Pulisist-jurnalist Dilarə Quliyevanın (Dilarə Rüstəmin) 44 günlük Vətən müharibəsində şəhid olan qəhəmanlarımıza həsr olunmuş “Məni göylərdə axtarın” kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda 40 şəhidin həyat hekayəti öz əksini tapıb. Bakıda, Sumqayıtda, Naxçıvanda, Ağdamda, Zəngilanda, Samuxda, Masallıda, Ucarda, Gədəbəydə, Qubada, Göyçayda, Neftçalada, Səlyanda, Qobustanda böyüyüb boya-başa çatan, vətən uğrunda həlak olan şəhidlərimizin həyatından, onların qəhrəmanlığından bəhs edilən hekayələr onların yaddaşlarda əbədi qalması üçün ən böyük heykəldir.
“Məni göylərdə axtarın” bir qəhrəmanlıq salnəməsidir. Yenicə çapdan çıxan kitabın ilk təqdimatı Sumqayıt Şəhidlər Xiyabanında keçirilib. Adları 400 səhifəlik qəhrəmanlıq kitabında keçən şəhidlərin ailəsinə paylanıb.
Şəhid ailələri Dilarə Rustəmə öz minnədarlıqlarını bildiriblər. Kitabın daha geniş təqdimat mərasimi də Sumqayıtda keçiriləcək. Kitabın nəşrində Amerikada yaşayan həmyerlimiz Mirəhməd Qaemi dəstək olub. Amerikalı həmyerlimiz deyib ki, “əgər bir kitab dərdli ananı ovundurursa, ərsəyə gəlməsində əməyi olanları alqışlayıram...”.
Dilarə Rüstəm deyib ki, şəhidlərimizin gələcək nəsillərə tanıtmaq üçün qərara gəlib ki, kitabın müəyyən hissəsini orta məktəblərə və şəhər kitabxanalarına təqdim etsin.
“İstəyirəm mənim qəhrəmanlarımı hamı tanısın, axı onlara “lay-lay” deyə-deyə, yaraşıqlı simalarını oxşaya-oxşaya yazılarımı qələmə almışam, bəzən qəhərli boğazımdan su güclə keçib... Onları balam kimi əzizləyib sevmişəm. Geniş oxucu kütləsinə onları tanıtmaq üçün hər həftə kitabdakı şəhid hekayələrini ictimaiyyətə təqdim edəcəyəm. Bilirəm ki, vətən torpaqları üçün canını qurban verənləri sizlər də tanıyıb sevəcəksiniz!”.