Super User
“Qara başım qurban olsun, qurdum sana”
Türkçülük gününə Aida Eyvazlı Göytürkdən sözardı
Auuuuuuu..... Auuuuuuu.... Auuuuuuu....
Ulartıdır... Qurd ulartsı...
Hələ söz olmayanda, səs var idi. Təbiətin ilk eşitdiyi səs də Qurd səsi idi. Ayı Göy üzündə görüb, ona salam vermişdi. Ay da onu tanımışdı. Çünki göydəki Ayın özü kiçillib Yerdə Boz qurdun bəbəyinə dolmuşdu. Elə bu səbədəndir ki, qurdlar, canavarlar, gecələri, dumanlı, çiskinli havaları sevərlər...
Əslində elə ulu bildiyimiz “ulu” sözü də ulartıdan yarandı. Bu da elə kökümüzün o ululardan gəldiyinə sübut deyilmi?
Arxeoloqların və təbiətşünasların yazdığına görə insanın qurdla birgəyaşayışının vaxtı 14 min il əvvələ gedib çıxır. Canavarlar ən çox 20 il ömür sürərlər. Dişi qurdun bədənində dölü 60 günə yetişib dünyaya gələr. Bala qurdun gözləri 12 günə açılar. 20-ci günü isə iybilmə xüsusiyyəti gələr. Elə ki burnuna qoxu dəydi, 21-ci günü yuvasından çıxar yavru qurd balaları. 12 həftə tamam oldumu, anasından və ata qurddan ovlamaq öyrənərlər. Qurd ailəsi meşədə ən nümunəvi ailə sayılar. Onlar qış fəslini sürü halında yaşayar, yazda isə kiçik qruplar halında ətrafa yayılarlar.
Yaxşı, bəs görəsən türk insanının meşələrin müdriki olan bozqurda bu qədər sevgisinin mənbəyi haradan gəlir!? Biz dünyanın nə əvvəlini, nə də sonunu bilərik. Lakin günümüzə qədər gəlib çıxan mənbələrdə var olan, güclü olan türk qəhrəmanlarının hər birinin əfsanəsində bir qurd, göy qurd, boz qurddan törəmə obrazı vardır. Bu artıq türk milli şüurunun özünüdərkidir.
Milli mücadiləyə qalxan hər bir türk oğlu, türk milləti qurtuluşu dində deyil, əzmdə, şücaətdə gördü. Boz qurdu ona görə sevdi ki, yaranışından xasiyyətində köləlik olmadı, haqq-ədalət savaşları, yurd savaşları, azadlıq savaşları apardı. Hansı türk qəhrəmanlıq tarixini, daş yazıları, kitabələri, dəri məktubları oxuduqsa, orada baş qəhrəmanın bozqurun südünü əmdiyini və ya bozqurddan doğulduğunu gördük. Hunlardan, Göytürklərdən, Uyğurlardan , Çingizlərdən, Xakaslardan, yakutlardan qalan yazıların hamısında bir qurd obarzı vardır. Bu inancın yayıldığı areal isə Mete xanın yaşadığı Altaylardan Sibirə, Mərkəzi Asiyaya, Balkanlara qədər uzanır.
Qurd obrazı türk boyları və türk mədəniyyətində hər zaman əsas atribut oldu. Qurddan törəmə bir növ bu tayfaların, boyların və xalqların soy bağıdır. Tarixi mənbələrimizdə qurd başı bir xaqanlıq nişanəsi kimi qalıbdır. Heyvan simvollarına bir çox xalqlarda rast gəlinir. Fransada xoruz, Çində əjdaha, İngilitərədə bəbir, İranda şir, Rusiyada ayı, Qədim Romalılarda qurda rast gəlmək də insanların inancında bu heyvanların nə qədər önəmli yer tutmalarına misaldır.
Çin mənbələrində qədim türk əlamətdar tarixlərinin bu günə kimi qorunub saxlanmasını hamımız bilirik. Çin mənbələrini öyrənən alimlər deyirlər ki, qurda tapınmaq çinlilərdən də yan keçməyib. Hunların dünyaya hakim olduqları dövrdə Hun torpqlarının şimalında yaşayan Vhu Şhun (Çin) ölkəsi adlı kiçik bir dövlət var imiş. Ölkənin kralı Kun Mo haqqında gəzən rəvayətlərdə yazılırdı ki, Çinin kralı Kun Monu da bir qurd öz südünü verərək, ölümdən xilas edib. Hun hökmdarının əmri ilə Kun Monun atasını öldürmüş, körpəni isə bir meşəyə atmışlar. Uşaq meşədə iməkləyərkən bir qarğa ona yaxınlaşıb ağzında gətirdiyi yeməkdən vermiş, az sonra körpəyə bir qurd yaxınlaşıb onu əmizdirməyə başlamışdı. Kənardan hun əsgərləri də bu səhnəni seyr edirlərmiş. Əsgərlərdən biri ətrafdakılara deyir ki, bu uşaq müqəddəs bir bəndə olmasa, Tanrı qurdu onun yanına göndərməzdi. Uşağı yenidən Hun hökmdarının sarayına gətiriblərmiş. Hun hökmdarı onu öz balası kimi böyütmüş və hərbi dəstələrindən birinə başçı təyin etmişdi. Onun bacarıqlı bir dövlət sahibi olacağına inanan Hun hökmdarı atasından qalan Vhu Şun krallığını yenidən Kun Moya qaytarmışdı.
Digər mənbələrdə isə Aşina dövlətinin süqutundan sonra, hökmdarın sağ qalan 10 yaşında olan sonbeşik oğlunu bir dişi qurdun düşmənlərin əlindən qurtardığı bildirilir. Bu uşaq öldürülmür. Lakin onun ayaqları və qollaı kəsilərək, bir bataqlığa atılır. Bu zaman bir dişi qurd yaxına gələrək, onu bataqlıqdan xilas edir. Qurd onu bəsləyir. Hökmdar oğlu ilə qurd arasında sevgi yaranır. Dişi qurd hökmdar oğlundan hamilə qalır. Uşağın sağ qaldığını öyrənən hökmdar, yenə onun axtarışına başlayır. Dişi qurda bu məsələ agah olur. Dişi qurd oğlanı dişinə götürüb Tufan ölkəsinin cənubuna aparır. Qurd bu mağarada qoruduğu oğlandan 10 oğul dünyaya gətirir. Bu on oğlan böyüyərək, evlənib hərəsi bir soyad alırlar, gündən-günə çoxalırlar. Sonra mağaradan çıxıb ətrafa yayılırlar. Burada Juan-juan padşahlığına rast gəlib, əvvəlcə həmin dövlətin vassalı olurlar. Sonra isə bu qurd oğulları, qurddan törəyənlər Altay dağlarının ətəyində yayılırlar, dəmirçiliklə məşğul olurlar. Buralarda onlara Tuçü deyilirdi. Bayraklarının üzərinə qurd simgəsi vurmuşdular.
Qurdun Tanrının sevdiyi, ədalət axtaran insanlara hər zaman köməyə gəldiyi bir çox əfsanələrdə qeyd olunur.
Ergenekon əfsanəsinə nəzər salaq.Əfsanədə deyilir ki, uzun sürən döyüşlərin birində sayı azalan bir Türk nəsli 77 nəfərlə yaşadıqları əyalətdən köçüb Tanrı dağına qədər gəlir, buradan isə dağlıq bir əraziyə düşürlər. Düşdükləri ərazidə yolu itirirlər. Aradan uzun müddət keçir. Onlar da, mal-qaraları, qoyun sürüləri, at ilxıları da artıb çoxalır. Bir də baxırlar ki, yaşadıqları dağın ortasına sığmırlar. Burada güclənirlər, dəmirçilik sənətini öyrənilər. Məskən qurduqları dağın hər tərəfi dəmir filizi və qiymətli daşlarla zəngin olur. Saxladıqları heyvanların yunundan, dərisindən geyəcək, yeyəcək düzəldirlər, dulusçuluqla məşğul olurlar, xalça toxumağı icad edirlər. Araba düzəldib yüklərini daşıyırlar. İti nizəli oxlar, qılınclar düzəldirlər. Lakin bir də baxırlar ki, bu yerlər onlara dar gəlir. 77 nəfərlə bu məkana gələn tayfa artıb çoxalıb 400 min nəfər və 7777 min ev olurlar. Bir gün elin çobanı heyvanları otararkən, görür ki, dağların arasında bir canavar bir qoyunu parçalayıb sürüyərək dar bir cığıra aparır. Adətən canavar ovladığı heyvanı yerindəcə parçalayıb yeyər, bu canavar niyə belə etsin? Maraq ona üstün gəldiyindən, düşür canavarın dalınca. Xeyli gedəndən sonra baxır ki, boz canavar dağların arasından açıqlığa çıxdı. Çoban bir az da irəli gedəndən sonra canavarın öz balalarına yaxınlaşdığını görür. Çoban geri qayıdıb gördüyü mənzərəni nəslin böyük-kiçiyinə danışır. Bundan sonra insanlar həmin nişan verilən yola gəlib buranın yeni dünyaya çıxış yolu olduğunu görürlər. Onlar yola çıxmaq üçün növbəti yazın gəlişini gözləyirlər. Çünki, yazda buzlaqlar əriyir, şaxta-sazaq yox olurdu. Çünki Boz qurd bu türk nəslinə yolu yazın ilk günlərində - 21 martda göstərmişdi. Onlar 400 il yaşadıqları dağın sinəsindən ayrılıb, yeni dünyaya qədəm qoyur. Yeni dünyaya qədəm qoyduqları günü isə Ergenekon adlandırır, Boz qurdu özlərinə xilaskar seçirlər.
Qurd obrazı, qurd sevgisinə bizim həm də qədim qaynaqlarımızda rast gəlinir. Onlardan gətirdiyim bu sitatlar yəqin ki, oxucularımızın da könlünü oxşayacaq.
Göytürk xanədanlığı da Bozqurdlara sitayiş edirdilər. Göytürklərdən qalan kitablarda yazılır ki, Suo ölkəsində 17 qardaşdan ibarət bir boy yaşayırdı. Boyun başçısı İ chin ni shoh-tou (İçik İni Kutluğ) isə qurddan törədiyini yazırlar. Çünki bu qardaş 16 qardaşından fərqli özəlliklərə malik idi. Əfsanəyə görə o yaz və qış ruhlarının sahiblərinin qızları ilə evlənmişdi (belə rəvayətlər həm də şaman boylarında vardır). Küləyə və yağmura hökm edirdi. Göy türklərin boyundan olan xanımlarından biri Ahşina boyundan olan övladları dünyaya gətirmişdi. Adını Ahşin qoymuşdular. Ahşin öldükdən sonra oğlunu Şad seçmişdilər. “Şad” “sərkərdə, rəhbər” deməkdir. Çin qaynaqlarında yazılan Tang Shu adlı Tumen (Bumun), yəni Bumun Kağan da Ahşin Şadın nəvəsidir.
Böyük türk tarixçisi və səyahətşünası Rəşidəddin Fəzlullah “Cəmiul Təvarih” adlı Oğuznamə əsərində yazır ki: “Hamı süfrə ətrafına oturmuşdu. Süfrəyə nemətlər gətirildi, elə bu zaman bir qurd ulartısı eşidildi. Məclisin başında oturan Tuman xan (Bumun Kağanı nəzərdə tutur) bütün heyvanların dilini bildiyindən, bu qurdun nə söylədiyini anladı. Ətrafdakılara qurdun sözünü anlatdı: “ ...Heyif ki, artıq yaşlanmışam. Artıq ovladığım ovu yeyə bilmirəm. Qurdun yanındakı üç gənc qurd isə ona deyir: ”Sən yaşlaşıb, gücdən düşmüsənsə, dərd etmə. Hər bir gənc yaşlıya yardım etməlidir, bunu etməsə onun nə dəyəri olar. Bu gecə hava sis duman və şiddətli bir fırtına olacaq. Oymakın o biri başında toy vardır. Biz tufandan istifdə edib toy üçün gətirilmiş heyvanların hamısının quyruğlarını və qarnını parçalayıb sənə gətirəcəyik. Bunları könül rahatlığı ilə ye. Və hər zaman sənin qulluğunda duracağıq”.
Bumun xaqan Qurd ulartısından anladığı söhbəti süfrə ətrafındakılara danışandan sonra, eşik ağasını yanına çağırıb deyir ki, indicə bizim qapıdakı Qara baraq adlı köpəyi yaxşıca yemlə ki, gecə qurdlar sürüyə hücum edəndə, köpək yerindən tərpənməsin.” Elə həmin gecə Bumun xaqanın dediyi tufan baş verir. Toya gələnlər Bumun xaqanın qüdrətinə inanırlar.
Şimali Sibirdə yaşayan xakaslar bu gün də qurdu müqəddəs heyvan sayırlar. Soylarının Ağ qurddan törədiyini deyirlər. Onların inanclarına görə Ağ qurdun 133 balası olub. Bu balalar gündüz adam cildinə girib, gecələr isə qurda çevrilirlərmiş. Düşmənlər Ağ qurdun güclü övladlarından xəbər tutmuşdular. Ona tələ qurmaq istəyirdilər. Ağ qurd ana uşaqlarını muncuğa döndərib və küləyi köməyə çağırıb. Külək də onun övladlarını dünyaya və yer üzünə səpələyir. Balalrını bir də görməyəcəyini bilən Ağ canavar həmin yerdə daşa dönür. Ağ çanavarın daşa döndüyü yerdə 3 metirlik ağ daş göyərir. Muncuqların düşdükləri yerlərdə Ağ qurdun türk övladları göyərməyə başlayır. Dənizdən dənizlərə düşürlər. Ağ canavarın balaları Altın daşda olanlar Qızıl Türkiyədə, Azırlar- Azərbaycandadırlar. Xakas, şor, alata, yakut, altaylar isə Şimaldadırlar. Xakaslar deyirlər ki, həmin daşın 6 min il yaşı vardır. Xakaslar oğlan uşağı öldüyündə onun baş daşına ağ, qız uşağı öldüyündə isə qırmızı bağlayırlar. Deyirlər ki, bizim balalarımız Ağ canavarın övladlarıdır. Analarının yanına qayıtdılar. Xuruduyağ Taş adlandırılan bu müqəddəs abidə hazırda Abakanda Tarix və Diyarşünaslıq muzeyində saxlanılır.
Belə rəvayətlərdən, yazılı mənbələrdən gələn bilgiləri oxuyandan sonra bir daha qurdun həm də səmavi varlıq olduğuna inanırsan. Türk boylarında hətta, Böyük Ayı bürcünün 7 qurddan əmələ gəldiyi yazılır.
Daşa yazılan bozqurdlar
Rəhmətlik arxeoloq tarixçi alim Nəsib Muxtarovun Şəkidə qoruyub saxladığı “Türkün dərki Muzeyi”ndə eramızdan əvvəl II-III minilliklər aid olan kurqanda tapılan bir boyunbağı üzərindəki bozqurd naxışına heyran olmaya bilmirsən. Türkçülüyün tam təsdiqi olan bu bir cüt bütə baxın: Bura bir Qurbangahdır. Bu büt həm də totemdir. Həm bütdür. Eyni zamanda nəsil başlanğıcını göstərir. Cütlüyün sinəsinə fikir verin. Sinəsindəki dişi canavardır. Bu qəbir sahibi boz qurd nəslinə məxsusdur. Demək bu nəslin totemi qurddur.
Türük tarixini bizim bu günümüzə gətirən həm də qayaüstü rəsmlərdir. Türküstanda, Altaylarda, Azərbaycanda, Mərkəzi Asiyada, Qazaxıstanda, Şimalda, Şərqdə, Avropada türk ayağı dəyən ərazilərin hamıısndakı qayaüstü rəsmlərdə, petroqriflərdə insanın ovladığı, birlikdə ova getdiyi heyvanlar və əsasən də qurd təsvirləri vardır. Bu gün işığına yol gəldiyimiz, tariximizə şahid ilk türk yazıları da elə bu qayalarda təsvir olunub. Tarix boyu köçəri həyat yaşayan, dövlət quran türklər harada olublarsa, həmin yerlərdə öz izlərini saxlayıblar. Sonralar boz qurdun rəsmlərini, tamğalarını məzar daşlarına, saray divarlarına, mansarlara vurublar.
VI-VII əsr nişanəsi olan Kul Tekin daş kitabəsində boz qurdun adı bir neçə yerdə çəkilir. Bu daş kitabələrin başında ilkin formasında bir bozqurdun iki uşağı əmizdirdiyi təsvir olunub. Bu günə qədər daş kitabənin baş hissəsi zədələnsə də, alimlər belə nəticəyə gəliblər ki, daş kitabənin başındakı uşaq əmizdirən boz qurdur. Çünki sonralar eyni təsviri Çində daha bir ərazidə tapıblar.
Kul Tekin kitabəsinin ön üzünün 12-ci sətrində və Bilgə xaqan kitabəsinin ön üzünün 11-ci sırasında “Tanrı güc verdiyi üçün babam xaqanın ordusu qurd kimi idi, düşməni qoyun kimi yedi”.
Dədə Qorqud kitabəmizdə isə gecələrin qurd üçün gündüz olduğu yazılır. Görün Salur Qazan qurdu necə tərif edir:
“Qaranlıq axşam olanda günü doğan,
Qar ilə yağmur yağanda ər kmi duran,
Göründüyündə Qaragöz atları kişnədən,
Qızıl dəvələri buza döndərən,
Ağca qoyun gördüyündə quyruğunu qamçılayan,
Hürən köpəklərlə çarpışan,
Çoxmağlı çobanı arxasınca qaçıran,
Üzü yoluk boz qurd,
Ordumun xəbərini bilirsənsə, degil mana,
Qara başım qurban olsun, qurdum sana.”.
Daş kitabələrdə nəqş edilən, türklərin qurdla dost olmasına möhtəşəm bir yadigar da Bolqarıstandakı Şumnu şəhəri yaxınlığındakı qayalıqlarda qalan Madara kitabəsindədir. Deyilənə görə bu kitabəni Tuna Bolqarlarının xaqanı Krum Xanın oğlu Ömürtağ Xan yapdırıb. Qayalıq üzərindəki pannoda quyruğu türk üsulu ilə hörülmüş bir at, atın üstündə əlində qədəh tutan bir süvari və atın arxa ayağıının yanında isə onun dalınca gələn bir qurd rəsmi görünür.
Bu günlərdə Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu Uruqvayda səfərdə olarkən etirazçı ermənilərə Bozqurd işarəsi göstərdi. Gəlin görəlk qədim mənbələrdə ermənilər bozqurdlar haqqında nə yazırdı?!
XXI əsrdə yaşamış erməni əsilli Süriyanı Mikayıl (Mihail də yazılır) öz əsərlərində ermənilər haqqında bilgilər toplayıb. Türklərin ikinci köçündən yazarkən qeyd edir: “Türk tayfaları irəlilədikcə yer üzünü tutmağa başladılar. Onlar çox idilər. Yeni gələnlər köhnələri sıxışdırıb, qərbə doğru qovurdular. Onlar irəlilədikcə qarşılarında itə bənzəyən bir heyvan gedirdi. Heç kim öndə gedən həmin heyvana yaxınlaşmırdı. İrəliləmək vaxtı gələndə, həmin heyvan onlara yüksək səslə: “Guş”, yəni “qalxın” - deyirdi. Atlılar da atlanıb, onun ardınca gedirdilər. Heyvan uzun zaman onlara rəhbərlik edirdi, doğru yola çıxarırdı. Sonra gözdən itirdi. Biz bunu Allahın bir nişanəsi hesab etdik. Çünki İbranilərə qoyun və inək vermişdi, onlar da özlərini həmin təsvirlərlə daşlara çəkirdilər. Türklərin öndə gedənləri itəndən sonra onlar hökmdarlar arasına yetişdilər. Gəldikləri məmləkət onları qəbul etdi. Sonra üç qismə ayrıldılar və hər bir qismin cənuba, şimala və mərkəzə doğru ayrı-ayrı məmləkətlərə getmələrinə qərar verdilər”.
Belə mənbələrin əksəriyyətində türk ordularının ərazilərə yürüşü zamanı trükləri gördüklərində “qurd gəlir”, “kurt geliyor” deyə yazılan mənbələr bu gün də araşdırmaçıların ən çox rast gəldiyi etiraflardır.
Türklər qədim dövrlərdən bu günə qədər dövlət quruluşlarının gücünü göstərmək üçün bayraqlarında qurd başı şəkli çəkərdilər. Müəllifi özüm olduğum “Ötükən və Kur Şad” dastanında Kur Şad və 40 igidinin ruhunun Tanrı dağına uçduğunda Alp Ər Tungaya hesabat verdiyini belə yazıram:
“İndi ki, gəlmisiz tininiz kutlu,
Sizi gözləyirdik hamımız mutlu.
Əldə bayrağımız naxışı qurddu.
Düşmənlər görüncə bağrın qan eylər.”
Çinlilərlə savaş zamanı Kul Təkinin Şadlarının əhvalını belə ərz edirəm:
Biz Göy türklər, ər doğulduq binadan,
Güc almışıq Ana Yerdən, Səmadan,
Süd əmmişik boz qurdlardan, borüdən
Hara getsək Ötükənə dönəlim,
Ulu Tanrım Köməyim ol, köməyim!
Türk dövlətlərinin hər birinin dövlət atributunda qurd simgəsi, qurd rəsmi mühüm yer tutmuşdur. Hunlar və Göy Türklərdən qalan türk başlıqlı tuğlar, simvollar Osmanlıların sancaqlarının da simgəsi oldu. Qanuni Sultan Süleymanının Rum elinə təyin etdiyi Bəylərbəyi Mehmet Paşanın çadırının qapısında və bayrağında qurd təsviri var idi.
Qazi Mustafa Kamal yola çıxdığı ilk gündən boz qurda inandı. Çevrəsindəkilər onu boz qurda bənzətdilər. Avstraliyalı Harold Kortenay Armstronq Atatürkə həsr etdiyi ”Bozqurd” kitabında yazırdı: “O, səhralarda yaşayan tatarları geri döndərən, böyük gücə sahib biridir. Dünyaya çox gec gəlmiş bir liderdir. Qədim zamanlarda da doğulsaydı tam Mərkəzi Asiyaya sahib olacaqdı. Boz qurd sancağı altında və bir boz qurdun ürəyi və əzmi ilə Süleyman Şahın yanında at sürəcəkdi”.
Gazi Mustafa Kamal hakimiyyətə gəldiyi ilk gündən dövlətin pul sikkələrində bozqurdun rəsmlərini vurdurdu. Mustafa Kamal Atatürkü bu gün hər bir türk oğlu Boz qurda bənzətmirmi?
1927-ci ildə çıxan jurnalların birində Atatürkə həsr olunan şerdə yazılırdı:
Yürü, döyüş, müzəffər ol,
Boz qurd sana göstərsin yol!
Yetişdi ən dar günündə,
Baxdıq, Bozqurd var önündə!
Nə rəsuldu, nə xaqandı,
Bozqurd gənc bir komutandır!
Hayqırdı, Yer Göy oyandı.
Durğun sular dalğalandı.
Bozqurd endi qayalardan,
Qucağladı onu Vətən.
Əllərində daşla-dəmir,
Dedi götür, al, vur devir.
Qayğılanma, haqq sənindir.
Sən yürü, dağ–daş əyilir.
Türklər yaşadıqları məkanlarda, ərazilərdə inancaları olan qurd adına kəndlər, yollar, bulaqlar, meydanlar əbədiləşdiriblər. İrəvan 1918-ci il mayın 27-də ermənilərə verildikdən sonra buradakı türk adları dəyişdirildi. Ermənilər əvvəlcə qurd adından xilas olmaq istədilər. İrəvandakı Şirak məhəlləsində Qurtbulaq kəndinin adını Krasar, Kurtqala kəndinin adını Petrovka kimi dəyişdirdilər. Belə adlar vaxtı ilə Zəngəzur mahalında da var idi. Zəngəzurdakı Kurtqulaq adının özünə qaytarılmasına isə sayılı aylar qalıb.
Bəs niyə türk insanı heyvanlardan ən çox bozqurdu sevdi? Əslində yalnız türklər deyil, azadlığını, müstəqilliyini istəyən, zülmə qarşı dirəniş göstərən hər kəsin simvolu bozqurd olmadımı? Ona görə də Mövlud Çavuşoğlunun Braziliyada göstərdiyi Bozqurd simgəsi gün gəlir ki, yenə də Bütün Türk Dövlətləri Birliyinin simvolu olur. O zaman pullarımızın da üstündə bozqurd simgəsi yer alacaq.“Ötükən və Kur Şad” dastanında yazdığım kimi:
Biz yanıb törəyib, oddan çıxmışıq,
Boz qurdun gözündə yanan işığıq.
Yüz min düşmən gəlsə geri durmarıq.
Səninçün gəlmişik cahana, Vətən…
PS: Məqalənin hazırlanmasında həm də ünlü türk araşdırmaçısı Volkan Özkanın “Türk mədəniyyətində bozqurdun yeri və önəmi” əsərindən istifadə edilib.
Nazir Anar Kərimov ABŞ-da Holokost Memorial Muzeyinə olub
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfər çərçivəsində Holokost Memorial Muzeyinə olub.
“Ədəbiyyat və incəsınət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, eksponatlarla yaxından tanış olduqdan sonra Anar Kərimov ABŞ Holokost Memorial Şurasının sədri Stüart Eysenstatla bir sıra məsələlər ətrafında müzakirə aparıb. Azərbaycanın multikultural dəyərlərindən bəhs edən A. Kərimov həmçinin əsrlər boyu ölkəmizdə yaşayıb-yaradan yəhudi icması haqda da məlumat verib.
Nazir bildirib ki, ölkəmizdə yerləşən Quba Soyqırımı Memorial Kompleksi azərbaycanlılara və yəhudilərə qarşı törədilmiş soyqırımın rəmzi olaraq hər zaman dərin sayğı ilə anılır. Bu gün Holokost soyqırımı hətta məktəb dərsliklərində də yer alıb. Azərbaycan illərdir ki, antisemitizmlə mübarizəyə həsr olunmuş konfranslara, müxtəlif səpgili tədbirlərə ev sahibliyi edir.
Görüş zamanı Holokost Memorial Muzeyinin yəhudilərə qarşı törədilmiş soyqırımın gələcək nəsillərə çatdırılmasında daşıdığı böyük önəmdən bəhs olunub. Həmçinin bu sahədə Quba Soyqırımı Memorial Kompleksi ilə gələcək əməkdaşlığın, arxiv materialların üzə çıxarılmasının və təbliğinin, məlumat mübadiləsinin vacibliyi vurğulanıb.
Elə həmin gün Anar Kərimov tanınmış caz ifaçısı, pianoçu Əminə Fiqarovanın rəhbərlik etdiyi musiqi qrupunun konsert proqramında iştirak edib.
Mədəniyyət naziri Anar Kərimovun ABŞ-a səfəri davam edir
Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən kitablar ABŞ Konqresi Kitabxanasına hədiyyə olunub
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, səfərin ilk günü Anar Kərimov Vaşinqtonda yerləşən ABŞ Konqresi Kitabxanasının Yaxın Şərq şöbəsinin rəhbəri Coan Viks ilə görüşüb.
Kitabxana ilə yaxından tanış olmaq məqsədilə gəzinti baş tutduqdan sonra bir sıra görüşlər keçirilib. Eləcə də zəngin və rəngarəng Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən bir sıra kitablar Konqres Kitabxanasının Afrika və Orta Şərq ölkələri bölməsinin rəhbəri Lanisa Kiçinerə hədiyyə olunub.
Həmçinin nümayəndə heyətinə kitabxananın Azərbaycan tarixi və mədəniyyəti guşəsi barədə ətraflı məlumat verilib. Burada ölkəmizlə bağlı gerçəkləşən araşdırmalar barədə informasiya təqdim olunub.
Mujgan Nazimova Kitabxananın Azərbaycan kolleksiyası və kataloqları ilə bağlı təqdimatla çıxış edib.
Geniş və maraqlı təqdimatlar üçün kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirən A. Kərimov bundan sonra da sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, proqram üzrə bu qəbildən olan görüşlərin keçirilməsi planlaşdırılır.
Həmçinin Azərbaycan Mədəniyyəti gecəsi çərçivəsində caz konsert də reallaşıb.
“999-cu gecə” tamaşası 40-cı dəfə nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası 40-cı dəfə nümayiş edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Qeyd edək ki, premyerası 2016-cı il mayın 25-də olan səhnə əsərinin süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb.
Gözlənilməz situasiyalarla zəngin olan bu səhnə əsərində hətta ikimərtəbəli dekorasiya da xüsusi simvolik məna daşıyır.
Musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və onun digər əbədiyaşar əsərlərindən istifadə olunub.
Tamaşada Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov ifa ediblər.
Ən çox oxunan: Ermənistanda 220-dən artıq nümayişçi saxlanılıb
Baqdasaryanın Euronews-da gedən reportajı çox oxunma sayına görə diqqət çəkir.
“Ədəbiyyat və incəsənət” portalı həmin reportaja istinadən xəbər verir ki, Ermənistan paytaxtında polis etiraz aksiyalarının 220-dən artıq iştirakçısını saxlayıb. Bu barədə reportajçı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək məlumat verib.
Polis qeyd edir ki, kütləvi çıxışlar nəticəsində yenidən iflic olunmuş şəhərin mərkəzində hərəkəti çətinliklə bərpa edə biliblər. Buna baxmayaraq, müxalifət etiraz və itaətsizlik aksiyalarını davam etdirmək niyyətindədir. Manifestantlar Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Onu ittiham edirlər ki, o, Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştlərə getməyə hazırlaşır.
Artur Vanetsyan - müxalifətçı “Vətən" Partiyasının nümayəndəsi Euronews-a deyib: “Biz şəhərin mərkəzini bloklaşdırdıq. Avtobuslar getmir, müəllimlər, tələbələr, fəhlələr bizə qoşulublar. Ümid edirik ki, bizim hərəkətlərimiz daha çox insanı cəlb edəcək və Nikol Paşinyan gedəcək".
Qeyd edək ki, müxalifət bazar günü genişmiqyaslı itaətsizlik aksiyalarının başlandığını bəyan edib. Bazar ertəsi İrəvanda bir çox iri magistrallar bağlanmışdı. Gecə saatlarında kütləvi həbslərə əl atan polis şəhərin kilidini açıb, lakin çərşənbə axşamı səhər saatlarında nümayişlər yenidən başlanıb.
Reportaj bura kimidir.
Bir onu əlavə edirik ki, nümayişlərin başında Rusiyaya meyilli Robert Köçəryanın və Serj Sərkisyanın dayandıqları məlumdur.
Beynəlxalq Silkway ədəbiyyat festivalı major notlarla başa çatıb
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi Qubada, “Şahdağ Quba Truskavets” Sanatoriyasında keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Silkway International Writers Union təsisatının və “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın seçim turunda 300-ə yaxın namizədi qabaqlayan 30 gənc yazar fərqlənərək final mərhələsinə vəsiqə qazanıblar. Onların arasında ədəbi gəncliyin Fərid Hüseyn, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Faiq Hüseynbəyli, Eminquey, Ulucay Akif, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Ruslan Dost-Əli, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür kimi parlaq imzalarına rast gəlmək olar.
Aprel ayının 30-dan may ayının 2-dək 30 nəfər finalçı səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə “Şahdağ Quba – Truskavets” sanatoriyasında yaşayıb, öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alablar. Quba görməli yerlərinə ekskursiyalar, “Çölçü” obasına yürüş də təşkil olunub.
Ayrıca, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad dərsi keçib, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademikİsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları”, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi “Dünya ədəbiyyatının mədəniyyətdə rolu” mövzusunda məruzələr ediblər.
Qubadakı “Azərkitab” mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü, bölgə şairlərinin Bakıdan gələn qonaqlar qarşısında öz şeirlərini oxumaları da festivalın tərkib hissəsi kimi bölgə ədəbiyyatının inkişafına bir təkan olub. Bölgənin tanınmış şairi Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatına layiq görülməsi mərasimi də festivala bir rəng qatıb. Həmçinin yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin gənclərə uğur qazanmaq təlimini açması, onlara kitablarını hədiyyə etməsi də xüsusi rəğbət doğurub.
Festivalın münsifləri Nizami Cəfərov başda olmaqla AYB sədrinin müavini Rəşad Məcid, AYB katibləri Elçin Hüseynbəyli, Xəyal Rza, AYB sədrinin müşaviri Sayman Aruz, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi Nərgiz Cabbarlı, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis olublar.
Təkilat Komitəsinin həmsədrləri yazıçılar Əlibala Məhərrəmzadə və Varis olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun may ayının 1-də təşkil edilmiş Qala gecəsində Xalq artisti Malik Mansurovun bədii rəhbəri olduğun “Naz-nazı” muğam qrupunun ecazkar musiqisinin, təbrik nitqlərinin, banket süfrəsinin müşayiəti ilə bütün iştirakçılar “Festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla mükafatlandırılıblar. Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşib.
1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif və 3-cü yeri Cavid Qasımov tutublar. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqlənib.
Növbəti mərhələlərdə festivalın qalibinin kitabının nəşri, piarı, mükafatçıların beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.
Dünyadakı anologi layihələrdən ödənişli olmaması üstünlüyü ilə seçilən və devizi “Sonda ədəbiyyat qalib gələcək!” olan Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun hər il keçirilməsi nəzərdə tutulur.
Günün fotosu: Əl-Aksa məscidində qanlı olaylar baş verib
Günün fotosu: Əl-Aksa məscidində qanlı olaylar baş verib
Şərqi Qüdsdəki Əl-Aksa məscidində ötən gün fələstinlilərlə İsrail polisi arasında toqquşma bərpa edilib. 40-dan artıq insan yaralanıb.
İsrail polisi günahı onlara daş atan fələstinlilərdə görür, buna görə gözyaşardıcı qazdan istifadə edildiyini bildirir.
Yeri gəlmişkən, Qədir gecəsində burda 250 min müsəlman ibadət etmişdi.
Foto: Euronews
Sevilən “Koroğlu” operası növbəti dəfə səhnədə
Bu gün - Aprelin 30-da dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur.
Bu münasibətlə elə həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası təqdim olunacaq.
Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Respublikanın Əməkdar artisti, istedadlı vokal ustası Ramil Qasımov ifa edəcək.
Tamaşada Xalq artistləri Əli Əskərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev və başqaları çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, "Koroğlu" Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Bu əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olub yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.
Filarmoniyada “Yeni adlar layihəsi” çərçivəsində növbəti konsert keçirilib
Aprelin 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar layihəsi" çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun rəhbərli ilə təqdim olunan konsertdə solistlər beynəlxalq müsabiqələr laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Rüstəm Zeynalov və BMA-nın məzunu Ceyhun Əzizov çıxış ediblər.
Musiqili gecədə tamaşaçılar dünya musiqi klassiklərinin incilərini dinləyiblər.
Musiqili Teatrın may repertuarı maraqlı tamaşalarla zəngindir
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı may ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının may repertuarını təqdim edirik:
1 may – “Yatmış gözəl və cırtdanlar”, “999-cu gecə”
6 may –“Bəxtiyar” (premyera)
7 may – “Bremen musiqiçiləri və Pen”, “Bəxtiyar”
8 may – “Qırmızı papaq və Redmüzi” (premyera), “Paris Notr–Dama ithaf”
13 may – “Bir dayan, canavar”
14 may – “Meşə çaqqalsız olmaz”, “Qafqazlı qardaşqızı”
15 may – “Qızıl cücə”, “Mən dəyərəm min cavana”
21 may – “Dəcəl çəpişlər”, “Qızıl toy”
22 may – “Qırmızı papaq”, “Psix”
27 may – “Fransızsayağı qarnir”
28 may – “Buratino”, “Ər və arvad”
29 may – “Qoğalın macərası”, “Beş manatlıq gəlin”