Super User

Super User

Çərşənbə axşamı, 26 Aprel 2022 16:30

30 (+2) finalçının adı açıqlandı

 

Nəhayət ki, ədəbiyyatın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi başa çatdı. 

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın ekspertləri tərəfindən 30 (+2) finalçı müəyyənləşdirildi. Festivalın Əsasnaməsinə görə ekspertlərin ən yüksək balla qiymətləndirdiyi 30 finalçıya olduqca istedadlı 2 Vətən müharibəsi qazisi olan gənc şair də müsabiqədənkənar əlavə edildi.

Beləliklə, “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun final mərhələsinin 32 iştirakçısının siyahısını diqqətinizə çatdırır:

  

1. Ələsgər Əhmədov (Ələsgər Əhməd). Poeziya.

2. Elroman Əlizadə (El Roman). Poeziya.

3. Mehdi Dostəlizadə. Poeziya.

4. Nərgiz İsmayılova (Nargis). Nəsr.

5. Aypara Mehmanova (Aypara Ayxan). Poeziya.

6. Murad Muradov. Nəsr.

7. Cavid Qasımov. Poeziya.

8. Bahəddin Salman. Nəsr.

9. İntiqam Cavanşir (İntiqam Yaşar). Poeziya.

10. Ümid Nəccari. Poeziya.

11. Tural Cəfərli. Poeziya.

12. Ulucay Məmmədov (Ulucay Akif). Poeziya.

13. Orxan Həsənov (Orxan Həsəni). Nəsr.

14. Ayxan Ayvaz. Nəsr.

15. Emin Əlizadə (Eminquey). Poeziya.

16. Ramil Əhməd. Poeziya.

17. Fərid Hüseyn. Poeziya.

18. Gülnar Hüseynova (Gülnar Ümid). Poeziya.

19. Rəvan Cavid. Poeziya.

20. Emin Piri. Poeziya.

21. Elvin Əlizadə. Poeziya.

22. Günel Ağayeva (Günel Balakişi). Poeziya.

23. Nadir Rzalı (Nadir Yalçın). Nəsr.

24. Faiq Hüseynbəyli. Poeziya.

25. Cavid Zeynallı. Nəsr.

26. Nigar Ağalarova (Nigar Arif). Poeziya.

27. Ruslan Cahangirli (Ruslan Dost Əli). Poeziya.

28. Gülmalı Məmmədov (Səddam Laçın). Poeziya, nəsr.

29. Gülay Tahirli. Poeziya.

30. Təvəkgül Boysunar. Nəsr.

31. Həsən Zeynallı (Həsən Kür). Poeziya.

32. Elvin İntiqamoğlu. Poeziya.

 

Ekspertlər tərəfindən yüksək bal almış daha 3 iştirakçı – Oğuz Ayvaz, Nərminə Ələkbərova (Jasmin) və Vüqar Babazadə isə növbəti – 2023-cü il festivalında seçim mərhələsində iştirak etmədən birbaşa finala qatılmaq şansı əldə etmişlər. 

Xatırladaq ki, aprel ayının 30-da 32 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti və fəxri qonaqlar səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar.

Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar. 

Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq. 

May ayının 1-də “Şahdağ Quba – Truskavets” sanatoriyasının “Konsul” zalında təşkil olunacaq Qala gecədə musiqinin, təbrik nitqlərinin, zəngin banket süfrəsinin müşayiəti ilə bütün iştirakçılar “Festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla  mükafatlandırılacaqlar. Daha bir iştirakçı-qalib isə 32 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək. 

Növbəti mərhələlərdə festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur. 

Əlbəttə ki, nə olursa olsun, sonda ədəbiyyat qalib gələcək!

 

Daşkənddəki “Didor” teatr studiyası Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını yeni quruluşda tamaşaya qoyub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşada Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev, bədii rəhbər Babur Yuldaşevdir. Əsərin musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.

Tamaşada əsas rolları Ulmaz Urayev, İroda Kasimova, Adiz Racabov, Nazokat Narziyeva,Yulduz Racabova, Maxliye Askaraliyeva və başqaları ifa ediblər.

Xatırladırıq ki, “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

1921-ci ildə bu əsərə Buxarada səhnə həyatı verilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsəri təqdim edib. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim olunub.

Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya qoymuşdu.

Qeyd edək ki, musiqili komediya dünyanın 76 ölkəsinin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş olunub.

 

Finlandiyanın Espoo şəhərindəki Etelä-Tapiola liseyində müxtəlif ölkələrin mədəniyyət günü keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, liseyin 17 yaşlı tələbəsi Mona Savojifarın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, rəsm əsərləri, xalçalar, geyimlər və suvenirlər nümayiş etdirilib.

Milli geyimli soydaşımız tədbir iştirakçılarına ölkəmizin tarixi barədə ətraflı məlumat verib, milli rəqs ifa edib, milli mətbəx nümunələrimiziin hazırlanması qaydalarını göstərib.

Qeyd edək ki, Mona Savojifar Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatin üzvüdür.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunan konsert keçirilib.

 

Baş İdarədən bildirilib ki, tədbirdə Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşovanın çıxışı alqışlarla qarşılanıb. Onu beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli müşayiət edib.

Qeyd edək ki, istedadlı şagirdlərin müəllimi musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayevadır.

Çərşənbə axşamı, 26 Aprel 2022 12:30

Siyavuş Kərimidən milli musiqimizə daha bir töhfə

 

Azərbaycan Milli Konservatoriyasında (AMK) Kamança festivalı başlayıb. “Şuşa İli” münasibətilə ölkəmizdə ilk dəfə gerçəkləşən festivalda peşəkar kamança ifaçıları iştirak edir. 

 

Festivalın bədii rəhbəri AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir.

Festivalın ilk günündə təhsil ocağının böyük zalında tanınmış kamança ifaçıları – Xalq artisti Fəxrəddin Dadaşov, Əməkdar artistlər Toğrul Əsədullayev, İsmayıl Həmidov, Elnur Əhmədov, ifaçılar Toğrul Orucov, Oqtay Şərifovun çıxışları təqdim olunub.

Festival aprelin 28-dək davam edəcək.

Qeyd edək ki, AMK-da bundan əvvəl, “Şuşa İli” çərçivəsində Tar festivalı keçirilib.

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi artıq başa çatıb. 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda 30 finalçının adları bu gün açıqlanacaq. 

Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

Faiq Hüseynbəyli

 

Hüseynbəyli Faiq Bilal oğlu 1983-cü il, dekabr ayının 20-də Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığına görə 2006-cı ildə “Gənclik, İdman və Turizm” nazirliyi tərəfindən “İlin ən yaxşı gənc şairi” kimi təltif olunub. 2007-ci ildə Prezident mükafatına layiq görülüb. Səkkiz poetik toplunun müəllifidir.

Faiq Hüseynbəyliyə çox rahatca peşəkar şair demək olar. Sözü cilalamaq, sözlə oynamaq, sözün nazını çəkmək, sözün qədrini bilmək onun şeirlərinin görünən tərəfləridir. Faiq Hüseynbəyli hər şeirində sözə bir abidə ucaldır sanki və deyir:

İlbəil yandıqca köz olur şair,

Hərf-hərf birləşib söz olur şair.

 

 

 

 

***

 

Bir səhər müharibəyə açıldı gözüm,

Gördüm, hər tərəfi

bürümüş vətən qoxusu.

Bir səhər müharibəyə açıldı gözüm,

Sən demə, qarışıb gecənin yuxusu,

Sən demə, qarışıb Gəncənin yuxusu.

 

Oyanıb otuz illik həsrətdən

Qocaman Murovdağ.

İlahi, möhtəşəmliyə bir bax!

Silkələnib, töküb üstündən yad izləri,

Şuşaya doğru səsləyir bizləri!

Səsləyir qədim abidələr -

Şuşa qalası,

Azıx mağarası,

Cıdır düzü.

Qaldığı yerdən boy atır

Xanın səsi, Vaqifin sözü.

 

Bir səhər müharibəyə açıldı gözüm,

Əmr verilib: - İrəli!

Üzülüb düşmənin

özgə ətəyindən əli.

Amma, lakin, ancaq,

dəyişməyib xisləti.

Atəşkəs istəyir müvəqqəti,

Aman diləyir,

girib heyvan cildinə çaqqallar,

Quzu kimi mələyir...

 

Döyüş meydanında dizini yerə atdı yağı,

Atəşə tutdu sivilləri, qız-gəlini, uşağı...

Məsum uşaqların ahı tutsun düşməni,

Xəbərlərə baxıb o ki var ağlamışam,

İçimdə bu əclaflığa qarşı

Bir ömürlük qisas hissi saxlamışam!

Daha sülh ola bilməz,

Axar sular durula bilməz!

Cənab Ali Baş Komandan,

Hörmətli zat ailləri,

Zəfər xəbərlərin xalqın ürəyinə su səpir,

Hərf-hərf, söz-söz, sətir-sətir.

Təşnə könüllərə məlhəmdi

Bütün çıxışların!

Rusiyadan, Fransadan eşidilir

Erməninin yalvarışları!

 

Bir səhər müharibəyə açıldı gözüm,

Bütün vücudumu bürüdü bu nida:

Qarabağ Azərbaycandır!

Günəş Ərgünəşdən doğdu bu yurda,

Əmr dəyişməyib: "İrəli!".

Qisas vaxtıdır,

Qana qan, cana candır!

 

Kəndbəkənd, oba-oba nəfəs alır,

Geri qayıdır torpaqlar

qarış-qarış, addım-addım...

Mənə zəfər verin,

Qələbə verin,

Azadlıq verin,

Bütün ağrılarımı-acılarımı unudum!

Ulu Babam, Dədəm Qorqud,

vaxt həmin vaxtdır,

An həmin andır -

Qarabağ Azərbaycandır!

 

 

***

 

İlbəil qocalır güzgülər,

Dərinləşir üzündəki cizgilər.

İlbəil qocalır yollar,

Enişdən yoxuşa ucalır yollar.

İlbəil quruyur ağaclar,

Qolsuz-budaqsız çürüyür ağaclar.

İlbəil əriyir sular,

Göylərə yeriyir sular.

Səmtini dəyişir çaylar,

Eyni fəslə dönür

Payızlar, qışlar,

Yazlar, yaylar.

İlbəil ayrılır o qız məndən,

Uzaqlaşır Günəş məndən,

Ay məndən, ulduz məndən.

İlbəil böyüyür qayğılar,

Bütün vücudumu bürüyür qayğılar.

İlbəil tanımır məni doğmalar, yadlar,

İlbəil süstləşir inadlar.

İlbəil çoxalır rəqəmlər,

İlbəil ömürdən çıxılır rəqəmlər.

Böyüyür addımlar, izlər,

Sükutun lal diliylə danışır sözlər.

İlbəil kar olur xəbərlər,

İçimdəki müharibəyə

uduzur bütün zəfərlər.

İlbəil uzaqlaşır hər şey adamdan,

Çıxmaq istəmirəm tənha odamdan.

İlbəil illər də azalır,

İlbəil bənizlər sozalır.

İlbəil yandıqca köz olur şair,

Hərf-hərf birləşib söz olur şair.

 

 

***

 

Salam, Tanrım mənim, salam, İlahi,

Mən gülü burnumda solan bəndənəm.

Çətin tanıyarsan bu qəmi, ahı,

Filankəsin oğlu filan bəndənəm.

 

Qarada itirdim bütün rəngləri,

O asan rəngləri, çətin rəngləri.

Atadan-anadan yetim rəngləri,

Həyat tablosuna salan bəndənəm.

 

Milçəklər qaynaşır söz pətəyində,

Nə kökündə dad var, nə kötəyində.

Həqiqət, azadlıq, haqq ətəyində,

Zühur namazını qılan bəndənəm.

 

Bəlkə də xitabım sənə xoş deyil,

Həmin adam deyil, vətəndaş deyil –

Heçdən yaratsan da, içim boş deyil,

Sən özün "Ol!" dedin, olan bəndənəm.

 

Çətin tanıyarsan... əyər tanısan,

Sən özün bu ruhun tərcümanısan.

Bütün şeirlərin qəhrəmanısan,

Min ildi qeydinə qalan bəndənəm.

 

Kimsə söz çeynəyir burda acından,

Qaçır ömrü boyu ehtiyacından...

Göstər ağ rəngini, tutum ucundan,

Mən yalan bəndənəm, yalan bəndənəm.

 

Sağ ol, Tanrım mənim, İlahim mənim,

Səndən öz payımı alan bəndənəm.

 

 

Sözün yorğunu

 

Yüyənə sığmayır dəli at kimi,

Ruha bax, dərənin-düzün yorğunu.

Min ildi Günəşdən nur içir əllər,

Min ildi ayaqlar izin yorğunu.

 

Həyat bir oyundu, yarışdan keçər,

Sevgidən, sevdadan, barışdan keçər.

Alın yazıları qırışdan keçər,

Alın yazıları... üzün yorğunu.

 

Tanrı, gəl sahib çıx bu ruha, cana,

Bir addım yaxın ol qulun insana.

Gündüzlər atadır, gecələr ana,

Oğulun yorğunu, qızın yorğunu.

 

Şimşəklər oynaşır qayada, dağda,

Rənglər yoxa çıxır qarada, ağda...

Qopmasın kökündən bircə budaq da,

Sən özün hifz elə, özün, yorğunu.

 

Ulayır səbrimi kəsən küləklər,

Torpaqdan, dənizdən küsən küləklər.

Bu yağan yağışlar, əsən küləklər,

Yar gələn yollarda tozun yorğunu.

 

Tanrı, sirlərini açan bəndəyəm,

Mən haçan Tanrıyam, haçan bəndəyəm?

Sözlə qanadlanıb uçan bəndəyəm,

Sözün yorğunuyam, sözün yorğunu.

 

 

 

 

Anons: Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun müsabiqə mərhələsinin yekun siyahısı saat 16.00-da açıqlanacaq. 

 

30 xoşbəxt iştirakçı kimdir? Onlarla tanış olacaqsınız.

 

Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şuşa İli”nə həsr olunmuş “Şuşanın dağları, Zəfərin ulduzları” adlı konsert keçirəcək.

 

Konsertdə məktəbin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları, Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər.

Konsertdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Çərşənbə axşamı, 26 Aprel 2022 10:30

Musa Ələkbərli soruşur ki, axı necə döyüşsün?

 

Hal-qəziyə belə olur. Altmışillik yubileyi ərəfəsində çox hörmətli bir şair dostu “Musa sən yaxşı şairsən, ancaq səndən acığım gəlir, öz haqqın uğrunda döyüşmürsən”- deyə şair Musa Ələkbərliyə irad bildirir. O vaxtdan düz on iki il keçir, o sözlər Musa Ələkbərlinin ürəyimdə ovxarlana-ovxarlana axır ki, şeirə çevrilir.

 

“Ədəbiyyat və incəsənət” portalı şair Musa Ələkbərlinin öz 62 illiyinə həsr etdiyi “Mən necə döyüşüm” şeirini təqdim edir. 

 

 

Öz haqqın uğrunda döyüş deyirsən,

Deyirsən pasladır qılıncı qını.

Deyirsən şairin haqqından kəsən

Hardasa tapdayır Vətən haqqını.

 

Mən haqqın quluyam qələm tutandan,

Canımda qələmə qul sədaqəti.

Əhdinə bağlıyam ürəkdən, candan,

Heç nə bu ilqarı pozammaz qəti!

 

Sənət dünyasında nə alqı-satqı?!

Şeirimiz öyünən gündə deyil ki...

Mən kimlə döyüşüm, şairin haqqı

Şəhid haqqından da öndə deyil ki?!

 

Şeirə köçə bilmir çox dərdi-sərim,

Silahdan yarımır sözümün səfi.

Mən necə döyüşüm, od sətirlərim

Nişan almayırsa əsil hədəfi?!

 

Haqqım – qazandığım halal duz-çörək,

Xəyal dərinliyi, səs ənginliyi.

Yeddiqat göylərə bağlısa ürək

Yer necə dərk etsin bu zənginliyi?!

 

Şair,  bu iradın, tənən haqdımı?

Özümçün heç zaman döyüşmərəm mən.

Haqqın tərəfində durmaq haqqımı

Ölsəm də heç nəyə dəyişmərəm mən!

 

Adım gələn yerdə çatır “və sair”

Duyumlu ürəklər daşsa, dəmirsə...

Canım, xeyri yoxdur, nə “yaxşı şair”

Mənsəbli ixtiyar bunu demirsə?!

 

Kükrəyib haqq mənəm deyən Nəsimi

O haqqın uğrunda soyulmadımı?!

Ekrandan, efirdən qovun səsimi,

Qəzetdən, jurnaldan pozun adımı.

 

Özəl misralarım çıxsın aşkara,

Qınında çürüyən qılınc olmasın.

Onlar da mənimtək çəkilib dara,

Döyüş meydanında girinc olmasın.

 

Sözlər var sinəmə sancılan oxdu,

Çox sirlər gizlində, çox dərdlər yasaq...

Haqdan danışmağa haqqımız yoxdu,

Vətəni haqqına qovuşdurmasaq!

 

Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinif şagirdi Xədicə Cahangirova İspaniyanın paytaxtı Madriddə keçirilən “Spaın Star Productıon” beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

 

AzərTAC xəbər verir ki, müsabiqəyə fortepiano üzrə onlayın qatılan X.Cahangirova Tofiq Quliyevin “Preludiya fa # minor” əsərini ifa edib və uğurlu çıxışına görə yarışmanın ən yüksək mükafatına – Qran-Priyə layiq görülüb.

Onun müəllimi Xanım Məhərrəmovaya da müsabiqənin təşəkkürnaməsi verilib.

Qeyd edək ki, solo fortepiano ifaçısı olan Xədicə Cahangirova, eyni zamanda, vokal dərsləri də alır. Xədicə uşaq yaşlarından pianoya böyük maraq göstərib. Bu səbəbdən də valideynləri onu Bülbül adına orta ixtisas musiqi məktəbinə qoyublar. O, 5 yaşında heç bir müəllim hazırlığı görmədən məktəbin müsabiqəsinə qatılıb və qəbul olub. Hələ qarşıda onu çox böyük uğurlar gözləyir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.