Şuşada "Məclisi-fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin poeziya məclisinin açılışı və şeir məclisi keçirilib

 

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi-fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi, habelə şairləri iştirak ediblər.

İlk öncə Azərbaycan şairləri - Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunmuş, habelə Xurşudbanu Nətavanın büstünün qarşısına gül-çiçəklər qoyulmuşdur.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında  bərpa olunan "Məclisi-fəramuşan" poeziya  məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.

Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və  birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesinin şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli Ermənistan işğalından azad olunan Şuşamızın mədəni həyatının günü-gündən canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd edib. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən Akif Marifli 2023-cü ili  TÜRKSOY tərəfindən Şuşanın  Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, həmçinin Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib.

A.Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb,  ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında mühim rolunu qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Majid bildirib ki, 2023-cü ildən Şuşa Türk dünyasının mədəniyyət körpüsü olacaqdır. Bunun Özbəkistan üçün də əhəmiyyətli olacağını vurğulayıb.

Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat verib.

Daha sonra  "Məclisi-fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib.

Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər.

Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və  "Körpü" verilişində yayımlanacaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.