Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi budur, başa çatdı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda hazırda ekspertlərin 30 finalçını müəyyənləşdirmək mərhələsidir.
Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Emin Piri, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli, Cavid Qasımov və digərləri...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
Nigar Arif ( Ağalarova İlqar qızı)
1993-cü il 20 yanvarda Mingəçevir şəhərində anadan olub.
2003-2009- cu illərdə Mingəçevir şəhər Üzeyr Hacıbəyov adına 3 saylı “Uşaq Musiqi Məktəbi”ndə piano üzrə təhsil alıb.
2010-2014- cü illərdə ADPU- nun filologiya fakultəsində “ingilis dili müəllimliyi” üzrə təhsil alıb.
2016–2018- ci illərdə fəaliyyət göstərən Azərbaycan YazıçılarBirliyi və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "GəncƏdiblər Məktəbi"nin məzunudur.
2017-ci ildən “Dünya Gənc Türk Yazarlar Birliyi”nin üzvüdür.
2020- ci ildən Mərakeşdə “Beynəlxalq İnsanlıq və Yaradıcılıq Forum”unun üzvüdür. Dünyada sülhün təminatında yaradıcılıq xidmətlərinə görə bu forum tərəfindən 2022-ci ildə “Dünyanın ən yaxşı medalı”na layiq görülüb.
2021-ci ildən Özbəkistanda “Orta Asiya Yazarlar Birliyi”nin üzvüdür. Həmçinin bu birlik tərəfindən ‘Yangi Ovoz” ordeni ilə təltif olunub.
2022-ci ildən Çində “CHINA POETRY CIRCLE” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Çin festivalında “Mükəmməl Gənc Yazar “ adına layiq görülüb.
2022-ci ildən Qırğızıstanda “Beynəlxalq Yazarlar Birliyi”nin üzvüdür.
2019-cu ildə Bakıda ədəbiyyat üzrə IV LİFT Festivallar Festivalının, 2020- ci ildə Kolumbiyada keçirilən məşhur “Medelyin Dünya Şeir Festivalı”nın iştirakçısı, eləcə də Hindistan, Çin, İtaliya üzrə bir çox dünya şeir festivalları və layihələrinin iştirakçısı olub, mükafat və sertifikatlarla təltif edilib. Şeirlərindən bəziləri türk, rus, ingilis, ispan, ərəb, fars, çin, hind, portuqal, italyan, urdu kimi dillərinə tərcümə edilərək dünyanın bir çox ölkələrində dərc olunub, “ Barış” şeirinə İtalyada mahnı bəstələnib.
Həqiqətən də xanım yazarların şeirləri daha səmimi, daha kövrək, daha duyğusal olur. Yalnız onlar deyə bilərlər ki, div boyda arzuların cırtdan ayaqları var...
Gecikmiş görüş
Bax belədir, əzizim,
Yol uzundur, zaman dar,
Hardan biləydik axı
Div boyda arzuların
cırtdan ayaqları var...
Xəyallar qura-qura
Ağlımız kəsmədi heç
arzular da gecikər,
birdən bizə çatammaz.
Bir gün şirin yuxular
daha yalan satammaz...
Böyüməyə tələsdik
uşaqlıq dura-dura
Nə gənclik yaşadıq ki,
özümüzü o dağdan
bu daşa vura-vura...
Bir vaxt fil qulağında,
oyandıq qəh-qəhəylə,
Elə bil dan söküldü
əlimizdə qədəhlə...
Boylandı arxamızca
yük dolu karusellər,
Gülümsədi uzaqdan,
Londonlar, Brüsellər...
Öyrəşdik uçaqlara,
Kim nə deyə bilər ki,
indi bu qoçaqlara?
Gəzdik bütün dünyanı,
Nə sən bezdin, nə də mən
O cırtdan ayaqların
ümidindən yapışdıq,
Gec olsa da neyləyək
əsas odur,ölmədik,
evvəl-axır tapışdıq...
Bəstəsi mən, sözü sən
Bir dənizə dönmüşəm,
Ləpəsi sətir-sətir.
Dalğaların altında,
Balıqlar yallı gedir.
Bir dənizə dönmüşəm,
Şeirimin sahilində.
Kövrəlib sərt qayalar,
Günəş tutur əlindən.
Bir dənizə dönmüşəm,
Göyün üzünə qaçır.
Gəmi boyda arzular,
Sinəmdə yelkən açır.
Bir dənizə dönmüşəm,
Dəniz bəbəklərində.
Çaxılıram daş-qaşa,
İncə biləklərində.
Bir dənizə dönmüşəm,
Saçları yosun-yosun.
Zaman dodaqlarında,
Dincəlir uzun-uzun.
Bir dənizə dönmüşəm,
Bu dənizin özü sən.
Oxuduğu nəğmənin,
Bəstəsi mən, sözü sən.
İçimdəki səs
Bir səs gəlsə uzaqdan,
çağırsa gedənləri...
Axtarıb tapsa bir-bir
gözümdən itənləri,
qəlbimdə susanları,
dilimdə bitənləri...
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa...
İllərin dostu kimi,
Könül yoldaşı kimi
Keçmiş qayğılarımdan
Təzə qayğılaradək
gəlib dadıma çatsa,
əl tutsa bacım kimi,
Əlim çatmayanlara,
uzansa ümidlərin
boyu qardaşım kimi,
Bir səs gəlsə uzaqdan,
Gəlsə, lap yaxın olsa,
Evimdə-eşiyimdə,
Xoş günlər keşiyində,
dayansa atam kimi.
Arzular beşiyimdə
həzin bir layla çalsa,
oxusa anam kimi...
Bir səs gəlsə uzaqdan,
gedənləri çağırsa,
Gedənlər eşitməsə,
gedənlər qayıtmasa,
Bu səs məni də alıb,
kaş özüylə aparsa...
Sən də mənim kimisən
Kaşlardan corab hördün,
günlərimin başına,
Bir ayağın ilişib
bəlkələrin daşına,
Gözlərimdən, əllərimdən sürüşüb,
vərəqlərin üstünə
söz-söz tökülən ömür..,
Ovcumun içində
qoca qırışlar kimi,
beli bükülən, ömür,
Sən də mənim kimisən...
sən də mənim kimisən,
Bir az cılız, balaca,
Əynimə geyindiyim,
bu köhnə pencəyimdə,
düymələrin yerindən
yersiz sökülən, ömür..,
Eh... Daha bir-birimizə
dar gəlirik dəyəsən,
Əl dayayıb ağaca,
dincəlmək istəyirsən,
Duz olub dizlərimə,
vaxtsız çəkilən ömür...
Ciblərimdə gizlənən,
beş qəpiklər kimisən,
Beş qəpik qalan, ömür,
Əlim sənlə doludu,
Saydım qəpiklərimi,
bir çörəyin puludu...
Indi sol yanımda
dərin bir nəfəs dərib,
az əvvəl yandırdığın siqaretin közünü
ayağınla əzirsən...
Dodağın yana qaçır,
Gülməkdən çox elə bil,
gülüşündən bezirsən,
başı dikələn ömür,
Bilirəm, düşünürsən:
"buna da şükür",
buna da şükür...