Super User

Super User

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

 

Abdullayev Kyazım Ənvər oğlu

Balayev Məmmədəli Bəşir oğlu

İmanova Gülbacı Əliəkbər qızı

Qarayev Fərəc Qara oğlu

Novruzova Nubar Qulu qızı

Sadıqov Faiq Əbülfəz oğlu

Verdiyev Fikrət Süleyman oğlu.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2022-ci il

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının dəstəyi ilə Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı Xeyriyyə konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konsertdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar iştirak etmişdir.

Konsertdən öncə çıxış edən Nazir müavini Elnur Əliyev, ölkəmizin əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamış, mədəni ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd etmişdir.

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunmuşdur. Ansamblın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə, direktoru Əməkdar artist Elçin Qədimov, ansamblın baletmeysterləri Əməkdar artist Xanlar Bəşirov, Saina Əhmədova, ansamblın məşqçiləri, Əməkdar artist Fərid Əliyev, Alina Qontareva, solistlər Anar Məmmədov, Orxan Səfərli, Toğrul Şərifov, Aytən Alxasova, Valeriya Konkina, Rifan Qəhrəmanov, İsmayıl Məmmədzadədir

Böyük anşlaqla keçən konserti izləyən tamaşaçılar hər nömrədən sonra sürəkli alqışlar səsləndirmişdir.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcəkdir.

 

Son günlərin ən çox oxunan xəbəri ABŞ-ın Alabama ştatında ölüm hökmü alması gözlənilən cinayətkar residivistlə həbsxana rəisinin müavini olan xanımın həbsxanadan birgə yoxa çıxmaları xəbəridir.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, bütün hüquq-mühafizə orqanlarının axtardıqları, haqlarında məlumat verəcək şəxslərə böyük mükafat vəd edilən bu cütlük ötən gün İndiana ştatında ələ keçiblər. Düzdür, quldurun xanımı qorxudaraq onun qaçmasına vasitə eləməsi, özünü də girov götürməsi ehtimalı da var. Amma daha inandırıcısı sevgi motivləridir. Olsun ki, qadın kişiyə vurularaq öz həyatını riskə atıb ki, onunla birgə olsun. 

Məhəbbət, sən nələrə qadirsən!

 

  

“Ədəbiyyat və incəsənət” portalı istedadlı şair Zaur Ərmuğanın şeirlərini təqdim edir. 

 

Zaur Ərmuğan (Əsgərov) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda çap olunur. "Ədəbiyyat qəzeti", "Ədalət", "Kredo" və digər qəzetlərdə, "Mədəni-maarif", "Sözün işığı", "Xəzan" kimi jurnallarında çap olunub. Şeirləri özbək dilinə də tərcümə edilib, "Mənəviyyat çeşməsi" qəzetində və "Müasir Azərbaycan şeirləri" antologiyasında dərc olunub. 

“Muğanın səsi", "Türk dünyası şeir seçkisi", "Xəzər nəğmələri ədəbi birliyi", "Xarıbülbül", "Zirvə", "Şərqin səsi", "Rəvan" kimi müxtəlif toplu, məcmuə,  antologiya və almanaxlarda, ədəbi-bədii nümunələrlə çıxışlar edib.

2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucularla görüşə gəlib.

2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 

ÇIXIB GEDƏSƏN

 

Bir səssiz gecəni bələdçi tutub

Qaçasan bir ayaq dəyməyən yerə.

Bütün olanları elə unudub

Gedəsən gümanın gəlməyən yerə.

 

Gedəsən, gözündə ümid solmaya,

Gedəsən, gedəsən axıra kimi.

Gedəsən, qəmlənib könlün dolmaya,

Gedəsən, nə deyim, yol hara kimi?!...

 

Saxta sifətlərdən, süni nəfəsdən

Canını qurtaran addımın ola.

Boşboğaz ağızdan, hay-küylü səsdən

Uzaqda balaca bir damın ola.

 

Ağzı açıq qala yalançı dostlar,

Yalançı qonşular, yalançı qohum.

Daha səslənməyə yalançı tostlar,

Bir məclis qurasan, keflənə ruhun.

 

Arxanca qarğıyıb üzə gülənin

Üzü də, gözü də yada düşməyə.

Bir yerə gedəsən, gəlib gedənin

Heç tapılmaya da bir görüşməyə.

 

Hər dedi-qodudan gen dolanasan,

Düşüb daban-daban güdənin ki yox!

Onda nəfəs alar rahatlıqla can,

Səni səndən özgə görənin ki yox!

 

Düzünü min yerə əyri yozanlar,

O yaman ağızlar, o bəd çənələr,

Sənə diri-diri qəbir qazanlar

Elə yox ola ki, nə var dinələr?!

 

Gecə sübhə kimi yol yorğunutək

Ulduzlar, bir də ay işığın, nurun...

Başını götürüb lap o başadək

Qaşasan, təki bu qurğudan qorun!

 

Qovub ömürlərdən çəni, dumanı,

Zülmətdə qalana gün bağışladım.

Olmadım əllərin nəsnə umanı,

Mən səsə səs verdim, ün bağışladım.

 

Əritdim canımı yanar şam kimi,

Yanıram, üstümə su tökənim kim?!

İçildim bir dolu qızıl cam kimi,

Görmədim, gözümə mil çəkənim kim.

 

Aldanıb fəndgirə saflıq ucundan,

Hiyləgər məkriylə tora düşdüm hey.

Çoxunu qurtardım dar ağacından,

Özüm də çıxılmaz dara düşdüm hey.

 

Hənirsiz ürəkdir odsuz adamlar,

Titrədər köksümü buz soyuqluğu.

Hələ adından da adsız adamlar

Elə pay yedilər, oğru ki oğru!

 

Nə deyim, kimlərə tutum üzümü?

Mənim göz yaşımı silsin içimdən?

Bircə bu düyünün budur çözümü,

Allah! Bir bəxt doldur bu bir içimdən.

 

Gedəsən bir yolluq, çıxıb gedəsən,

Sevdiyin o qız da unuda səni.

Qəlbin nə deyirsə, onu edəsən,

Səsin sığal-sığal ovuda səni.

 

Dönüb geriyə də baxmaya gözün,

Gedəsən bulaqlar ağlayan yerə.

Qəlbə sirdaş olan sirr daşın özün,

Gedəsən çağları çağlayan yerə.

 

O yerin nə yolu, cığırı ola,

O yerin adını kimsə bilməyə.

Getdiyin o yolda uğurun ola,

Arzular sönməyə, ümid ölməyə.

 

Dünyanın bir dağı, çölü, meşəsi,

Dünyanın quşqonmaz daşı deyimmi?

Dünyanın elə bir rahat guşəsi

Ola, bir çıxasan başa deyimmi?

 

Bir səssiz gecəni bələdçi tutub

Gedəsən ayağın dəyməyən yerə.

Nə varsa, nə varsa, daha unudub

Gedəsən dönməyin gəlməyən yerə.

 

 

QONAĞAM

 

Dünya dərin bir dəryadır,

Toruna düşən balığam.

Yeri, göyü də səhradır,

Yolundan keçən çarığam.

 

Əlimdədir əl ağacım, 

Duamdan yetə əlacım.

Məzara gedir bir ucum,

Beşikdəki o uşağam.

 

Ömür ucuzmuş, gün baha,

Gördüyümü gördüm daha.

Diş altındadır iştaha,

Dişi ağrıyan damağam.

 

Hərə öz bəxtini yeyir,

Ağız dediyini deyir.

Dünyadan umum nə xeyir?!

Yola verilən qonağam.

 

 

DÜNYA

 

Dünya tərsinə fırlanır,

Cızından çıxıbdır dünya.

Sınıb çarxı, sınıb oxu,

Özündən çıxıbdır dünya.

 

Düşdük bu yollar ardına,

Tapıb gətirək yurduna.

Tapşıraq dağda qurduna,

Düzündən çıxıbdır dünya.

 

Bu göyərən, bu solanı,

Niyə saldı bu talanı?

Üzə duran ağ yalanın 

Yüzündən çıxıbdır dünya.

 

Vədələri nağıl imiş,

Bəxtimiz nə ağır imiş?!

Gör bir necə cığal imiş,

Sözündən çıxıbdır dünya.

 

 

ÜMİD PUÇ OLANDA

 

Tale yüküm dağdan ağır,

özümü daşıyıram çiynimdə.

Kədərim

təzələnən dərdim kimi

həmişə geyindiyim

köhnə libasımdır əynimdə.

Ümidimin qaralıb nəfəsi,

Başı üstə dayanıb 

tutmuşam üzünü qibləyə.

Allahımdan səs çıxmır.

Bağlanıb qapılar sabaha.

Əl-ələ tutub dayanmışıq ölməyə.

 

 

SƏNƏ SARI

 

Elə duyuram səni,

günəşi

kor öz içinin nurunda görən kimi,

işığı sevən kimi.

Xoşbəxtliyin yaşanırkən

görünməz olduğu qədər,

bilinməz olduğu qədər

bir həsrətsən.

Sevgin

yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.

Hələ də axtarıram səni

qəlbin qəlbimdə var ikən

əllərini əlimdə tapmağa.

Sənə yol gəlirəm

daha bu sənsizlikdən qopmağa.

Qarşıla məni.

 

 

ÜRƏYİMƏ

 

Gözümdən axır göz yaşı,

Nəmi yığdım ürəyimə.

Dərdin mənə yol yoldaşı,

Qəmi yığdım ürəyimə.

 

Ərşə çəkdin sən yuxumu,

Həm azımı, həm çoxumu.

Əkdin bircə dərd toxumu,

Zəmi yığdım ürəyimə.

 

Bir gileyin min havası,

Bir talanam, eşq yuvası.

Köklənmişəm, var havası,

Dəmi yığdım ürəyimə.

 

Məni məndən alan aldı,

Məni məndə oda saldı.

Kimim getdi, kimim qaldı?

Kimi yığdım ürəyimə?

 

Ərmuğan, bil, dərdim çoxdur,

Başım üstə şimşək çaxdı.

Vayıma el şərik çıxdı,

Cəmi yığdım ürəyimə.

 

 

ƏBƏDİ BAHAR

 

Bir zülmət içindən çıxıb günəşə,

Özümlə gətirdim dünyama səni.

Telinə taxdığım bircə bənövşə

Əbədi bağladı yazına məni.

 

 

DARLIQ

 

Ayaqlarım ilişib 

Yer kürəsi tələsinə.

Təpiklərimlə döyəcləyirəm 

divarlarını dünyanın.

Nə qaça bilirəm,

Nə uça bilirəm

bu darlıqdan.

 

Çərşənbə axşamı, 10 May 2022 12:30

“Azərkitab” 5 yaşını mənzilsiz qeyd edir

 

Azərbaycanda kitabın təbliğində müstəsna rol oynayan “Azərkitab” kitab təbliğatı mərkəzi ötən gün öz 5 illiyini qeyd etdi. Özü də mənzilsiz. Bir müddətdir ki, Mərkəz Yasamal rayonu, Akim Abbasov 78 ünvanında kirayələdiyi binanı icarə haqqının qaldırılması səbəbindən təhvil veribdir.

 

Əlbəttə ki, acınacaqlı haldır.

5 illik yubileydə hansı hissləri keçirməsi ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının əməkdaşına “Azərkitab”ın rəhbəri Mir İsrafil Həsənov belə cavab verib: “Çox təəssüf ki, bu gün "Azərkitab" 5 yaşını "Azərkitab"sız qeyd edir. "Azərkitab" müvəqqəti də olsa öz fəaliyyətini dayandırıb. Lakin biz inanırıq ki, o yenə də öz qapılarını oxucuların üzünə açacaqdır. Əziz “Azərkitab”! Adın da, günün də mübarək! Sən həmişə yaşayacaqsan! Yaşa ki, mənəvi dünyamız yaşasın!”

Biz də ümid edək ki, “Azərkitab” yenidən ölkənin kitabçılıq həyatına bir canlanma gətirəcək.

Çərşənbə axşamı, 10 May 2022 13:00

Rəsm qalereyası: Səttar Bəhlulzadə, “Natürmort”

Rəsm qalereyası: Səttar Bəhlulzadə, “Natürmort”

 

İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə mayın 11-dən 21-dək Tehranda 33-cü beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu il fəaliyyətini bərpa edən sərgi-yarmarkada dünyanın 170 ölkəsinin kitab evi, nəşriyyatı və kitabxanasının iştirakı nəzərdə tutulub.

Ənənəvi olaraq Tehranda keçirilən bu tədbirdə Yaxın Şərq, Asiya və Avropa ölkələrində fəaliyyət göstərən tanınmış nəşriyyatlar və kitabxanalar iştirak edir. Sərgi-yarmarka çərçivəsində dünyaca tanınmış yazıçıların imza günləri keçirilir. 

Bu il keçiriləcək sərgi-yarmarkada ölkəmizi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası təmsil edəcək.

 

Xəbər verdiyimiz kimi Akademik Milli Dram Teatrı Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında ölkəmizi V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə təmsil edib.

 

Sözügedən səhnə əsəri Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirilib. Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov (Orsino), Məsmə Aslanqızı (Oliviya), Aslan Şirin (Malvolio), Anar Heybətov (Sebastian) aktrisalar İlahə Həsənova (Viola), Nigar Güləhmədova (Mariya), Əməkdar artist Elnar Qarayev (Antonio), aktyorlar Ziya Ağa və Corc Qafarov (Ser Endryu Eguçik), Əməkdar artist Ayşad Məmmədov (Ser Tobi Belç), aktyor Vüsal Mustafayev (Fabian), Əməkdar artist Rəşad Bəxtiyarov (Fasti), aktrisa Xədicə Novruzlu (Culiya) və Əlif Cahangirli (Keşiş – videogörüntü) iştirak edir.

Səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığı barədə teatrın mətbuat xidməti məlumat yayıb.

 

Daşkənddəki Mirzə Uluqbəy adına Beynəlxalq Məktəbdə “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib.

 

AzərTAC Özbəkistandan xəbər verir ki, tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, mədəniyyət mərkəzləri öz xalqlarının mədəniyyətini və milli mətbəx nümunələrini təqdim ediblər.

Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.

Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi inkişafından bəhs edən kitab və albomlar nümayiş olunub. Sərgidə “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Sərgidə Azərbaycanın Qarabağ bölgəsinin qadın geyimləri, milli musiqi və məişət əşyaları və suvenirlərimiz də təqdim olunub.

Azərbaycan guşəsində qonaqlara plov, dolma, qutab, dovğa və şirniyyatlarımız təklif edilib.

Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Çərşənbə axşamı, 10 May 2022 12:00

Vaqif Mustafayev Avropa Film Akademiyasına üzv seçilib

Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev Avropa Film Akademiyasının üzvü seçilib. “Azərbaycanfilm” kinostudiyasından bununla bağlı məlumat yayılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir  ki, Avropa Film Akademiyası 1989-cu ildə Avropa Film Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb. Berlin şəhərində fəaliyyət göstərir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.