Dolaşıq düşünmə, inam fikrini 

kiçik-kiçik tapşırıqlar mühafizə

Quran ərəbcədən çox, Allahcadır. 

 

Eşq - saçlarının qoxusunu unutmayan hafizə 

Sənə göz yummaq istəyərəm, ölümqabağı 

Axı, 

Təklik -

çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi 

 

Həqiqət çılpaqlığı

O, güzgüdə görünməyəcək qədər sürətlidi 

 

Damar da ömrünün illiyi

İstərsən, axar 

 

Qoxusunu çəkdiyim telləri 

geri qaytarır çəpər əyriliyi 

 

Canın anı canandırsa,

dərin sularda üzdür söz oyunlarını 

 

Anomaliyayla doğulan təpəgözlər,

ailəvi təcridlə yaşayardı nağıllarda

Qüsur uşaq yaşlarından başlayardı, böyük ağıllarda 

 

göz səni görəcəksə, nizəyə qırpınmadan baxar 

 

Qəlbin qan ağlayanda

o, gülərsə, halın da sevgilisidi 

 

Ağıllı saydığın,

sən saydığın barmaqların dəlisidi. 

İflic qorxusudur 

dəniz heyvanlarının şüşə qəfəslərində qorxu, sudur. 

 

Başın 

bir işıq yuxusunu beşikdə çalxalandırar 

 

Azad dənizlərin düşməni akvariumlar, 

şüşə qəfəsli balaca dənizlər

Balıqların bir-birinə həsrətini dalğalandırar 

 

Keçmişin qəmlidi?

Keçmiş!

Mənim istəmsizliyimdən önəmlidir,

məni istəyənin istəyi 

 

ömrün naqillərindən alo deyir,

nömrəsi çevrilməmiş telefon dəstəyi 

 

Baxır, həyat tərəfə 

 

Jhonpardian

məsafələrin qapısında əzmkarlıqla üzünü turşutmuş qardiyan 

 

Dodaqaltı kinayələyir,

"satqındır qvardiyan" şübhələr içində - cəbhələr firqəsində

dırnağından ütülür göyərçin də, etibar dəbilqəsində 

 

Bu, ərəfə

bənövşəni

dərmədən sığallamış bağbanların ən rövşəni 

 

Kor olduğum səslərə karsan 

 

Həyatınızda biri olsun,

deyin: Mən səninlə xoşbəxt deyiləm, xoşbəxtliyin özüyəm

Məcnun səhrada divanə olmuşdu

Mən Bakıda, nə yaxşı ki, sən varsan. 

 

Yüklərinə tərəziyəm. 

 

Nə hansısa mətbəxdən pizza 

Nə də hansısa rəssamdan Mona Liza 

Başımın üstündə Məşədikazımın şəkili 

darçınlı çay dolu armudu - stəkan, 

daş nəlbəkili. 

 

Və sən.

Mən ömrünün qarğasıyam

Başladığın cümlənin arxasıyam 

 

sən mənim üçün nəfəs ehtiyacısan,

ruhun oksigen ağacısan. 

 

Səni arada elə gizlədirəm,

oğurlandığını sanıram.

Sevmək inanmaqdır, inanıram. 

 

 

3.

Fotoaparatdakı gözlərin.

 

"Sokrat kimi olmaq daha yaxşı imiş"

bəlkə özündən bezdiyindən, inkar əvəzliyindən demiş; Stüart.

 

Füsunkar gələcəyin özlüyündən, keçmiş dart.

Özlədiyin,

retro distansiyalarda

Qulların qarın qatındakı, qurdların naharı

Metro stansiyalarda gözlədiyin,

qatar sərinliyi

Dəmir pulların insanların həyatındakı dərinliyi: ovcundakı kart.

Xəmir məhsulların, standart şirinliyi -

"Nobaharı"

 

Gözlərində,

birincilik yayınmaqdır, hədəf sanı

İnciklik, məcburi aranı ayırmaqdır, sözlərində

Yalançıdır gerçəyindəki bəla-kin

Lakin, dirsəyindəki inqilabçı yaranı,

mühafizə adında qapıçı köynəyin sürtür

İçindəki çılpaqlığı örtür, nəfsani abır.

 

Doğum günlərinin vacibliyi,

beynimdəki qaranlıq cibliyi günəşləndirdi - 6 Noyabr.

Samanını saxlamayan,

zamanını anlamaz.

Kosmogen qüvvəni adlandıran,

ruhunu səccadədən göylərə qanadlandıran namaz,

Qəbuldurmu?

 

Məni görməməyin,

kefsizliyinə quldurmu?

Hissiyatlı dəqiqələr,

bir divar saatının evsizliyinə bənzədilsə,

dinlədiyim musiqilər səsinlə bəzədilsə,

 

Dünyanı sənə tapşırıb,

gözü açıq intihar edə bilərəmmi?

Barıtından boğular?

Oyuncaq evindən, uşaq arabasına qundaqlanan mərmi.

 

İkinci paraqraf.

 

"Mən ağlamıram!"

ağlasan, silərəmmi,

Uslandığım mövsümünə gələrəmmi

 

Təbəssümünə fokslandığım, fotoqraf?

 

Bir saniyə, bədənimin abı - boğulmağa dizdən:

Heyvanpərəst ulğum,

boğazımdakını yarımlayır

 

ayaqqabı olmağa addımlayır,

dərisi timsahın da

Qorxduğum dənizdən görünürsən,

su pərisi timsalında.

 

Dalğalar qışqırırdı,

bir sən yanırdın qaranquşların köçündən əmin halına

bütünlüyə varan quşların qanadında dayanırdın

İçindən qorxuluq adında,

qarğalar fışqırırdı həmin balina.

 

 

4

3-lü vəfat koloniyası 

 

Söz - ana bətnində ölən uşaqdır

Qaranlıq otaqdır,

qırmızı rəngdə

Külək kədərə ortaqdır,

ayrılıq bir azca yumşaqdır, boz çərpələngdə.

 

Anamın ovucları dualarda məzarım,

Lalların dərdidir səs buralarda

Karlar qəbahəti eşitmir deyə,

xoşbəxtdir, ariflər axmaqdır məhz buralarda.

 

Mənzərə - korların danışdığıdı

günah - Adəmlə, Həvvanın tanışlığıdı

Xəncərə təzimdə yaradılış da

Sənə pəncərədən görünən qış da

Əlcəyi olmayan ələ bəladı.

 

Birdən, müharibədir mübarizələr

Nə deyim, əzm də belə bəladı.

 

görmək istədiyin "sən" əylənir,

yelləncək kirpiyində

 

ipliyində, həyətindəki həyatın

asılıb, bir küncə qısılıb mənəviyyatın

Düşününcə görürsən,

istinad etdiyin yerlər, göylərin inşasıdır

Küləklərin ifşasıdır zəlzələlər

 

İctihad - deyəsən,

hamıdan əvvəl qaça bilmək üçün sürətlidir, kərtənkələlər.

 

Bağışlayın,

siz, öldürülmüş birinin ömrünü yaşayırsız.  

 

 

Xəbər verdiyimiz kimi, neçə müddət idi ki, “ASAN Könüllüləri" Təşkilatının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə “Gənc kinematoqrafçılar" layihəsi həyata keçirilirdi, ötən gün layihənin  bağlanış mərasimi olub. 

 

Xüsusi təntənə duyulan  mərasimdə "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iştirak ediblər.

Layihə çərçivəsində iştirakçılar Azərbaycan Kinematoqrafçılar İttifaqının peşəkar rejissor və ssenaristlərinin təcrübələrindən yararlanaraq Azərbaycan kinematoqrafiyası ilə yaxından tanış olublar.

Bağlanış mərasimində layihə boyunca keçirilən dərslər ərzində rejissorların hazırladığı 1 kadrlı film və 3 xarakter videolar izlənilib və ssenaristlərin yazdıqları ssenarilər nəzərdən keçirilib.

Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət naziri Anar Kərimov 19 aprel 2022-ci il tarixində ölkəmizdə səfərdə olan Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Malkolm Bryus, Lord Donald Henkey və Oksford Universitetinin müəllimi Doktor Culian Fautless  ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı ölkəmizlə Britaniya hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivliyi, həyata keçirilən beynəlxalq layihələr və Qarabağda bərpa işləri, Azərbaycanın dağıdılmış memarlıq abidələri və müsəlman ziyarətgahlarının bərpası istiqamətində genişmiqyaslı quruculuq işləri barədə söhbət aparılıb.

UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 minə yaxın fərdi üzvü özündə birləşdirən, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatı İCOMOS-un (İCOMOS -İnternational Council on Monuments and Sites) rolu həmçinin abidələrin qorunması və bərpası sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımların atıldığı vurğulanıb.

Nazir Anar Kərimov Britaniya hökuməti ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Britaniya parlamenti Lordlar Palatasının üzvləri ölkəmizə səfərindən şad olduqlarını və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi-fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi, habelə şairləri iştirak ediblər.

İlk öncə Azərbaycan şairləri - Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunmuş, habelə Xurşudbanu Nətavanın büstünün qarşısına gül-çiçəklər qoyulmuşdur.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında  bərpa olunan "Məclisi-fəramuşan" poeziya  məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.

Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və  birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesinin şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli Ermənistan işğalından azad olunan Şuşamızın mədəni həyatının günü-gündən canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd edib. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən Akif Marifli 2023-cü ili  TÜRKSOY tərəfindən Şuşanın  Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, həmçinin Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib.

A.Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb,  ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında mühim rolunu qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Majid bildirib ki, 2023-cü ildən Şuşa Türk dünyasının mədəniyyət körpüsü olacaqdır. Bunun Özbəkistan üçün də əhəmiyyətli olacağını vurğulayıb.

Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat verib.

Daha sonra  "Məclisi-fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib.

Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və  "Körpü" verilişində yayımlanacaqdır.

 

Ötən gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib. Forum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, forum iştirakçıları ilk olaraq Qarabağ ərazisində dağıdılmış abidələr və tarixi məkanların fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən danışıb. Qeyd edib ki, təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində misli görünməmiş dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir: “Təəssüf ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağda 30 ilə yaxın davam edən işğal abidələrə də təsirsiz ötüşməyib. Tarix-mədəniyyət abidələrimiz Ermənistan tərəfindən vandalizmə məruz qalıb, böyük əksəriyyəti yer üzündən silinib. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması və hər il qeyd edilməsi böyük əhəmiyyətə malikdir”.

Azad Cəfərli bu gün Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrindən üçünün – Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan abidələri və Şəki Xan sarayı ilə birlikdə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya İrsi Siyahısında yer aldığını diqqətə çatdırıb. Bildirib  ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli mədəni irsimizin qorunması, tədqiqi, gələcək nəsillərə çatdırılması, dünya miqyasında təbliği və eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin bərpası istiqamətində böyük işlər görülür. Təkcə son bir neçə il ərzində Gəncə şəhərində Şah Abbas karvansarası, Şəkidə Gileyli məscidinin minarəsi və Bərdədə “Allah-Allah” türbəsi və Qazaxda “Sınıq körpü” abidələrində bərpa-konservasiya işləri aparılıb.

Çıxışının sonunda Azərbaycanda rəsmi səfərdə olan İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünala təşəkkürünü bildirən Dövlət Xidmətinin rəisi deyib: “Dünən biz birlikdə Ağdam şəhərini ziyarət etdik, orada işğal nəticəsində baş vermiş dağıntıları görməklə yanaşı, orada yeni reallığa, dövlətimizin quruculuq işlərinə də şahidlik etdik”.

Zeynəb Gül Ünal çıxışında təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, İCOMOS mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası üzrə fəaliyyət göstərən təşkilatdır və UNESCO-nun maddi mədəni irs məsələləri üzrə məşvərətçi qurumudur. İCOMOS memarlıq və arxeoloji irsin konservasiyası üçün nəzəri, metodoloji və elmi üsulların tətbiqinin stimullaşdırılması üzrə ixtisaslaşmış yeganə qlobal qeyri-hökumət təşkilatıdır. Qurum həmçinin memarlar, tarixçilər, arxeoloqlar, incəsənət tarixçiləri, coğrafiyaşünaslar, antropoloqlar, mühəndislər və şəhərsalma mütəxəssislərindən ibarət geniş beynəlxalq şəbəkədir.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə çıxışında ölkəmizin tarix-mədəniyyət abidələrinin beynəlxalq müstəvidə təbliğatı məsələsinə diqqət çəkib. Qeyd edib ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. O, mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyini də diqqətə çatdırıb.

 

*

 

Forum günün ikinci yarısında öz işini “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrlə davam etdirib.

İCOMOS Azərbaycan Milli Komitəsinin icraçı direktoru Rəşad Əliyevin moderatorluğu ilə keçən “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi mədəni irsi” mövzusunda paneldə Azad Cəfərli, Zeynəb Gül Ünal, İCOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Budaqova, UNESCO üzrə  Azərbaycan Milli Komissiyasının nümayəndəsi Eltay Aslanov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda ölkəmizdə 82-si dünya, 2059-u ölkə və 4167-si yerli əhəmiyyətli olmaqla ümumilikdə 6000-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir. Son illər ərzində ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində əvvəlki siyahılara daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyekt müəyyən edilərək yeni aşkar olunmuş tarix-mədəniyyət abidələri kimi qeydə alınıb. 

Bildirilib ki, yaxın vaxtlarda Abşeronun ən qədim və hündür qalalarından biri olan, dünya əhəmiyyətli tarixi abidə Böyük Mərdəkan qəsrinin və Tuba Şah məscidinin bərpasına başlanılacaq. Artıq bərpa ilə bağlı layihə sənədlərinin hazırlanması yekunlaşıb. Bərpa işləri Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirəcək.

Həmçinin qeyd olunub ki, 30 illik işğal dövründə heç bir beynəlxalq missiyanı işğal altında saxladığı Azərbaycan ərazilərinə buraxmayan Ermənistan dünya əhəmiyyətli tarix-mədəniyyət abidələrimizə də müdaxilə edib, onların tarixini saxtalaşdırmağa cəhd göstərib. Monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı aşkar edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri davam etdirilir. Yaxın vaxtlarda Ağdamda “İmarət” kompleksinin, Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Azad olunmuş ərazilərdə yerləşən dünya əhəmiyyətli, həmçinin digər tarix və mədəniyyət abidələrinin də qorunması, təbliği, eləcə də UNESCO-nun müvafiq siyahılarına salınması üçün müvafiq işlər həyata keçirilir.

“Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimlinin moderatorluğu ilə keçən “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanovun moderatorluğunda davam edən “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrdə maraqlı fikir mübadiləsi aparılıb. 

Forumun sonunda il ərzində fəaliyyəti ilə seçilən gənc mədəni irs əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Günün fotosu: Rusiya Donbasa irimasştablı hücuma başlayıb

 

Rusiyanın Ukraynanın şərqində -  Donbasda irimasştablı hücum əməliyyatına başlaması xəbəri dünyanın aparıcı mediasının gündəmindədir. Hərbi hücumların xəritəsi hazırda telekanallarda yayımlanır. 

Foto: Euronews

Çərşənbə axşamı, 19 Aprel 2022 15:04

“Mükafat tilsimdir şair qəsdinə...”

 

 Poeziya üzrə qurultayqabağı məruzə hansı müsbət və mənfi təzahürləri ortaya qoydu?

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda qurultayqabağı poeziya məruzəsi dinlənilib. Məruzəçi şair İbrahim İlyaslı olub. AYB üzvlərinin 70 faizinin şair olmasını və hər şairin təkcə imzalarını və kitablarını sadalamağın məruzəyə ayrılmış vaxtdan 10 dəfə çox vaxt alacağını dilə gətirən məruzəşi adı çəkilməyənlərin basqısından sığortalanmağı da lazım bilib. Poeziyamızın bugününə ustalıqla qiymət verilən bu məruzəni “Ədəbiyyat və incəsənət” portal “Ədəbiyyat qəzeti”nə istinadən oxucularının ixtiyarına verir.

Bildiyiniz kimi, keçən ilin payızında mənim qurultayda poeziya üzrə məruzə edəcəyim haqqında qərar qəbul edilib. O vaxtdan keçən az bir müddət ərzində 2015-ci ildən 2021-ci ilə qədər Azərbaycan poeziyasının mənzərəsini sizlərə çatdırmaq kimi məsuliyyətli bir missiya ilə görəvləndirilmişəm. Düşünürəm ki, mənim kimi siz də bunun nə qədər çətin və ağır bir iş olduğunun fərqindəsiniz. Təsəvvür edin, AYB üzvlərinin, demək olar, hardasa 70 faizi şairlərdən və şeir yazan qələm adamlarından ibarətdir. Bir qurultay məruzəsində təkcə onların imzalarını sadalamaq, bu müddət ərzində yayınlanmış kitablarının eləcə adlarını çəkmək üçün məruzəyə ayrılmış vaxtdan 10 dəfə artıq bir zaman kəsiyi lazımdır. Odur ki, sonucda edəcəyim məruzədən razı qalmayanların bəlli bir sayı olacağını indidən bilirəm. Əlbəttə, hər kəs bu məruzədə özünü görmək, onun yaradıcılığına münasibət almaq istəyir. Odur ki, məruzədə imzasının anılmaq haqqı olub, ancaq kitablarına rast gəlmədiyim üçün adlarını unuda biləcəyim şairlərimizdən bəri başdan üzrxahlıq edirəm və yeri gəlmişkən, öncəki qurultay məruzələrində adımın tutulmamasından qətiyyən incik düşmədiyimi də vurğulamaq istəyirəm.

Məruzədə, əsasən, Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun hər ilin ayrıca ədəbi prosesini izləyən "Ədəbi Proses" toplusunda yer almış araşdırmalara, "Azərbaycan", "Ulduz" dərgilərində, "Ədəbiyyat qəzeti"ndə, qismən də "525-ci qəzet", "Kaspi" və "Ədalət" qəzetlərində və bir çox almanax və antologiyalarda çap olunmuş poeziya nümunələrinə, habelə bəzi ədəbiyyat portallarına istinad edilmişdir. Xatırladım ki, qurultay öncəsi məruzələr arasında, eyni zamanda poeziya bölməsini də əhatə etməsinə baxmayaraq, Azərbaycanın güneyində müasir ədəbi proseslə, ədəbi gəncliyin fəaliyyəti, tərcümə məsələləri, Türk dünyası ilə ədəbi əlaqələr və AYB filialları ilə bağlı ayrıca məruzələr olduğu üçün mənim məruzəmdə bu mövzuları da tam əhatə etməyə ehtiyac qalmır.

 

Poeziyamıza dövlət qayğısı

 Məruzənin əsas hissəsinə başlamazdan öncə, milli ədəbiyyatımıza və onun bir qanadı olan poeziyamıza dövlətimiz tərəfindən verilən önəm və göstərilən qayğı haqqında fikirlərimi bölüşmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2019-cu ilin ölkəmizdə klassik şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı "Nəsimi İli", 2021-ci ilin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yublileyi ilə bağlı "Nizami İli" elan edilməsi, Məhəmməd Hadinin 130, Molla Pənah Vaqifin 300, Hüseyn Cavidin 135, Cəfər Cabbarlının və Əliağa Vahidin 120, Mikayıl Müşfiqin 110, Aşıq Ələsgərin 200 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi ulularımızın möhtəşəm yaradıcılığına yüksək dəyər verilməsi, onların poeziyasının ölkə və türk dünyası çapında bir daha təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması ilə yanaşı, çağdaşlarımızın da yaradıcılığına stimul vermişdir. Ədəbiyyatşünas alimlər, tənqidçilər, eləcə də ustad şairlər yubileyləri qeyd edilən klassiklərimizlə bağlı yeni araşdırmalar aparmış, onların ədəbi irsi yeni baxışla tədqiqata cəlb edilmiş, haqlarında ilginc məqalələr yazılmış, həmin ədiblərin əsərləri yeni tərtibat və redaktədə təkrar nəşr edilmişdir.

 XIII qurultaydan keçən müddət ərzində çağdaş poeziyamızın aparıcı qüvvələri olan görkəmli şairlərimizə - Musa Yaquba, Ramiz Rövşənə, Vahid Əzizə "Xalq şairi", Vaqif Bayatlı Odərə "Əməkdar incəsənət xadimi", Qəşəm Nəcəfzadəyə, Asim Yadigara və hərbçi-şair Zəminə Xınalıya "Əməkdar mədəniyyət işçisi", şair Adil Cəmilə və Qulu Ağsəsə "Əməkdar jurnalist" fəxri adlarının verilməsi, Xalq şairi Fikrət Qocanın "Şərəf" və "İstiqlal" ordenləri, Xalq şairi Nəriman Həsənzadınin "İstiqlal" ordeni, şairlərdən Musa Urudun, Baba Vəziroğlunun "Şöhrət" ordeni ilə təltif edilmələri, Ofelya Babayevanın, Əşrəf Veysəllinin Prezidentin fərdi təqaüdünə layiq görülmələri, Əkbər Qoşalının və Gülnarə Cəmaləddinin "Tərəqqi" medalı ilə təltif edilmələri də poeziyamıza dövlət qayğısının və diqqətinin bariz nümunəsidir, deyə düşünürəm. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə "Qızıl Kəlmə" ədəbi mükafatını təsis edib. Qurultaylararası zaman kəsiyində 3 dəfə bu mükafatlar eyni zamanda poeziya nominasiyası üzrə sahiblərinə (2014-2015-ci illər üzrə Əhməd Qəşəmoğlu və Ramiz Məmmədzadəyə, 2016-2017-ci illər üzrə Firuzə Məmmədli və Vaqif Bayatlı Odərə, 2018-2019-cu illər üzrə Vaqif Bəhmənli, Salam Sarvan və İbrahim İlyaslıya) çatdırılıb.

 Ölkəmiz üçün 30 illik qaçqınlıq və məcburi köçkünlük acıları ilə dolu bir fasilədən sonra işğaldan azad edilmiş Qarabağda, mədəniyyət paytaxtımız Şuşamızda 2021-ci ilin 30-31 avqust tarixlərində M.P.Vaqifin yenidən qurulmuş məqbərəsi önündə Heydər Əliyev Fondunun təşkilatçılığı, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakı ilə keçirilən "Vaqif Poeziya Günləri"ni xatırlatmaq istəyirəm. Tədbirin açılışında cənab Prezidentin tarixi nitqi, görkəmli ədiblərimiz - Xalq yazıçıları Anarın və Elçinin, Xalq şairi Nəriman Həsənzadənin bu günü Azərbaycan xalqına bəxş etdikləri üçün Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Qarabağı işğaldan azad edən qəhrəman şəhidlərimizin əziz ruhlarına və qazilərimizə minnətdarlıqla başlayan çıxışları orda iştirak edənlərin yaxşı yadındadır. Bu günlər həm də ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan tarixi günlər oldu. Uzun illər Şuşa həsrətindən yazan Azərbaycan şairləri - Xalq şairi Sabir Rüstəmxanlı, şairlərdən Vaqif Bəhmənli, Xəyal Rza, Arif Buzovnalı, Əkbər Qoşalı, Fərid Hüseyn, Günel Şamilqızı, Şəhriyar Del Gerani, Nigar Həsənzadə bu dəfə ona qovuşmağın sevincindən söz açdılar, tarixi qələbəmizi vəsf edən şeirlər oxudular. Bu möhtəşəm tədbirin ardından AYB Kitab layihəsi olaraq "Vaqif Poeziya Günləri"nin iştirakçılarının Şuşa təəssüratlarından ibarət "Bütün yollar Şuşaya aparır" adlı kitab nəşr edildi.

  

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram!

 Məruzədə, keçən qurultaydan bu yana sıralarımızı tərk edib, haqq dünyasına qovuşmuş şairlərimizi xatırlamaq, onların adlarını tutub, ömürlərinin davamı olan poeziyalarına münasibət bildirmək bir vəfa borcumuzdur. Bu müddət ərzində qədirşünaslıq edib mərhum şairlərimizin poeziyasına müraciət edən ədəbi orqanlarımıza, onların yaradıcılığını yüksək qiymətləndirib kitablarını çap edən nəşriyyatlarımıza, bu kitabların nəşrinə maddi və mənəvi dəstək olan insanlara, onların ədəbi irsini üzə çıxarmaqda xidmətləri olan ailə üzvlərinə belə bir təşəkkür borcumuz var.

 Özlərindən sonra zəngin ədəbi irs qoyub getmiş Azərbaycanın Xalq şairləri Söhrab Tahir, Fikrət Qoca, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Musa Yaqub, eləcə də görkəmli və tanınmış şairlərimiz Məmməd Aslan, Fikrət Sadıq, Ələkbər Salahzadə, Oqtay Rza, Abbas Abdulla, İlyas Tapdıq, Camal Yusifzadə, Nurəngiz Gün, Məmməd Kazım, İltifat Saleh, Bahadur Fərman, Məmməd Dəmirçioğlu, Xasay Cahangirov, Mir Sabir, Ələddin İncəli, Ərşad Bədəlli, Şaiq Vəli, Sabir Sarvan, Nisə Bəyim, Fərqanə Mehdiyeva, Əhməd Oğuz, Gülbala Mehdi, Xasay Mehdizadə, Anar Həbiboğlu, Osman Əhmədoğlu, Məmməd Namaz, Ələsgər Həsənli, Nurəddin Mirzəxanlı, Etibar Etibarlı, Nizami Muradoğlu, Ənvər Əhməd, Əli Vəkil, Şöhlət Əfşar, Ramiz Təmkin və başqaları ədəbi camiəmiz və qədirbilən oxucular tərəfindən zaman-zaman ehtiramla yad ediləcək, onların poeziyası ədəbiyyat tariximizin bir parçası olaraq oxunacaq, seviləcək, tədqiqatçılar tərəfindən öyrəniləcək və gələcək nəsillərə çatdırılacaq. 2015-ci ildən bu yana adı çəkilən mərhum şairlərimiz sonuncu dəfə sağlıqlarında AYB-nin ədəbi orqanlarında unudulmaz şeirləri ilə çıxış edib, sonuncu kitablarını nəşr etdiriblər. Qədirbilən qələm adamlarımız - tənqidçilər və şairlərin qələm dostları onların haqqında səmimi xatirələrini qələmə alıb, sağlıqlarında çap olunmamış şeirlərini mətbuata təqdim ediblər.

 Belə ki, 2016-cı ildə Vaqif Səmədoğlunun "Sandıq şeirləri" və ona ünvanlanmış şeirlərdən ibarət "Vaqifə qırx dua" kitabları, 2017-ci ildə Qabilin yeddi cildlik külliyyatı, Zəlimxan Yaquba həsr edilmiş "Zəlimxan Yaqub ədəbi düşüncədə" üç cildliyi və s. kitablar nəşr edilib. Eləcə də "Azərbaycan" jurnalında "Şairin arxivindən" başlığı altında Ələkbər Salahzadənin, Adil Mirseyidin, Anar Həbiboğlunun və b. sağlıqlarında çap olunmamış şeirləri oxuculara təqdim edilib. Şair Xasay Cahangirovun "Seçilmiş əsərləri" oxuculara təqdim edilib. Sıralarımızı vaxtsız tərk etmiş çox istedadlı şair Fərqanənin xatirəsinə həsr edilmiş "Mən sizə darıxmaq öyrədəcəyəm", şair Sabir Sarvanın xatirəsinə həsr edilmiş "Ömrünü şeirə çevirən Sabir Sarvan" xatirə-kitabları və s. nəşr edilib.

 2018-ci il mərhum şairimiz Nurəngiz Günün 80 illik yubiley tədbirlərinin keçirildiyi tarix kimi də əlamətdar oldu. Müxtəlif vaxtlarda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Yazıçılar Birliyində anım tədbirləri təşkil edildi, televiziyada xatirəsinə həsr olunmuş proqramlar hazırlandı. Miniatür Kitab Muzeyində Nurəngiz Günün yubileyinə həsr olunmuş "Səksən yaşın səksən anı" miniatür kitabının təqdimat mərasimi keçirildi. Şair Elçin İskəndərzadə şairənin 80 illiyinə "Günəşin elçisi" esse-monoqrafiyasını, Maşallah Məftun "Güllərin soyqırımı" poemasını yazdılar. 2019-cu ildə şairin seçilmiş əsərlərinin I cildi nəşr edildi.

 Qurultaylararası dövrdə dünyadan köçən şairlərimizin əziz ruhlarını böyük şairimiz Ələkbər Salahzadənin məşhur bir şeiri ilə salamlayır, onların hər birini rəhmət, sevgi və sayqı ilə anır, poeziyamızda dünya durduqca sevilən bir ad olaraq qalmalarını diləyirik.

 Bir də gördün uşaqdı adam,

 Bir də gördün babadı.

 Bir də gördün oğuldu adam,

 Bir də gördün atadı.

 Bir də gördün yox oldu adam,

 Bir də gördün fotodu.

 Bir də gördün oddu adam,

 Bi rdə gördün ot oldu.

 Bir də gördün adamdı adam,

 Bir də gördün ad oldu.

  

Bölgələrdə poeziyamız

 Poeziyamızın ağırlıq mərkəzi paytaxt Bakı olsa da, Azərbaycanın regionlarında yaşayıb-yaradan, həm ağsaqqal, həm də orta yaş ədəbi nəsli təmsil edən tanınmış şairlərimiz - Gəncədə Xəzangül, İnqilab İsaq, Sahib İbrahimli və Aydın Murovdağlı, Sumqayıtda Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Zirəddin Qafarlı və Gülnarə Cəmaləddin, Şəkidə Vaqif Aslan, Mingəçevirdə İsmayıl İmanzadə və Elşən Əzim, Qazaxda Barat Vüsal, Mustafa Rasimoğlu və Mübariz Qaragözlü, Qubada Ramiz Qusarçaylı və Zakir Məmməd, Xaçmazda Fərzalı Ziyanur, Məmməd Qədir və Telman Təravət, Qusarda Ceyhun Ağabəyli, Şəmkirdə Məzahir Hüseyzadə, Tovuzda İsa Cavadoğlu, ozan-şair Urfan Əli və Çingiz Qəribli, İsmayıllıda Şahməmməd Dağlaroğlu, Ağdaşda Fəxrəddin Əsəd, Cəlilabadda Əlirza Həsrət, Bilal Alarlı və Əlizadə Nuri, Yardımlıda Sakit İlkin və İqbal Nəhmət, Lənkəranda Tərlan Əbilov və Ağamir Cavad, Lerikdə Qədiməli Əhməd, Ağstafada Saqif Qaratorpaq, Neftçalada Elnur Uğur, Salyanda Mətləb Ağa, Biləsuvarda Hidayət Səfərli, Siyəzəndə Nəcməddin Mürvətov, Masallıda Arif Fərzəli, Şabranda Aybəniz Əliyar, Şəmkirdə Nadir Məmmədli və Elməddin Nicat, poeziyamızın odqoruyanları olaraq çalışır və yazıb-yaradırlar. Onlar çağdaş poeziyamızda bəlli yerləri olmaqla yanaşı, həm öz ətraflarında sağlam ədəbi mühit yaradır, həm də istedadlı gənc şairlərə örnək olur və onlara öz istedadlarını üzə çıxarmaqda kömək edirlər. Müntəzəm olaraq adları çəkilən regionlarda şairlərin yubiley və poeziya gecələrinin, kitab təqdimatı və imza günlərinin, yaradıcılıq görüşlərinin keçirilməsi də məhz bu ədiblərimizin adları ilə bağlıdır. Bu mənada, uzun müddət paytaxt Bakıda yaşayıb-yaratmış, lakin xeyli müddətdir ki, öz istəyi ilə doğma yurdu Xızının Qarabulaq kəndində binələnib, öz hücrəsinə çəkilmiş ustad şairimiz Ağasəfanın adını ayrıca qeyd etmək istərdim. O, ucqar bir dağ kəndində, çətin şəraitdə yaşamaqla yenə də ədəbi mühitdə həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksək səviyyədə öz ədəbi varlığını sürdürməkdədir. Görüşlərimizin birində mükafatlandırılması ilə bağlı təklifimizi şair Ağasəfa bir bəndlik şeir ilə cavablandırdı:

 Mükafat tilsimdir şair qəsdinə,

 O da mənlik deyil, cəhdin əbəsdir.

 Bir ovuc dən səpdim qarın üstünə,

 Mənə sərçələrin duası bəsdir.

 Başda birliyin sədri Asim Yadigar olmaqla Naxçıvan Yazıçılar Birliyinin üzvləri olan şairlərimizin qurultaylararası müddətdə nəşr edilən kitabları, ədəbi orqanlarda davamlı çıxışları, birliyin hazırladığı almanaxlar Naxçıvanda qədim ədəbi ənənələrin davam etdiyindən xəbər verir. Tanınmış şairlər Xanəli Kərimli, Əbülfəz Muxtaroğlu, Əbülfəz Ülvi, Muxtar Qasımzadə, Hüseyn Bağıroğlu, Elxan Yurdoğlu, Kəmalə Nəsrin, Ələsgər Nehrəmli, Qafar Qərib, Sona Amal, Təranə Arifqızı və başqaları burada ədəbi mühitin öncül və fəal nümayəndələri olaraq tanınırlar. Son illər Naxçıvanda 53 şairin şeirindən ibarət "Naxçıvanın şeir çələngi" kitabı fransız dilinə tərcümə olunaraq akademik İsa Həbibbəylinin ön sözü ilə çap olunmuş, şairlərimizin qədim diyarımıza, onun təbii gözəlliklərinə həsr etdiyi 77 şeirdən ibarət "Naxçıvan konulu şiirlər" toplusu Türkiyədə çap olunaraq oxucuların ixtiyarına verilmişdir.

Poeziyamızın coğrafiyası ilə bağlı bu qənaətdəyəm ki, məmləkətimizin ucqarlarında bu cür ünlü şairlərimizin yaşayıb-yaratması bir növ həm də ədəbiyyatımızın coğrafi tarazlığını qoruyub saxlayır

 

Ölkə xaricində poeziyamızı təmsil edənlər 

Ölkə xaricində poeziyamızı təmsil edən ədiblərimizdən söz açarkən, ilk yadımıza düşən, uzun illərdir Türkiyədə yaşayıb-yaradan görkəmli şairimiz Məmməd İsmayıl olur. Ünlü şairimiz Türkiyədə də yayğın və tanınmış bir şair olmasıyla bərabər, həm də qardaş ölkədə Azərbaycan poeziyasının böyük təəssübkeşi və yorulmaz təbliğatçısı missiyasını yerinə yetirir. Onun təqdimatında və Türkiyə türkcəsinə uyğunlamasında Azərbaycan şairlərinin əsərləri Türkiyənin aparıcı ədəbi qəzet və dərgilərində, poeziya antologiyalarında müntəzəm olaraq nəşr edilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Məmməd İsmayıl bu gün dünya çapında kitabları ən çox tirajlanan və tanınan bir şairimizdir. Təkcə 2015-2021-ci illər arasında onun Azərbaycan, türk, rus, fransız, macar, alman, yapon, alban, rumın dillərində olmaqla 9 dildə 16 kitabı nəşr edilib oxuculara çatdırılmış, bu kitabların çap olunduğu ölkələrdə görkəmli ədiblərin geniş rəyləri işıq üzü görmüşdür.

Çağdaş poeziyamızın Türk dünyasında təbliğ edilməsi, eyni zamanda müxtəlif türk ölkələri şairlərinin əsərlərinin Azərbaycan dilinə çevrilərək oxuculara çatdırılması, bu ölkələrin tanınmış şairlərinin Azərbaycana dəvət edilməsi, Azərbaycan şairlərinin türk ölkələrində keçirilən poeziya festivallarına qatılması və bu ölkələrdə "Azərbaycan poeziyası" antologiyalarının nəşr edilməsi yönündə də xeyli işlər görülmüşdür. Bu mənada, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin, şair Elxan Zal Qaraxanlının rəhbərlik etdiyi "Beynəlxalq Mahmud Kaşqari Fondu"nun, Azərbaycan təmsilçisi şair Xəyal Rzanın rəhbərlyi ilə İLESAM tərəfindən düzənlənən "Beynəlxalq şairlər günü"nün, şair Əkbər Qoşalının Məsləhət Şurası başkanı olduğu "Dünya Gənc Türk Yazarları Birliyi"nin, şair Dəyanət Osmanlının rəhbərlik etdiyi "Türk Dünyası İnfo" İB-nin, Nazilə Gültac və Coşkun Karabulutun layihə rəhbərləri olduqları "Könül körpüsü"nün, İlqar Türkoğlunun həmsədri olduğu "Çukurova Ədəbiyyatçılar Dərnəyi"nin həyata keçirdikləri layihələr ədəbi üfüqlərimizin Turan uzantısının oluşmasında böyük rol oynamışdır.

 2019-cu ilin aprel ayında şair S.Hüseynovla birlikdə Moskvada səfərdə olarkən oradakı Azərbaycan ədəbi mühiti ilə daha yaxından tanış olmaq imkanı qazandıq. AYB Moskva filialının sədri, şair Abuzər Bağırovun, filialın katibi, şair Afaq Şıxlının rəhbərliyi ilə Şəhriyar Mədəniyyət Mərkəzində, M.Tereza Adına Moskva Dövlət Linqvistika İnstitutunda fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Mərkəzi"ndə keçirdiyimiz görüşlər Moskvada yaşayan azərbaycanlı şairlərlə daha yaxından tanış olmağa imkan verdi. Abuzər Bağırovun hazırladığı "Moskvada Azərbaycan ədəbi mühiti" kitabında və "Moskvalı Azərbaycan şairləri" antologiyasında (rus dilində) burada və yaxın çevrədə yaşamış və yaşayan azərbaycanlı şairlərin - İbrahim Kəbirli, Faiq Məmməd, Tahir Aslanlıdan başlayaraq Alla Axundova, Tofiq Məlikli, İlham Bədəlbəyli, Afaq Şıxlı, Sultan Mərzili, Nəsib Nəbioğlu, Maya Bədəlbəyli, Mirabbas Ağdabanlı, Əşrəf Hüseynli, Yavər Həsən, Yaşar Süleymanlı və başqaları da daxil olmaqla, gənc şair Nilufər Şıxlıya kimi hər kəs haqqında dolğun məlumatla yanaşı, onların yaradıcılığından nümunələrə də geniş yer ayrılmışdır.

 Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan filialının sədri, şair Rafiq Hümmətin, Borçalı ədəbi məktəbinin layiqli davamçıları - Allahverdi Təkləlinin, Nizami Paşa Saraclının, Rövşən Nəsiboğlunun, İbrahimxəlilin, Tapdıq Yolçunun, Azər Musaoğlunun və başqalarının Azərbaycan və gürcü dillərində yeni nəşr olunmuş kitabları və hər iki ölkənin ədəbi orqanlarında müntəzəm çıxışları da burada ədəbi mühitin dayanıqlığından və inkişafından xəbər verir.

 Eləcə də Estoniyada Xaqani Qayıblının, Özbəkistanda Akif Azalpın, Başqırdıstanda Baloğlan Cəlilin, İngiltərədə Rauf Qaraişığın, ABŞ-da Səfər Fuadın, İspaniyada Şəfa Rəşidin, Fransada Şəhriyar İbrahimovun, Belarusda Məhəmməd Azəroğlunun, Rusiyada Günay Səma Şirvanın yaşadıqları ölkədə Azərbaycan poeziyasını layiqincə təmsil etmələri ədəbiyyatımızın dünya arealında daha yayğın bir hala gəlməsinə səbəb olmuşdur.

 Dəmirqapı Dərbəndin poeziyası isə geniş bir yazının mövzusudur. Ünlü sələfləri Məhəmməd Tağı Qumru, Məsum Dərbəndi, Feyzi Dərbəndi, Bayat Abbas, Diləfruz Pəri, Xəlil Dərbəndi, Mirzə Səməndər, Nəriman Ağasıyev, Şıx İbrahim Manafov kimi sələflərinin ədəbi gələnəklərini layiqincə davam etdirən yeni nəsil Dərbənd şairləri Fəxrəddin Oruc Qəribsəs, Təhmiraz İmamov, Zeynəb Dərbəndli, Elman Abbas, Tahir Saleh, Məmmədhəsən Bayatlı, Rüstəm Bəhlulzadə, Hüseyn Dərdli, Natiq Seyidov və adını çəkmədiyim onlarca söz adamı orada milli poeziyamızın çağdaş mənzərəsini oluşdurmaqdadır.

 1990-cı illərdə Dərbənddə fəaliyyət göstərən "Narın-qala" ədəbi məclisi Dərbənddə yazıb-yaradan yazarların təbliğində yeni səhifə oldu - böyük sənətə cığır açdı. Ramiz Qusarçaylının dəstəyi ilə Qubanın "Ay işığı" ədəbi məclisi ilə sıx əlaqələr quruldu. Dərbənd şairlərinin əsərləri Bakıda, azərbaycanlı yazarların ədəbi nümunələri isə Dərbənddə dərc olunmağa başlandı. Sevindirici haldır ki, bu günlərdə Dərbənd yazarlarının təklifi və xahişi ilə AYB-nin sədri Anar müəllim tərəfindən Dərbənddə AYB-nin Dərbənd filialının açılmasına razılıq verilmişdir.

 Mövzudan ayrılmamış, Azərbaycan, gürcü və rus dillərində yazıb-yaradan gürcü şairi, poeziyamızın yorulmaz tərcümanı, təbliğatçısı, eləcə də təmsilçisi Giya Paçxataşvilinin imzasını da xüsusi vurğulamağı özümə borc bilirəm. Giya həm də poeziyamızı tolerantlıq örnəyi olaraq təmsil edir. Onun 44 günlük Vətən müharibəsinə həsr etdiyi 44 səhifəlik "Givinin Qarabağnaməsi" kitabı şəhidlərimizin ruhlarına böyük ehtiram, qazilərimizin qəhrəmanlıqlarına böyük məhəbbətlə qələmə alınıb.

 

Ədəbi tənqid və poeziyamız

 Poeziyadakı keyfiyyət dəyişimini, aparıcı təmayülləri, forma-məzmun yeniliklərini təhlil etmək müəyyən zaman çərçivəsinə sığacaq problem olmasa da, hər halda ötən qurultaydan sonra aradan keçən bu qədər fasilə - 2015-ci ildən günümüzədək olan dövrü əhatələyib müəyyən qənaət ifadə eləmək mümkündür. Şeirlə bağlı təsnifatı, adətən bu problemlər üzrə aparırlar: poeziyada mövcud axınlar, işlək vəznlər, yeni şeir şəkilləri, forma və məzmun axtarışları. Bir də ənənəvi olaraq poeziyada bölgülər aparmaqla - ənənəvi, modernist, eksperiment səciyyəli şeir və s. Əvvəlcə bunu deyim ki, poeziyanın problemləri müxtəlif vaxtlarda geniş müzakirə predmetinə çevrilib. Məsələn, "Azərbaycan" jurnalında "Çağdaş Azərbaycan poeziyası - problemlər, portretlər" mövzusunda müzakirə təqdim olunmuşdur. "Ədəbiyyat qəzeti"nin "Bir şeir, iki rakurs" layihəsində, Elçinin ədəbi tənqidlə bağlı yazdığı silsilə məqalələrdə, tənqidçi-ədəbiyyatşünaslardan Elnarə Akimovanın poeziya ilə bağlı ardıcıl məruzə və məqalələrində, eləcə də Vaqif Yusifli, Cavanşir Yusifli, Azər Turan, Məti Osmanoğlu, Rüstəm Kamalın, Əsəd Cahangirin, İradə Musayevanın, Bəsti Əlibəylinin, Nərgiz Cabbarlının, Esmira Fuadın, Südabə Ağabalayevanın, Zakir Məmmədin, Gülnar Səmanın bu dövr yazılarında poeziyanın çağdaş durumu, axtarış və yenilik əzmi öz şərhini tapmışdır. "Azərbaycan" jurnalında Əsəd Cahangirin moderatorluğu ilə təşkil edilmiş "Çağdaş Azərbaycan poeziyası - problemlər, mülahizələr" adlı dəyirmi masa, "Ulduz" jurnalında Elçin İmanovun "Şeir yaza bilmirsiz", Qəşəm Nəcəfzadənin "Mən necə şeir istəyirəm" və "Şəkillər" məqalələrində də poeziyamıza dair müxtəlif problemlərin aktuallandığı nəzərdən qaçmır.

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər il keçirilən "Ötən ilin ədəbi yekunları" elmi-yaradıcılıq müşavirəsində poeziya ilə bağlı məruzələr dinlənilmiş və "Ədəbi Proses - 2017"də Vaqif Yusiflinin "Poeziya... Poeziya", Esmira Fuadın "2017-ci ilin epik şeiri: Tənəzzül, yoxsa inkişaf", "Ədəbi Proses - 2018"də Vaqif Yusiflinin "Azərbaycan şeiri - 2018" və Esmira Fuadın "2018-ci ilin epik şeiri: epos təfəkkürünün və lirik-fəlsəfi duyğuların bəyanı", "Ədəbi Proses - 2019"da Rüstəm Kamalın "Şeir cəbhəsində nisbi sakitlikdir" və Esmira Fuadın "2019-cu ilin epik şeiri: Tarixi yaddaşın, gerçəkliklərin və milli ruhun inikası" adlı ədəbi-tənqidi araşdırmaları çap olunmuşdur.

 Eləcə də akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, müxbir üzvlər Nüşabə Araslı, Tehran Alişanoğlu və başqa filoloq-alimlərimiz bu illər ərzində poeziyamızın tədqiqinə və tənqidinə həsr olunmuş sanballı elmi məqalələr yazıb çap etdirmişlər.

 "Ədəbiyyat qəzeti"nin 5 mart 2022-ci il tarixli Xüsusi buraxılışı isə bütünlüklə 2020-2021-ci illərin ədəbi yekunlarına həsr edilib. Buraxılışda Vaqif Yusiflinin "Azərbaycan soneti", Azər Turanın "Çağdaş Azərbaycan şeirində modernist estetikalar", Esmira Fuadın "2020-2021-ci illərin epik şeiri" adlı məqalələrini çağdaş poeziyamızın ciddi tədqiqat və təhlil materialları olaraq oxuyuruq.

 AMEA Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, f.e.d. Vaqif Yusiflinin "Bölgələrdə ədəbi həyat" seriyasından nəşr etdirdiyi kitablarda da poeziyamızın təbliğinə, tənqidinə və təhlilinə yetərincə diqqət ayırılmışdır.

 Xalq şairləri Nəriman Həsənzadənin, Ramiz Rövşənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, görkəmli və tanınmış şairlərimiz Məmməd İsmayıl, Ağasəfa, Hidayət, Yusif Həsənbəy, Zeynal Vəfa, Əşrəf Veysəlli, Vaqif Aslan, Eyvaz Borçalı, Ofelya Babayeva, Kəmalə Abiyeva, Ramiz Qusarçaylı, Musa Urud, Barat Vüsal, Musa Ələkbərli, Tofiq Nurəli, Fəridə Hacıyeva, İsmayıl İmanzadə, Adil Cəmil, Rəşad Məcid, Qoca Xalid, Ağacəfər Həsənli, Kəmaləddin Qədimin, poeziyamızda N.Rəfibəyli, M.Dilbazi ənənələrinin layiqli davamçısı - çağdaş xanım şairlərimizin öncülü Firuzə Məmmədlinin bu dövr ərzində dövri mətbuatda çap olunmuş yeni şeirləri, yeni nəşr olunmuş kitabları - seçilmiş əsərləri, eləcə də sağlıqlarında və dünyalarını dəyişəndən sonra şeirləri ədəbi orqanlarımızda çap olunan, kitabları nəşr edilən Xalq şairləri Söhrab Tahirin, Musa Yaqubun, Zəlimxan Yaqubun, görkəmli şairlərimiz Məmməd Aslanın, İlyas Tapdığın, Sabir Sarvanın, Əhməd Oğuzun, Oqtay Rzanın, Bahadur Fərmanın, İltifat Salehin, Ənvər Əhmədin, Fərqanə Mehdiyevanın və başqalarının üslub və nəfəsləri qədim poeziya ənənələrimizə söykənən və yeni zamanın tələblərini qarşılayan şeirləri bizə bu düzəydəki uğurlarımızın yerini nişan verir.

 Çağdaş poeziyamızın ağsaqqalı, Xalq şairi Nəriman Həsənzadə bu gün də böyük şövqlə yazıb-yaratmaqla yanaşı, gəncliyində olduğu kimi, millətimizi və eləcə də bəşər övladını narahat edən olaylara çevik reaksiyası ilə seçilir. Onun yaxın zamanlarda qardaş Qazaxıstanda baş verən vətəndaş qarşıdurması ilə bağlı şair dostu Oljas Süleymenova ünvanladığı şeir buna bir örnəkdir:

 Xəbərlər dolaşıq, qarışıq gəlir,

 Yenə təkrar edir tarix səhvini.

 Dünyada tarazlıq itibdi, nədir?

 Əyir planetin bir tərəfini.

 

 Yenə o soldatlar, yenə o tanklar,

 Yenə Kalaşnikov avtomatları.

 Bağlanan qapılar, sönən ocaqlar...

 Bakıda görmüşəm, mən də onları.

   Məmməd İlqarın və Elman Tovuzun qoşma, gəraylı və təcnislərində, Musa Urudun, Tofiq Nurəlinin, Zirəddin Qafarlının, Orxan Paşanın, Vasif Süleymanın hecada yazdıqları şeirlərdə güclü kolorit, el havasının ruhu, Tahir Talıblının, Rəfayıl İncəyurdun, İslam Sadığın, İlham Qəhrəmanın, Xaqani Qayıblının, Baloğlan Cəlilin, Əhməd Oğuzun, Fərqanənin şeirlərində folklor yaddaşımızın poetikasının dərin izləri hiss olunur. İlham Qəhrəmanın bir ağız bayatısına diqqət edək:

Bağ-bağat yolağ oldu,

Bağbanı çolağ oldu.

Sinəmdə bağ becərdim,

Dərd dərdə çalağ oldu.

 Çap bolluğuna və meydanda müəyyən qrafoman nümunələrinin çoxluğuna baxmayaraq, yaxşı şeir öz oxucusunu tapır və öz müəllifindən ayrı öz taleyini yaşayır. Bu baxımdan, ənənəvi poeziyada imzası hələ də örnək isimlər sırasında yer alan Məmməd İsmayıl, Musa Yaqub, Zəlimxan Yaqubdan tutmuş, Elçin Mirzəbəyli, Ayaz Arabaçı, Əlizadə Nuri, Sahib İbrahimli, İbrahim Yusifoğlu, Əbülfət Mədətoğlu, Əlirza Həsrət, Dayandur Sevgin, Rizvan Nəsiboğlu, Məmməd Qədir, Elxan Yurdoğlu, Faiq Balabəyli, Süleyman Abdulla, Saleh Qurbanov, Bilal Alarlı, Fəxrəddin Teyyubun imzasını qeyd etməyə ehtiyac var. Adil Şirin, Ələmdar Quluzadə, Rəfail Tağızadə, Aydın Murovdağlı, Əjdər Ol, Avdı Qoşqar, Sərvaz Hüseynoğlu, Ehtiram İlham, Zabil Pərviz, Mübariz Məsimoğlu, Ələmdar Cabbarlı, Ələsgər Əlioğlu, Anar Amin və b., eləcə də ədəbi mühitdən müəyyən mənada kənarda görünən İslam Türkay, Arif Fərzəli, Səməd Qaraçöp, Mahmud Vəli, Mehdi Calal, İnqilab Orxan, Nazim Əlioğlu, Məryəm Aslanqızı, Nadir Məmmədli, Ədalət Nicat, Səhlədar Hidayətoğlunun və başqalarının heca vəznində yazdıqları şeirlərdə milli qatlardan süzülüb gələn ahəng, ölçü, məzmun fərqliliyi qorunub saxlanır.

1. Heca vəznindən söz düşmüşkən, Zəlimxan Yaqub, Musa Yaqub, Məmməd Aslan kimi ilk növbədə, milli dil hadisəsi sayılan şairlərimizin adını çəkməyə xüsusi ehtiyac var. 2015-ci ildə Məmməd Aslan, 2016-cı ildə Zəlimxan Yaqub, 2021-ci ildə Musa Yaqub sıralarımızı tərk etsə də həmin dövrə qədər yazdıqları xalq üslubunda yazılan şeirin ən gözəl örnəkləridir. Çünki məhz, bu şairlərin yazdığı nümunələrdə dilin bütün etno-psixoloji ifadə çalarları - xalqın milli yaddaşı, milli kimlik duyğusu, milli koloriti və s. ehtiva olunur. 2015-ci ildə Z.Yaqubun "Ədəbiyyat qəzeti"ndə çap olunan"Qoşmaların nağılı" başlıqlı silsilə şeirləri şairin milli dil qatlarına enişi mənasında uğurlu sənət nümunələridir.

Səhər Əhmədin, Xəyal Rzanın, Faiq Hüseynbəylinin, Anar Həbiboğlunun şeirlərində axar-baxarlı, tükənməz enerji ilə süslənmiş dil potensialı var və dilin ifadə imkanları sayəsində müəllif ənənəvi və modern düşüncənin uğurlu sintezini yarada bilir.

2. Türk, Turan simvolikasının, irfan düşüncəsinin poetik əksi şeirimizdə daha aparıcı qata çıxmışdır.

Məmməd İsmayıl, Rüstəm Behrudi, Elxan Zal Qaraxanlı, Dəyanət Osmanlı, Əkbər Qoşalı, Elbariz Məmmədli, Sabir Yusifoğlu, Mirsədi Mirlər, Vahid Aslan, Aida Eyvazlı Göytürk, Namiq Hacıheydərli, Sərvər Məsum, Namiq Dəlidağlı, Nadir Azayoğunun və başqalarının bu illər ərzində nəşr etdirdikləri şeirlər poeziyamızın məhz bu qatında özünü büruzə verib.

3. Şeirimizdə simvolik çalarlar əvvəlki kimi güclü hiss edilmədi, zəif halqa kimi nadir hallarda görünməkdədir. Bununla belə imzaları yetərincə oxucu auditoriyası qazanmış şairlərdən Vaqif Bayatlı Ödər, Çingiz Əlioğlu, Əlisəmid Kür, Maarif Soltan, Zahid Sarıtorpaq, Qəşəm Nəcəfzadə, Paşa Qəlbinur, Kəramət, Xanım İsmayılqızı, Dəyanət Osmanlı, Elçin İskəndərzadə, Nazim Əhmədli, Balayar Sadiq, Tahir Taisoğlu, Akif Əhmədgil, Tərlan Əbilov, Qalib Şəfahət, Gülnarə Cəmaləddin, Nazir Rüstəmin və b. bu illər ərzində çap olunmuş şeirlərində məhz bu dalğanın gücünü hiss etmək mümkün oldu. Əlisəmid Kürdən üç xanəlik bir misal:

Nə atmısan özünü

həsrətin qucağına.

Leysan yağışı düşüb

könlünün ocağına.

 

Fələk səni qarğıyıb

özü düşüb həvəsdən.

Canında bir qorxu var -

canın çıxır qəfəsdən.

 

Sənin qayğına qallam,

Ey əlahəzrət zaman.

Ürəyim bombolamboş,

Salam, boşluğa, salam.

Poeziya daha çox qaranlıqlarla uğraşır, nəfəs kəsəcək qədər qaranlıq, işıqsızlıq hakim olur bəzən şeirdə... Şeirimizin canındakı əsəb damarı, ovqat göstəricisi olan təklik, tənhalıq duyğudu özünü tükətmir. Dəyanət Osmanlının bir şeirində deyildiyi kimi:

  Eşikdə aprel gecəsi,

 Ağaclar yalqız,

 Budaqlar səs salır qorxusundan.

 Küləksə oxuyur:

 - keçər, ağacım, keçər...

 Yaşlı nəsildə daha çox yaşın gətirdiyi yorğunluq, ömrün faniliyindən doğan təklik hissi qabarıqdır. Şairlərin şeirlərinin adları da artıq yollar yorğunu olmuş insanın ovqatı üstə köklənib: F.Sadıq: "Vaxtıdır", "Ayrılıram", "Son"; M.Yaqub: "Mən payız durnası, axşam qürubu" və s. Fikrət Sadığın 2015-ci ildə çap olunan şeirlərində bu yorğunluğu görməmək mümkün deyildi:

 Və ya Musa Yaqubun aşağıdakı misralarına diqqət edək:

 Bir yorğun torpağam, dincə qoyulmuş,

 Daha əkilməyim, biçilməyim yox.

 

Köhnə qarağacam, içi oyulmuş,

 Bir də körpülənib keçilməyim yox.

 Bütün körpüləri keçmişəm daha,

 Səbir kasamı da içmişəm daha.

 Ramiz Rövşənin "Ədəbiyyat qəzeti"ndə çap olunan "Qoy heç kəs bilməsin" şeirində də içini tənhalıq, təklik bürüyən insanın əhvalı uğurlu əksini tapır, sabahına heç bir ümidi qalmayan ruhun çıxılmazlıq duyğusunu sərgiləyir...

 Çingiz Əlioğlunun, Rüstəm Behrudinin, Sabir Rüstəmxanlının da bir çox şeirləri yorulmuş insanın ruh halını meydana qoyur. Amma bu həm də, qeyd etdiyim kimi, yaşın gətirdiyi küskünlükdür. Bir neçə nümunəyə baxaq. R.Behrudi: 

 Dön, hardasan, dön qayıt,

 Ümid - güman olmadan.

 Al məni də, dur, gedək,

 Dağlar duman olmadan.

 

Xirqəsiz bir dərvişəm,

 Könlümə bürünmüşəm.

 Halıma bax, ölmüşəm,

 Təkkəm viran olmadan.

 

Sabir Rüstəmxanlı:

Ürək oxuyanın işləri müşkül,

Gözlərdə göz alan dərinlik çatmır.

Onsuz da seyrəlir dost məclisləri,

Sözlərdə əvvəlki şirinlik çatmır.

 

Xalq şairi Vahid Əzizin məşhur "Mənə yüz il ömür arzulamayın" şeiri də eyni notlar üzrində köklənmiş duyğuların poetikasıdır.

Eləcə də yalnız Tanrıya - doğruya, düzə tapınmalar şeirimizdə yenə də öz poetik inikasını bəlirləməkdədir. Barat Vüsalın "Çin olmuş yuxu"sunun fərqinə varaq:

 

Məramım, məqsədim Allah məramı,

Mən axına qarşı axın təkiyəm.

Ən uzaq olana uzaq olanam,

Mən yaxın olana yaxındakıyam!

 

Məni düz tanıyır özü düz olan,

Bircə söz desə də, sözü yüz olan.

Könülmü tanıyır könülsüz olan,

Məni səpən tanır... toxumdakıyam!

 

4. Poeziyamızdakı həyatiliyin epizm hesabına güclənməsi bu illərdə də dominantlığını qorumuş, yeni şeirin estetik mündəricəsini təşkil etmişdir. Tanınmış şairlər R.Qaracanın, R.Qaraişığın, Əli Şirin Şükürlünün, H.Herisçinin, Aqşin Yeniseyin, Aqşin Evrenin, A.Yaşarın, S.Elsevərin, İ.İbrahimlinin, Alik Əlioğlunun yeni şeirləri bu estetikanın şeirimizdə şəkillənməsini oluşdurub. Bu sətirlər də Rasim Qaracanındır:

 

Səninçün yazıram bu şeiri

nə əruzda nə hecadadı

səni necə düşünürəmsə sevgilim,

bax o da eləcədi.

 

5. 1990-2000-ci illəri "Azərbaycan şeirinin eksperimentlər mərhələsi" adlandırmaq mümkün idi. 2015-ci ildən sonrakı dönəmdə də şairlər postmodernizmlə yanaşı, bir çox müxtəlif ədəbi cərəyanların estetik tələblərini yenidən canlandırmağa, Azərbaycan şeirinə tətbiq etməyə cəhd göstərdilər. Azər Turanın diqqətlə oxuduğum və çox da bəyəndiyim "Çağdaş Azərbaycan şeirində modernist estetikalar" məqaləsi bu tezisi, demək olar, bütünlüklə əhatə edir. Azər Turan yazır: "... Savaş poeziyasına "Ordu Günü" kitabındakı şeirlərlə poetik biçim verən Elxan Zal həm də çağdaş milli şeirin özünəməxsus poetik ritmini yaratmış şairdir. Əslində, Böyük Çölün estetikasını, havasını milli poeziyamıza Elxan Zal Qaraxanlı gətirmişdir. Elxan müstəqillik dövrü Azərbaycan poeziyasının ən seçkin şairlərindən biridir. Bir yandan daha qədim şeir ölçüsünü yaradıcılığında ehya etdi, digər tərəfdən, modern dünya şeirində var olan ədəbi cərəyanları milli ruha təslim etdirməyi bacardı. Hələ 20 il əvvəl Elxan postmodern "Yaquar yerişli zaman"ı türk poeziyasının antik qəlibində ifadə etmişdi:

 

Quşlar hava çalmıyor,

Saata sığınıb takt.

Caynaq çəkir üstümə

Yaquar yerişli vaxt.

 

Bu otuz il müddətində Qaraxanlı savaş gələnəkli qədim şeir dilini və ölçüsünü, hətta paradiqmalarını da müstəqillik dövrü Azərbaycan poeziyasına aşıladı:

 

Ruhumuz cəngə varanda,

Ad üstünə ad gələcək.

Qan iyini alan kimi

Ağzımıza dad gələcək.

 

Və ya çağdaş şeirimizin dəst-xətt adamı Səlim Babullaoğlu haqda düşüncələrinə diqqət edək: "Səlim Babullaoğlunun "İlk hərfi itmiş cümlələr" (2021) kitabında dərc olunmuş "Əvvəlinci ayın şeirləri" silsiləsində yeni düşüncə dalğası Tanrını dərkə yönəlib. Yeddi fraqmentdən ibarət olan silsilə təsəvvüf içəriklidir, zikr halında yazıldığı aşkardır və Tanrını dərkin yeddi yolunu əks etdirir. Babullaoğlu "Əvvəlinci ayın şeirləri"ni sükutun dilində yazıb. Şeir başdan-başa sükutla təlqindir. Sükut təsəvvüfdə təslimiyyətdirsə, haldırsa, hal əhlinin sükutu da Tanrını idrak etmənin tək yoludur. Səlim həmin sükutu yazır. Hal diliylə yazır. Şeir Tanrını dərk etməyin həyati misallarını verir... Və qəribədir ki, fraqmentlərdə Səlimin ənənəvi intonasiyası dəyişmir və sükut pozulmur... Səlim Babullaoğlunun poetikası şeirin metafizik qatını mübhəmləşdirmir.

 

Sükuta sövq edən səbəblər barədə düşünürəm:

 sözün çoxluğu, mənanın yoxluğudur;

            əlbəttə ki, içimdə.

Bu dildən və dilsizlikdən peşmanam:

eyni əlifbayla qeydə alıram

            sükutumu da, nitqimi də.

Sözlərlə deyil, sənin barəndə

       sükutla danışmaq daha az qorxudur...

 

Qərb şeirini - təmayülləri, izmləri, fərdləri dərindən bilən Səlim Babullaoğlunun poetikasının özəllikləri çoxdur... Səlimin şeirləri Azərbaycan poeziyasında yola çevrilməkdədir".

Söhbət modernist estetikalardan gedirsə, burada bəlli estetikanın düşərgəsində öz yerləri olan Dəyanət Osmanlı, Qulu Ağsəs, Salam Sarvan, İlqar Fəhmi, Murad Köhnəqala, Xanəmir, Rəbiqə Nazimqızı və eləcə də bir çox gənc şairləri görmək mümkündür.

6. Assosiativ şeir, təzadlar üzərində qurulan şeir, vizual şeir bu illərdə də aktual oldu, baş tutan eksperimentlər və reallaşan nümunələr kontekstində ehtiva olundu. Qəşəm Nəcəfzadənin "Ayağı göbələkli atlar"ına diqqət edək:

 

Ayağı göbələkli atlar

Gəlib kəndimizin yanından keçdilər.

Çapdılar, çapdılar

Göydə buludlar

Yerdə göy atlar.

Atların nəfəsi ilə darandı

Ağ yovşanlar,

Göy otlar...

 

7. Əvvəlki dövrlərə nisbətdə təbiətin tərənnümü, sevginin ilahiləşdirilməsi prosesi aparıcı olmasa da, bu mövzulara müraciət edən şairlərimiz də az olmadı. Rafiq Yusifoğlu, Musa Ələkbərli, Baba Vəziroğlu, Rəşad Məcid, Əhməd Qəşəmoğlu, Vəli Xramçaylı, Vüqar Əhməd, Əli Nəcəfxanlı, Saqif Qaratorpaq, Vasif Süleyman, Aybəniz Əliyar, Sakit İlkin, Faiq Hüseynbəyli, Elxan Yurdoğlu, Mətləb Ağa, Cığatel, Xatirə Rəhimbəyli və başqalarının son dövr yaradıcılığında bu qəbildən şeirlərə heç də az rast gəlinmədi. Rəşad Məcidin sevgi şeirlərindən ibarət "Səbəbi sənsən" adlı kitabını da bir sevda yolçusunun həzin gümüldəmələri, kövrək şarkıları kimi oxumaq olar. Görünür, bundan dolayıdır ki, kitabda yer almış bir çox şeirlərə sevilən musiqilər bəstələnib.

Bu illərdə qadın şairlərimizdən Nisə Bəyim, Xanım İsmayılqızı, Kəmalə Abiyeva, Mahirə Abdulla, Məlahət Yusifqızı, Adilə Nəzər, Narıngül Nadir, Gülnarə Cəmaləddin, Rəsmiyyə Sabir, Təranə Turan Rəhimli, Nəzakət Məmmədli, İradə Əlili, Şahnaz Şahin, Fəridə Ləman, Xatirə Rəhimbəyli, Mənsurə Qaçayqızı, Aysel Əlizadə, Hədiyyə Şəfaqət, Elnaz Eyvaz, Həyat Şəmi, Çiçək Mahmudqızı, Günel Şamilqızı, Nuranə Nur, Aybəniz Əliyar, Afaq Şıxlı, Arzu Nehrəmli, Nazilə Gültac, Xatirə Fərəcli, Vüsalə Süleyman, Aləmzər Sadiqqızı, Zərəngiz Dəmirçi Qayalı, Vəfa Mürsəlqızı, Afət Viləşsoy, Təranə Dəmir, Rəfiqə Şəms, Qənirə Mehdixanlı, Aysel Səfərli, Sənəm Səbayel, Güləmail Murad, Şövkət Zərin Horovlu, Cahanxanımın şeirlərində qadın yaşamının ekzistensiyası yaradılır, nə qədər güclü görünsə belə, alt qatda gizlənən həzin, kövrək qadın dünyasını görməmək mümkün olmur. Getdikcə ciddi problemə çevrilən əxlaqlı düşüncə və yaşam böhranını, dünyanın pozulmuş, altı üstünə çevrilmiş nizamını məhəbbət təlimi ilə xilas etmək missiyasını sərgiləyir özündə. Mərhum istedadlı şairəmiz Nisəbəyimin şeiridir:

 

Sənədək hər şeyin ölçüsü vardı,

Səndən sonrasının mizanı nəydi?

Baxtın bir üzünə sən yiyələndin,

O biri üzünü yoxluğun əydi...

 

8. Poetik tapıntılar, bədii ifadə və təsvir vasitələri, fikrin poetik ifadəsi baxımından da maraqlı nümunələr meydana qoyuldu. Şairlərdən Ramiz Qusarçaylı, Ayaz Arabaçı, Elçin Mirzəbəyli, İnqilab İsaq, Kəmaləddin Qədim, Salam Sarvan, Əlizadə Nuri, Nurafiz, Əbülfət Mədətoğlu, Fəxrəddin Əsəd, Süleyman Abdulla, Əlirza Həsrət və b. məhz bu cür şeirləri ilə seçildilər. Ramiz Qusarçaylının çəkdiyi "Payız şəklini seyr edək":

 

Nə gözəl əsərdi bu,

Boyalar yumru-yumru.

Yamaclar yastı-yastı, -              

Qayalar yumru-yumru.

 

Boz talada göy yamaq,

Kövşən sarı, yol dümağ.

Cığırlar yumaq-yumaq,

Tayalar yumru-yumru.

 

Xəzəllər xışıl-xışıl,

İlğımlar işıl-işıl.

Mürgülər mışıl-mışıl,

Röyalar yumru-yumru...

 

9. Özünə, daxilinə varmalar, mənəvi dünya ilə İlahi eşq arasında çabalamalar müasir şeirimizdə dərvişlik və sufilik xəttinin bir neçə şairin yaradıcılığında mərhələ kimi ortaya çıxmasına səbəb oldu. İctimai problemlərdən mənəvi aləmə, ürfani dünyaya qaçış, haqqı, ədaləti dərvişlikdə, tərki-dünyalıqda arama meyli poeziyamızda aparıcı olmasa da, əhəmiyyətli bir istiqamət kimi hiss edildi. A.Səməd, Ə.Əsgəroğlu, M.Dəmirçioğlu, Şaiq Vəlinin vəfatından sonra bu istiqaməti bizdə təmsil edən imzalar Ürfan Əli, M.İlqar, E.Başkeçid, M.Aslanbəyli, xanım şairlərimizdən Bəsti Əlibəyli, Adilə Nəzər, Çiçək Mahmudqızı və b. oldular. Adilə Nəzərin bir şeirinə diqqət edək:

 

Lütf eylə, söylə, Ya Hu,

Kimə yanım-yaxınım?

Kimdən qaçım, İlahi,

Qaçım, kimə sığınım?...

 

Ya rəhm eylə bu cana,

Ya ətəyin silkələ...

Qanad çalır quş kimi

Ürəyimdə bəlkələr...

 

Sudan yaranır insan,

Yuxuları kəşf olur...

Niyə əli dəyən yer,

Yanır, od-atəş olur...

 

Saraylar günah yeri,

Günahsız küçə, tindir.

İlahi, bu dünyada

Adam doğulmaq asan,

Adam ölmək çətindir...

 

10. Bu illər ərzində şeirimizin əruz qanadında yazıb-yaradan şairlərimiz mətbuat səhifələrində çox seyrək görünsələr də, sosial şəbəkələrdə öz fəallıqları ilə seçildilər. Qəzəlxan-şair Əli Ələminin "Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə" nəzəriyyəsi ədəbi camiəmiz tərəfindən maraqla qarşılandı. Şair İlqar Fəhminin yenilikçi qəzəlləri müzakirə mövzularına çevrildi. Tanınmış qəzəlxan-şairlər Şahin Fazil, Yasin Xəlil, Məşədi Xalid Səfixanov, Arif Buzovnalı, Hacı Qəzənfər, Ağamirzə Qail, Gülbala Fənai, Xaqani Əmini, Vüqar Rahi, Samir Hacı, Səxavət Talıblı, Elşad Xaqan, Lilpar Cəmşidqızının, eləcə də bədihəçi-şair Namiq Mənanın əruzda qələmə aldıqları şeirlər bəlli oxucu auditoriyası qazanmaqla klassik ənənəyə sadiq qalan müəlliflərinə də başucalığı gətirdilər.

11. 2015-2021-ci illər ölkədə ictimai-siyasi hadisələrin dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Orduda ard-arda qazandığımız uğurlar, 2016-cı il Aprel hadisələri, 2018-ci il Günnüt əməliyyatı, 2020-ci ildə baş verən Tovuz döyüşləri və bunun ardından 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük müharibə və qazandığımız möhtəşəm Zəfər bu ovqatın paralel olaraq poeziyada əks olunması baxımından əhəmiyyətli fakt sayılmalıdır.

Bütün bu hadisələr poeziyamıza ideya, mövzu, problematika, məzmun cəhətdən bir sıra yeniliklər gətirdi. Ölüm, Azadlıq, Müharibə, Şəhidlik kimi mövzular əvvəlki kimi işlək olsa da bütövlükdə şeirin diskursu dəyişdi. "Məzlum xalq" obrazı döyüşkən xalq obrazı ilə əvəz edildi, qalib ordu, qalib əsgər, qalib xalq ifadələri şeirimizdə önə keçdi. Qürur, əzm hissi qabarıqlaşdı, Ali Baş Komandan obrazı yarandı, qaçqınlıq, köçkünlük kimi mövzular ən azı yaddaş faktı kimi işlənməkdədir.

İllərdir Qarabağ münaqişəsinin həll olunmaması, dünya ictimaiyyətinin, söz sahibi olan beynəlxalq qurumların bu hadisəyə laqeyd münasibəti poeziyada əsas problem kimi qalsa da, son hadisə "türkün türkdən başqa dostu yoxdur", kimi fikirlərin qabarıqlaşması ilə önəm kəsb etdi. Azərbaycan-Türkiyə qardaşlığı, İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan dostluğu, türk xalqlarının birliyi ideyası əsas mövzular oldu.

2014-cü ildən bu yana poeziyada yalnız mövzular deyil, ona münasibət dəyişib. Vətən, Tanrı, şəhər, sevgi anlayışlarına münasibətdə fərqli yanaşma meydana qoyulub. Bunlar, əlbəttə ki, 90-cı illər şeirinin uğradığı dəyişikliklərin nəticəsidir. Qarabağ mövzusunda uzun illərdir ki, minor motivlər meydan sulayırdı. Poeziyada ölüm, müharibə, itki, şəhidlik, Vətən sevgisi, türkçülük, azadlıq və s. mövzular şeirimizin prioritetləri qismində aktuallıq qazanıb, lakin çağırış, pafos, çılğınlıq hissinin ifadəsi azalmış, təəssüf və ümidsizlik önə çıxmışdı.

Əlbəttə, məğlub ölkənin şairi olaraq coşqulu intonasiyaya köklənmək bir qədər çətindir. Buna baxmayaraq, poeziyamızın çiyninə düşən vətənpərvərlik ruhunun qorunmasına xidmət işi Nəriman Həsənzadə, Firuzə Məmmədli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Vaqif Bəhmənli, Barat Vüsal, Musa Ələkbərli, Ramiz Duyğun, Şahin Musaoğlu, Bəsti Əlibəyli, Vaqif Aslan, Elbariz Məmmədli, Gəray Göyyurd, Şahməmməd Dağlaroğlu, Güləmail Murad, Zərəngiz Dəmirçi Qayalının, hərbçi-şair, Ali Hərbçilik Məktəblərimizin marşlarının müəllifi Zəminə Xınalının, Nəzakət Məmmədlinin və b. şairlərin şeirlərində qorunmuşdur.

2016-ci il Aprel hadisələrindən sonra Qarabağ məsələsi, ordudakı qalibiyyətlə bağlı poeziyada da qürur əzmi millətin gizli emosiyası kimi üzə çıxdı. 44 günlük Zəfərimizdən sonra isə poeziya özünü bütünlükdə qələbə intonasiyasına kökləməkdədir. Bu mövzuda ilk sözü yenə də poeziya deyir. Nəriman Həsənzadənin "İlhamın zəfər yolu", Sabir Rüstəmxanlının "Qarabağa dönüş", Abuzər Turanın "Zəfər çələngi" poemaları, Məmməd İsmayılın "Azərbaycan əsgəri", Vahid Əzizin "Param-parça illər", Vaqif Bəhmənlinin "Vətən əsgəri", Rafiq Yusifoğlunun "Zəfər dastanı", Ramiz Duyğunun "Qalibiyyət dastanı", Zeynal Vəfanın "Bu vuruşdan dönən deyil ordum mənim", Qulu Ağsəsin "Ağdam", İlqar Fəhminin "Balaca kişilər", Əyyub Qiyasın "Diriliş marşı", Gəray Göyyurdun "Dövlətim var, ordum var", Şahməmməd Dağlaroğlunun "Döyüşən sətirlər"i, Əjdər Olun "Qırx dörd günə", Sevinc Nuruqızının "Ağdam", Adilə Nəzərin "Bu zəfərin mübarəkdir, ey Vətən", "İki can", Vaqif Aslanın "Ali Baş Komandanım", Bəsti Əlibəylinin "Qübar və qürur nəğmələri", Zahid Xəlilin "Dəmir yumruq dastanı", Avdı Qoşqarın "Azərbaycan əsgəri", Dayandur Sevginin "Biri Əliyevdir, biri Ərdoğan", Zərəngiz Dəmirçi Qayalının "Qələbə köynəyi", "Şuşa", Həyat Şəminin "Salam, əsgər", Əhməd Qəşəmoğlunun "General Polad bəy", Akif Azalpın "Şuşa coşqusu", Zəminə Xınalının "Şəhid pilotlar", Esmira Məhiqızının "İndi hamı davaya getmək istəyir", Elnur Uğur Abdiyevin "Gözün aydın, Azərbaycan", Rafiq Odayın "Ucaldı hər qarışda Azərbaycan bayrağı", Faiq Hüseynbəylinin "Vətən nəğmələri", Sərdar Aminin "Bir dəqiqəlik sükut... Gecə siqnalı" kimi mətnlər, Elşad Baratın şəhidlərin əziz xatirəsinə həsr etdiyi silsilə şeirlər qələbədən sonra yaranacaq ən yeni ədəbiyyata artıq "ərəfə" poeziya nümunəsi qismində daxil olub.

AYB sədri Anarın ideya müəllifi olduğu Nəfis şəkildə nəşr edilmiş "Qarabağ Dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı Rəşad Məcidin "Şuşa havasının əritdiyi nisgil" adlı ön sözlə başlayıb, Qarabağın tarixi və taleyi ilə bağlı bir-birindən maraqlı publisist yazılarla və "Şeir çələngi" bölməsi ilə davam edir və ideya müəllifinin "Ötən günlərin yazıları", ön söz müəllifinin "Şuşa gör nələr eylər" yazısı ilə sonuclanır. M.Nuri Parmaksızın Türkiyədə nəşr etdirdiyi "Vatan konulu şiirler" toplusunda yüz şairin türk, Azərbaycan və ingilis dillərində olmaqla vətənpərvərlik mövzusunda yüz şeiri yer alıb. Dəyanət Osmanlının tərtib etdiyi "Zəfər duyğuları" antologiyasında 50-dək Azərbaycan və Türkiyə şairinin mübarək zəfərimizi vəsf edən şeirləri toplanıb.

Mövzunun tamamında yaş etibarilə yaradıcılıqları gənc ədiblərlə bağlı məruzədə təhlil edilmiş olsa da, istedadlı qazi-şairlərimiz Emin Pirinin, Elvin İntiqamoğlunun adını tutmağın da öz yeri var. 44 günlük Vətən müharibəsinin şəhid zabiti, tank tağım komandiri, istedadlı gənc şair Murad Nağıyevin Türkiyə türkcəsində yazdığı "İstanbul və həyat" adlı şeiri xatırlatmaqla mövzunu sonuclamaq istəyirəm.

 

Yeni bir gün başlat hayatta.

Sabah güneş kendini göstermeye başlar,

Sonsuz ufuklarda.

İlk ışıklar akseder deniz üstünde.

Öylece izlemeye başlarsın güneşin doğuşunu,

Sonra dayanamazsın bu güzellik karşısında,

İçini bir ferahlık kaplar.

Yüzün güler, hayran kalırsın bu eşsizliğe.

 

Her şey uçu verir aklından,

Kilitlenip kalırsın bu manzaraya,

Ama uzun sürmez bu güzellik,

Hayat gibi güzel görünür ilk başta.

 

Ve bitti artık bu doyumsuz güzellik,

Acı vermeye başlamıştır çok sevdiğinışıklar.

Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,

Sonra yüzün yanmaya başlar.

 

Bir tokat yemiş gibi yüzün yanar,

Evet bir tokat, hayat tanyediğin bir tokat.

Ne tuhaf değil mi?

İlk önce aldanıp sonra yanmak.

 

Poemalar

 

Poema janrı ilə bağlı da müəyyən addımlar yadda qaldı. Nəriman Həsənzadənin Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri", Sona Vəliyevanın "Səmərqənd - "Gur Əmir"də düşüncələr" və "Səmərqənddə Usta Əlinin türbəsi önündə" adlı lirik poemaları tarixi mövzunun poetika axtarışlarının istiqamətini ifadə etməyə imkan yaratdı. Ramiz Qusarçaylının "Vətən" poemasını (2021) isə sözün əsl mənasında bu janrda ədəbi hadisə adlandırmaq olar. "Vətən" poeması haqda ədəbiyyatşünas-alimlərimizdən, tarixçilərdən, tənqidçilərdən tutmuş, müxtəlif peşə sahibləri olan aydınlarımıza qədər hər kəs yazılar yazdı, minlərlə sıravi oxucu sosial şəbəkələr üzərindən əsərə münasibət bildirdi, poema haqda bu günə qədər dövri mətbuatda davamlı olaraq məqalələr çap edilməkdədir.

Bu gün poema janrı müəyyən nümunələr timsalında keçmişimizin miyqaslı hadisələrinə yenidən qayıdır, tarixi şəxsiyyətlərimizin obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin daxili güc və əzəmətini lirik-epik janrın sınağında təcəssümə çalışır. Son dövrdə yazılmış poemaların xronikasına diqqət edək:

Xalq şairləri Fikrət Qocanın "Mamontlar", "Dağınıq duyğular", "İnqilab", Nəriman Həsənzadənin "Xəlvətdə yanan şam", Zəlimxan Yaqubun "Çanaqqala dastanı" poemaları, eləcə də Yusif Həsənbəyin "Siziflərin qiyamı", Vaqif Bəhmənlinin "Əl", Barat Vüsalın "Aldədə", Elxan Zal Qaraxanlının "Azərbaycan simfoniyası", Musa Urudun "Qarabağ balladası", "Savaş deyir", Əhməd Qəşəmoğlunun "Tarixin türkü", "Cavanşir" və "Rəsul Rza" poemaları, Əsəd Cahangirin "Xarıgülnar", Abuzər Turanın "Zəfər nəğməsi", İlham Qəhrəmanın "Yaddaş", Dəyanət Osmanlının "İt nəfsi", Kəramətin "Cəzb və kütlə hökmü", Yusif Nəğməkarın"Çanaqqala", Elşən Əzimin "Göy üzündə barmaq izi" və "Bir gün sonra", Balayar Sadiqin "Zəfər simfoniyası", Əlirza Xələflinin "Ayrılıq" və "Dönməzlik yolu", İslam Sadığın "20 Yanvar", Sevinc Nuruqızının"Çanaqqala keçilməz", Zərəngiz Dəmirçi Qayalının "Cavab ver", Rəfael Tağızadənin "Qara-qırmızı Xocalı", Etibar Etibarlının "Ağdama gedən yol", Şövkət Zərin Horovlunun "Kənd uşaqları", Vaqif İsaqoğlunun "Bizim general", İbrahim Yusifoğlunun "Elimizə bahar gəlir", İsa Sevərin "Gedir xərəkdə dünyam", Şəfəq Sahiblinin "Səs" və "İstanbulun ağac yaddaşı" və b. poemaları. Əlbəttə, mən bu poemaları mətbuatdan izləyə bildiyim qədər sadalaya bildim.

Sonda, məruzənin hazırlanmasında mənə dəstək olmuş f.e.d, ədəbiyyatşünas alim və tənqidçi Elnarə xanım Akimovaya və gənc qazi-şairimiz Elvin İntiqamoğluna dərin təşəkkürümü bildirir, məmləkətimizin bütün şairlərinə bundan sonra da yaradıcılıq uğurları diləyirəm.

 

 

 

Çərşənbə axşamı, 19 Aprel 2022 15:01

Qocaman aktyorumuza dəyər vermək borcumuzdur

 

Bu gün Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyevin 73 yaşı tamam olur.

 

Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad şəhər 1 saylı tam orta məktəbində alıb. 1966-cı ildə orta məktəbin 11-ci sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxuyub və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olub. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil alıb. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində çalışıb.  

1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb, hərbi xidmətə yollanıb və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edib. Qabil Quliyev  burada kütləvi səhnələrin çəkilişlərində iştirak edib, kaskadyorluq sənətinin sirrlərinə yiyələnib. Bir ildən sonra hərbi xidmətini başa vuraraq vətənə dönüb və 1973-cü ildən taleyini həmişəlik Lənkəran Dövlət Dram Teatrı ilə bağlayıb. 

Ötən müddət ərzində 100-dən artıq tamaşada oynayan aktyor həmçinin bir sıra bədii və televiziya filmlərinə çəkilib.

Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə  Q. Quliyevə 1979-cu ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adı verilib. 2021-ci ildən Prezident təqaüdçüsüdür. 

O, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının ”Şərəf” mükafatına  layiq görülüb.

Gəlin ağsaqqal sənətkarı doğum günü münasibətilə ürəkdən təbrik edək, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayaq!

Çərşənbə axşamı, 19 Aprel 2022 08:30

Cazibədar Öykü Gürman dekoltelərə münasibət bildirdi

 

Türkiyədə pop musiqinin son illərdə parlayan ulduzlarından biri – Öykü Gürman bu günlər medianın gündəmindədir. Söhbət müqəddəs Ramazan ayında əxlaqi dəyərlərdən gedir, çünki son zamanlar daha çox xanım müğənni, aktrisa əxlaqsız görüntülərlə, pozğun hərəkətlərlə gündəmdə dayanır.

 

“Ədəbiyyat və incəsənət” portalı SonSöz xəbər ajansına istinadən məlumat verir ki, Quzey Kıprısda konsert verən və ön cərgədə əyləşən nişanlısı Fateh İçməliyə heyran baxışlarını gizlətməyən Öykü xanım mediaya yeni sinqlı barədə açıqlama verib. Söyləyib ki, 1990-cı ildə Bürhan Çaçanı məşhur edən “Ayaz gecələr” mahnısını repertuarına daxil edib. Deyib ki, bu cür arabeskləri çox sevir və oxumaqdan zövq alır.

İndi isə gələk mətləbə. Müsahibə zamanı jurnalist ondan soruşub ki, əvvəllər dekoltelər geyərdiniz və bu, sizə çox yaraşardı. İndi niyə o tərzdə geyinmirsiniz?

Öykü Gürman cavab verib ki, mən indi sənətimlə gündəmdə olmaq istəyirəm, geyim-kecimlə yox. Və onu da deyib ki, toya hazırlaşır və həyatını sənətinə və gələcək qocasına həsr edəcək.

Əlbəttə ki, sənətdə soyunub məşhurlaşmaq düzgün seçim deyil.

 

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən bildirilir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan arxalığa həsr olunub.

Arxalıq Azərbaycanda ən geniş yayılmış geyimlərdən hesab edilirdi. Adından göründüyü kimi, arxalıq qadınların sinə nahiyəsini açıq saxlayaraq bədənin kürək hissəsini tamamilə örtürdü.

Üst geyimi olan arxalıq əsasən qiymətli parçalardan – tirmə, tafta, məxmər, atlaz, xara, zərxara və s. tikilirdi. Qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi.

Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları “nilufər qollu” (yelpazəli) olurdu. Dirsəyə qədər düz olan nilufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi.

Bel kəsiyinin formasına, yaxa və ətəyinin səciyyəsinə görə qadın arxalıqları bir-birindən fərqlənirdi. Azərbaycanın etnoqrafik bölgələri arasında öz biçim tərzinə, şux rənglərinə görə seçilən Qarabağ geyimləri mühüm yer tutur.

Şəkildə təsvir olunun arxalıq XX əsrin əvvəli aiddir. Nümunə tirmə parçadan hazırlanaraq bafta və qaragözlə bəzədilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.