Super User
Dünyada medianın ən azad və ən məhkum olunduğu ölkələrin adları bəlli olub: Norveç və Şimali Koreya
Məşhur “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı hər il olduğu kimi bu il də mayın 3-də Mətbuat Azadlığı İndeksini açıqlayıb və bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə regionda mətbuat azadlığı üçün dağıdıcı təsirlərə malikdir.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, bu KİV azadlığının qorunması təşkilatı müharibənin işıqlandırılması zamanı jurnalistlərin həlak olması və yaralanması ilə bağlı çoxsaylı faktları bəyan edib, sovet dövründən bəri görünməmiş səviyyədə Rusiyada senzura və kütləvi dezinformasiyanın olduğunu qeyd edib.
Rusiya hazırda Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərdə xəbər mənbələrinə hücum edir və yerli KİV-ləri əməkdaşlığa məcbur etməyə çalışır. Bu səbəbdən də “Sərhədsiz reportyorlar” 2022-ci il Mətbuat Azadlığı İndeksində Rusiyanı —— ölkə arasında yer 155ci yeri tutduğunu bildirilir.
"Hökumət Rusiyanın özündə xəbər və informasiyanı tam nəzarətə götürüb, müharibə zamanı senzura yaradıb, kütləvi informasiya vasitələrini bloklayaraq və onlara tabe olmayan jurnalistləri təqib edərək, onların bir çoxunu ölkəni tərk etməyə məcbur edib", – deyə "Sərhədsiz Reportyorlar"ın məlumatında bildirilir.
Rusiya ötən ilki 150-ci pillədən beş pillə enib. Ötən il bu ölkənin ona görə reytinqi aşağı salınmışdı ki, Kreml Aleksey Navalninin tənqidinə etiraz edən jurnalistlərə qarşı təzyiqlər edirdi, KİV haqqında qanunda "xarici agentlərə təzyiqin gücləndirilməsi” çabalarına əl atırdı.
Rusiyada getdikcə daha çox KİV "ekstremist" kimi tanınır, sosial şəbəkələrdə onların məzmununun yayılması isə hesabatda cinayət təqibinə məruz qalmalarına səbəb olurdu.
Kreml Ukraynada müharibə haqda fikirlərini bəzi qonşu ölkələrə, xüsusilə reytinqdə 153-cü yeri tutan Belarusa da qəbul etdirir. Belarusda müstəqil jurnalistlər 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərindən sonra işlərini min bir zülümlə davam etdirirlər və 20-dən çox media işçisi indi ölkənin həbsxanalarında oturur.
"Sərhədsiz Reportyorlar "qeyd ediblər ki, Mərkəzi Asiya ölkələrinin hökumətləri də KİV-ə təzyiq edirlər ki, onlar Ukraynada müharibənin daha" neytral " işıqlandırılmasını təmin etsinlər. 177-ci yeri tutan Türkmənistanda hökumətin nəzarətində olan bütün KİV-lər müharibəyə məhəl qoymur, deyə məlumatda bildirilir.
Ukrayna özü də reytinqdə mövqeyini itirib və indi 106 – cı yeri tutur (2021-ci ildə 97-ci). Buna səbəb isə təbii ki, müharibə qanunlarıdır.
Məruzədə bildirilir ki, Rusiyanın 24 fevral 2022-ci ildə başladığı müharibə Ukrayna KİV-lərinin yaşaması üçün təhlükə yaradır. "Bu" informasiya müharibəsi "ndə Ukrayna Kreml təbliğat sisteminin ekspansiyasına müqavimət xəttinin önündədir", – deyə məlumatda bildirilir.
Bununla yanaşı, təşkilat Ukraynada media bazarının oliqarxların Hakimiyyətində hələ də əhəmiyyətli dərəcədə qaldığını göstərir və oliqarxlar telekanalların redaksiya siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Rusiya ilə "informasiya müharibəsi" hələ Rusiyanın işğalına qədər Ukraynanın media sferasına ziyan vurmuşdu. “Lənətli” sayılan KİV-lər prezidentin fərmanı ilə qadağan edilmişdi, Rusiya sosial şəbəkələrinə giriş isə məhdudlaşdırılmışdı. Bu, Rusiyanın işğalının başlaması ilə daha da gücləndi. Rusiya təbliğatını aparan KİV-lər bloklaşdırılıb, Rusiya ordusu isə Ukrayna əhalisini müstəqil xəbər və informasiyaya çıxışdan məhrum etmək üçün jurnalistlərə, kütləvi informasiya vasitələrinə və Telekommunikasiya infrastrukturuna qəsdən zərbələr endirib", – deyə "Sərhədsiz Reportyorlar"bəyan edir.
Təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş verəndən bəri jurnalistlərin hər zamankindan daha çox fiziki təhlükəyə məruz qaldığını, tez-tez hərbçilər üçün məqsədli hədəfə çevrildiyini və öldürülən və ya yaralanan Reportyorların sayının durmadan artdığını xatırladır.
Mətbuat azadlığı reytinqində Norveç ardıcıl olaraq altıncı ildir ki, birinci yerdədir. Danimarka 2021-ci ildəki dördüncü yerdən ikinci yerə keçib. İsveç isə üçüncü yeri tutur.
İlk dəfə Estoniya və Litva – iki keçmiş kommunist dövləti – ilk onluğa daxil olub, müvafiq olaraq dördüncü və doqquzuncu yerləri tuturlar.
Bolqarıstan 91-ci yerdən 112-ci yerə yuvarlanmış, əksinə, Moldova isə 89-cu yerdən 40-cı yerə yüksəlmişdir. Moldova hökumətdəki dəyişikliklər və jurnalistlər üçün vəziyyətin yaxşılaşmasına ümid sayəsində bu il müsbət mənada seçilir.
Dünyanın beş ölkəsində mətbuat azadlığının ən pis şərtləri müəyyənləşib, bu ölkələr Myanma, Türkmənistan, İran, Eritreya və Şimali Koreyadır.
Bu il Dünya Mətbuat Azadlığı indeksi "Sərhədsiz Reportyorlar"tərəfindən dərc edilmiş 20-ci indeksdir. Təşkilat bildirib ki, indeks demokratik ölkələrin daxilində və beynəlxalq səviyyədə fikir ayrılıqlarını qızışdıran KİV-in qütbləşməsini göstərir.
İndeks bu il “xəbərlər və informasiya xaosunun fəlakətli nəticələrini – saxta xəbərləri və təbliğatı təşviq edən qloballaşdırılmış və tənzimlənməyən onlayn informasiya məkanının nəticələrini qeyd edi
"Sərhədsiz Reportyorlar" deyirlər ki, sosial şəbəkələrin fəaliyyət göstərdiyi üçün dezinformasiya kampaniyalarının yayılması səbəbindən demokratik cəmiyyətlərdə fikir ayrılıqları artır.
Reytinqdə 42-ci yeri olan ABŞ-da KİV-in qütbləşməsi daxili sosial ixtilafları artırır və gücləndirir. Lakin 26-cı yerdə olan Fransa kimi ölkələrdə də sosial və siyasi gərginlik sosial şəbəkələr və yeni media ilə müşayiət olunur.
O ki qaldı Azərbaycana, ölkəmizin yeri BBC-nin icmalında icmalçı üçün əhəmiyyətsiz görünüb deyə qeyd edilməyib. Bu yerin hansı səmtdə olmasını təxmin edə bilərsinizmi?
Dəhşət filminin qəhrəmanları dinozavrlardır
Bir vaxtlar Spilberqin “Yura dövrünün parkı” filmi ekrana çıxmışdı, onda hələ sovet dönəmi idi, Bakıda kinoteatrlarda biletlər üçün uzun növbələr yaranmışdı. Bu dəhşət filmi uşaqlar o yana, böyükləri də qorxudurdu.
“Universal Pictures” kino şirkəti dinozavrların dövrünə həsr etdiyi məşhur filmin çəkilişlərini başa çatdıraraq, “Yura dövrünün dünyası: Hökmranlıq” (“Jurassic World: Dominion”) filminin yeni tizer-treylerini təqdim edib.
RİA Novosti saytına istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, treylerdə filmin əvvəlki hissələrindəki baş qəhrəman Oven Qreydinin bəslədiyi sevimli dinozavrı olan Blue adlı velociraptor körpəsi əks olunub. Filmdə velociraptorlardan başqa digər dinozavr növləri də yer alıb.
Qeyd edək ki, filmdə aktyor Prattdan başqa Sem Nil, Ceff Qoldblum, Lora Dern, Brays Dallas Hovard, Daniella Pineda, İzabella Sermon və başqaları çəkilib.
Filmin təqdimatının iyunun 10-da keçirilməsi nəzərdə tutulub.
Amma qeyd edək ki, köhnə film təzədən daha kəskin və qorxulu alınmışdı. Bəlkə də ona görə ki, həyatda elə dəhşətlər baş verir ki, daha insanlar dəhşət fiımlərindən qorxmurlar.
Milli Dram Teatrının kollektivi bu gün Türkiyədə beynəlxalq Trabzon Teatr Festivalına qatılacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi bu gün Türkiyədə açılan Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyədədir.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, festivalda teatr V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edəcək. Festival Trabzon şəhərində keçirilir.
Milli Dram Teatrı festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə - 7-8 may tarixlərində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.
Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır.
Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb.
Qeyd edək ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.
Trabzon festivalı mayın 9-dək davam edəcək.
Dilarə Rüstəmin “Məni göylərdə axtarın” kitabı
Pulisist-jurnalist Dilarə Quliyevanın (Dilarə Rüstəmin) 44 günlük Vətən müharibəsində şəhid olan qəhəmanlarımıza həsr olunmuş “Məni göylərdə axtarın” kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda 40 şəhidin həyat hekayəti öz əksini tapıb. Bakıda, Sumqayıtda, Naxçıvanda, Ağdamda, Zəngilanda, Samuxda, Masallıda, Ucarda, Gədəbəydə, Qubada, Göyçayda, Neftçalada, Səlyanda, Qobustanda böyüyüb boya-başa çatan, vətən uğrunda həlak olan şəhidlərimizin həyatından, onların qəhrəmanlığından bəhs edilən hekayələr onların yaddaşlarda əbədi qalması üçün ən böyük heykəldir.
“Məni göylərdə axtarın” bir qəhrəmanlıq salnəməsidir. Yenicə çapdan çıxan kitabın ilk təqdimatı Sumqayıt Şəhidlər Xiyabanında keçirilib. Adları 400 səhifəlik qəhrəmanlıq kitabında keçən şəhidlərin ailəsinə paylanıb.
Şəhid ailələri Dilarə Rustəmə öz minnədarlıqlarını bildiriblər. Kitabın daha geniş təqdimat mərasimi də Sumqayıtda keçiriləcək. Kitabın nəşrində Amerikada yaşayan həmyerlimiz Mirəhməd Qaemi dəstək olub. Amerikalı həmyerlimiz deyib ki, “əgər bir kitab dərdli ananı ovundurursa, ərsəyə gəlməsində əməyi olanları alqışlayıram...”.
Dilarə Rüstəm deyib ki, şəhidlərimizin gələcək nəsillərə tanıtmaq üçün qərara gəlib ki, kitabın müəyyən hissəsini orta məktəblərə və şəhər kitabxanalarına təqdim etsin.
“İstəyirəm mənim qəhrəmanlarımı hamı tanısın, axı onlara “lay-lay” deyə-deyə, yaraşıqlı simalarını oxşaya-oxşaya yazılarımı qələmə almışam, bəzən qəhərli boğazımdan su güclə keçib... Onları balam kimi əzizləyib sevmişəm. Geniş oxucu kütləsinə onları tanıtmaq üçün hər həftə kitabdakı şəhid hekayələrini ictimaiyyətə təqdim edəcəyəm. Bilirəm ki, vətən torpaqları üçün canını qurban verənləri sizlər də tanıyıb sevəcəksiniz!”.
Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illiyi Qazaxıstanda qeyd olunub
Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Nur-Sultan şəhərinin yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “İstiqlal carçısı Əhməd Cavad – 130” adlı anım tədbiri keçirib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan və türk ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi və pedaqoq, görkəmli ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təşkil olunub.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri Rövşən Kazımov, L.Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının professoru, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Amantay Şarip, "ALJİR" Memorial-Muzey Kompleksinin direktoru Samat Tergembayev, Qazaxıstan Yazıçılar Birliyi Nur-Sultan bölməsinin sədri Dauletkerei Kapulı, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar və media nümayəndələri iştirak ediblər.
İştirakçılar repressiya qurbanlarının xatirəsini ehtiramla yad edib, “Xatirə lövhəsi”nin önünə gül dəstələri düzüblər. Daha sonra iştirakçılar muzeyin ekspozisiyaları ilə tanış olub, “ALJİR” düşərgəsində cəza çəkən azərbaycanlılarla bağlı Türk Akademiyası tərəfindən hazırlanmış tematik sərgiyə baxıblar. Onların arasında Əhməd Cavadın 1938-1945-ci illərdə Qazaxıstana sürgün olunmuş həyat yoldaşı Şükriyyə Axundzadəyə aid xüsusi ekspozisiya da yer alıb.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti D.Kıdırəli bildirib ki, Ə.Cavada həsr olunan yubiley mərasiminin onun həyat yoldaşının iztirablı sürgün həyatı yaşadığı “ALJİR" Memorial Kompleksində keçirilməsi rəmzi xarakter daşıyır. Ə.Cavad ömrünü Azərbaycan xalqının azadlığına, istiqlalına həsr etmiş, bu yolda təqiblərə məruz qalmış, ömrünü fəda etmiş bir şəxsiyyətdir. Onun sevimli həyat yoldaşı Şükriyyə xanım isə Qazaxıstana sürgün edilib və 1938-1945-ci illərdə 8 il "ALJİR" düşərgəsində olub. Ə.Cavad təkcə Azərbaycan xalqına məxsus deyil, Mirzə Fətəli Axundzadə, Mehmet Akif Ersoy, Həsən bəy Zərdabi, Əhməd Baytursınlı, Mustafa Çokay kimi bütün türk dünyasının ortaq dəyəridir. O, 26-28 yaşlarında yazdığı əsərlə qardaş Azərbaycanın Dövlət Himninin müəllifi kimi tarixə əbədi həkk oldu. Ə.Cavadın parlaq əsərləri türkçülük şüurunun formalaşmasına böyük töhfə verdi. Həmin dövrdə böyük şair, təkcə Azərbaycanın istiqlaliyyətinin deyil, həm də Anadolu və Türküstan xalqlarının azadlığının carçısı oldu.
Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, professor Amantay Şarip və digərləri Ə.Cavad yaradıcılığı və onun türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda böyük şəxsiyyətə həsr olunan sənədli filmdən hissələr nümayiş etdirilib.
Qeyd edək ki, bu il Prezident İlham Əliyev Ə.Cavadın anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Beynəlxalq Türk Akademiyası isə Ə.Cavadın yubileyini 2022-ci il üçün əlamətdar tarixlər siyahısına daxil edib və bir sıra irimiqyaslı tədbirlər keçirməyi planlaşdırıb.
Beynəlxalq Silkway ədəbiyyat festivalı, sevinclər, incikliklər və qalibiyyət – Nərgiz Cabbarlı yazır
Festivallar, müsabiqələr bir çoxları üçün qalibləri, mükafatları ilə maraqlı olsa da, əslində, ən vacib olanı yeni tapıntılar, kəşflər, qurulan ədəbi münasibətlər, yaranan ünsiyyətlərdir.
Əlbəttə, məsələyə kim hansı prizmadan yanaşır – bu da vacib məqamdır. Amma aprel ayının 30-dan mayın 2-nə qədər Qubada, “Şahdağ Quba Truskavets” sanatoriyasında keçirilən Beynəlxalq Silkway ədəbiyyat festivalı bir çoxları üçün, xüsusilə mənim üçün məhz bu cəhətdən maraqlı oldu.
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi daşıyan festivalın Azərbaycan turunun final mərhələsində 30 gənc iştirak edirdi. Festival öz üzərinə qaliblərin gələcək yaradıcılıq yoluna istiqamət vermək, təbliğini təşkil etmək kimi də vacib bir öhdəlik götürüb və bu onun mahiyyətini daha da artırır.
Silkway International Writers Union təsisatının təşkilatçılığı ilə baş tutan festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şura, Dünya Gənc Türk Yazarlar Birliyi, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, “Şahdağ Quba Truskavets” sanatoriyası təşkilati dəstək, “Ədəbiyyat və incəsənət” portalının isə informasiya dəstəyi verirdi.
300-ə yaxın namizəddən fərqlənərək son tura gələnlər arasında ədəbi gəncliyin seçilən nümayəndələri də vardı, qismən az tanınan nümayəndələri də. Münsiflər heyəti Ruslan Dost-Əli, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Fərid Hüseyn, Faiq Hüseynbəyli, Eminquey, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür, Ulucay Akif kimi yazarların yaradıcılığını qiymətləndirdi. Təbii ki, bal sistemi ilə. Amma maraqlıdır ki, münsiflərin şifahi olaraq müzakirələr zamanı imzasını səsləndirdikləri favoritlərin adi ilə bal sisteminin nəticələri, demək olar ki, üst-üstə düşdü. Nəticələr kimlərisə qane etməyə bilər… Bu da, əlbəttə ki, belə müsabiqələrdə, gözlənilən haldır. Xüsusilə xanımlardan kiminsə qalib olmaması inciklik səbəblərindən biri kimi dilə gətirildi. Amma… Mətnlərin və ifaların apardığı bir yarışda məhz festivalın şüarinda da deyildiyi kimi, “Sonda ədəbiyyat qalib gəldi”. Çünki bu görüşün, aparılan söhbətlərin xatirəsi və təəssüratı, inanıram ki, hələ uzun müddət yaddaşlarda qalacaq.
Yeri gəlmişkən, qeyd edim ki, həmsədrləri Anar və akademik Nizami Cəfərov olan Münsiflər Heyətinin tərkibində AYB sədrinin müavini Rəşad Məcid, AYB katibləri Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis, bir də mən var idim.
Əvvəlcə səsləndirilən şeirlər haqqında.
Açığı, maraqlı nümunələr dinlədik. Bəzilərini mətbuatdan artıq oxusam da, müəllifin öz dilindən, öz intonasiyasını (və təbii ki, emosiyasını) qatmaqla təqdim etməsi, bir başqa təsir gücünə malik idi. Həyəcan da vardı, aktyorluq məharəti və qiraət ustalığı da. Və ya əksinə, gözəl bir nümunəni zəif səsləndirənlər də oldu. Amma bu həyəcanın arasında yenə də yaddaşıma yazılan, xatirimdə qalan nümunələr vardı ki, hansısa gözəl poetik tapıntı olduğundan, hansısa çox səmimi ifadəsi ilə diqqətimi çəkdiyindən, hansısa uğulu bir şəkildə poetik situasiya yaratmaq gücündə olduğundan fərqli idi. O da dəqiqdir ki, alınan təəssürat, ilk növbədə, müəllifin imzasını yadda saxlayacaq və bundan sonra da bizi onu izləməyə vadar edəcəkdir. Məncə, gənclərin əldə etdiyi ən böyük uğur məhz budur.
Şəxsən mən xüsusi olaraq bir neçə imzanı qeyd etmək istəyirəm. Ruslan Dostəli, Səddam Laçın, El Roman, Nigar Arif, Günel Balakişi, Cavid Qasımov, İntiqam Yaşar və Ümid Nəccari.
Yazıdan fərqli olaraq şifahi səsləndirilən mətnlərdə hansısa fikrin yadda qalması mənim üçün çətindir (göz yaddaşım daha güclüdür). Əsas ilk səsləndirmədən aldığım təəssürat olur. Amma həmin günlərdə dinlədiyim şeirlərdən xatirimə yazılanlar vardı.
Məsələn, Ruslan Dostəli daha çox səmimi ifadəsi, ötürdüyü emosional təsirlə auditoriyanı ələ ala bilməsi ilə fərqləndi. Onun
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan…
misraları ilə xatırladığım şeirində əsas məhz səmimiyyət və yaşadıqlarını, hiss etdiyi çıxılmazlıqları tam bir içdənliklə mətnə gətirə bilməsi idi. Bir də bunu səmimi ifasını əlavə edərək çatdırması…
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir…
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir…
Bir daha qeyd edim ki, Ruslan Dostəlinin yaratdığı şeir ovaqatı, ifa etdiyi şeirə qatdığı ifa gözəlliyi, bir də təbii ki, xalq şeirindən qaynaqlanan təbiiliyi o qədər təsirli idi ki, demək olar, münsiflər heyətinin əksəriyyətindən 10 balla qiymətləndirildi.
Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi-gəlmədi –
Mənim uşaqlığım, ahh… uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi…
Məhz elə bu səbəbdən də söhbətlərdə favorit olduğu hiss edilən Ruslan ən yüksək balı toplayaraq birinciliyi qazandı.
Festivalda çıxış edən elə şairlər də oldu ki, məhz maraqlı tapıntıları ilə yadda qala bildilər. Məsələn, Nigar Arifin çox bəyəndiyim və həqiqətən də böyük ağrını ifadə edən “Bax belədir, əzizim, Yol uzundur, zaman dar, Hardan biləydik axı Div boyda arzuların cırtdan ayaqları var…” misraları… “Cırtdan ayaqlarınn daşıya bilməyəcəyi böyük arzular”ın ağırlığı bu şairin ifasında “göründü”, öz dəqiq təəssüratını yaratdı və yadda qala bildi.
Başqa bir xanım şairə Aypara Ayxan şeirlərini usta bir qiraətçi kimi təqdim etdi. Bu mətnin təəssüratını gücləndirən əsas amil olsa da, onun yazdığı şeirdən “Getdin, intihar etdi qəmzəmdə kəpənəklər” misrasının yaratdığı obraz, bir də “getdin, içimdəki quşlara qəfəs oldum” ağrısı idi. Hə, bir də “Çin səddi arxasında gizlənən tapmaca adam” obrazı. Əlbəttə, o obraz bir az da gücləndirilsə, daha uğurlu olardı.
İlk dəfə “Söz” layihəsinin müəllifi Nigar Həsənzadənin təşkil etdiyi “İgidlərin sözü” layihəsində gördüyüm və elə oradan da yadımda qalan Cavid Qasımovun ifasını da bəyəndim. Onun az qala bütün bədənini lərzəyə gətirən həyəcanı oxuduğu qəzələ başqa bir emosional təsir gücü qatmışdı.
El Romanın “Mağara – dağların əsnəməsidir. Tərsinə asılmış quş qəfəsidir”, Emin Pirinin “İşsiz vaxtlarımda evdən çıxanda, Anamın namaz üstə dediyi duaları qoydum cibimə Yolpulu əvəzi”, Fərid Hüseynin “Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm? Açacaqsan – yalan, Yol adlamaq deyil ömür yaşamaq, O tərəfə keçəcəksən – yalan” misraları şeirimizdə maraqlı imzaların maraqlı nişanəsi idi. Onsuz da var olan imzalarını bir az da möhkəmləndirirdi. Ümid Nəccarinin “Karantin günləri” adlı şeirində yaratdığı gerçəkçi təsvir öz təsir qüvvəsi ilə darıxdırdı məni: “Küçələrdən kimsəsizlik gedib-gəlir. Boylanır pəncərədən bir quşun səsi. Divarlar qəfəs rəngində. Uşaqların sükutu oynayır məhəllədə”. Bir də Günel Balakişinin şeirlərindəki səmimiyyət yadımda qaldı.
Açığı, bu festivala qədər adlarını qeyd etdiyim şairlərdən bəzilərinin yaradıcılığına az və ya çox bələdliyim var idi. Amma burada tanıdığım Səddam Laçının adını xüsusi qeyd etmək istəyirəm. Özəlliklə də “Bir qadın unutmuşam…” şeirini.
Əlbəttə, münsiflər heyətinin müzakirələrində də fikrimi bildirdim: Hekayələrin şeirlərlə eyni anda və eyni müstəvidə qiymətləndirilməsi çətin və az qala, mümkünsüz məsələdir. Və təşkilatçılardan biri olan Varis gələn il bu qaydaya yenidən baxılacağına söz verdi. Amma bununla belə, festivalda Ayxan Ayvazın atasının təyyarə ilə qayıdacağına inanan bir uşağın duyğularını əks etdirən “Sarı göyərçinlər” hekayəsini qeyd etmək istərdirm. Xüsusilə “uşaq vaxtı ona elə gəlirdi ki, bütün təyyarələrin içində atası var” inamı ilə “şəkildə atasının əlindən tutmaq istəyən” uşağın “fotodakı adamın əlləri cibində olurdu” həqiqətinə çırpılan və qırılan ümidləri məni çox təsirləndirdi. Bir də Cavid Zeynallının “Üzündə iki adamın işığını daşıyan” qəhrəmanı diqqətimi çəkdi…
Festival uğurla başa çatdı. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad dərsi keçdi. Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları”, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi “Dünya ədəbiyyatının mədəniyyətdə rolu” mövzusunda çıxışlar etdilər. Gənclər suallar verdilər. İncikliklər dilə gətirildi. Sevgilər də həmçinin.
Bu festival çərçivəsində daha bir görüşü də qeyd etmək istəyirəm. Bu da Qubadakı “Azərkitab” mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü və şair Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatı ilə təltif edilməsi idi.
Sonda qeyd edim ki, 1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif, 3-cü yeri Cavid Qasımov qazandı. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqləndi. Hər birini təbrik edirəm. Öz adımdan isə təşkilatçılara, xüsusilə Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun təşkilat komitəsinin həmsədrləri Əlibala Məhərrəmzadə və Varisə ədəbiyyat adına gördükləri iş, çəkdikləri əziyyət üçün təşəkkürümü bildirirəm.
Alberto Moravianın “Seçilmiş əsərləri” nəşr olunub
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünyaşöhrətli İtaliya yazıçısı Alberto Moravianın “Seçilmiş əsərləri” işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, məşhur “Çoçara” romanı ilə başlayan kitaba yazıçının “Roma hekayələri” silsiləsindən “Mario”, “Püşk”, “Kötük”, “Gözətçi”, “Nəhs gün”, “Məclis”, “Dostluq” kimi hekayələri daxil edilib.
Kitabın tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Etimad Başkeçid və Mahir N.Qarayevdir.
Kitabı yaxın günlərdə paytaxtdakı kitab mağazalarından əldə etmək olar.
Mədəniyyət naziri ABŞ-da bir sıra mühüm görüşlərdə iştirak edib
ABŞ-a səfər edən Anar Kərimov Smitsonian İnstitutunda Muzeylər və mədəniyyət katibinin müşaviri Kevin Qover və Folklor və Mədəni İrs Mərkəzinin direktoru vəzifəsini icra edən Riçard Kurinlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli uğurlu əlaqələrin qurulması, araşdırmalar və sərgilərin təşkili, eksponatların restavrasiyası mövzusunda danışıqlar aparılıb.
Söhbət zamanı nazirə məlumat verilib ki, Smitsonian İnstitutu hər il bir-birindən zəngin folklor festivalları təşkil edir. Eləcə də Azərbaycanın növbəti festivallara qatılmağı təklif olunub.
Həmçinin İnstitutda müxtəlif sahələr üzrə təcrübə proqramlarının keçirilməsindən, bu proqramlara ölkəmizdən olan mütəxəssislərin də qoşulmaq imkanlarından bəhs olunub.
Görüş zamanı sıx əməkdaşlığa təkan verəcək Anlaşma Memorandumu da imzalanacağı ilə bağlı razılığa gəlinib. Qeyd olunub ki, bu memorandum gələcək çoxşaxəli əməkdaşlıq üçün olduqca vacibdir.
Sonda tərəflər bir-birinə tarixi və mədəni baxımdan böyük önəm daşıyan kitablar hədiyyə edib.
*
Mədəniyyət naziri ABŞ arxiv idarəsinin rəhbəri vəzifəsini icra edən Debra Voll ilə görüşüb.
Görüş zamanı bir sıra əhəmiyyəti mövzular müzakirə olunub. Həmçinin azərbaycanlı mütəxəssislərin yaxın gələcəkdə treyninq proqramlarına qoşulması barədə razılıq əldə olunub. Mədəni irsin arxivləşdiriməsində, eləcə də arxiv sənədlərinin rəqəmsallaşdırılmasında Amerika təcrübəsindən faydalanmağın önəmindən bəhs olunub.
**
Anar Kərimovun rəsmi görüşləri davam edir. Nazir Dövlət Departamentində ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Li Satterfildlə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunub. Anar Kərimov “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə danışıb. Həmçinin ölkəmizin mədəni irsinin qorunması yolunda aparılan işlər barədə məlumat verilib.
Tərəflər bir sıra məsələlər haqda da fikir mübadiləsi aparıblar.
Anar Kərimov ABŞ-da Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib
Nazir Anar Kərimov Amerikaya rəsmi səfəri çərçivəsində Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, barelyef Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Böyük mütəfəkkirin barelyefinin təqdimatı Amerika-Azərbaycan Ticarət Palatasının binasında baş tutub.
Mədəniyyət naziri daha Sonora Vaşinqton Tekstil Muzeyinə də baş çəkib. Eksponatlarla tanışlıq zamanı direktor koməkçisi Ana Kiss A. Kərimova muzeyin fondunda qorunan Azərbaycan dövlətininin hədiyyə etdiyi xalça və tekstil nümunələri haqda da məlumat verib. Həmçinin nazirlik tərəfindən muzeyin fonduna Şirvan xalçası nümunəsi təqdim olunub.
***
Anar Kərimov “Xarıbülbülün səsi” adlı xeyriyyə konsertində iştirak edib. Konsertin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Amerika-Azərbaycan Ticarət Palatası, ABŞ-ın Marşal İrsi İnstitutu ( The Marshall Legacy İnstitute) və ölkəmizin ABŞ-dakı səfirliyidir.
Konsertdə azərbaycanlı musqiçilərin ifasında bir sıra rəngarəng əsərlər səslənib.
Xatırladaq ki, tədbirdən əldə olunan maddi vəsait Qarabağ ərazisində minaaxtaran itlərin təlimləndirilməsi üçün ABŞ-ın Marşal İrsi İnstitutunun hesabına köçürüləcək.
Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı “Bulud” xalçasına həsr olunub
Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Bulud” xalçasına həsr olunub.
Qarabağ tipinə aid “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin II yarısından etibarən Avropa və Rusiya incəsənətinin təsiri ilə meydana çıxıblar. Qeyd olunan dövrdə Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları və s. gətirilirdi.
Bir çox sənətkarlar həmin məmulatların üzərindəki naxış və rəsmlərdən ilham alaraq onları xalça üzərinə keçirirdilər. “Saxsıda güllər”, “Bulud” xalçaları da bu qəbildən olaraq rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir.
Xalçanın “Bulud” adlanması isə üzərində yerləşdirilən naxış elementlərinin pərakəndəliyinin səmada bulud təəssüratı yaratması ilə əlaqədardır.