Super User
Nazir Anar Kərimov Naxçıvan Muxtar Respublikasına səfəri davam edir
Xəbər verdiyimiz kimi mədəniyyət naziri Anar Kərimov Naxçıvanda rəsmi səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Anar Kərimov səfər çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyinə baş çəkib.
Muzeylə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələr üçün müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.
Daha sonra mədəniyyət nazirinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə gəlişi zamanı Muzey Kompleksi barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir. Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu memarlıq kompleksi yerli sakinlərlə yanaşı, qonaqlar eləcə də xarici ölkələrdən gələn turistlər tərəfindən də böyük həvəslə ziyarət olunur.
Nazir Anar Kərimovun Naxçıvana rəsmi səfəri davam edir.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Vinçenzo de Vivo ilə görüşüb
Ölkəmizdə ilk dəfə olaraq keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində İtaliyada fəaliyyət göstərən “Akkademia D’arte Lirika”nın bədii rəhbəri Vinçenzo de Vivo Bakı şəhərində səfərdədir. Mədəniyyət Nazirliyi rəsmilərimiz bu ranqdan olan insanların ölkəmizə təşrif buyurmasına laqeyd qalmırlar, işgüzar görüşlərdə qonaqlara əsl Azərbaycan qonaqpərvərliyi nümayiş olunur, mədəniyyətimiz barədə zəruri mesajlar çatdırılır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dünyanın ən mötəbər vokal müsabiqələrinin münsiflər heyətinin üzvü olan italiyalı musiqi xadimi, Barokko dövrü musiqisinin mükəmməl bilicisi, professor Vinçenzo De Vivo istər bədii rəhbəri olduğu teatrların dünya səviyyəsində yüksək mövqeyi, istərsə də onlarla opera tamaşasına yazdığı librettoları ilə bütün dünyada məşhurdur.
Maestro “La Skala” teatrından başlayaraq Trevizo şəhərində yerləşən “Teatro Communale” teatrına qədər fəaliyyət göstərmiş, dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərlə çalışmışdır.
Professor 2011-ci ildən bədii rəhbəri olduğu “Akkademia D’arte Lirika”da Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Almaniya, Fransa, Rusiya, Braziliya, Misir, Yunanıstan, İsrail və digər ölkələrdən gələn tələbələri dünya opera səhnəsinə hazırlamaqdadır.
Aprelin 25-də Mədəniyyət Nazirliyində təşkil olunan görüşdə onu qəbul edən Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev ən səmimi hisslərini ifadə edib. Görüşdə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və festivalın bədii rəhbəri, Əməkdar artist İlham Nəzərov da iştirak ediblər. Görüş çərçivəsində “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı barədə fikir mübadiləsi aparılıb, Azərbaycan və İtaliya arasındakı mədəni münasibətlər, o cümlədən ölkəmizdə klassik vokal məktəbinin inkişaf perspektivləri, mümkün birgə layihələr müzakirə edilib.
Yeri gəlmişkən, “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 25 aprel tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Vinçenzo de Vivonun ustad dərsləri də keçirilib.
Qubada günün hadisəsi kitab bayramı oldu
Qubada bazar günü növbəti kitab bayramı baş tutdu. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və “Azərkitab” kitab mərkəzinin təşkilatçılığı ilə "Qonaqlarımız var!" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin, PEN klubun və Beynəlxalq Yazıçılar Gildiyasınln üzvü, eyni zamanda Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, yazıçı-jurnalist Varis Yolcu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, yazıçı Elxan Elatlı, İqtisad elmləri doktoru, professor və yazıçı Əlibala Məhərrəmzadə, şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı ilə kitabsevərlərin görüşü keçirilib.
Eyni zamanda yazarların kitablarının satışı təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iki saat davam edən görüşdə yazıçılar yaradıcılıqları barədə danışıblar, oxucuların suallarını cavablandırıblar, kitab imzalayıblar, xatirə fotoşəkilləri çəkdiriblər.
Bölgədə bu cür kitab sevgisindən heyrətləndiklərini dilə gətirən yazarlar kitabsevər qubalılara ən xoş diləklərini çatdırıblar.
Mədəniyyət Nazirliyində yeni Aparat rəhbəri təyin olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vüqar Məmmədov nazirliyin Aparat rəhbəri təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə özəl sahədə başlayan V.Məmmədov 2009-cu ildən Mədəniyyət və Turizm Nazirliyində işləməyə başlamışdır. Nazirliyin Mədəniyyət siyasəti, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbələrində 2009-2016-cı illərdə məsləhətçi, aparıcı məsləhətçi, 2016-2018-ci ilərdə Elm, təhsil və gənclərlə iş şöbəsində sektor müdiri vəzifələrində çalışmışdır.
Mədəniyyət Nazirliyində 2018-2020-ci illərdə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsində sektor müdiri, şöbə müdirinin müavini, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək Regional siyasət şöbəsinin müdiri vəzifələrində işləmişdir. Son təyinatınadək Strateji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
V.Məmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində təsis edilmiş Komissiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Azərbaycan Respublikası Turizm Şurasının Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun katibi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması üzrə İşçi Qrupunun üzvü olmuşdur.
Hazırda Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində fəaliyyət göstərən bir neçə işçi qrupunun üzvü kimi fəaliyyət göstərir.
İşğaldan azad edilmiş ərazilərdə mədəniyyətin bərpa konsepsiyaları və digər milli proqramların və layihələrin həyata keçirilməsində müəllif, həmmüəllif, əlaqədəndirici və icraçı kimi iştirak edir.
V.Məmmədov Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin iclasında və Avropa Şurasının Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumunda Azərbaycan üzrə nümayəndə, “İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminarda ekspert, “British Council” dəstəyi ilə “Mədəniyyət sahəsində liderlik” Beynəlxalq Proqramı çərçivəsində keçirilmiş “Mədəniyyət sahəsində menecment” mövzusunda seminarda Mədəniyyət Nazirliyinin nümayəndəsi, çoxsaylı beynəlxalq mədəniyyət və incəsənət festivallarında Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri kimi iştirak etmişdir.
Bundan əlavə bir sıra beynəlxalq tədbirlərin keçirilməsində Təşkilat komitələrinin üzvü kimi təmsil olunmuşdur.
Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planının müəllifi və koordinatoru olmuşdur.
Fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, habelə digər fəxri fərman və medallarla təltif edilmişdir.
“Cığır” barədə xoş sözlər
Yazıçı Yunus Oğuzun Şuşadan bəhs edən “Cığır” romanı barədə Azər Turanın “Ədəbiyyat qəzeti”ndə dərc edilən yazısını oxucularımıza təqdim edirik.
Yunus Oğuz Şuşanın romanını yazdı. Daha doğrusu, Şuşanın işğaldan azad edilməsinin ikinci ili ərəfəsində Şuşanın qurulmasının 270 illiyinə ithaf etdiyi "Cığır" romanını... 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını qələmə alan Yunus Oğuz indi də Böyük zəfərimizə həsr olunmuş ilk romanı yaratdı...
"Cığır" həqiqətlərin şüuraltı mətnidir. Azərbaycan əsgərinin bu romandakı obrazı ədəbiyyatımızda yenidir...
Müharibə, təbii ki, təkcə xaos və dağıntıdan ibarət deyil. Ədəbiyyat müharibənin estetikasını da yarada bilir... 1943-cü ildə yazdığı "Müharibə və ədəbiyyat" məqaləsində tənqidçi Cəfər Cəfərov: "Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz", - deyirdi. Haqlıydı.. Hətta indi də haqlıdır... Müharibə ədəbiyyata yeni tiplər və obrazlar gətirir. "Bunlar isə özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət də gətirir".
"Cığır" romanında yazıçı təxəyyülünün yaratdığı üç obraz var. Biri Nəsrəddin Murad, digəri Şuşaya aparan sirli cığır və bir də Azərbaycan əsgərinin fövqəlqəhrəmanlığını simvolizə edən kölgə əsgərlər...
Şuşadan Xudafərinə qədər uzanan tarixi "Nəsrəddin yolu"nu ədəbiyyatda Yunus Oğuz simvollaşdırır. Yunus Oğuz romanda politoloji və bədii təfəkkürün uğurlu sintezini yaradıb. Bir zamanlar Pənahəli xana gizli cığırın yerini göstərən Nəsrəddin indi də generala həmin cığırı nişan verir. Nəsrəddinin təqdim etdiyi Şuşanın sirli xəritəsi romana mistik bir ruh aşılayır və o sirli xəritə Şuşa uğrunda savaşa atılan 400 əsgərə də metafizik bir səciyyə verir... Nəsrəddin Muradın mistika ilə reallığın sintezindən yaradılmış obrazı İsmayıl bəy Qaspıralının "Darürrahat müsəlmanları" romanındakı Seydi Musanı xatırladır. Seydi Musa da millətin nicat yolu yazılmış vəsiyyətnaməni qövmünün 40 dərvişinə vermişdi. Və 40 dərviş bu vəsiyyətnaməni 2075-ci ildə açıb oxumalıydı... 270 il əvvəl, Şuşanın inşa olunduğu günlərdə Nəsrəddin tərəfindən Pənahəli xana söylənmiş sirr isə 2020-ci ilin noyabrında, eyni adın, eyni nəslin və qanın daşıyıcısı tərəfindən Azərbaycan hərbçilərinə strateji təlimat kimi ötürülür. Şuşanın sirrini yalnız biz bilirik, yaxud Şuşanın sirri Azərbaycanın sirridir. Bu mənada, Yunus Oğuzun romanını sirlərin yeni oxunuşu kimi də dəyərləndirmək mümkündür. Başqası bu sirri bilməz. Elə ona görə də bir vaxt Nəsrəddin cığırın sirrini Pənahəli xana təklikdə söyləmişdi və Nəsrəddin Murad Şuşanın qurtuluş yolunu - Cığırın sirrini Pənahəli xandan üzü bu yana 270 il qoruyub saxlamışdı. İndi isə o xilas yolunu 400 əsgər gedirdi...
Ordunu çətin yollarla irəli aparan təkcə düşünülmüş hərbi taktika deyil, həm də Şuşanın fitri cazibəsidir: "Elə bil Şuşanın sehri, tilsimi onların belinə kəmənd salıb yuxarı dartırdı. Onlar özlərindən asılı olmayaraq qayalara dırmaşır, heç kimin edə bilmədiklərini edirdilər. Hərdən adama elə gəlirdi ki, onlar dağlardan, göylərdən asılı vəziyyətdə qalıblar... Bəs onları belə çəkib aparan nə idi? Bəlkə də Şuşanın tək bir adı bəs idi ki, belə şövqlə yuxarı qalxsınlar".
"Cığır" romanında Azərbaycan əsgəri Şuşaya kölgə kimi daxil olur və bu kölgələr ədəbiyyatdakı ənənəvi kölgələrdən fərqlənir. Bizim romantik ədəbiyyatımızda "Olurmu kölgəsi nurun?" sualı yüz il bundan qabaq Hüseyn Cavid tərəfindən cavablandırılıb: əvət, nurun kölgəsi olur. Ana nurdursa, övlad da o nurun yer üzündəki kölgəsidir.
Digər tərəfdən, Azərbaycan əsgərinin kölgəsi yüz ildir ki, təsəvvürümüzdə kök salıb dərinlərə işləmiş erməni mifini darmadağın edir.
Nəsrəddin Murad da, Kölgə ordu da Yunus Oğuzun yazıçı kəşfidir.
"Cığır"ın ilk hissəsini yanvarın sonunda "Ədəbiyyat qəzeti"ndə dərc etmişdik. İndi isə roman bitib və biz onun son səhifələrini təqdim edirik. "Şuşanın işğaldan azad edilməsi" 270 illik bir zamanı ehtiva edən tarixin bir parçası olduğu kimi, eyni zamanda Şuşa tarixinin başlanğıcdan bu günə qədərki bədii salnaməsi olan "Cığır" romanının da bir hissəsidir...
Yuxarıda xatırlatdım. Şuşa zəfərimizə həsr olunmuş ilk romanı Yunus Oğuz yazdığı kimi, 2021-ci ilin avqustunda Şuşada ilk publisistik yazını da o, qələmə almışdı. Söhbət Şuşa barədə deyil, böyük zəfərdən sonra Şuşada yazılmış ilk publisistik yazıdan - Yunus Oğuzun "Mən Şuşada yazıram" məqaləsindən gedir. 2021-ci ilin 28 avqustunda Şuşada "Xarıbülbül" otelində gecədən keçmiş o mənə cığırdan danışırdı: "Roman yazacam və romanımın baş qəhrəmanı cığır olacaq" - deyirdi. Yunus o gün Şuşada olan hər birimiz kimi, Şuşa cazibəsinin eyforiyasındaydı. Amma ertəsi gün ən səmimi şəkildə və hamıdan fərqli olaraq, sevincini Ali Baş Komandanla da bölüşdü. Vaqifin məqbərəsinin yanında Prezidentə üz tutub, "Cənab Prezident, mən Şuşada yazıram" - dedi.
Yunus bu romanı Şuşada yazdı...
Günün fotosu: Faşistlərin etmədiyini ruslar etdi
Günün fotosu: Faşistlərin etmədiyini ruslar etdi
Şimali Ukraynadakı Çerniqov vilayəti Lukaşovka kəndinin sakinləri Pasxa bayramında kilsəyə baş çəkə bilməyiblər. Hətta 2-ci dünya müharibəsində buranı işğal etmiş faşistlərin belə dağıtmadıqları kilsəni indi ruslar dağıdıblar.
Foto: Euronews
Heç hənanın yeridir? - Rusiya Bakıdakı Rus Dram Teatrına maliyyə dəstəyi göstərəcək
“Səkkiz postsovet ölkəsindəki 12 teatra avadanlıq almaq üçün 65 milyon rubl və tamaşaların qəbulu üçün 58 milyon rubl lazımdır” - bu barədə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Alla Manilova məlumat verib.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, xaricdəki rus teatrlarına dəstək üçün vəsaitlər gələn ildən Federal büdcədə nəzərdə tutulacaq. Bu barədə RF Mədəniyyət Nazirinin dövlət katibi-müavini Alla Manilova "Rus Teatrı Xaricdə rus mədəniyyəti İnstitutu kimi" konfransının plenar iclasında məlumat verib. Bəllidir, xaricdəki rus teatrlarına ruslar siyasi prizmadan yanaşır, o teatrların fəaliyyətini mədəniyyətdən çox siyasi arqumentlərlə nizamlayırlar. Təbii ki, burada Bakıdakı Rus Dram Teatrından da söhbət gedir.
"2023 - cü ildən başlayaraq Federal büdcədə rus teatrlarında tamaşaların yaradılması və yeni müasir avadanlığın alınması üçün vəsait nəzərdə tutulacaq",-deyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Manilovanın sözlərinə əlavə olunub.
Şöbə bildirib ki, postsovet məkanının səkkiz ölkəsindən 12 teatrın tələbatı artıq müəyyənləşdirilib: qeyd etdiyimiz kimi, avadanlıqların alınması üçün 65 milyon rubl, tamaşaların qəbulu üçün isə 58 milyon rubl lazımdır.
Manilova əmin olduğunu bildirib ki, "rus dili, ədəbiyyatı və mədəniyyəti səfirləri" kimi rus teatrlarının dövlət tərəfindən müxtəlif dəstək formalarına ehtiyacı var.
Hazırda Ukraynada işğalçı müharinə aparan, hətta 3 aylıq körpəni həyatdan məhrum edən ruslar hansı mədəniyyətdən danışırlar? Onların əlləri qana bulaşmayıbmı? Və bu qanlı əllərin ötürdüyü qanlı pulları
Azərbaycanda fəaliyyət göstərən bir teatrın qəbul etməsi düzgündürmü?
Gəlin düşünək!
“Bitir bizim şeirimiz, başlayır bir roman” (Ramil Əhməd) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Emin Piri, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Ramil Əhməd
1 yanvar 1994-cü ildə anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. 2015-ci ildə “Zaman tuneli” adlı şeirlər, 2018-ci ildə “İki şəhərin yazıları”, 2021-ci ildə “Orxan Pamukun evində” kitabları nəşr olunub.
2015-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”nı qazanıb. “Zaman tuneli” kitabı 2020-ci ildə Türkiyədə də nəşr olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətlərinə görə 2013-cü ildə Prezident təqaüdünə, 2021-ci ildə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin esse janrı üzrə qalibi olub. 2018-ci ildən İstanbul Universitetinin doktorantıdır.
Ramil Əhməd, ekspertlərin fikrincə, ilk öncə gözəl lövhə ustasıdır. Rəssam kimi molbertini açır, rəng palitrasından lazımınca istifadə edib gördüyünü kətana köçürür.
Pişik kölgəsindən başladı gecə...
Sakit kimsəsiz küçə,
Bir pişik kölgəsindən başladı gecə...
Çatmadı köməyə
Çözülmədi bu əlifba bilməcəsi...
Uçub getdi
dilimin ucundakı qışdan
Unudulmağın isti qoynuna
qaranquş sözlər...
Hanı söz?
Hansı söz?
Necə tapım o sözü?
Necə deyim həsrətimi?
Necə deyim səni sevdiyimi,
sənə öldüyümü?
Gözlədiyimi – bu ömrə gələsən deyə
Gizlədiyimi – özüm belə bilməyim deyə...
Necə, necə, necə?
Pişik kölgəsindən başladı gecə...
Susdu köksüz piano səsi,
Su qatılmış pivələrlə keçən yay da bitdi,
Sentyabrla gəldi payız
Bir halımı düşün –
oktyabrsız, noyabrsız, yalqız...
Sənsiz bir saat keçməzkən,
gün necə keçir, həftə, ay necə?
Keçir bir-birini təkrarlayan addımlar,
Keçir küçəmizdən qərib adamlar...
Bəlkə sən də gəldin,
Gəldin bəlkə, bu gecə...
Bəlkə, bəlkə, bəlkə də....
Pişik kölgəsindən başladı gecə...
Həsrətin uğultusu
Səni xatırlayıram
Uzaq bir bozqırda,
Damından payız damcılayan
kirayə evin soyuq otağında...
Uzanmışam kürəyi üstə
tavandakı hörümçəyin toruna
balıq kimi düşür gözlərim,
Səslər axıb dolur qulağıma...
Mətbəxdən başlayır səslər,
Damcılayan suyun və
məmur maaşımın alın yazısı –
yarıboş soyuducunun fasiləli səsi...
Sonra damda gəzişən adsız quşların quğultusu,
İki küçə o yandan gələn it hürüşməsi,
Pişiklərin canında qovulmaq əndişəsi...
Küləyin pərdəni aramla tərpədişi...
Bir də adamsızlığın, həsrətin uğultusu...
Küncdən küncə qaçan qaraltılar – siçanlar
Görəsən yeməyə bir şey tapdılar?
Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar
Çörək qırıntısı sevinciylə yuvalarına qayıtdılar...
Saatın iki saniyəsi qulağımda qafiyələnir:
sən/siz, sən/siz, sən/siz, sən/siz...
Bir saniyə çəkmir “sən”in sevinci,
Bir saniyə sonra “sənsiz” olur,
Dünyanın bütün rəngləri solur...
“Sən”in yaxınlığı, “siz”in uzaqığı
Və “sənsiz”in Sibir sürgünündən
Dərviş səbriylə keçirəm,
Bir yandan da xatırladır mənə sənsizliyi
Borcdan bağlanan telefonumun tozlu səssizliyi...
Həm evimin hər yerindəsən
Həm də uzaqsan, yoxsan,
Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,
Bəlkə mətbəxinizdən su damır,
Bəlkə soyuducun da doludur,
Bəlkə gəzişmir evinizdə siçanlar,
Bəlkə məhəllənizdə əsmir küləklər,
Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan,
Bəlkə sizin küçənizdə itlər unudub hürməyi,
Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...
Bəlkə telefonun borcunu da ödəyib ərin.
Mənim şəhərimdə,
mənim küçəmdə,
mənim otağımda olanlar
Sənin şəhərində,
sənin küçəndə,
sənin otağında olmayanlarla eyniləşir...
Keçir bu gecədən bir qatar,
Gecənin son səsidir uzaqlaşan.
Bitir bizim şeirimiz, başlayır bir roman:
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”
Söykənmişəm səsinə
Gözlərin azanımdır –
Gündə min yol məni sevgiyə çağıran...
Könlüm sənə səcdədə,
Qəlbim qəlbinə sonsuz bir rüku...
Bu sevda nə sevdadır belə? –
Sultanlığı olmayan bir quyu...
Adın dodağımda dua kimi səsləndi,
Yaxşı olmağıma bəsdir bir “necəsən”in,
Gül qoxudu gülməyin.
Gəmiləri torpaqdan keçirən
Fatehin inadkarlığıyla
istədim səni!
Səndən məcburi köçkün bədənimi harada gizlədim,
Vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum, bilmirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
Söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə sevmək səni.
Qaldırdım bütün ağ bayraqları
Eşq cəbhəsində,
Təslim, təslim,
Təslim bu sevdaya!
Söykəndim səsinə,
Quşlara dedim şükranlığımı
Çatdırsın səni mənə verənə
aləmlərin rəbbinə...
Azadlığım
Sənlə gedə bilmədiyim
bütün parklar
ağaclardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
Bütün şəhərlər
Binalardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün küçələr
adamlardan hörülmüş həbsxanalardır.
Sənlə üzə bilmədiyim
bütün dənizlər
sulardan hörülmüş həbsxanalardır.
Sənsiz
məhbusam
ağaclar, binalar, adamlar, sular arasında...
Hardasan, mənim azadlığım?
Bakıda ilk dəfə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalına start verilib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Bu festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.Qlyukun “Orfey və Evridika” operasının premyerası təqdim olunub.
Tədbir proqramı Əməkdar incəsənət xadimi Nikolay Tretyakinin, Əməkdar artist Əyyub Quliyevin, Xalq artisti Kamilla Hüseynovanın, Əməkdar artist İlham Nəzərovun və başqalarının çıxışları ilə davam edib.
Qeyd edək ki, festival aprelin 26-dək davam edəcək.
Hümbət Həsənoğlunun aforizmləri
1) Kişinin qadınlar haqqında bilməli olduğu yeganə şey odur ki, onlar nağılları sevir.
2) Pislər yaxşılardan yaxşı bəhrələnirlər.
3) Arzular təfəkkürün problemlərlə dolu gerçəkliklərdən qaçıb gizləndiyi xoş yerdir.
4) Pulla alınan sevginin acısı olmur.
5) Ağıl satılsaydı, almaq üçün növbəyə elə ağıllılar durardı.
6) Yaltaqların şüarı: Yal varsa, yalvar.
7) Təzə dost təzə ayaqqabı kimidir, vərdiş etməyə vaxt lazımdır.
8) Vicdansızlar vicdanı olanların onlara borclu olduğunu düşünürlər.
9) Ən axmaq şey sevgidə qarşılıq tələb etməkdir.
10) Qatırın anasının suçlu olması şəksizdir, amma bunu hər eşşəyə sübut etmək mümkün deyil.