Xəbər verdiyimiz kimi Akademik Milli Dram Teatrı Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında ölkəmizi V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə təmsil edib.
Sözügedən səhnə əsəri Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirilib. Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov (Orsino), Məsmə Aslanqızı (Oliviya), Aslan Şirin (Malvolio), Anar Heybətov (Sebastian) aktrisalar İlahə Həsənova (Viola), Nigar Güləhmədova (Mariya), Əməkdar artist Elnar Qarayev (Antonio), aktyorlar Ziya Ağa və Corc Qafarov (Ser Endryu Eguçik), Əməkdar artist Ayşad Məmmədov (Ser Tobi Belç), aktyor Vüsal Mustafayev (Fabian), Əməkdar artist Rəşad Bəxtiyarov (Fasti), aktrisa Xədicə Novruzlu (Culiya) və Əlif Cahangirli (Keşiş – videogörüntü) iştirak edir.
Səhnə əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığı barədə teatrın mətbuat xidməti məlumat yayıb.