Daşkənddəki “Didor” teatr studiyası Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını yeni quruluşda tamaşaya qoyub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşada Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev, bədii rəhbər Babur Yuldaşevdir. Əsərin musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.
Tamaşada əsas rolları Ulmaz Urayev, İroda Kasimova, Adiz Racabov, Nazokat Narziyeva,Yulduz Racabova, Maxliye Askaraliyeva və başqaları ifa ediblər.
Xatırladırıq ki, “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
1921-ci ildə bu əsərə Buxarada səhnə həyatı verilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsəri təqdim edib. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim olunub.
Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya qoymuşdu.
Qeyd edək ki, musiqili komediya dünyanın 76 ölkəsinin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş olunub.