Bu gün Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyevin 73 yaşı tamam olur.
Qabil Əzizulla oğlu Quliyev 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad şəhər 1 saylı tam orta məktəbində alıb. 1966-cı ildə orta məktəbin 11-ci sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxuyub və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olub. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil alıb. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində çalışıb.
1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb, hərbi xidmətə yollanıb və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edib. Qabil Quliyev burada kütləvi səhnələrin çəkilişlərində iştirak edib, kaskadyorluq sənətinin sirrlərinə yiyələnib. Bir ildən sonra hərbi xidmətini başa vuraraq vətənə dönüb və 1973-cü ildən taleyini həmişəlik Lənkəran Dövlət Dram Teatrı ilə bağlayıb.
Ötən müddət ərzində 100-dən artıq tamaşada oynayan aktyor həmçinin bir sıra bədii və televiziya filmlərinə çəkilib.
Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Q. Quliyevə 1979-cu ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adı verilib. 2021-ci ildən Prezident təqaüdçüsüdür.
O, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının ”Şərəf” mükafatına layiq görülüb.
Gəlin ağsaqqal sənətkarı doğum günü münasibətilə ürəkdən təbrik edək, ona möhkəm cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayaq!