Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri Zaməddin Ziyadoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qənirə Paşayeva Zaməddin Ziyadoğlunu ilə görüşdə ürək sözlərini bölüşüb:
“Hörmətli Zaməddin müəllim. Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm!
Siz zəngin ədəbi ənənələri olan Qazax rayonunun Xanlıqlar (keçmiş Musaköy) kəndində doğulmusuz.
Oxucular sizi daha çox neftçi-şair və “Həncərisən?” şeirinin müəllifi olaraq tanıyır. Vurğulamaq istərdim ki, sizin yaradıcılığınızda neftçilərimizin gərgin əməyi, alın təri ifadə olunub. – Siz doğma Xəzəri, Neft daşlarını, paytaxt Baknı, ümumən Azərbaycanı tərənnüm edirsiz. “Həncərisən?” şeirinizin dillər əzbəri olması isə etnoqrafik yaddaşı, epos təfəkkürünü bir şeirə sığdıra bilməyinizlə, el-oba doğmalığı ilə bağlıdır.
Siz 8 kitabın müəllifisiz. Azərbaycanda Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvüsüz.
Azərbaycan Prezidenti sizi “Tərəqqi” medalı ilə təltif edib.
Sizi 75 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!”
MM Mədəniyyət Komitəsi sədri “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri Zaməddin Ziyadoğlunu Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri
Zaməddin Ziyadoğlunu səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.