Manşet
Ədəbiyyat
Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival
ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin keçdiyini söyləyirlər. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Ələsgər Tərlan oğlu Əhmədov (Ələsgər Əhməd)
1997-ci ildə Bakida anadan olub. 2004-cü ildə 1 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. 2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra Naxçıvan Əlahiddə Sərhəd diviziyasında 1 il tam hərbi xidmət keçib. 2020-ci ildən “Mücrü” nəşriyyatında redaktor və operator vəzifələrində çalışıb.
Dövri mətbuatda şeirləri və məqalələri ilə çıxış edir.
Ələsgərin şeirləri həqiqətən də SW ekspertlərinin təəccübünə səbəb olub. Bu qədər dərin məzmunlu, obrazlılıqla aşıb-daşan, frazeologiya səpkili, bədii, cilalanmış şeirləri adı ədəbi dairələrdə epizodik keçən bir gəncin yazmasına təəccüblənməyib neynəyəsən?
ovuclar bir göz yaşı tutumudu;
gözləmək sevdanın onurğa sütunudu;
yəqinlik Allahın bəndədən əminliyidir;
bulvarın ortasında kəfənlənmiş kaktuslar
37-ci kalonda güllələnmiş məhbuslar ;
Quran ərəbcədən çox, Allahcadır;
eşq - saçlarının qoxusunu unutmayan hafizə;
təklik - çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi;
azad dənizlərin düşməni akvariumlar;
ömrün naqillərindən alo deyir
nömrəsi çevrilməmiş telefon dəstəyi;
yüklərinə tərəziyəm;
ayaqqabı olmağa addımlayır
dərisi timsahın da;
söz - ana bətnində ölən uşaqdır...
1.
İtici romantika
Mən səni
Anasından yem gözləyən,
yuvasında bütün varlıqları əzizləyən quşların yoxluğu qədər istədim
Uşaqlığımdakı evin yeməyi olmasa da,
Getməyən anamın toxluğu qədər istədim.
Günəş gözünü,
heykəllərə qırpırdı
Sakit külək özünü,
dəstəksiz qapılara, mənzərəsiz pəncərələrə çırpırdı.
Gəldin.
Həyəcanlı ikən titrəyən əllərimi gizlətdim,
saçların üsyankar dalğa idi küləkdə
Gözlətdim,
həyatımdakı qaranlıqlardan qaçırdım, ağ köynəkdə
Bəlkə görə bilmək,
aşiq ola bilməkdi
Aşiq olmaq -
ona dünyanın genişliyini göstərmək üçün,
yanından çəkilməkdi
Mən səni
Yaralı əsgərin ölmək,
korun eşitdiyini görmək,
Lalın həqiqətləri danışmaq istəyi qədər
Beynini kələklərdən,
əynini küləklərdən qoruduğum sənə,
alışmaq istəyi qədər sevdim.
2.
Əl
Bir sinif şagird qucaqlamasıdı,
ruhunun meditasiyası
Mənim üçün sənin əllərindir, Ləman
Həqiqət zaman-zaman incidər,
Bağlı gözlərindən gələn dodaqlarındı ağlımın mutasiyası
Halı-sərgərdan dolaşıram,
sənə həsrətlə baxmağa həsrət qalmamaq üçün alışıram
Bütün qismətlərə
Məmnunam,
çünki ovuclar bir göz yaşı tutumudu
Balıqların dərin sularda yeyildiyi kimi
Gözləmək sevdanın onurğa sütunudu,
"Ovod"da deyildiyi kimi
Mən üsyanam,
bir balaca uğrumda vuruş.
Doğulmamış övladından
vaz keçən ananın dərdində, səni tanımamağımın adı, ayrılıqdı?
adi ayrılıqdı
Ayrılıq bir nəfərin verəcəyi qərar deyil,
içindəki özündən də soruş
Xatırlanmazsan hansısa qadından
Nə gözlərindən oxşar,
nə də yoxluğunda yaşar varoluşumdakı təlqin
Qulaqlarında duyular,
quyular, baxışlarının dərinliyidi
Səninlə sağalaram yəqin,
yəqinlik Allahın bəndədən əminliyidir.
Qaçışın ən tez nəfəsimə çatırdı
qayıqları kifayətlərdə batırdı qarmaqlar
barmaqlar qucaqladı əlimi
aşiq olduğum gözlərinlə baxıb dedin, ədəbiyyat müəllimi
Bulvarın ortasında kəfənlənmiş kaktuslar
37-ci kolonda güllələnmiş məhbuslar
Gəmi görkəmində mayak,
yolu göstərib, gözləyən liman
güman yerim
Gəl sənə bir sirr verim:
Yolun
ikinci addımında beş qaça bilirsənsə, ixlas, xilas
içindəki "düşmən" intiqamına
atəş aça bilirsənsə, islah, silahdı
Sənin təsəvvüfündən hədiyyə,
nəqş-bəndiyyə
ilahi səfərdə yanlış addımlarımızın,
səf-arası onun rəsulu.
Dirsəyimdəki su, ruhumun qüsulu
əriməklə yanğısına ağlayan şam
danmır qamətini,
qiyamətinə çevirəcək təkanı
onun gözündən fitil,
mənim atəşimdən dabanımı közərdir
pəncəmə dolaşsa da
Sönməyə çalışsa da,
qəbulu xatırlanır.
Axı, damlalar enməzdən öncə hazırlanır gölməçə məkanı.
Göyərçinin ayağına yox,
qulağına pıçıldayıb ağlına bağlamışdım məktuba yazılanları
Süleymanca tənbehləmişdim;
varlığının zikrini təsbehləmişdim
Xarabatı təşbehləmişdim ki, baxçadı
Dolaşıq düşünmə, inam fikrini
kiçik-kiçik tapşırıqlar mühafizə
Quran ərəbcədən çox, Allahcadır.
Eşq - saçlarının qoxusunu unutmayan hafizə
Sənə göz yummaq istəyərəm, ölümqabağı
Axı,
Təklik -
çılpaqkən özünü izləyib zövq almaqla, utancın qətlidi
Həqiqət çılpaqlığı
O, güzgüdə görünməyəcək qədər sürətlidi
Damar da ömrünün illiyi
İstərsən, axar
Qoxusunu çəkdiyim telləri
geri qaytarır çəpər əyriliyi
Canın anı canandırsa,
dərin sularda üzdür söz oyunlarını
Anomaliyayla doğulan təpəgözlər,
ailəvi təcridlə yaşayardı nağıllarda
Qüsur uşaq yaşlarından başlayardı, böyük ağıllarda
göz səni görəcəksə, nizəyə qırpınmadan baxar
Qəlbin qan ağlayanda
o, gülərsə, halın da sevgilisidi
Ağıllı saydığın,
sən saydığın barmaqların dəlisidi.
İflic qorxusudur
dəniz heyvanlarının şüşə qəfəslərində qorxu, sudur.
Başın
bir işıq yuxusunu beşikdə çalxalandırar
Azad dənizlərin düşməni akvariumlar,
şüşə qəfəsli balaca dənizlər
Balıqların bir-birinə həsrətini dalğalandırar
Keçmişin qəmlidi?
Keçmiş!
Mənim istəmsizliyimdən önəmlidir,
məni istəyənin istəyi
ömrün naqillərindən alo deyir,
nömrəsi çevrilməmiş telefon dəstəyi
Baxır, həyat tərəfə
Jhonpardian
məsafələrin qapısında əzmkarlıqla üzünü turşutmuş qardiyan
Dodaqaltı kinayələyir,
"satqındır qvardiyan" şübhələr içində - cəbhələr firqəsində
dırnağından ütülür göyərçin də, etibar dəbilqəsində
Bu, ərəfə
bənövşəni
dərmədən sığallamış bağbanların ən rövşəni
Kor olduğum səslərə karsan
Həyatınızda biri olsun,
deyin: Mən səninlə xoşbəxt deyiləm, xoşbəxtliyin özüyəm
Məcnun səhrada divanə olmuşdu
Mən Bakıda, nə yaxşı ki, sən varsan.
Yüklərinə tərəziyəm.
Nə hansısa mətbəxdən pizza
Nə də hansısa rəssamdan Mona Liza
Başımın üstündə Məşədikazımın şəkili
darçınlı çay dolu armudu - stəkan,
daş nəlbəkili.
Və sən.
Mən ömrünün qarğasıyam
Başladığın cümlənin arxasıyam
sən mənim üçün nəfəs ehtiyacısan,
ruhun oksigen ağacısan.
Səni arada elə gizlədirəm,
oğurlandığını sanıram.
Sevmək inanmaqdır, inanıram.
3.
Fotoaparatdakı gözlərin.
"Sokrat kimi olmaq daha yaxşı imiş"
bəlkə özündən bezdiyindən, inkar əvəzliyindən demiş; Stüart.
Füsunkar gələcəyin özlüyündən, keçmiş dart.
Özlədiyin,
retro distansiyalarda
Qulların qarın qatındakı, qurdların naharı
Metro stansiyalarda gözlədiyin,
qatar sərinliyi
Dəmir pulların insanların həyatındakı dərinliyi: ovcundakı kart.
Xəmir məhsulların, standart şirinliyi -
"Nobaharı"
Gözlərində,
birincilik yayınmaqdır, hədəf sanı
İnciklik, məcburi aranı ayırmaqdır, sözlərində
Yalançıdır gerçəyindəki bəla-kin
Lakin, dirsəyindəki inqilabçı yaranı,
mühafizə adında qapıçı köynəyin sürtür
İçindəki çılpaqlığı örtür, nəfsani abır.
Doğum günlərinin vacibliyi,
beynimdəki qaranlıq cibliyi günəşləndirdi - 6 Noyabr.
Samanını saxlamayan,
zamanını anlamaz.
Kosmogen qüvvəni adlandıran,
ruhunu səccadədən göylərə qanadlandıran namaz,
Qəbuldurmu?
Məni görməməyin,
kefsizliyinə quldurmu?
Hissiyatlı dəqiqələr,
bir divar saatının evsizliyinə bənzədilsə,
dinlədiyim musiqilər səsinlə bəzədilsə,
Dünyanı sənə tapşırıb,
gözü açıq intihar edə bilərəmmi?
Barıtından boğular?
Oyuncaq evindən, uşaq arabasına qundaqlanan mərmi.
İkinci paraqraf.
"Mən ağlamıram!"
ağlasan, silərəmmi,
Uslandığım mövsümünə gələrəmmi
Təbəssümünə fokslandığım, fotoqraf?
Bir saniyə, bədənimin abı - boğulmağa dizdən:
Heyvanpərəst ulğum,
boğazımdakını yarımlayır
ayaqqabı olmağa addımlayır,
dərisi timsahın da
Qorxduğum dənizdən görünürsən,
su pərisi timsalında.
Dalğalar qışqırırdı,
bir sən yanırdın qaranquşların köçündən əmin halına
bütünlüyə varan quşların qanadında dayanırdın
İçindən qorxuluq adında,
qarğalar fışqırırdı həmin balina.
4
3-lü vəfat koloniyası
Söz - ana bətnində ölən uşaqdır
Qaranlıq otaqdır,
qırmızı rəngdə
Külək kədərə ortaqdır,
ayrılıq bir azca yumşaqdır, boz çərpələngdə.
Anamın ovucları dualarda məzarım,
Lalların dərdidir səs buralarda
Karlar qəbahəti eşitmir deyə,
xoşbəxtdir, ariflər axmaqdır məhz buralarda.
Mənzərə - korların danışdığıdı
günah - Adəmlə, Həvvanın tanışlığıdı
Xəncərə təzimdə yaradılış da
Sənə pəncərədən görünən qış da
Əlcəyi olmayan ələ bəladı.
Birdən, müharibədir mübarizələr
Nə deyim, əzm də belə bəladı.
görmək istədiyin "sən" əylənir,
yelləncək kirpiyində
ipliyində, həyətindəki həyatın
asılıb, bir küncə qısılıb mənəviyyatın
Düşününcə görürsən,
istinad etdiyin yerlər, göylərin inşasıdır
Küləklərin ifşasıdır zəlzələlər
İctihad - deyəsən,
hamıdan əvvəl qaça bilmək üçün sürətlidir, kərtənkələlər.
Bağışlayın,
siz, öldürülmüş birinin ömrünü yaşayırsız.