Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Bu il Daşkənddə üçüncü dəfə beynəlxalq festival kimi keçirilən tədbirdə 3000-dən çox qonaq iştirak edib.
Türkiyənin Özbəkistandakı səfiri Olgan Bekar 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə iştirakçıları təbrik edib, bayramın yaranma tarixi haqqında məlumat verib. Səfir 1919-cu ildə Qazi Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizə ilə bağlı söhbət açıb, Türkiyə Böyük Millət Məclisinin 23 aprel 1920-ci ildə qurulduğunu bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Festival çərçivəsində rəqs nömrələri nümayiş etdirilib, xalq mahnıları oxunub.
Konsertdə AMM-nin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Festivalda iştirak edən uşaqlara üzərində “23 Aprel Uşaq Festivalı” yazılmış köynəklər və digər hədiyyələr verilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.