Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Nur-Sultan şəhərinin yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “İstiqlal carçısı Əhməd Cavad – 130” adlı anım tədbiri keçirib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan və türk ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi və pedaqoq, görkəmli ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təşkil olunub.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri Rövşən Kazımov, L.Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının professoru, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Amantay Şarip, "ALJİR" Memorial-Muzey Kompleksinin direktoru Samat Tergembayev, Qazaxıstan Yazıçılar Birliyi Nur-Sultan bölməsinin sədri Dauletkerei Kapulı, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar və media nümayəndələri iştirak ediblər.
İştirakçılar repressiya qurbanlarının xatirəsini ehtiramla yad edib, “Xatirə lövhəsi”nin önünə gül dəstələri düzüblər. Daha sonra iştirakçılar muzeyin ekspozisiyaları ilə tanış olub, “ALJİR” düşərgəsində cəza çəkən azərbaycanlılarla bağlı Türk Akademiyası tərəfindən hazırlanmış tematik sərgiyə baxıblar. Onların arasında Əhməd Cavadın 1938-1945-ci illərdə Qazaxıstana sürgün olunmuş həyat yoldaşı Şükriyyə Axundzadəyə aid xüsusi ekspozisiya da yer alıb.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti D.Kıdırəli bildirib ki, Ə.Cavada həsr olunan yubiley mərasiminin onun həyat yoldaşının iztirablı sürgün həyatı yaşadığı “ALJİR" Memorial Kompleksində keçirilməsi rəmzi xarakter daşıyır. Ə.Cavad ömrünü Azərbaycan xalqının azadlığına, istiqlalına həsr etmiş, bu yolda təqiblərə məruz qalmış, ömrünü fəda etmiş bir şəxsiyyətdir. Onun sevimli həyat yoldaşı Şükriyyə xanım isə Qazaxıstana sürgün edilib və 1938-1945-ci illərdə 8 il "ALJİR" düşərgəsində olub. Ə.Cavad təkcə Azərbaycan xalqına məxsus deyil, Mirzə Fətəli Axundzadə, Mehmet Akif Ersoy, Həsən bəy Zərdabi, Əhməd Baytursınlı, Mustafa Çokay kimi bütün türk dünyasının ortaq dəyəridir. O, 26-28 yaşlarında yazdığı əsərlə qardaş Azərbaycanın Dövlət Himninin müəllifi kimi tarixə əbədi həkk oldu. Ə.Cavadın parlaq əsərləri türkçülük şüurunun formalaşmasına böyük töhfə verdi. Həmin dövrdə böyük şair, təkcə Azərbaycanın istiqlaliyyətinin deyil, həm də Anadolu və Türküstan xalqlarının azadlığının carçısı oldu.
Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Rövşən Kazımov, professor Amantay Şarip və digərləri Ə.Cavad yaradıcılığı və onun türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda böyük şəxsiyyətə həsr olunan sənədli filmdən hissələr nümayiş etdirilib.
Qeyd edək ki, bu il Prezident İlham Əliyev Ə.Cavadın anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Beynəlxalq Türk Akademiyası isə Ə.Cavadın yubileyini 2022-ci il üçün əlamətdar tarixlər siyahısına daxil edib və bir sıra irimiqyaslı tədbirlər keçirməyi planlaşdırıb.