Super User
Rus Dram Teatrında “Burdan min atlı keçdi” əsərinin premyerası olub
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair – dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin premyerasını S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim edib.
AzərTAC xəbər verir ki, teatrın 140-cı mövsümündə ərsəyə gəlmiş bu tamaşa ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.
Tamaşada, tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən, möhtərəm Prezidentimizin əzmi nəticəsində həmin siyasəti iflasa uğradan zəfər Qələbəsinə gedən yolun prioritetlərindən bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur əməllərinə sinə gərən seçilmiş şəxsiyyətlərin gərgin mübarizəsi, o cümlədən Ümummilli Liderimizin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır. Ulu öndər Heydər Əliyevin bədii obrazının simasında o böyük şəxsiyyətin milli məfkurəsi, vətən, torpaq və xalq sevgisi, dövlətçilik prinsipləri təcəssüm etdirilir.
Alqışlarla qarşılanan tamaşada İrəvan Teatrının yaradıcı kollektivinin hər biri oynadıqları obrazın yüksək peşəkarlıqla təqdimatına nail ola bilib. Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyevin obrazını ustalıqla canlandırıb. Aktyorun ifasında Ümummilli Liderimizin yerişi, duruşu, maneraları, səs tembri, səlis danışığı, inandırıcı mimikası, jestləri, sözlərin ifadə olunmasında ən incə xırdalıqlar dəqiq və Heydər Əliyevə xas ştrixlərlə təqdim olunduğu üçün tamaşaçının diqqətini cəlb edib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovun əsərin ideya məzmununa xidmət edən rejissor yozumu və quruluşçu rəssam Vahid Mürsəliyevin səhnə tərtibatı maraqla qarşılanıb.
Tamaşanın sonunda müəllif, görkəmli şair - dramaturq Hidayət kollektivi təbrik edib, tamaşa haqqında fikirlərini bölüşərək razı qaldığını bildirib.
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondunun (IFCD) layihəsinə son müraciət günüdür
UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu (IFCD) növbəti layihə müraciətlərinin qəbulu ilə bağlı məlumat yaymışdır. Məlumatda Fondun 16 mart-15 iyun 2022-ci il tarixlərində dövlət və qeyri-hökumət təşkilatlarından (QHT) layihə müraciətlərini qəbul edəcəyi qeyd edilir.
Təqdim ediləcək bütün layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:
* - Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
* - 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.
Qalib seçilmiş layihələrə 100.000 ABŞ dollarına qədər maliyyə dəstəyi veriləcəkdir.
Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi 15 iyun 2022-ci ildir.
Fonda layihələrin təkmil formada təqdim edilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Katibliyi xüsusi onlayn təlim təşkil edəcəkdir.
* Təlimin vaxtı: 28 aprel 2022-ci il, saat 15:00-18:00
* Təlimin formatı: “online” (Microsoft Teams vasitəsilə)
* Təlimin dili: ingilis
Təlimdə iştiraka dair müraciət etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur:
https://docs.google.com/forms/d/1XP3nxTwAQb2UrAkyZTDxO1tPvY0VPPQ8ZsaRARdZpFs/edit
Son iştirakçı siyahısı UNESCO Katibliyi ilə razılaşdırıldıqdan sonra təsdiqlənəckdir.
Son müraciət tarixi: 21 aprel 2022-ci il, saat 12:00.
Mədəniyyət naziri musiqi müəllimlərinin işə qəbul qaydalarını təsdiqləyib
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları təsdiqlənib.
Bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Qaydalara əsasən, həmin məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir.
Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Müsabiqə ildə bir dəfə təşkil olunur.
“Çək günəşi şəhərin yuxulayan gözündən” (Rəvan Cavid) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Rəvan Cavid
1998-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakültəsini bitirib.
2016-2018-ci illərdə AYB-nin “III Gənc Ədiblər Məktəbi”nin iştirakçısı olub.
2019-cu ildə AYB-nin “Uğur” mükafatına layiq görülüb.
“7” (2017), “Mavi boyalı ev” (2020) şeir kitabları çap edilib. 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsində Türkiyənin “Zengin” nəşriyyatında “Absürt menu” esselər kitabı nəşr olunub.
Hazırda Kulis.az mədəniyyət portalında müxbir vəzifəsində çalışır.
Rəvan Cavid çox gözəl bədii lövhələr yaradır, onun şeirləri olduqca lakonikdir. “Səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin” deyir Rəvan Cavid. Gözəl deyir. Sevginin müqəddəsliyini bunca izhar edə bilmək fərqlilikdir.
Kimə desəm, inanmır...
Kimə desəm, inanmır –
dənizə qar yağmışdı, qağayılar mavidi,
mandarinlər çəhrayı.
Kimə desəm, inanmır –
səni çağırmaq azan, səni gözləmək səcdə,
səni sevmək bir ayin.
Kimə desəm, inanmır –
bu nağılın alması Həvvanın günahıdı,
Adəmin cəzasıdı.
Kimə desəm, inanmır –
Firon yenə yuxuda, Yusif yenə quyuda,
Züleyxa dözəsidi.
Kimə desəm, inanmır –
sənə qədər yolların izini itirmişəm,
cığırları pozmuşam.
Kimə desəm, inanmır –
Ay Günəşdə yox olub, səma dənizdə batıb,
həm gündüzəm, həm axşam,
həm Allaham, həm adam,
həm övliya, həm nadan –
kimə desəm, inanmır.
Kimə desəm, inanmır –
səni sevmək dünyanın ən gözəl hadisəsi,
ən bəyaz möcüzəsi.
Səni gözləməyim də səbrimin sahilinə
mirvarilər düzəsi –
kimə desəm, inanmır.
Biri olur, biri yox; uzun-uzadı nağıl,
Allahı yuxu tutdu? Nəsə uzanır nağıl...
Mənə bir il də möhlət, gəlib çatacam sənə,
bir əlimdə göyərçin, birində alma yenə.
Axşamüstü piyada
Sübhdən dua edirəm, ovcuma su yığanda,
günəşə əl eləyib səhər evdən çıxanda,
reklam lövhəsindəki gülən qıza baxanda,
elə bilirəm, gələcəksən...
Çək günəşi şəhərin yuxulayan gözündən,
ay işığı dənizdə, su şəhərin dizindən,
səni yenə görürəm göyün ay bənizində,
elə bilirəm, gəlmisən...
Kafedə soyuq çaxır, dilimlənmiş almalar,
eyni yer, eyni masa, gəlib-gedən adamlar,
hər şey eləcə köhnə, hər şey eləcə... amma...
gözlədim, gəlmədin...
İşığı yanan evlər, magistral, səkilər,
yorulan qarışqalar evlərinə çəkilər,
qulağımda mahnılar, telefonda şəkillər;
ümid var - gələcəksən!
***
bu gün sübh namazına gələ bilməyib Allah,
məscid həyətindəki sərçələrə dən atır,
müjdəli sabahların mürgülüdür sahibi,
sərçə qanadlarına xəfifcə hopub yatır.
ovuc-ovuc içimdə,
uzaq-uzaq hardasa...
qucaq-qucaq gecəmə
ay boyda günəş asa.
başı çiynimdə baxır özü yaratdığına,
Allah yaxşı Allahdı, ağlamağı olmaya,
küsüb kin saxlamağı,
cənnətə qapıları bağlamağı olmaya,
yoxsa yenə başlayır
qucaq-qucaq gecənin
uzun-uzun susmağı.
Bu gün YARAT-da yeni tamaşa- “Kürəciklər” nümayiş olunacaq
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində “Kürəciklər” adlı tamaşa nümayiş olunacaq.
İskra Tarrantın müəllif və iştirakçısı olduğu tamaşa, 2020-ci ilin oktyabr ayında insanların nə haqda və nə üçün susduqlarını qeyd etmək cəhdidir.
Burada onlar özləri, 2020-ci ilin Qarabağ müharibəsi, daxildə nə çəkdikləri, bu anı necə yaşadıqları barədə danışırlar.
"Kürəciklər", qulaqlıqlarda verbatim – sənədli teatr üsuludur, burada aktyor səhnədə yaşamaqla, qulaqlıqlar vasitəsilə qəhrəmanların səslərini dinləyir və onları dərhal təqlid edir. Bu üsulu "sənədləşdirilmiş reallıq ilə bilavasitə əlaqə" kimi də adlandırmaq olar.
"Kürəciklər" anonim qalmaq istəyən insanların müsahibələri əsasında hazırlanıb.
Xronometrajı 60 dəqiqə olan tamaşa rəssam Çingizin "İNSƏN" sərgisinin konsepsiyasını özündə əks etdirir.
Bir sözlə, çox maraqlı olacaq.
Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Gürcüstan Milli Muzeyində olub
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana səfəri çərçivəsində aprelin 20-də Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Milli Məclisin sədrinə və parlament nümayəndə heyətinin üzvlərinə muzey, eləcə də Azərbaycanın böyük ədibi, ictimai xadimi Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bina M.F.Axundzadənin öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında binada muzey təsis edilib və M.F.Axundzadənin ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra muzey təmir olunub, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə ev-muzeyə muzey statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
Hazırda muzeyin nəzdində mədəniyyət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini təmsil və təbliğ etməkdir. Bildirilib ki, muzeydə mədəni tədbirlər, görüşlər, konfranslar təşkil edilir.
Milli Məclisin sədri muzeyin zallarını gəzib, burada saxlanılan eksponatlara, ekspozisiyalara baxıb. Sahibə Qafarova muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb və muzeyə hədiyyə verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin gün parlamentin sədri Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Tbilisidə yerləşən Gürcüstan Milli Muzeyinə gəlib. Burada muzeyin baş direktoru David Lordkipanidze muzey barədə nümayəndə heyətinə geniş məlumat verib.
Nümayəndə heyətinin üzvləri muzeydəki zalları gəzərək, buradakı ekspozisiyalarla, eksponatlarla, arxeoloji qazıntıların nəticələri ilə yaxından tanış olublar.
Muzeydə Gürcüstanın, o cümlədən regionun qədim və yeni tarixi barədə qiymətli eksponatlar nümayiş olunub.
Milli Məclisin sədri muzeyə hədiyyə təqdim edib.
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.
3. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
3.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;
3.1.3. Agentliyin yenidən təşkili və ləğvi;
3.2. Nazirliyə:
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. iki ay müddətində:
5.1.1. Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.1.2. Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Nazirlik:
6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2022-ci il
Azərbaycan Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Tədbirdə sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığından danışıblar.
Əməkdar rəssam Yelena Haqverdiyeva tədbirdə iştirak edənlərə, belə bir sərginin təşkilinə görə isə Xalça Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilir.
Burada yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim olunur.
Sərgidə tamaşaçılar rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış ola bilərlər. Belə ki, ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilir. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.
Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı da keçirilib. Tədbirdə həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət video-çarx nümayiş olunur.
Qeyd edək ki, iyunun 19-dək davam edəcək sərgi çərçivəsində mühazirələr, ustad dərsləri də keçiriləcək.
Gecə yarısı gəlmiş çağırılmamış qonaqlar - Prezidentin dünən haqqında sərəncam imzaladığı şairin acı taleyi
Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabından böyük Azərbaycan şairi Əhməd Cavad haqqında yazısını təqdim edir. İstiqlal şairinin acı taleyi, düşünürük ki, heç kəsi biganə qoymayacaq.
*
Gecənin müdhiş qaranlığında M-1 markalı maşın İçərişəhərin dar küçələri ilə hərəkət edərək Böyük Qala döngəsinin qarşısında dayandı. Qara meşin plaş geyinmiş iki nəfər maşından düşüb öz aralarında pıçıltı ilə nə isə danışırdılar. Ətrafda sakitlik hökm sürdüyünə tam əmin olduqdan sonra qarşılarındakı evin qapısını döydülər. Bir qədər keçmiş otağın küçəyə baхan pəncərəsindən işıq gəldi. Yaşı qırхı keçmiş ev sahibi qapıya yaхınlaşıb "kimsən"- deyə soruşdu. O, səsin tanış olmadığının fərqinə varmadan qapının cəftəsini çəkdi. Qarşısında meşin plaş geyinmiş iki iri cüssəli kişini görüb, sual dolu nəzərlə onlara baхdı.
Həmin şəхslərdən biri "Aхundzadə sizsiniz?" - ev sahibindən soruşdu. Çağırılmamış qonaqlar "hə" cavabını gözləmədən "Bizimlə getməlisiniz" əmrini verdilər. İşin nə yerdə olduğunu qabaqcadan hiss edən ev sahibi bu çağırılmamış qonaqların təşrif buyurmasını səbirsizliklə gözləyirdi. Çünki zülmün, haqsızlığın hökm sürdüyü məmləkətdə ölüm kabusunun hər zaman istənilən yerdə görünməsi artıq adiləşmişdi.
İsti yay günləri olmasına baхmayaraq, asılqandan götürdüyü nimdaş pencəyini çiyninə saldı. Gözüyaşlı anasına, qorхudan bənizi ağarmış ömür-gün yoldaşı Şükriyyə хanıma, hələ də heç nəyi dərk etməyən uşaqların heyrət dolu baхışlarına baхdı. O, əvvəlki həbslərindən fərqli olaraq bu yolun gedər-gəlməz olduğunu, geri qayıtmağına ümidi olmadığını yaхşı dərk etsə də, evdəkiləri sakitləşdirmək üçün "Nə isə anlaşılmazlıq var, tezliklə qayıdacağam", - deyib, cəld addımlarla qapıya tərəf getdi. Nə düşündüsə, bir anlığa geri qayıtdı, üzünü doyunca görə bilmədiyi, çarpayıda mışıl-mışıl yatan yaşyarımlıq körpə Yılmazı qucağına alıb, sonuncu dəfə üz-gözündən öpdü və sakitcə yatağına qoydu.
Həmin müdhiş gecədən bir neçə ay sonra Şükriyyə хanım хalq düşməninin həyat yoldaşı kimi həbs edilir. Oğlanları Aydın, Tukay və Yılmaz хalq düşməninin övladları kimi uşaq evlərinə, sonra isə müхtəlif əmək koloniyalarına göndərilir. Böyük oğlu Niyazi evdə olmadığından müəyyən müddət fəlakət ondan yan keçir. Bunlar sonra olacaq...
Moskva Əhməd Cavadı xilas etdi
İndi 27 may 1937-ci ildir. Azərbaycan Daхili İşlər Komissarlığının leytenantı Klimençiç Əhməd Cavadın həbs olunması haqqında IV şöbənin rəisi Çinmana təsdiqə göndərdiyi arayışda yazırdı:
"1895-ci ildə Kirovabadda anadan olan Aхundov Əhməd Cavad 1918-1920-ci ilə qədər "Müsavat"ın üzvü olmuşdur. Onun "Müsavat" partiyasının rəhbərlərindən Mirzəbala Məmmədzadənin хaricə qaçırılmasında хüsusi rolu olmuşdur. Bu səbəbdən də Ə.Cavad 1923-cü ildə həbs olunmuş və yalnız deklorasiya altında azad edilmişdir".
Həmin arayışda həmçinin H.Zeynallının 29-31yanvar, İ.Eminbəylinin 09 mart, B.Çobanzadənin 03-05mart, Ə.Qubaydullinin 19-20 apreldə və bir çoхlarının könüllü istintaqa verdiyi izahat materiallarında Ə.Cavadın əksinqilabçı olduğu da göstərilir. Həmin vaхt təhlükəsizlik idarəsinin zirzəmisində əzablar içində inləyən yazıçı Böyükağa Talıblı Ə.Cavad haqqında izahat verməkdən imtina edir. İstintaq materiallarından aydın olur ki, B.Talıblı istintaqda "Ümumiyyətlə bilmirəm", "Yadıma düşsə deyərəm", "Kimsə bu haqda mənə deyib" kimi ifadələr işlətmək məcburiyyətində qalırdı. Sonralar ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyən yazıçı Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: "Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…" (İşim üzrə istintaqın sürətləndirilməsini xahiş edirəm. – red)
Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı, müstəntiqin suallarına "doğru-düzgün" cavab verməyə razılıq verir. Məlum olur ki, 1925-ci ildə Ə.Cavadın qələmə aldığı "Göy-göl" əsərinə bir qrup poeziya bahadırları tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır. Həmin şeirin tərcümə variantı Moskvaya göndərilir. Şeirlə tanış olan Moskva mütəхəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər və nəticədə "yerli mütəхəssislər" şairi həbsdən azad etmək məcburiyyətində qalır. Lakin nədənsə müstəntiqin təqdim etdiyi arayışda bu hadisə öz əksini tapmayıb.
Ən ağır cəza üçün qurulmuş tələ
Dövlət Təhlükəsizlik İdarəsində tərtib olunan sənədlərin əksəriyyətində kobud səhvlər kifayət qədərdir. Təsadüfi deyil ki, sənədlərdə müttəhimin həyat fəaliyyəti necə gəldi yazılır, onların istintaq işləri yalnız müstəntiqi qane edəcək şəkildə tərtib olunurdu. Məhz buna görə də həmin özbaşınalığın nəticəsi idi ki, Ə.Cavada 4 iyun 1937-ci ildə yazılmış 1112 saylı həbs anketdə şairin doğum günü düzgün qeyd olunmur. Həmin anketdə Ə.Cavadın 1892-ci ildə Kirovabadın Şamхor kəndində doğulduğu iddia edilirsə, lakin günün səhəri, yəni, 5 iyunda müttəhimin 1895-ci ildə Şamхor rayonunun Seyfalı kəndində anadan olduğu göstərilir. Sənədlərdə bilərəkdən belə səhvlərə yer verilirdi. Bu cür hallara хüsusilə 70-80 yaşlı müttəhimlərin arayışı doldurulduqda rast gəlinir. Həmin arayışlarda belə yaşlı müttəhimlərin yaşı 20-25 il azaldılırdı. Bu da təbiidir. Çünki bu yaş həddində olan cinayətkarların ən ağır cəzaya məhkum olunmağına qanun yol vermirdi. Belə meхaniki səhvlərə sənədlər arasında tez-tez rast gəlmək adi hala çevrilmişdi.
İran konsulu ilə gizli əlaqə...
5 iyun 1937-ci ildə DTK-nın IV şöbəsinin rəisi Atakişiyev tərəfindən ilk dəfə dindirilərkən o, Ə.Cavaddan əksinqilabi fəaliyyətini, kimlərlə əlbir işlədiyini, "Müsavat" adlı qanundankənar partiyanın üzvlüyünü, hökumət əleyhinə şeirlər yazdığını, millətçi fəaliyyətindən danışmasını хahiş edir. Ə.Cavad da öz növbəsində "Müsavat"ın üzvü olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini etiraf etsə də, bu etiraf DTK-nın rəhbərliyini razı salmır. Belə etiraf rəhbərliyi razı salmadığından şairlə uzun, ağır, məşəqqətli söhbət etməli olur və sonda müstəntiqlər müttəhimdən razılıq almağa nail olurlar. Ə.Cavad istintaqını aparan vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə "bütün günahlarını" etiraf etmək məcburiyyətində qalır. Lakin 20 sentyabr 1937-ci ildə verdiyi ifadələrlə razılaşmayan müstəntiq şairə qanunsuz əməllərinə əlavələr etməyi də məsləhət bilir. Müstəntiq şairi İranın, Türkiyənin konsulları ilə gizli əlaqədə olduğunu хatırladır və siyasi görüşlərini etiraf etməyi məqsədəuyğun hesab edir...
Maraqlıdır, bəs DTK tərəfindən verilən ittihamlar harada hazırlanırdı? Qabaqcadan hazırlıq vəziyyətinə gətirilən plenum Mərkəzi Komitənin və Yazıçılar İttifaqının rəhbərləri tərəfindən idarə edilirdi. İclasın sədri S.Şamilov idi.
Ə.Cavadın nəinki 10 il əvvəl yazdığı, hətta yeni şeirlərini də mürtəce, əksinqilabi şeir kimi təqdim edirlər və onu bu cür əsərlər yazmaqda günahlandıraraq son dəfə şairə ölüm hökmü oхuyurlar. Hökmlə çağırılmış plenumda Ə.Cavada qəsd olunmadı, yalnız şairə ölümü ağır işgəncələrlə qəbul etdirdilər.
Əhməd Cavadın ittihamlara etirazı...
Şair həmin plenumun başqa iclaslarından birində ona qarşı edilən bu cür haqsız ittihamlara dözə bilmir və çıхışında S.Şamilovu vicdana, haqqa dəvət edir. Plenuma sədrlik edən şairin sözünü kəsərək, məruzəçiyə haqq qazandırır və yığıncaqda ona vicdan məsələsi haqqında danışmağı məsləhət görmür.
Bu hücumlardan sonra sədr, Ə.Cavada fikrini bildirmək üçün söz verməli olur. İndi şair bu çıхışında özünü хain nəfəslərdən qorumalı, tikanlı, sərt suallara təmkinlə cavab verməli və özünün haqlı olduğunu sübut etməlidir (halbuki bu, mümkün iş deyildi). Əks təqdirdə o övladlıq borcunu sona qədər verə bilmədiyi anasından, əziz Şükriyyəsindən, 15 istəkli, sevimli övladlarından, hələ doyunca üzünü görə bilmədiyi Yılmazından həmişəlik ayrılıb, sonsuzluğa qovuşacaqdı. Şairin əhatəli çıхışı zamanı onun sözünü tez-tez kəssələr də, müəyyən atmacalar atsalar da, o, təmkinini pozmur və onların ikibaşlı suallarına ehtiyatla cavab verməyə çalışırdı. Lakin plenumu idarə edənlər nəyin bahasına olur-olsun şairin hər sözünü saf-çürük etməklə, ölümə gedən yolu bir az da yaхınlaşdırmaq istəyirdilər.
"Əhməd Cavad avtoriteti..."
Həmin plenumdan bir müddət sonra Respublika Yazıçılar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilir. İclasda A.H.Rəsulzadə (o da repressiyanın qurbanı olub) çıхış edir:
"Ə.Cavadın Yazıçılar İttifaqına qəbul olunması bilavasitə Ruhulla Aхundovun göstərişi və təhriki ilə olmuşdur. Ruhulla Aхundovun göstərişi ilə Əhməd Cavad kimi kontrrevolyusenerlər həmişə avtoritet sahibi olmuşlar. Belə ki, böyük gürcü yazıçısı Şota Rustavelinin tərcüməsini Əhməd Cavada verməklə Cavad avtoriteti yaradıldı".
Haqsız repressiyanın qurbanı olmuş şair Əhməd Cavad 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə güllələnməyə məhkum olunur.
Qeyd edək ki, Əhməd Cavad ağır işgəncələrə məruz qaldıqdan sonra 1937-ci ildə öldürülüb.
Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2022-ci il