Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Nyu-Yorkda Dünya Abidələr Fondunun direktoru Benedikt de Monlorla görüşüb. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı nazir Azərbaycanın multikultural özəlliyindən, zəngin tarixindən bəhs edib.
Həmçinin "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal təşəbbüsünün daşıdığı sülhpərvər missiya haqda məlumat verib. O, bildirib ki, bu təşəbbüsə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar dəstəklərini bildirirlər.
Nazir BMT-nin Nyu Yorkdakı Baş Qərargahında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında "Mədəniyyət naminə sülh" (Peace4culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planını imzalandığını da diqqətə çatdırıb.
Həmçinin, mədəni irsin bərpası və yenidənqurulması mövzusunun əsas məsələlər siyahısında olduğunu qeyd edib. Elə işğaldan azad olunmuş Qarabağ ərazisində də başlıca vəzifəmizin bu fəaliyyət növlərinin olduğunu deyib. Həmçinin Dünya Abidələr Fondu ilə bir sıra proqram və layihələrdə əməkdaşlıq etmək təşəbbüsünü də irəli sürüb.
De Monlor Fond haqda məlumat verərək, bu qurumun 1965-ci ildən etibarən fəaliyyət göstərdiyini deyib. Bugünədək 800-dən çox layihələrinin həyata keçirildiyini nəzərə çatdırıb. Fondun önəmli istiqamətlərindən birinin də İraq, Suriya kimi post münaqişə dövründə olan dövlətlərin ərazisində dağıdılıb məhv edilmiş mədəni abidələrin bərpası və yenidənqurulması olduğunu deyib.
Sonda isə Mədəni İrsin Qoruması və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Qarabağ ərazisində aparılan genişmiqyaslı bərpa işləri haqda ətraflı məlumat təqdim edib. Hazırda işğaldan azad olunan ərazilərimizdə qeydə alınan dağıdılmış abidələrimiz barədə də statistikanın aparıldığını və həmin abidələrin qeydiyyata alındığını vurğulayıb.
Görüş mühüm məsələlərin müzakirəsi ilə davam edib.
Növbəti tədbirə keçid alaq: 5 may tarixində Nyu-Yorkun mərkəzi qalereyalarının birində "Agdam Delenda est" adlı sərginin açılış mərasimi baş tutub. Tədbirdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Sərgi İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil olunub. Əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar nümayiş olunub. Həmçinin, Fabrisio Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da nümayiş etdirilir.
Sərgi eləcə də Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, təbliğatın gücləndirilməsi baxımdan olduqca böyük əhəmiyyət daşıyır.