Super User
Bu gün Beynəlxalq Rəqs Günüdür
Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.
Almaniyada keçirilən Jazzahead Beynəlxalq sərgi və festivalda Azərbaycan cazı da təqdim olunub
Aprelin 28-dən mayın 1-dək Bremen şəhərində keçirilən Jazzahead-2022 caz üzrə ən mühüm və geniş beynəlxalq platformadır. Buraya dünyanın bir çox ölkəsindən 15 minə yaxın ziyarətçinin gəlməsi gözlənilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan bu ilki sərgidə iki istedadlı ifaçı – pianoçu Əfqan Rəsul və vokalçı Diana Hacıyeva duetini təqdim edir. Peşəkar pianoçu, Montrö Caz Festivalı gənc caz musiqiçilər müsabiqəsinin iştirakçısı Əfqan Rəsul tanınmış gənc vokalçı Diana Hacıyeva ilə birlikdə qısa müddət ərzində həm dinləyicilərin, həm də bu janrın peşəkar bilicilərinin sevdiyi tandem yaradıb və bu duet ilk dəfə Bakı Caz Festivalı 2021-in səhnəsində təqdim olunub.
Jazzahead beynəlxalq caz sərgisində ölkəmizin iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Aprelin 27-də Almaniyanın Bremen şəhərində keçirilən Deutche Jazz Preis - Alman Caz Mükafatlarının təqdim edilməsi mərasimində tanınmış gənc ifaçı, Əməkdar artist İsfar Sarabski də iştirak edib. İ.Sarabskinin "Planet" albomu "İlin ən yaxşı xarici debüt albomu" nominasiyası üzrə təqdim olunub. Albom Mükafata təqdim olunmuş yüzlərlə yeni layihələr arasından münsiflər heyəti tərəfindən 3 nominantdan biri kimi seçilib.
Qənirə Paşayeva Zaməddin Ziyadoğlunu təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri Zaməddin Ziyadoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qənirə Paşayeva Zaməddin Ziyadoğlunu ilə görüşdə ürək sözlərini bölüşüb:
“Hörmətli Zaməddin müəllim. Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm!
Siz zəngin ədəbi ənənələri olan Qazax rayonunun Xanlıqlar (keçmiş Musaköy) kəndində doğulmusuz.
Oxucular sizi daha çox neftçi-şair və “Həncərisən?” şeirinin müəllifi olaraq tanıyır. Vurğulamaq istərdim ki, sizin yaradıcılığınızda neftçilərimizin gərgin əməyi, alın təri ifadə olunub. – Siz doğma Xəzəri, Neft daşlarını, paytaxt Baknı, ümumən Azərbaycanı tərənnüm edirsiz. “Həncərisən?” şeirinizin dillər əzbəri olması isə etnoqrafik yaddaşı, epos təfəkkürünü bir şeirə sığdıra bilməyinizlə, el-oba doğmalığı ilə bağlıdır.
Siz 8 kitabın müəllifisiz. Azərbaycanda Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvüsüz.
Azərbaycan Prezidenti sizi “Tərəqqi” medalı ilə təltif edib.
Sizi 75 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!”
MM Mədəniyyət Komitəsi sədri “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri Zaməddin Ziyadoğlunu Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri
Zaməddin Ziyadoğlunu səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.
Musiqili Teatr yeni tamaşanın premyerası oldu
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olub.
Dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib premyerada.
18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edib. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxıblar.
“Mən gedəndə yuxudaydın, oyatmadım...” (Günel Balakişi) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə sayılı günlər qaldı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.
Günel Balakişi qızı Ağayeva (Günel Balakişi)
1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyini bitirib. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində bakalavriat, 2010-2012-ci illərdə isə Sumqayıt Dövlət Universitetində magistratura pilləsi üzrə ali təhsilə yiyələnib.
Şeir yazmağa orta məktəb illərində başlayıb. İlk şeiri 3-cü sinifdə oxuyarkən məktəbin həftəlik divar qəzetində yer alan “Ana laylası” olub.
“Ulduz” jurnalında, “Manera.az” ,”Adalet. az” portallarında, “Ədəbiyyat” qəzetində şeirləri yayımlanıb.
Sevgi lirikası... Əbədiyaşarlıq qazanmış janr... Güneldə ayrılıqlar yarası hələ qaysaq bağlamamış ayrılıqlardır, oxuduqca sənə də siyarət edir, səni də göynədir.
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi? –deyir o. Çox içdən deyir özü də.
Uzaqlar
Bilsəydim, çoxdan gedərdim.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Deyirdin, qiymətli olur ara-sıra, qəfil gəlib,
qəfil gedən qonaqlar.
Sözünü yerə salmadım,
səssiz olur, əziz olur sözə baxan uşaqlar.
Mən də getdim, elə getdim...
Barmağımın uclarında hələ də küt ağrı var.
Səs etmədən, ayrılıqdan söz etmədən, gurultusuz:
Qırıb-töküb yox etmədən,
nəyim var ki, o komada mənim səndən başqa onsuz...
Uşaqlardan söz açmışkən, sən mənimlə çox oynadın...
Gah oynatdın, gah da atdın...
Daha sənlə oynamıram.
Oyun bitib, mən getmişəm.
Mən gedəndə yuxudaydın, oyatmadım...
Oyananda ağlamısan,
Oyuncağı axtarmısan...
Sinəmdədir, gizləmişəm,
Mən hamıdan, mən hər şeydən gizlənmişəm...
Bilsəm elə, ən birinci elə səndən gizlənərdim.
Bilsəydim, çoxdan gedərdim.
Ən azından bilərdim ki, məni gəzən,
Mənim üçün qəribsəyən bir uşaq var...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!
Sənsiz olmur
Darıxıram, sənsiz olmur.
Olur, amma, sən, bilmirsən
Sənsiz olmaq necə olur...
Necə deyim, anlayarsan?!
Bax, məsələn, yağsız, duzsuz yemək kimi.
Susuz balıq,
Labirint yol,
Tərk edilmiş yaşlı, qoca...
Yetim qalmış uşaq kimi -
Belə olur sənsiz olmaq.
Bax, məsələn, bu aralar, aynadan da yan gəzirəm -
Utanıram, gözlərimlə üzləşməyə.
Mən o qədər sən olmuşam:
Gec qalmışam, səni mənə dəyişməyə
Nə gülüşüm həmin deyil,
Nə yerişim həmin deyil -
Səmtimi də itirmişəm,
Hara gedim, kimə gedim?
Əynim nazik dolaşıram
küçələri sabah-axşam veyil-veyil...
Qollarını aparmısan,
Qoy üşüyüm.
Yatağı da yığmamışam -
səndən sonra buzdur yorğanım, döşəyim.
Hər gecənin sabahı var...
İstəmirəm!
Sənsiz gələn sabahları, istəmirəm.
Sevdiyimlə sınamağı, savabları istəmirəm...
Günahları istəyirəm,
Yetər ki, gəl...
Günahınla, savabınla, yetər ki, gəl...
Darıxıram!
Sənsiz olmur...
Olur, amma...
İndi, bildin sənsiz olmaq necə olur?
Belə olur, sənsiz olmaq,
Olsa, olsa belə olur!
Dərdin varsa
İnsan kimi sürünmədən yaşamaqmı istəyirsən?
Dərdin varsa, dərdini də sevəcəksən,
Əyləncəyə çevirərək....
Başa gələn başmaqçıyam, dərdin varsa, qol-qanad aç
Misal üçün: dur, rəqs elə....
Bacarmırsan, bir şeir yaz,
Yaz dərdini kağız elə.
Vərəq-vərəq yaz, sonrasa, elə cır ki,
taleyinin yazısını
Tikə -tikə, xırda-xırda....
Dərdini çox böyütməye,
Keçmişinin tozu kimi, üfür yelə...
Suallar ver öz-özünə, öz-özünə müsahib ol,
Pıçıldama ürəyində, çölünə tök içindəkin,
Utanmadan, çəkinmədən, lap ucadan...
Hünərli ol, demə baxan dəli deyər
Sənin dərdindən, mənə nə?
Mənim dərdimdən, sənə nə?
Baxana nə?
Görənə nə?
Kənara nə?
Kənar gəzsin kənardakı....
Büdrəsən də, zəifləmə, zəif olma,
Suçlayacaq "yanındakı".
Qalx ayağa, dərdin varsa, mahnı oxu
Fırça götür, çək dərdini rəsm elə....
Nə edirsən elə,
Amma.........
Aman-aman, yıxılma ha
Sən həmişə belə oldun,
Əyrisən də....
Düzəlməzsən, nə edirsən səhv edirsən
Düz etmirsən,
Rəzilsən də.....
Ahlarınla, ohlarınla, yorucusan
Məsum rolu oynama heç,
Əkdiyini biçirsən, sən
Doğru mənəm, yalnış sənsən
Bilirsənmi, kim deyəcək, bax, bunları?
Kim daha çox baltalayar, yorulanı, yıxılanı?
Sənin canın, qanın olan yaxınların......
Güldün, elə?
Güldün, elə?
Əhsən sənə.....
Dərdin varsa, dərdini də sevəcəksən,
Əyləncəyə çevirərək, gülə-gülə...
Bax, belə...
Bax, belə!
Bizim üçün darıxmışam
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar...
Duysan....
Görsən.... Dönərsənmi?!
Elə yorub həyat məni...
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam...
Dağılmışam....
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?
Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin...
İndi, hər yeməkdən əvvəl… Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?
Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir.
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan....
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam....
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Anar Kərimov Vidadi Babanlıya “Şərəf” ordenini təqdim etdi
Ötən gün mədəniyyət naziri Anar Kərimov Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Onun Azərbaycanın ədəbi ictimai həyatında fəal iştirakının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Daha sonra Anar Kərimov tərəfindən Vidadi Babanlıya "Şərəf" ordeni təqdim olunub.
Vidadi Babanlı ona qarşı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda nazir Anar Kərimov Vidadi Babanlı ilə xatirə şəkli çəkdirib.
Azərbaycan rəqqasları Xivədə keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalında çıxış ediblər
Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında keçirilən “Ləzgi” beynəlxalq rəqs festivalının üçüncü günü Azərbaycan rəqqasları da çıxış edib.
AzərTAC Özbəkistandan xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə festivalda ölkəmizi Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə rəqs qrupu təmsil edir.
Azərbaycanın rəqs qrupu bugünkü konsertdə “Cəngi” (solistlər Əməkdar artistlər Elnur Süleymanov və Nigar Şahmuradova), xalq rəqsi “Yüzbiri” (solist Əməkdar artist Günel Şeyxova), xalq rəqsi “Ay ləli” (solist Əməkdar artist Viktoriya Şahmuradova) və “Yallı” xalq rəqslərini ifa ediblər. Ansamblın baletmeysteri Əməkdar artist Ceyhun Qubadovdur.
Konsertdə Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadənin rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin musiqi qrupu da tamaşaçı kimi iştirak edib. Qrup bu festivala Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə qonaq kimi qatılıb.
Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı aprelin 29-da axşam festivalın qala-konsert proqramında iştirak edəcək.
Festivala dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.
Festival aprelin 30-dək davam edəcək.
Günün fotosu: “Müharibə - Şərdir”
Günün fotosu: “Müharibə - Şərdir”
Buça, Borodyanka və İrpendə gördüklərindən dəhşətə gələn BMT-nin baş katibi Antoniu Quterriş “Müharibə - Şərdir, o, 21-ci əsrdə yolverilməzdir” söyləyib.
“Mən öz ailəmi bu yanmış evlərdən birində görürəm, panika içində qaçan nəvələrimi təsəvvür edirəm. Müharibə - absurddur”.
Foto: Euronews
“Anladım ki, belə yaşamaq çətin olacaq” – məşhur yakut yazarı Yelena Kuorsunnaxın portalımıza müsahibəsi
Aida Eyvazlının təqdimatında
“Şimal təbiəti çox mürəkkəb və zərifdir. Lap elə qar dənəcikləri qədər zərif. Bir isti nəfəsdən əriyə bilər.
“Biz Şimal adamı, qar adamıyıq...” - Böyük şairlərimizdən biri Semyon Danilov da özünün “Qar” şeirində belə yazırdı. Bizim təbiətimiz özünə bənzəyən insanları yaradıb. Diqqətlə baxsanız, görərsiniz ki, bizim antropoloji quruluşumuz da xarakterimizə uyğundur. Bizim insanların oturaq həyat tərzi keçirən insanlara məxsus bədən quruluşaları vardır: sümükləri incə, bədənləri lətik, sifətləri normal ölçüdə, enlikürəkdirlər. Elə iqlimimizin özü kimi səssiz müdriklik, səbirlilik və dözümlülük, çalışqanlıq, bütün çətin vəziyyətlərdən ləyaqətlə çıxş yolu tapmaq - bütün bunlar bizim insanlara məxsus əsil insani keyfiyyətlərdir. Bu xüsusiyyətlərimizlə biz öz Vətənimizə bənzəyirik. Bilirsiniz, mən sərt qış günlərində yola çıxanda səssizlik içərisində uzanan qarlı və buz tutmuş yollarda qatı dumanın içərisindən göy üzündə bədirlənmiş ayın bəyazlığa büründüyünü görürəm. Bir də uzanan bəmbəyaz yolların kənarında yakut atlarının qaraltısı bu mənzərəyə başqa bir harmoniya qatır. 50 dərəcəlik mənfi şaxta temperaturda bu atların dözümlülüyünə, dırnaqları ilə buz tutmuş biçənəklərdən özlərinə yem axtarmaqlarına heyran qalmamaq olmur. Məgər bütün bu görünənlər qədim yurdumun fəlsəfəsi deyilmi?! Gör bir milyon illər ərzində təbiətimiz bizim Buzlu cənnətimizdə hansı möcüzələri yaradıb. Biz istidən soyuğa sığınanlarıq. Qlobal istiləşmə təkcə təbii aləmdə baş vermir, insanların fikrinə də təzahür edir. Bu, bizim ana təbiətimiz üçün qorxulu simptomdur. Biz əgər soyuğu əldən versək, yer kürəsini təbii fəlakətlər bürüyüəcək.”
Gözəl fikirlərdir, deyilmi? Bunlar yakutların milli iftixarı olan Platon Oyunskinin nəticəsi, yakut yazıçısı Yelena Sleptsova-Kuorsunnaxın olduqca maraqlı “Buzlu cənnət” kitabındandır.
Bu zərif və gözəl xanımı təqdim etməzdən əvvəl, öz yazdığı əsərindən kiçik bir abzası təqdim etdim. İstədim ki, Yelena Kuorsunnaxın hansı ruhun daşıyıcısı olduğunu biləsiniz.
Mən onun babasının - Platon Oyunskinin “Qırmızı şaman” kitabını dilimizə tərcümə etmişəm. Kitabı tərcümə etməyə başlayanda bilmirdim ki, bir tərcümə olunmuş əsər bir xalqın bayramına çevrilə bilər. İkinci dəfə Saxa Yakut Respublikasına səfərimdə Yelena xanım və həyat yoldaşı Andrian məni evlərinə qonaq dəvət etdilər. Bundan əvvəl isə Platon Oyunskinin ev muzeyində görüşmüşdük. Yelena xanım mənim onun üçün göndərdiyim yasəmən rəngli kəlağayını atmışdı çiyinlərinə. Bu, Yelena xanımın bizim ümumi mədəniyyətimizə olan sayğısının təzühürü idi.
Onların evinə Yakutiyanın xalq yazıçısı, Yazıçılar Birliyin sədri Natalya Xarlampyeva ilə birlikdə getdik. Blokun giriş qapısını açdıqda doğma yemək ətri vurdu məni. Elə bil ki, nəyi isə özüm bişirmişdim.
Yelenanın mənzilində əsrarəngiz bir bəyazlıq və saf qar havası var idi. Hər tərəfdən işıq və təmizlik axırdı. Elə bil ki, çöldəki qarın rəngini evinə gətirmişdi. Bizi dolu bir süfrə ətrafında əyləşdirdi. Sonra digər qonaqları da gəldi.
Məşhur xomus ifaçıları German və Klavdiya Xatılayevlər idi gələnlər. Mənim Yakutiyada olduğum görüşlərin əksəriyyətində bu tanınmış incəsənət ustaları mahnı və xomus ifa etmişdilər.
Yelena xanımın mənim şərəfimə açdığı süfrədə Azərbaycan üzümü, narı və şərabı var idi. Sonra isti bir yemək də gətirdi. Qapıdan içəriyə girəndə məni vuran gözəl yemək ətri elə bu imiş. O, bibər dolması bişiribmiş. Süfrə arxasında dedik, güldük, danışdıq, oxuyub, oynadıq da. Elə bil ki, bu insanları 100 il idi ki, tanıyırdım.
Arada bir Yelena xanım saxsı buxarıda ocaq qaladı. Buxarılar şaman ailələrində, yakut mədəniyyətində xüsusi yer tutur. Bütün kənd evlərində buxarı olur. Bu buxarılara atılan odunla, təzəklə evi isidirlər. Həm də evə çağırılan şaman ancaq buxarısı olan evdə ayin keçirə bilir. (Buxarılar, yeri gəlmişkən, Azərbaycan məişət və mədəniyyətində də xüsus yer tutur. Mənim babamın Xeybəri kəndidəki evindəki qədim buxarı bu gün də qalmaqdadır.) Sonra nənəsindən qalma bir bıçağı başımın üstündə fırlatdı, kürəklərimə vurub üstümdəki ağırlığı götürdü. Yanan ocağın üstünə dualar, alqışlar oxudu.
Soruşdum:
-Bunlar nə deməkdir?
Dedi:
-Bu bıçağın üstündəki dəmir düymələr, ucundakı oyuq - hamısı şaman ayinini keçirmək üçündür. Nənəm bu bıçaqla baxanda uzaq yolları görürdü. Bıçağın 100-dən çox yaşı vardır. Şamanlıq bizim şəcərədə olub. Nəslin ən güclü şamanlarından bir də babam Platon olub. Və genetik bağlılıq və kodlarla bu şamanlıq mənə nənəmdən ötürülüb. Özümü şaman saymasam da, ancaq ki, ruhları qonaq çağırmaq üçün şaman ayinlərini bəzən icra edirəm.
Sualları bir-bir ona ünvanlamağa başladım.
-Siz Yakutiyanın hansı bölgəsində dünyaya gəlmisiniz?
-Tatta Ulusunun Çerkex kəndində. Sizə deyim ki, Saxa Yakutiyanın ən tanınmış və istedadlı insanlarının əksəriyyəti bu Tatta Ulusunda dünyaya gəliblər.
-Mənim üçün ən maraqlı məqam, indi yakutların sayılıb-şeçilən və istedadlı yazıçısı Yelena Kuorsunnaxın sirkdə 25 il müddətində təlimçi işləməsini eşitməyim oldu. Sirkə necə gəlib çıxdığınızı xatırladarsınızmı?
-Sirk artisti olmaq mənim uşaqlıq arzum idi. Doğulduğum kəndə sirk tamaşalarından ibarət qastrol səfərləri demək olar ki, çox nadir hallarda gəlirdi. Bizim uşaqlığımız bu sevinclərdən və həyəcanlardan demək olar ki, kənar olub. Bunun əvəzinə kəndimizdən hər ailədə ancaq oxumağa meyilli, istedadlı adamlar yetişirdi. Onların əksəriyyətində ədəbi yaradıcılıq üstünlük təşkil edirdi. Tatta Ulusunun hər bir ailəsində ya yazıçı, ya da ki, şair olması mütləqdir. Mənim sirkə meylliliyim ailəmizdə çoxunun xoşuna gəlmirdi. Onlar məni ədəbiyyatçı görmək istəyirdilər. Mədəniyyət məktəbini bitirən ili Sverdlovsk şəhəri yaradıcılıq kollektivinin truppası bizim məktəbə gəlmişdi. Onlar Yakutiyanın özündə sirk truppası yaratmaq üçün aktyorlar seçirdilər. Mən o seçilənlərin arasına düşdüm. Sverdlovsk sirkində təlimlərə və məşqlərə qatıldıq. Mən arzuların xəyallarına uçan gənc bir qız haradan biləydim ki, sirk ustası olmaq üçün bütün ağırlıqları insanın əzaları və sümükləri çəkəcək. Lakin yavaş-yavaş alışmağa başladım. Mütəmadi keçirilən məşqlər məni döndərib bir sirk aktyoru edə bildi. Hiss edirdim ki, seçimimdə yanılmamışam. Çünki bu sənət inadı, çətinliyi, dəqiqliyi və rasionallığı, qarşılıqlı zəhməti, dözümü, ədalətli və dürüst olmağı, riyaziyyatı sevir. Çünki burada dəqiq hesablanmış rəqəmlərə güvənərək hərəkət etməlisən. Əks halda, qəza və fəlakət qaçılmazdır. Artıq bütün sirk sənəti aktyorluğunun sirrlərini öyrənəndən sonra qarşımda seçim yarandı, mən heyvanların təlimini seçdim. Düşünürdüm ki, əgər gələcəkdə Vətənim Yakutiyada sirk binası tikiləcəksə, orada yəqin ki, heyvanları əhlilləşdirən bir təlimçi də olmalıdır. O da elə özüm olum. Mən Sovet İttifaqının ən məşhur təlimçiləri, şirləri və aslanları əhlilləşdirən sirk dinastiyasının nümayəndələri Lyudmila Alekseyevna və Vladimir Dmitriyeviç Şevçenkonun, onların anası Aleksandra Aleksandrovanın dərslərini öyrənməyə başladım. Sonralar öz vətənimdə heyvanların və quşların atraksionunu yaratdım. Yəni ki, indi həm quşların, həm də heyvanların dilini bilirəm.
-Çox maraqlıdır.
-Öz işimə çox bağlı idim. Lakin valideynlərimin tənəsindən qurtara bilmirdim. Onlar hər dəfə mənə ədəbiyyatın dalısınca getməyi məsləhət görürdülər. Babam və nənəm hələ kiçik yaşlarımdan mənə şerlər, nağıllar öyrədir, həmin parçaları əzbərdən söylədirdilər. Özü də ki, elə belə yox. Hər bir nitqimi xüsusi deklamasiya ilə deməliydim. Babamın 100 yaşı var idi. O daima deyirdi ki, sən bizim ədəbiyyat dinastiyamızı, yolumuzu, davam etdirməlisən. Onlar uşaq vaxtı mənə şeirlər yazmağı da öyrədirdilər. Bilmirəm necə alınırdı. Bilmirəm bu necə baş verirdi. Elə bilirdim ki, elə bütün uşaqlar mənim kimi şeir yazırlar. Lakin sirk ustası olmaq arzum məni ədəbiyyatdan bir az aralı salmışdı. Belə fikirləşirdim ki, ədəbiyyatı onsuz da bilirəm. Ancaq sirk ustalığını isə öyrənməli və davam etdirməliyəm. Günlərin bir günü valideyinlərimin təkidi ilə imtahan verib filologiya fakultəsinə qəbul olundum. 6 il filologiya fakultəsində təhsil aldım. Lakin bu təhsilimi başa vursam da, öz sevdiyim sirk ustalığı sənətimdən ayrılmaq fikrim yox idi. Deyir, sən saydığını say, gör fələk nə sayacaq. Günlərin bir günündə, mənim sağlamlığımda baş verən dəyişiklik üzündən sevdiyim sənətimdən ayrılmalı oldum. Düz 25 ilimi bu sənətə verdim. Bu sənət də mənə ad-san verdi, xasiyyətimi möhkəmləndirdi. Elə həmin ili ədəbiyyat öz qapılarını mənim üçün açdı. İndi fikirləşirəm ki, sən demə, ədəbiyyatın qapıları mənim üçün elə həmişə açıq olub. Sadəcə mənim dönüb o qapıdan keçməyim gərək imiş. Çünki o qapının arxasında bizim Tatta Ulusunun ədəbiyyatçılarının ruhu keşik çəkir. Artıq bizim ədəbiyyatla, vətən mücadiləsi aparan şəxsiyyətlərimizlə tanış olduğunuzdan siz də bunu bilirsiniz. Ustad yazarlardan A.E.Kulakovski-Eksekyulex Aleksey, A.İ.Safronov-Alampa, N.D.Neustroyev, yakut xalqının dahisi Platon Alekseyeviç Sleptsov, “Yakut lüğəti”nin müəllifi E.K.Pekarski, ilk həkim P.N.Sokolnikov, ilk rəssam İ.İpopov, ilk hüquqşünas M.M. Fyodorov, Su Donanmasının ilk kapitanı A.D. Boqatırev, ilk universitet rektoru A.E. Mordinov, pedoqoji universitetin əsasını qoyan P. İjequsov, ilk jurnalist P.İ. Orosin-Xayıkı, ilk qadın ədəbiyyatçılar V.D. Davıdova və A.D. Neustroyeva, ilk opera sənətçisi Anna Yeqorova... və başqaları... Bunlar hamısı bizim millətin var olması, yaşaması, onun ədəbiyyatının, mədəniyyətinin yüksəlməsi üçün çalışıblar. Onlar bizim xalqın işıqlarıdır. Bu gün Vətənimin hər yerində onların adına küçələr, meydanlar, teatrlar, təhsil müəssisələri vardır. Bizim nəsil şəcərəmiz hər zaman birinci olmağa öyrəşib. Kəndimizdən məhz mənim ilk sirk ustası olmağım da səbəbsiz deyil. Bizim ailəmizdən də bir çox ziyalı yakut ailələri kimi siyasi təqiblər yan keçməyib. Platon Sleptsov Oyunski atam Vasiliy Vasilyeviçin doğma əmisidir. Bilirsiniz ki, babam Platon Oyunski Yakutiya Muxtariyyətinin əsasını qoyub. 1939-cu ildə isə siyasi baxışlarına görə həbsxanada dünyasını dəyişib. Ölüb, ya öldürülüb, bu haqda bizdə dəqiq məlumat yoxdur. Ana nənəm Anna Sofronova məşhur Orosin tayfasının qızı idi. Zadəgan ailəsindən olduğuna görə onun və yaxın qohumlarının ömrü repressiyalarda keçmişdi. Nənəm repressiya təqibərindən gizlənərək babam Sofronun olduğu kəndə gəlib çıxır. Onun qalmağa yeri olmur. Ana babam Sofron Fyodroviç Boppoenov – Boppoen Uus (Dəmirçi) onu evinə qəbul edir. Həmin vaxt babamın 50, Annanın isə 22 yaşı olur. Ağır günlər onları bir-birinə dostlaşdırır, evlənirlər. Nəsil şəcərəmizin əksəriyyəti həm ata tərəfim, həm də ana tərəfdən olan doğmalarım ölüm düşərgələrində işgəncələrə məruz qalıblar, sürgünlərdə həlak olublar. Sonralar mən ailəmizin və doğmalarımızın həyatından bəhs edən, arxivlərdə saxlanılan 100-dən artıq cinayət işlərini oxuyub araşdırmışam. Bir daha əmin olmuşam ki, o günahsız insanların hamısı yakut zadəganları və ziyalıları oluqları üçün Stalinin, sovet rejiminin qurbanına çevriliblər. Bütün bu hadisələri xatırlamaqla onu demək istəyirəm ki, bizim ulusumuzun insanları çox tərəqqipərvər və işıqlı olduqlarına görə sovet repressiyası o işığı boğub. Lakin buna baxmayaraq bizim yurdun adamlarının, elə mənim də öz yurduma, elimə -obama olan sevgim heç zaman tükənməyib. Çəkdiyimiz əzablar bizi vətənə daha çox bağlayıb. Tatta yurdum - ölkəm, vətənim üçün canından keçənləri yetişdirib. Mənim də damarlarımda o qohumların, o doğmaların qanı axır.
-Sizin həm də gözəl səsiniz, yakutlara məxsus səs tembriniz, oyukunuz vardır. Bu səs haradan gəlir? Bayaq süfrə başında mənim üçün gözəl mahnılar oxudunuz. Siz oxuyanda mən bizim gözəl avazı olan Fatma Mehraliyevanın, Rubabə Muradovanın səsini eşitdim elə bil. Həm də bir azca da həsrət, hicran var səsinizdə... Nədir bu həsrət, bu müəmmalar?
-Mən bayaq sizə babamdan danışdım axı... Anam Anastasiya babamın kiçik qızı olub. Atam Vasiliy ilə anam evləndikdən sonra babam onların yanına köçür. Mənim 10-12 yaşım olanda onun 100 yaşı var idi. Gözlərinin işığı sönənə qədər bizim aymakda (oymaqda) o həm zərgər, həm də dəmirçi kimi məşhur olub. Qızıl, gümüş, hər növ dəmir onun əlində min cür gözəlliyə dönürdü. Özündən naxışlar icad edirdi. Mən bunları lap böyüyəndən sonra anladım. Babam Sofron da, atam Vasiliy də olonxoust idilər. Bizim kəndin adamları Osuoxaya yığışırdı tez-tez. (osuoxay - elliklə rəqs etmək deməkdir. Bu rəqsi ifa edərkən 100 nəfərdən 1000 nəfərə qədər əl-ələ verib, dövrələmə gedirlər. Əsas oxuyan adam olonxoustdir. O, bənd-bənd, sətir-sətir mahnılar deyir, ətrafdakılar da təkrar edirlər. Bizdə bəzi bölgələrdə oxunan haxıştalar kimi – red.). Mən özümdə olan hər şeyə görə babam Safrona borcluyam. O bütün vaxtını mənimlə əylənməyə sərf edirdi. Gah mahnı oxutdurur, gah da hansısa Olonxodan (dastandan) parçaları əzbər söylətdirirdi. Evimizə qonaq gələndə mən mütləq onlar üçün ya şer söyləməli, ya hansısa əsərdən parça ifa etməli, ya da oyuku oxumalıydım. Mənim atam Xalq və el mahnılarının, toyukuların mötəbər ifaçısı idi. Bildiyiniz kimi belə mahnıları ancaq kılısı - boğaz səsi olan adamlar oxuyur. O, səsi ilə insanları sehrləyirdi, mən də onun mahnılarını dinləməyi elə sevirdim ki, elə bil ana laylası idi. Mən mahnı oxuyanda atamı yamsılayırdım. Bir də görürdün ki, aymakdakı qonşularımız bizə gəliblər. Əsil ədəbiyyat və incəsənət məclisi yaranırdı. Bəzən də kəndin balaca uşaqlarını babam və atam evə toplayar, bizə səhnəciklər qurardılar. Babamın əlində həmişə tənbəki ilə dolu müştük olardı. Onun çəkdiyi tənbəkinin tüstüsü heç gözümün qabağından getmir. Bir də monoton səsi var idi. Nənəm də bizim üçün şirniyyatlar bişirərdi. Tüstünün və şirniyyatların ətri evimizə yayılardı. Anamın da gözəl əl qabiliyyəti var idi. O da bir tərəfdə oturub bəzəkli tikmələr tikərdi. Elə bil ki, şaxtanın pəncərələrimizə çəkdiyi naxışları anam da ağ qar rəngli parçaların üzərinə köçürərdi. Biz uşaqların səhnəcikləri hazır olanda böyüklərin qarşısında çıxış edərdik. Uşaqlığımın hər günü yadda qalan olub. Böyüdüyüm bu yaradıcı mühit məni yaratdı, desəm, səhv etmərəm. Mənim ata babam Platon Oyunskinin əsərləri 60-cı illərə qədər qadağan olunmuşdu. Bibim Sardana Oyunskaya babama bəraət alandan sonra, onun əsərlərini üzə çıxardılar. Ana babam Safron isə onun əsərlərinin çoxunu əzbər bilirdi. Gözləri görmədiyinə görə həmin kitabları yenidən mənə oxudurdu. O əsərlərin içərisində Platon Oyunskinin qələmə aldığı “Olonxo” var idi. Və mən hələ uşaq ikən anlamağa başladım ki, əgər insan kiçik yaşlarından Olonxo aləmini bilmirsə, böyüdkdən sonra Olonxonu, xalq ədəbiyyatını ona sevdirmək çətin olacaq. Bu ədəbiyyat da öz qapılarını hər istəyənə açan deyil. İllər keçəndən sonra bibim Sardana Platonova Oyunskaya mənə dedi ki, “Rəşadətli Nurgün Batır” əsərini yeni tərtibatla, uşaqlar üçün çap etməliyik. Mən bu əsərin üzərində 6 il əmək sərf etdim. 201 hekayə və 60 illüstrasiyadan ibarət kitabı tərtib elədim. Mən bu kitabla yaşadım. Oradan su içdim, şirə çəkdim. Özüm də bilmədən, bir də gördüm ki, ədəbiyyat artıq ömrümün bir parçasına çevrildi.
-Ədəbiyyata ilk gəlişiniz necə olub?
-Mən ilk dəfə ədəbiyyata şeirlə gəldim. Sonra isə doğmalarımın ruhu məni ədəbi əsərlər yaratmağa yönəltdilər. 2004-cü ildə çıxan ilk kitabımın adı “Annanın taleyi” idi. Nənəmin həyatından yazmışdım. Gimnaziyada təhsil alan gözəl və gənc bir qızın qardaşlarını həbs edirlər, bundan sonra onu gimnaziyadan qovurlar. O, peşiman, arzuları darmadağın olmuş halda kəndinə qayıdır. Burada da onu heç kim gözləmir. Çünki Anna artıq xalq düşmənlərinin ailəsini təmsil edirdi. Oktyabr inqilabı Annanın xoşbəxt həyatını, gəncliyini, yurdunu əlindən alır. Povestim elə ilk günlərdə mənə uğur gətirdi. Oxucular əsərin davamını istəyirdilər. Çünki məndən əvvəl repressiya qurbanlarının adını çox az yazıçı çəkmişdi. Eləcə də mənim sələflərim, mənə yazıçılıq yolumda cığır açan Natalya Xarlampyeva, Nikolay Yeqoroviç Vinokurov məsləhətlər verdi, dramaturq Vasiliy Yeqoroviç Vasilyev-Xarısxal “Annanın taleyi” povestimi Saxa Akademik Teatrında səhnələşdirdi. Mən atrtıq əmin idim ki, öz nəslimin, şəcərəmin taleyi xalqım üçün çox lazımdır. Ona görə də axtarışlarıma davam etdim.
-Bir əsəri yazmağa nə qədər vaxt sərf edirsiniz?
-Bəzən bir romanı 10 ilə yazıram. Məsələn, “ Аан Тала” –“ Göylərin tufanı” tarixi romanım vətənimin azadlığı, varlığı, quruculuğu üçün canından keçən fədakar insanlarımızdan bəhs edir. Bu kitabı yazmaqla mən həm qan qohumlarımın, həm də repressiyaya uğrayanların qarşısındakı borcumu vermiş oldum. Tarixin qırılmış səhifələrini mən muncuq-muncuq topladım, hadisələri, sənədləri bir-birinə uyğunlaşdırmaq üçün nə qədər axtarış apardım. XIX-XX əsrin yakut dövlətini yaradan ziyalılarının həyatını kitabxanalarda, arxivlərdə ələk-vələk elədim. Gizlinlərin üzərinə işıq salmağa çalışdım. Bu işi sona çatdırmağa mənə ömür-gün yoldaşım Andrian Vasilyeviç Lukin ən yaxın sirdaş və köməkçi oldu. O bu romanın doğulmasını 10 il gözlədi. Mən evdə ancaq yazdığım kitabın qəhrəmanları ilə yaşadım. Onlarla süfrə başında çay içdim, onlarla danışdım, onlardan bəhs edən kitablarla yatıb-durdum. Məhkəmə proseslərini öz evimdə qurub bəzən hakim oldum, bəzən müqəssir, bəzən də qalib. O qəhrəmanlarımın içərisində elələri var idi ki, onlara vuruldum, dəli kimi sevdim, başlarına gətirilən hadisələrə ağladım, sızladım, yandım, əzablar çəkdim. Məhkəmələrində səsim gəldikcə vəkil kimi bağırdım ki, ay hakim, niyə belə qərar verdin, niyə onların ömrünü yarımçıq qoydun... Mən 19-cu əsrin sonlarında, 20-ci əsrin əvəllərində yaşadım. Bəzən aylarla evdən çıxmadım. Qorxdum ki, evdən çıxsam hər hansı süjet xəttini itirə bilərəm. Sonuncu nöqtəni qoyandan sonra isə içərimdə bir boşluq var idi. Bir səhər çağı 10 il mənimlə olan bütün dostlarım məni tərk etmişdilər. Özümü qınadım ki, axı mən onları başıma niyə yığırdım ki, onlar da məni belə tərk edirdilər... Sonra anladım ki, belə yaşamaq çətin olacaq. Yenə Andrianın köməkliyi ilə adi həyata qayıtdım. Axı mən və digər dəyərli yazıçılarımız bunu etməsəydilər, bugünkü nəsil onların adını sovet rejiminin vurduğu “qara ləklə”lərlə tanıyacaqdı. Bəlkə də heç tanımaq istəməyəcəkdilər. Lakin bu gün bizim dövlətimizdə, cəmiyyətimizdə, hamı bu dövləti - Saxa Yakutiya Muxtar Respublikasını quranları tanıyır. Və onların başında mənim və türk dünyasının fəxr etdiyi Platon Alekseyeviç Sleptsov- Oyunski dayanır.
- 27 aprel 1922-ci ildə Yakutiya Muxtar Respublikasının yaranması ilə bağlı fərman qüvvəyə minib. Və bu Respublikanın yaranmasının Manifestinə imza atan ilk dövlət xadimi sizin babanız Platon Alekseyeviç Sleptsov-Oyunski olub.
- Mənim üçün həmin gün şərəfli tarixdir. Bu gün qoynunda gəzdiyim torpağın, Vətənin bizim əlimizdən getməməsinin səbəbkarı babam və onun silahdaşları olublar. Mücadilələr, zindanlar olub nəsibləri. Babamın məzarı yoxdur, adı var, heykəlləri var, həbsdən xilas olmuş kitabları var. Babamın və silahdaşlarının qurduqları dövlətin təməli o qədər möhkəm idi ki, 1991-ci ilə qədər yaşadı. 1991-ci ilin 24 dekabrından etibarən isə Saxa Yakutiya Respublikası adlandırıldı. Mən çox xoşbəxətəm ki, indi Vətənimin dövlət kimi var olmasının 100 illiyini qeyd edirik. Bizim arzularımız çoxdur, onların hamısına çatacağıq. Bir də ki, müsahibəmizin sonunda Aida xanım, sizə xüsusi minnətdarlığım var. Mənim babam, yakut xalqının möhtəşəm oğlu Platon Oyunskini türk dilinə ilk dəfə siz tərcümə etdiniz. Azərbaycan və türk dillərində babamın əsərləri danışdı. Bu bizim üçün böyük xidmətdir. Platon Oyunskinin əsərləri türk dünyasında yeni üfüqlər, yeni cığırlar açacaq. Bütün türkdilli xalqlar Saxa Yakut yurdunu quranları, yaradanları tanımalıdır. Bizim ədəbiyyatımız çox zəngindir. Çünki kökümüzü, indentikliyimizi unutmamışıq.
Əziz oxucularımız, söhbətimizin sonunda Elena Sleptsova Vasilyevna–Kuorsunnax haqqında bu qısa arayışı da yazıram: Elena Sleptsova 14 iyun 1964-cü ildə Yakutiyanın Tattı Ulusunun Çerkex kəndində doğulub. M.K.Ammosov adına Yakutiya Dövlət Universitetini bitirib. 19 şer və nəsrdən ibarət kitabın müəllifidir. Saxa Yakutiya Respublikasının əməkdar artisti, P.A.Oyunski adına Dövlət Mükafatının və N.E.Mordinova adına “Uşaq ədəbiyyatı” mükafatının laureatıdır. Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş ədəbiyyat müsabiqəsinin Qran Pri laureatı, Yakutiya və Rusiya Yazıçılar Birliyinin Namjila Numbuyeva Beynəlxalq şer turnirinin Qran Prisinin sahibidir. Onun şerlərindən ikisi ilə oxucularımızı tanış edəcəyəm. Bu şeirləri də mən- Aida Eyvazlı tərcümə etmişəm.
Qara paltar
Ah, bu qara paltar nəyimə gərək?
Onu ki, bayramda geyməyəcəyəm.
Rəngi qaradır...
O mənim rəngimi boğur,
O məni dərdli göstərir
O məni dərdə bürüyür...
Rəngi qaradır...
O tarixdən bir qərinə keçibdir,
Uçulubdur dirəklərim,
Evimizin qapıları,
evimizin divarları uçulubdur...
Hər uçqunda bir balta səsi var,
Bir də qara paltar rəngi...
O paltarın rəngi qaradır...
Lakin biliriəm ki,
Bir gün gələcək
Mən də bəyazdan tikilən
ağ paltarımı geyinəcəyəm...
Sonra da
bütün paltarlarımın ətəklərindən
Qara kaymaları götürəcəyəm ...
Şairlər sevəndə...
Şairlər sevəndə başqa cür sevir,
Onların sevgisi tanrıdan gəlir.
Tayqa da oxuyur, çaylar da daşır,
Təbiət danışır şeir dilində,
Təbiət danışır şair dilində.
Şairin ilhamı qovur başından
Bütün qovğaları, çətinlikləri.
Şairlər sevəndə qayğısız olur,
Yaşıl ormanlarda, Göy Səmalarda
Ruhu pərvaz edir dərinlikləri.
Şair ağlayanda başqa cür ağlar,
Onun göz yaşları torpağı yuyar.
Şair ağlayarsa, göylər qaralar,
Dolu buludlardan yağmurlar yağar.
Şairlər ağlasa tufanlar qopar,
Şairlər nicatı sevgidə tapar.
Milli Kitabxanada “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimatı olub
Aprelin 28-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğu “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Bildirib ki, bu gün Milli Kitabxanada Azərbaycan ədəbiyyatşünaslığında çox nadir mövzuda yazılan bir əsərin, eləcə də həmin əsərin həsr olunduğu görkəmli şəxsiyyətin – Xalq yazıçısı Elçin Əfəndiyevin işığına toplaşmışıq: “Elçin müəllim Azərbaycan mədəniyyətinin, ədəbiyyatşünaslığının inkişafında mühüm xidmətləri olan şəxsiyyətdir. Əgər XX əsr Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyevin əsərləri əsas rol oynayırdısa, bu gün həmin ənənəni çox uğurla Elçin müəllim davam etdirir. Bu da heç təsadüfi deyil, çünki hər iki ədəbiyyat korifeyinin əsərlərinin mövzusu birbaşa Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı olub, bilavasitə real həyatı təsvir edir. Məhz bu səbəbdən həmin əsərlər xalqımız tərəfindən sevilir.
Təqdim edilən araşdırma əsəri barədə məlumat verən direktor bildirib ki, kitabda böyük alim Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi işığında Xalq yazıçısı Elçin dramaturgiyasının süjet situasiyalarının “qrammatikası” açıqlanır. Absurd pyeslərinin paradoksal məntiqi müəyyən edilir. İnanıram ki, bu monoqrafiya ədəbiyyatşünas, eləcə də teatrşünas, sənətşünas alimlərin stolüstü kitabına çevriləcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Rüstəm Kamal çıxış edərək bildirib ki, Azərbaycan teatrının poetikası özü böyük mövzudur. Hər bir xalqın həyatında teatrın yaranıb inkişaf etməsi maraqlı hadisədir. Teatr poetik fundamental araşdırmalar tələb edən bir sahədir. R.Kamal qeyd edib ki, daha çox texnoloji proseslərə tətbiq olunan “Qeyri-səlis məntiq” nəzəriyyəsinin ədəbiyyata tətbiqi bu işin əsas uğuru sayıla bilər. O vurğulayıb ki, absurdluq özü fəlsəfi bir mövzudur və biz bunu Mirzə Cəlilin, Üzeyir bəyin əsərlərində əsas görə bilərik. Müasir dövrümüzdə isə bu ənənəni Elçin müəllim çox mükəmməl şəkildə inkişaf etdirərək öz əsərlərinə tətbiq edib.
İftixar Piriyevi belə maraqlı bir mövzuda əsər yazması münasibətilə təbrik edən R.Kamal ona yaradıcılıq uğurları arzulayıb.
“Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək “Qeyri-səlis məntiq” nəzəriyyəsinin yaranma tarixindən, əsas müddəalarından danışıb. Qeyd edib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsinin əsas qayəsi sərhədlərin pozulmasıdır.
Təqdim olunan kitab haqqında çıxış edən Rafiq Əliyev vurğulayıb ki, kitabı maraqlı edən əsas cəhət odur ki, konkret predmetə əsaslanır, akademik dildə yazılması da onu qiymətli edən digər bir faktordur.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi haqqında ilk dəfə Xudu Məmmədovun kitablarında, sonra isə məhz Lütfi Zadənin əsərlərində tanış olub. Lütfi Zadə ilə tanışlığından danışan Qənirə xanım bildirib ki, bu görüşün keçirilməsində Rafiq Əliyevin rolu böyükdür. Məhz Lütfi Zadə ilə görüşdən sonra “Qeyri-səlis məntiq” nəzəriyyəsinə yeni pəncərədən baxmaq imkanı əldə etdiyini vurğulayan komitə sədri söyləyib ki, böyük şəxsiyyətlər haqqında əsər yazmaq çox çətin və məsuliyyətli işdir. Lütfi Zadə və Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında əsərin yazılmasında yaxından kömək edən Rafiq Əliyevə minnətdarlığını bildirib.
Q.Paşayeva vurğulayıb ki, Elçin müəllimin Azərbaycan teatrının inkişafında xüsusi yeri vardır. O, Elçin müəllimin “Qatil”, “Teleskop”, “Poçt şöbəsində xəyal” kimi əsərlərinə qoyulmuş tamaşaları dəfələrlə izlədiyini qeyd edib. Sonda İftixar Piriyevə belə bir mövzuya toxunduğu üçün öz təşəkkürünü bildirib və bu əsərin xarici dillərə tərcümə olunması məsələsinin vacibliyini qeyd edib.
Tədbirin davamında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turan, tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev, Xalq artisti Firudin Məhərrəmov və digərləri çıxış edərək təqdim olunan monoqrafiya haqqında fikirlərini bölüşüblər.
Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək bu işdə əməyi keçən hər bir kəsə, xüsusilə müəllif İftixar Piriyevə öz təşəkkürünü bildirib. Qeyd edib ki, İftixar Piriyev həm görkəmli rejissor, aktyor, həm də teatrşünasdır. Həmçinin çıxışı zamanı Elçin müəllim absurd teatrı – onun nəzəriyyəsi haqqında da məlumat verib. Vurğulayıb ki, bu gün teatrımızın əsl teatrşünaslara ehtiyacı var.
Sonda qonaqlar Elçin Əfəndiyevin həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.