Super User
Yakut rəssamın arzusudur ki, Şuşaya gəlib Xarıbülbülü çəksin
Aida Eyvazlı yazır
Yakutiyadakı insanları tanıdıqca, onların hər birini Tanrının bir zərrəsi hiss olduğuna inanıram. Çünki ünsiyyətdə olduğum bu insanların hər birində insan könlünü riqqətə gətirə bilən bir yaradıcılıq sehri vardır.
Qonağı olduğum şəhərlərdə, aymaklarda (oymaq), uluslarda ilk ziyarət etdiyim məkan incəsənət və mədəniyyət məbədləri oldu. Yakut ziyalıları ölkələrinə gələn qonağı musiqi kollektivinin ifası ilə qarşılayır, sonra muzeyləri gəzdirməkdən zövq alırlar. Öz yaralı tarixlərini bu günə qədər belə qayğı və məhəbbətlə qoruyub saxlayan yakut ziyalıları, elə bil ki, muzeylərdə saxladıqları tarixə şahid sənədləri qorumaqla, kim olduqlarının unudulmamaması üçün çalışırlar.
Əslində haqlıdırlar, axı, sözün əil mənasında gözdən uzaqdırlar. Könlümüzdən isə uzaq deyillər. Uzun yolların sonunda, keçilməzində yaşayırlar. Tanrının onlar üçün Vətənləşdirdiyi bu torpaqlara digərlərinin gəlib-getməsi çətin olduğundan, hələ dünyanın uzaqlarında bir çoxları Yer üzündə belə istedadlı insanların yaşamasından xəbərsizdirlər.
İndi sizə təbiətin keçici fəsillərini, insanların hiss və həyəcanlarını , rənglərin və təbiətin fəlsəfəsini özünün danışdığı rənglərlə çəkdiyi tablolarda canlandıran Saxa Yakut Respublikasının tanınmış rəssamı Vyaçeslav Yaroyevin əsərləri və özü haqqında danışmaq istəyirəm.
Onun əsərləri ilə Yakutsk şəhərindəki Milli İncəsənət Muzeyində tanış oldum. Və bu günə qədər də həmin əsərlərin sehrindəyəm.
O həm rəssam, həm dizayner, həm də nəqqaşdır. Ölkədə milli bayram sayılan Issıax bayramının bütün Urasa və Ömür ağaclarını Vyaçeslav Yaroyevin eskizləri və özünün iştirakı ilə hazırlayırlar. O Saxa Yurtalarını quran, yaşadan bir mühəndisdir.
Onun dünyaya göz açdığı Tattı Ulusunun Bayaqa kəndindən olan həmkəndliləri deyirlər ki, Slavanın üçüncü bəsirət gözü olduğunu hələ kiçik yaşlarından bilirdilər. Bu oğlan hələ uşaq və gənc yaşlarından payızın saralmış yarpaqlarının tökülməsində xalqının çəkdiyi əzab-əziyyətin həsrətini, onların baş tutmayan arzularını görüb. Qış fəsli bütün saxalıların sevdiyi fəsil olduğundan, o, sazaq və şaxtanın yaratdığı gözəllikləri gözlərinə yığıb, insanların şaxta kimi bərkidiyini , qışla dost olduğunu anladığı rənglərlə ağ vərəqlərə köçürüb. O quşların səsindən nə istədiklərini, çayların axmasından hansı nəğməni oxuduğunu bilir. O yaranışından qoynunda yaşadığı təbiəti sevib, könlü sehirli və sirli təbiətin bir parçasına çevrilib. Əks halda, insan təbiəti duymasa belə əsrarəngiz əsərlər yarada bilməz axı.
Divarlardan baxan 6 -dan artıq tablosunun hamısı insanla danışır. Bu əsərləri diqqətlə izləyəndə görürsən ki, fırçasını və molbertini götürüb, ana təbiətin tənhalığına çəkilir. Yaşıl donlu ağacları, çəmənlərdə, düzlərdə çiçəkləri elə çəkir ki, az qala ətrini hiss edirsən.
Yakutiyanın sonsuz səhraları, ormanları, El Ana ( Lena ) çayı, dağları, bulaqları, gölləri, köhnə yurd yerləri—hamısı öz sirrini bu rəssama açmasaydı, əks halda o əsərləri bir Tanrı bəndəsi bu qədər canlı və sehirli yarada bilməz ki...
O təkcə rəssam deyil, o həm də öz milli mədəniyyətini, məişətini çəkdiyi əsərlərdə əbədiləşdirən bir şamandır. Bu əsərlərində çəkdiyi simgələrlə yeni nəslə millətinin genetik kodlarını, çağırışlarını ötürür. Saxa-Yakut xalqının şaman ayinlərini, anaların dünyaya uşaq gətirməsi prosesini, ulduzların altında əl-ələ gəzən cütlükləri elə gözəl çəkir ki... İnsanla təbiətin canlı harmoniyasını yaradır...
Onun çəkdiyi rəsmlərdə həm də fəlsəfi dünyagörüşü gözə çarpır. Vyaçeslav Yaroyev deyir ki, mənim vəzifəm əcdadlarımızdan bizə əmanət qalan, yazıya, tabloya çevirə bilmədiklərimiz milli sərvətlərimizi insanlara və dünyaya tanıtmaqdır. Ona görə də mən hər zaman köhnə, sınıq, unudulmuş bir balaqanın olduğu yerə gedirəm, bir sərgənin yanında dayanıb, onun naxışlarını oxuyuram, əcdadlarımızn bu möhtəşəm əmək alətlərini, məişət alətlərini, qurduğu urasaları hansı ustalıqla yaratdıqlarını öyrənməyə çalışıram. O əcdadların ruhu da həmin sirrləri mənə ötürür. Bu mənada hətta, qədim bir əşyanın, abidənin bərpasına başlayanda da həmin ruhlar köməyimə gəlir.
Yakutsdakı Milli İncəsənət Muzeyində sərgilənən rəsm əsərlərinin birində kəhraba rəngli ləpələnən zəmidə at belində iki oğlan uşağı diqqətii cəlb edir. 2007-ci ildə “Qızıl zəmi” adlandırdığı bu rəsm əsərini çəkəndən üç il sonra onun oğlu dünyaya gəlir, üç ay sonra isə nəvəsi doğulur. Ən maraqlısı da odur ki, həmin uşaqlar indi 12 yaşındadırlar və hər ikisi elə rəsmdə çəkilən uşaqlardır. Tanrı rəssamın xəyal etdiyi övladları ona özünün arzuladığı şəkildə verib. Biri oğlu , digəri isə nəvəsi kimi gəlib dünyaya. Və bir də ki, bu bolluq rəmzi olan sarı buğda zəmisindən sonra, onun işlərində böyülk dönüş yaranıb. Bütün maddi problemləri həll olunub.
Və yaxud. Tabloların birində kənd qızının oz evinin kəndarında oturub ətrafı seyr etməsi, bir köhnə evin içərisində yiyəsiz qalan məişət əşyaları, kiminsə zərif əlləri ilə yığılıb stolun üstünə qoyulan çəmən çiçəkləri... gözəlliklər və gözəlliklər. Bu gözəllikləri Vyaçeslav Yaroyevin gözü ilə görməyin isə başqa bir gözəlliyi vardır.
Vyaçeslav daha çox öz vətənini çəkir. Qışını, payızını, yazını isti və soyuq rənglərlə çəksə də, onun qış tablolarından da insanın ürəyinə istilik axır. Onun yaratdığı əsərlərdə çirkli tablolar yoxdur.
Onun qəhrəmanlarının da gözlərində bir işıq, sifət cizgilərində günəş yanır. Mən Saxa Yakutiyanın 50 yaşlı xalq rəssamının əsərlərindən ibarət sərgisini Azərbaycanda görmək istəyərdim. Onun əsərləri bizim ruhumuza, mədəniyyətimizə çox yaxındır. Əslində bunu xalq rəssamı özü də arzu edir.
Onunla görüşümüzdə 44 günlük Zəfərimizin rəmzi olan Xarı Bülbül döş nişanı və Azərbaycan motivlərindən ibarət gözəl bir kitab bağışladım ona. Xarı Bülbül çiçəyi və onun rəngləri rəssamın marağına səbəb oldu. Qarabağ haqqında danışdım. Dedi ki, çox istərdim ki, Qarabağda olub, oranın təbiətini və Xarı Bülbül çiçəyini tabloya çəkim.
Mən özümü çox xoşbəxt hiss edirəm ki, Yaroyevin yaratdığı rəngəri duymuşam. Onun”Natürmort”, “Ay işığında”, “Qızıl zəmi”, “Yaşıl Ormanlar”, “Gözəl vədə”, “Vətənim”, “Yurd”, “Xatılayevlər” əsərlərinə doyunca baxa bilmişəm.
Tanrı Yakutiyaya rəngləri elə səxavətlə paylayıb ki, yaratdığı insanlar da dönüb o rənglərə bənzəyiblər.
Miniatür Kitab Muzeyinin yaranmasının 20 ili tamam olur
Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 20 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika "Kitab" cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdırir.
Bu gün muzeydə 145 kvadratmetr sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 5800-dən çox minikitab, o cümlədən “Ginnesin rekordlar kitabı”nın standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayış etdirilir.
Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75x0,75 mm və 3-nün ölçüləri isə 2x2 mm təşkil edir. Eləcə də alman nəşriyyatlarının mikrokitablardan: 1-nin ölçüləri 2,0x2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5x3,5 mm (Münhen) olan kitablar hesab edilir.
2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnes rekordlar kitabı”na daxil edilmişdir.
Qeyd edək ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir sərbəst şəkildə buraya daxil olur və muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir.
Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. 2014-cü il dekabrın 18-dən fəaliyyət göstərən filialda 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur.
Qeyd edək ki, Zərifə Salahova bu gün saat 11:00-dan 19:00-dək Miniatür Kitab Muzeyində ziyarətçilərlə görüşüb muzeyin fəaliyyəti ilə tanış edəcək və onları maraqlandıran sualları cavablandıracaq.
Özbəkistanda keçirilən Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günündə Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib
Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Bu il Daşkənddə üçüncü dəfə beynəlxalq festival kimi keçirilən tədbirdə 3000-dən çox qonaq iştirak edib.
Türkiyənin Özbəkistandakı səfiri Olgan Bekar 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə iştirakçıları təbrik edib, bayramın yaranma tarixi haqqında məlumat verib. Səfir 1919-cu ildə Qazi Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizə ilə bağlı söhbət açıb, Türkiyə Böyük Millət Məclisinin 23 aprel 1920-ci ildə qurulduğunu bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Festival çərçivəsində rəqs nömrələri nümayiş etdirilib, xalq mahnıları oxunub.
Konsertdə AMM-nin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Festivalda iştirak edən uşaqlara üzərində “23 Aprel Uşaq Festivalı” yazılmış köynəklər və digər hədiyyələr verilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Günün fotosu: Yaponiya Kuril adalarının ruslar tərəfindən işğalını dilə gətirib
Günün fotosu: Yaponiya Kuril adalarının ruslar tərəfindən işğalını dilə gətirib
Yaponiya Xarici İşlər Nazirliyi Kuril adalarını Rusiya tərəfindən işğal edilmiş ərazi adlandırmışdır. Bu, nazirliyin “Diplomatiyanın göy kitabı” adlı illik hesabata daxil edilmişdir.
Bundan sonra Cənubi Kuril sənədlərdə yapon ərazisi kimi göstəriləcək.
Foto: Euronews
Bu gün Kreml sarayında Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş qala-konsert keçiriləcək
Moskvada, Dövlət Kreml Sarayında Azərbaycan müğənnisi və bəstəkarı, Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sənsiz mahnı yoxdur” adlı qala-konserti keçiriləcək.
Rusiyanın xəbər agentlikləri bəyan edirlər ki, “Rusiya Filarmoniyası” Moskva Şəhər Simfonik Orkestrinin müşayiətilə konsertdə “XXI əsrin Tenor A” art layihəsinin solistləri və bas-bariton Nikolay Ryabuxa çıxış edəcəklər. Orkestrin dirijoru Sergey Tararindir.
Tamaşaçılar Müslüm Maqomayevin repertuardan “Gözəllik kraliçası”, “Yer üzünün ən yaxşı şəhəri”, “Şeytan çarxı”, “Mənə deyin, qızlar”, “Melodiya”, “Sənə minnətdaram”, “Mavi əbədiyyət” mahnılarını və digər bəstələri dinləyəcəklər.
“Dejavü” tamaşası bu gün nümayiş olunacaq
Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında olan “Dejavü” tamaşası uzun müddət fasilədən sonra yenidən nümayiş etdiriləcək.
Tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır.
Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.
Azərbaycan ilə Pakistan arasında musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib
Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye Beynəlxalq Muğam Mərkəzini (BMM) direktoru, Xalq artisti Murad Hüseynovla görüşüb.
Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, direktor qonağa BMM-in fəaliyyəti və yaranma tarixi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Xüsusi olaraq qeyd edilib ki, milli-mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətimizin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir.
Direktor, həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb.
Beynəlxalq Muğam Mərkəzi ilə yaxından tanış olan səfir əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələr ilə bağlı fikirlərini bölüşüb. Muğamın tarixi və şərq xalqları arasında mövqeyini xüsusi vurğulayan diplomat musiqi sahəsində qarşılıqlı əlaqələrin inkişafının vacibliyini qeyd edib.
“Div boyda arzuların cırtdan ayaqları var...” (Nigar Arif) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Emin Piri, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Nigar Arif ( Ağalarova İlqar qızı)
1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.
2003-2009- cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.
2010-2014- cü illərdə ADPU- nun filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.
2016–2018- ci illərdə fəaliyyət göstərən Azərbaycan YazıçılarBirliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "GəncƏdiblər Məktəbi"nin məzunudur.
2017-ci ildən “Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvüdür.
2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.
2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.
2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.
2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.
2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.
Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var...
Gecikmiş görüş
Bax belədir, əzizim,
Yol uzundur, zaman dar,
Hardan biləydik axı
Div boyda arzuların
cırtdan ayaqları var...
Xəyallar qura-qura
Ağlımız kəsmədi heç
arzular da gecikər,
birdən bizə çatammaz.
Bir gün şirin yuxular
daha yalan satammaz...
Böyüməyə tələsdik
uşaqlıq dura-dura
Nə gənclik yaşadıq ki,
özümüzü o dağdan
bu daşa vura-vura...
Bir vaxt fil qulağında,
oyandıq qəh-qəhəylə,
Elə bil dan söküldü
əlimizdə qədəhlə...
Boylandı arxamızca
yük dolu karusellər,
Gülümsədi uzaqdan,
Londonlar, Brüsellər...
Öyrəşdik uçaqlara,
Kim nə deyə bilər ki,
indi bu qoçaqlara?
Gəzdik bütün dünyanı,
Nə sən bezdin, nə də mən
O cırtdan ayaqların
ümidindən yapışdıq,
Gec olsa da neyləyək
əsas odur,ölmədik,
evvəl-axır tapışdıq...
Bəstəsi mən, sözü sən
Bir dənizə dönmüşəm,
Ləpəsi sətir-sətir.
Dalğaların altında,
Balıqlar yallı gedir.
Bir dənizə dönmüşəm,
Şeirimin sahilində.
Kövrəlib sərt qayalar,
Günəş tutur əlindən.
Bir dənizə dönmüşəm,
Göyün üzünə qaçır.
Gəmi boyda arzular,
Sinəmdə yelkən açır.
Bir dənizə dönmüşəm,
Dəniz bəbəklərində.
Çaxılıram daş-qaşa,
İncə biləklərində.
Bir dənizə dönmüşəm,
Saçları yosun-yosun.
Zaman dodaqlarında,
Dincəlir uzun-uzun.
Bir dənizə dönmüşəm,
Bu dənizin özü sən.
Oxuduğu nəğmənin,
Bəstəsi mən, sözü sən.
İçimdəki səs
Bir səs gəlsə uzaqdan,
çağırsa gedənləri...
Axtarıb tapsa bir-bir
gözümdən itənləri,
qəlbimdə susanları,
dilimdə bitənləri...
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa...
İllərin dostu kimi,
Könül yoldaşı kimi
Keçmiş qayğılarımdan
Təzə qayğılaradək
gəlib dadıma çatsa,
əl tutsa bacım kimi,
Əlim çatmayanlara,
uzansa ümidlərin
boyu qardaşım kimi,
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa,
Evimdə-eşiyimdə,
Xoş günlər keşiyində,
dayansa atam kimi.
Arzular beşiyimdə
həzin bir layla çalsa,
oxusa anam kimi...
Bir səs gəlsə uzaqdan,
gedənləri çağırsa,
Gedənlər eşitməsə,
gedənlər qayıtmasa,
Bu səs məni də alıb,
kaş özüylə aparsa...
Sən də mənim kimisən
Kaşlardan corab hördün,
günlərimin başına,
Bir ayağın ilişib
bəlkələrin daşına,
Gözlərimdən, əllərimdən sürüşüb,
vərəqlərin üstünə
söz-söz tökülən ömür..,
Ovcumun içində
qoca qırışlar kimi,
beli bükülən, ömür,
Sən də mənim kimisən...
sən də mənim kimisən,
Bir az cılız, balaca,
Əynimə geyindiyim,
bu köhnə pencəyimdə,
düymələrin yerindən
yersiz sökülən, ömür..,
Eh... Daha bir-birimizə
dar gəlirik dəyəsən,
Əl dayayıb ağaca,
dincəlmək istəyirsən,
Duz olub dizlərimə,
vaxtsız çəkilən ömür...
Ciblərimdə gizlənən,
beş qəpiklər kimisən,
Beş qəpik qalan, ömür,
Əlim sənlə doludu,
Saydım qəpiklərimi,
bir çörəyin puludu...
Indi sol yanımda
dərin bir nəfəs dərib,
az əvvəl yandırdığın siqaretin közünü
ayağınla əzirsən...
Dodağın yana qaçır,
Gülməkdən çox elə bil,
gülüşündən bezirsən,
başı dikələn ömür,
Bilirəm, düşünürsən:
"buna da şükür",
buna da şükür...
Almaniyada “Bu gün payız kimi” olmaq
Aysel Xanlarqızı Səfərlinin Almaniyada "Bu gün payız kimiyəm" ("İch bin heute Wie der Herbst") adlı kitabı çap olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın işıq üzü görməsi Almaniyada yaşayan həmyerlimiz Orhan Arasın sayəsində baş tutub. Orhan bəy azərbaycanlı ədiblərin Almaniyada çap olunmasına həmişə zəhmət sərf edir.
Əminik ki, alman ədəbiyyatsevərlər “bu gün payız kimiyəm” deyən bahar qəlbli Aysel Xanlarqızı Səfərlinin yaradıcılığını bəyənəcəklər.
Dünya mədəniyyətinin ən çox oxunan xəbəri “Rust” vesterninin çəkilişləri zamanı atılan güllə olub
İki gündür ki, bu xəbər saytların, qəzetlərin və TV-lərin başında dayanır.
Filmin prodüserləri maksimum - 137 min dollar cərimələnib, onun çəkilişində operator Qalina Xatçins həlak olub və rejissor yaralanıb.
Nyu-Meksiko ştatının əməyin mühafizəsi Bürosundan bildiriblər ki, şirkət çəkiliş meydançasında odlu silaha müraciət edərkən təhlükəsizlik texnikası qaydalarına əməl etməyib, prodüserlərin isə "əməkdaşların təhlükəsizliyinə biganəlik etdikləri" bildirilir.
Nə baş verib? Filmin prodüserlərindən biri olan aktyor Alek Bolduinin iştirakı ilə vesternin çəkilişlərində aktyor silahdan atəş açıb. Xəsarət alanlar operator Qalina Xatçins və rejissor Joel Sousa alıb. Rejissor bir neçə saatdan sonra xəstəxanadan çıxıb, operatoru isə həkimlər xilas edə bilməyiblər.
Şirkətdən agentliyə 15 gün ərzində 136.793 dollar ödəməsi tələb olunur. Sənəddə qeyd olunur ki, şirkət iş zamanı qanunun təhlükəsizliyi tələb edən vəzifələr haqqında bəndini pozub.
Məsələ isə çox qarışıqdır. Martın ortalarında “Los-Angeles Times” qəzeti A.Bolduinin “Rust Movie” kino şirkətinin prodüserlərinə qarşı məhkəmə iddiası açdığını yazmışdı. Aktyor operator Q.Xatçinsin ölümünə görə məsuliyyət daşımadığını israr edərək, zərərin şirkət tərəfindən ödənilməsini tələb edib.
Qeyd edək ki, bundan əvvəl Q.Hatçinsin həyat yoldaşı aktyor Alek Bolduini və filmin yaradılmasında iştirak edən şirkəti, eləcə də çəkiliş qrupunun üzvlərini məhkəməyə verib.
2021-ci ilin oktyabrında "Rast" filmində rol alan aktyor A.Bolduin epizodun məşqi zamanı tapançadan atəş açdığı zaman silahın boş güllələrlə deyil, təbii döyüş güllələri ilə doldurulduğu ortaya çıxıb. Nəticədə Ukrayna əsilli operator Qalina Xatçins dünyasını dəyişib və rejissor Coel Souza isə ağır yaralanıb.
Aktyor operatorun öldürüldüyü silahın tətiyini çəkmədiyini bildirib. Onun sözlərinə görə, atışma kortəbii şəkildə baş verib.
“Ədəbiyyat və incəsənət” portalı məlumatı Euronews-a istinadən yayınladı.
Şəkildə: Alek Bolduin.