Xəbər verdiyimiz kimi mədəniyyət naziri Anar Kərimov Naxçıvanda rəsmi səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Anar Kərimov səfər çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyinə baş çəkib.
Muzeylə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyası içərisində xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələr üçün müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.
Daha sonra mədəniyyət nazirinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə gəlişi zamanı Muzey Kompleksi barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir. Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu memarlıq kompleksi yerli sakinlərlə yanaşı, qonaqlar eləcə də xarici ölkələrdən gələn turistlər tərəfindən də böyük həvəslə ziyarət olunur.
Nazir Anar Kərimovun Naxçıvana rəsmi səfəri davam edir.