Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” layihəsinin növbəti ünvanı Şəki olub

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəki, Zaqatala, Oğuz, Balakən və Qax bölgələrində fəaliyyət göstərən ev, xatirə və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası, Heydər Əliyev mərkəzlərinin direktorları və baş fond mühafizlərinin, həmçinin elmi işçilərinin iştirakı ilə Səməd Vurğun adına Folklor evində təlim-seminar təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova tərəfindən aparılan növbəti təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanmasına dair müzakirələr aparılıb. Həmçinin, “Azərbaycan incəsənəti dünya muzeylərində” mövzusunda təqdimat keçirilib, Qətər, ABŞ, Türkiyə, Rusiya (Ermitaj və Rusiyanın Etnoqrafiya muzeyi), İran, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilib. Tədbirdə ümumilikdə 16 mədəniyyət müəssisəsindən 40-dək muzey əməkdaşı iştirak edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir. Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.