Super User

Super User

 

Mayın 6-da Türkiyənin Antalya şəhərində Türk Xalqlarının Ənənəvi Mədəniyyət Festivalının açılışı olub. Azərbaycan festivalda geniş şəkildə təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Nizami Cəfərov, Mədəniyyət Nazirliyinin sektor müdiri Elgün Əliyev, ölkəmizin Türkiyədəki səfirliyinin və İstanbuldakı baş konsulluğunun əməkdaşları Ceyhun Xəlilov və Zaur Allahverdizadə festivalın açılış mərasiminə qatılıblar.

Bundan başqa, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Səma” rəqs qrupu, eləcə də Türkiyədə fəaliyyət göstərən “Antalya Azərbaycan mədəniyyət və dayanışma”, “Gələcəyin insanları məkanı, gələcəyin imkanları məkanı”, “Azərbaycan deyincə” və digər dərnəklər ölkəmizi təmsil edirlər.

Azərbaycanla bağlı qurulan çadırlarda və stendlərdə ölkəmizin tarixi, mədəniyyəti, gözəl təbiəti, zəngin mətbəxi geniş təbliğ olunur, Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm edilir.

Festival mayın 8-dək davam edəcək.

 

Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Nyu-Yorkda Dünya Abidələr Fondunun direktoru Benedikt de Monlorla görüşüb. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı nazir Azərbaycanın multikultural özəlliyindən, zəngin tarixindən bəhs edib. 

 

Həmçinin "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal təşəbbüsünün daşıdığı sülhpərvər missiya haqda məlumat verib. O, bildirib ki, bu təşəbbüsə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar dəstəklərini bildirirlər. 

Nazir BMT-nin Nyu Yorkdakı Baş Qərargahında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında "Mədəniyyət naminə sülh" (Peace4culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planını imzalandığını da diqqətə çatdırıb. 

Həmçinin, mədəni irsin bərpası və yenidənqurulması mövzusunun əsas məsələlər siyahısında olduğunu qeyd edib. Elə işğaldan azad olunmuş Qarabağ ərazisində də başlıca vəzifəmizin bu fəaliyyət növlərinin olduğunu deyib. Həmçinin Dünya  Abidələr Fondu ilə bir sıra proqram və layihələrdə əməkdaşlıq etmək təşəbbüsünü də irəli sürüb. 

De Monlor Fond  haqda məlumat verərək, bu qurumun 1965-ci ildən etibarən fəaliyyət göstərdiyini deyib. Bugünədək 800-dən çox layihələrinin həyata keçirildiyini nəzərə çatdırıb. Fondun önəmli istiqamətlərindən birinin də İraq, Suriya kimi post münaqişə dövründə olan dövlətlərin ərazisində dağıdılıb məhv edilmiş mədəni abidələrin  bərpası və yenidənqurulması olduğunu deyib.

Sonda isə Mədəni İrsin Qoruması və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Qarabağ ərazisində aparılan genişmiqyaslı bərpa işləri haqda ətraflı məlumat təqdim edib. Hazırda işğaldan azad olunan ərazilərimizdə qeydə alınan dağıdılmış abidələrimiz barədə də statistikanın aparıldığını və həmin abidələrin qeydiyyata alındığını vurğulayıb.

Görüş mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Növbəti tədbirə keçid alaq: 5 may tarixində Nyu-Yorkun mərkəzi qalereyalarının birində "Agdam Delenda est" adlı sərginin açılış mərasimi baş tutub. Tədbirdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib. 

Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil olunub. Əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar nümayiş olunub. Həmçinin, Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilir. 

Sərgi eləcə də Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, təbliğatın gücləndirilməsi baxımdan olduqca böyük əhəmiyyət daşıyır.

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən “Mədəniyyət naminə sülh” qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimində Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, Pakistanın, İspaniyanın və digər üzv dövlətlərin BMT-dəki Daimi nümayəndələri iştirak edib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib ki, ötən il Azərbaycanın təşəbbüskarlığı ilə başlayan “Mədəniyyət naminə sülh” layihəsi ilə bağlı fəaliyyət planı artıq hazırdır. “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. O, həmçinin vurğulayıb ki, dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir.

Mədəniyyətlərarası dialoqun gücləndirilməsi davamlı sülhün qorunması üçün əvəzsizdir. Azərbaycan tolerant və müxtəlif mədəniyyətli ölkədir. Tarix boyu milliyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqa malik olub, sülh içində yaşayıb-yaratmağına təkan verib. Gerçəkləşən layihə də bu amala xidmət edir.

A.Kərimov layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edərək vurğulayıb ki, dünyamız üçün vacib olan mədəniyyət naminə sülh təşəbbüsümüz BMT-yə üzv olan ölkələrə töhfəsini verəcəyinə şübhəsi yoxdur.

O söyləyib ki, bu təşəbbüsü BMT-yə üzv olan dövlətlərin dəstəklənməsi olduqca sevindirici haldır. Bundan sonra da layihənin beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacağını və mədəni sülhün təmin olunmasında beynəlxalq ictimaiyyətə töhfələrini verəcəyini bildirib.

Nazir çıxışında onu da qeyd edib ki, biz mədəniyyət naminə sülhə inanırıq.

Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Layihəyə dəstək verən BMT-yə üzv olan dövlətlərin daimi nümayəndələri də çıxışlarında, dünyada sülh çağırışı edən Azərbaycan haqda xoş fikirlərini söyləyiblər.

Sonda Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında "Mədəniyyət naminə sülh" (Peace4culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planını imzalayıblar.

Mədəniyyət naziri Anar Kərimovun ABŞ-a rəsmi səfəri davam edir.

Cümə, 06 May 2022 14:00

Bu dəfə Rafiq Tağı

 

“Alatoran” Yayınlarının oxuculara yeni bir töhfəsi var. Bu dəfə Rafiq Tağının seçilmiş hekayələr toplusu “Alatoran” Yayınlarında işıq üzü görüb. “Qatilə didaktika dərsləri” adlanan kitaba müəllifin 13 hekayəsi daxil edilib.

May ayının 14-də gənclər şəhəri Sumqayıtda, Kimyaçılar sarayının qarşısında “Qanun” nəşriyyatının təşkilatçılığı ilə Kitab sərgisi açılacaq. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi mayın 15-də də davam edəcək. 

 

Sərginin təşkilatçı qurumunun rəhbəri Şahbaz Xuduoğlu sərginin məhz Sumqayıtda keçirilməsini bu cür əsaslandırıb: “Sumqayıt kitab şəhəridir. Özünə həmişə, zavod, fabrik, fəhlə şəhəri deyib. Ordakı inkişafı, təmizliyi görəndə düşündüm ki, Sumqayıt əsl kitab şəhəridir. 

Sumqayıtda bizim çox sadiq kitab oxucularımız var. Pandemiya vaxtı online sifarişlərin həcminə görə Bakı ilə yarışa girmişdi. Kitab Şəhəri Sumqayıta gəlirik...”

 

Bu gün və sabah Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası olacaq – “Bəxtiyar” musiqili komediyası nümayiş olunacaq.

 

Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan “Bəxtiyar” tamaşası Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tofiq Quliyevin 105 illiyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.

Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

 

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə təşkil olunacaq.

Gecədə görkəmli tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi planlaşdırılır. Eyni zamanda, professor Ramiz Quliyevin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr etdiyi iki tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da nəzərdə tutulub. 

 

Günün fotosu: Afrika quraqlıqdan can verir

 

Afrika buynuzu ölkələri - Keniya, Somali və Efiopiya son onilliklərin ən şiddətli quraqlığından əziyyət çəkirlər. 

Son 18 ayda buralara bircə damcı da yağış düşməyib. Heyvanlar qırılır, torpaq məhsul vermir, toz dumanı göz çıxarır.

BMT-nin məlumatına görə, burada iyirmi milyon insan aclıq çəkir. İnsanlar ev-eşiklərini tərk edib gedirlər.

Foto: Euronews

 

Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub. Muzeyinin direktoru Deniel Veyslə ilə görüş çərçivəsində mədəniyyət naziri bir sıra mühüm məsələləri müzakirə edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə  təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.

Sərgi və digər tədbirlərin keçirilməsinə dair, həmçinin Anlaşma Memorandumunun imzalanması ilə bağlı imkanlar, gələcək sıx əməkdaşlığın sahələri barədə danışıqlar aparılıb.

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəki, Zaqatala, Oğuz, Balakən və Qax bölgələrində fəaliyyət göstərən ev, xatirə və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası, Heydər Əliyev mərkəzlərinin direktorları və baş fond mühafizlərinin, həmçinin elmi işçilərinin iştirakı ilə Səməd Vurğun adına Folklor evində təlim-seminar təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova tərəfindən aparılan növbəti təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanmasına dair müzakirələr aparılıb. Həmçinin, “Azərbaycan incəsənəti dünya muzeylərində” mövzusunda təqdimat keçirilib, Qətər, ABŞ, Türkiyə, Rusiya (Ermitaj və Rusiyanın Etnoqrafiya muzeyi), İran, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilib. Tədbirdə ümumilikdə 16 mədəniyyət müəssisəsindən 40-dək muzey əməkdaşı iştirak edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir. Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.