Super User

Super User

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotomüxbiri İlqar Cəfərov İspaniyada keçirilən “XIII International Photography Contest Sant Just Desvern 2022” beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb. 

 

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayəsi ilə keçirilən müsabiqəyə dünyanın müxtəlif ölkələrini təmsil edən 271 iştirakçının 3 nominasiyada 2921 işi təqdim edilmişdi. 

İlqar Cəfərovun 2012-ci ilin sentyabr ayında Tofiq Bəhramov adına Respublika Stadionunda çəkdiyi “Zebrlər” fotoşəkli müsabiqənin “Monoxrom fotoqrafiya” nominasiyasında FIAP-ın fəxri lentinə layiq görülüb. Onun 2008-ci ilin sentyabr ayında Pekində keçirilən Paraolimpiya Oyunlarında çəkdiyi “Paralimpiyaçılar” adlı fotoşəkil isə müsabiqənin “Səyahətlər” nominasiyasında FIAP-ın fəxri lenti ilə qeyd edilib. 

Yeri gəlmişkən, AZƏRTAC-ın fotomüxbirinin aktivində dünyanın müxtəlif ölkələrində layiq görüldüyü 140 mükafat, o cümlədən Beynəlxalq Foto Sənəti Federasiyasının keçirdiyi fotomüsabiqələrdə qazanılmış 110 mükafat var.

Təbrik edirik!

 

 

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.

2022-ci il “Şuşa İli” elan edilməsi münasibəti ilə Şuşada bu gün "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı açılıb. 14 may tarixinədək davam edəcək festivalı Şuşa yağışlı və çiskinli hava ilə qarşılayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hal-hazırda Şuşada yağış yağır, havanın temperaturu müsbət 11 dərəcədir. Festival çətirlərin altında belə keçirilməkdədir. 

Sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edir. O cümlədən ölkənin mədəniyyət xadimləri də festivala qatılıblar. Ölkə prezidenti və birinci vitse prezident də “Xarı bülbül” festivalını izləyirlər.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsinə start verilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, müsabiqənin ilk açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimlər, yaradıcı ziyalılar və gənclər qatılıblar.

Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Natəvan Osmanlı diqqətə çatdırıb ki, bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Yarış həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamları günləri AzTV ilə canlı yayımlanacaq. Müsabiqənin sonrakı mərhələlərini ölkənin regionlarında da keçirmək planlaşdırılır. 

Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” kimi tanınan Xalq artisti Əlibaba Məmmədovun bəstəsi olan “Vətən yaxşıdır” mahnısının videoçarxı nümayiş etdirilib.

Tamaşaçılar gecənin xüsusi qonaqlarını - 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını salamlayıblar. 

Əvvəlcə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Babək Niftəliyevin ifasında qısa konsert proqramı təqdim edilib. 

Müsabiqənin yarandığı gündən müsabiqənin münsiflər heyətində öz xeyir-duası və dəyərli tövsiyələri ilə gənclərə yol göstərən, bir neçə ay əvvəl dünyasını dəyişmiş görkəmli xanəndə Əlibaba Məmmədovun ümummilli lider Heydər Əliyevlə söhbətləri və ifasından ibarət kadrlar da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Münsiflər heyəti təqdim edildikdən sonra tarzən Rəşad İbrahimovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə müsabiqə iştirakçıların ifaları dinlənildi. Münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir. 

Muğam yarışmasının ilk günü 9 finalçı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndiriblər. Müsabiqənin respublikanın regionları da daxil olmaqla 15 həftə ərzində keçirilməsi planlaşdırılır.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli sərvətimiz olan muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğam hər bir azərbaycanlının həyatına, demək olar ki, beşikdən daxil olur, onu bütün həyat yolu ilə müşayiət edir. Bu, ruhları saflaşdıran, yüksəldən, əsrlər boyu müşayiət olunan, dərin qədim keçmişdən bu günə və gələcəyə körpü olan muğam fenomenidir. Xalqımızı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək çətindir. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk “Muğam” Televiziya Müsabiqəsinə 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmişdi.

Günün fotosu: Tezliklə sülh bağlanması ehtimalı yoxdur

 

BMT-nin Baş Katibi Antoniu Quterriş Rusiya-Ukrayna cəbhəsində baş verənləri analiz edərək belə qənaətə gəlib ki, yaxın zamanlarda müharibənin dayandırılması ehtimalı görünmür.

Foto: Euronews

Cümə axşamı, 12 May 2022 11:36

Rasim Balayev sədr seçildi

 

Ötən gün Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib. “Ədəbiyyat və incəsənət” portalı İttifaqın saytına istinadən məlumat verir ki, iclasın gündəliyinə katibliyin 2022-ci ilin ilk dörd ayının hesabatı, AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş təşəbbüslərin, Kino Muzeyi layihəsinin müzakirəsi və cari məsələlər daxil idi.

 

İclasda Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, rejissorlar Oleq Səfərəliyev, Nizami Abbas, Cavid İmamverdiyev, Tahir Tahiroviç, Əli İsa Cabbarov, Adil Qulamov, Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru Lalə Əfəndiyeva, yazıçı Nəriman Əbdülrəhmanlı iştirak edirdi.

Xalq yazıçısı Anarın təklifilə öncə kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iclası giriş sözü ilə açaraq görülən işlər barədə ümumi məlumat verdikdən sonra sözü yazıçı Anara  verdi.

Xalq yazıçısı mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim etdi. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqlədi.

Xatırladaq ki, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək. Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olundu. Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü təklif kimi təqdim olundu.

Təşəbbüslərin müəyyən hissəsinin Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulsa da, bəzilərinin reallaşdırılması ilə bağlı ölkə rəhbərliyinə müraciət olunacaq.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

“Azərbaycanfilm” kinostudioyasının istehsal etdiyi bir çox filmlərdə(“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, Birisigün gecəyarısı”, “Qanlı zəmi”, “İstintaq”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə”, “Həm ziyarət, həm ticarət”, “Qala”, “Cavid ömrü” və s.) əsas rollarda çəkilib. Eyni vaxtda “Özbəkfilm” “Mosfilm” və b. studiyalarda da  filmlərə çəkilib.

1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.

 

Sumqayıta növbəti qonaq gəlir. Bu dəfə gözəl şeirləri ilə qəlb oxşayan şair gəlir özü də. 

 

Sabah, mayın 13-də şəhərdəki Əli Kərim adına Poeziya Evində tanınmış alim və şair, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə ilə görüş keçiriləcək. 

Görüş saat 12-də başlayacaq, bütün şeirsevənlər dəvətlidir.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyət göstərən könüllülər dəstəsinin bütün üzvlərini Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Teatrda bir gün” layihəsində aktiv iştiraklarına görə mükafatlandırıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. Agentliyə teatrın inzibatçısı, Akademik Musiqili Teatrın Könüllüləri qrupunun rəhbəri Aludə Şəkərova məlumat verərək qurumun yaranma zərurətindən və fəaliyyətə başladıqları gündən indiyə qədər əldə etdikləri uğurlardan da danışıb:

“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, “Akademik Musiqili Teatrın könüllüləri” dəstəsi yarandı. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər istedad və bacarıqları ilə bir-birindən fərqlənən teatrsevər gəncləri bir araya gətirə bilmişik və bu ardıcıllıq yenə də davam edir. Ümumiyyətlə, teatr könüllülərinin yaranma məqsədi ölkəmizdə mədəniyyət sahəsində könüllü qisminin yetərsiz olması idi. Biz bu sahədəki boşluğu teatr könüllüləri ilə aradan qaldırmaq istədik və qısa müddətdə qismən də olsa, istədiyimizə nail olduq, incəsənətə, teatra marağı olan gəncləri dəvət etdik. Dəstəmizə qoşulan gənclər əvvəlcə müxtəlif treninqlərdə teatrın pərdəarxası məqamları ilə tanış oldular və müəyyən təcrübə keçdilər. Könüllülər dəstəsinin yaradılmasının pandemiya dövrünə düşməsinə baxmayaraq, biz hər zaman köməyə ehtiyacı olan sənət adamlarının yanında olduq. Ötən il Akademik Musiqili Teatrın UNESCO tərəfindən qəbul edilmiş "İnklüziv teatr" layihəsində jest dilini bilən könüllülər iştirak etdilər və "İnklüziv teatr" studiyasının üzvlərinə bacardıqları köməkliyi əsirgəmədilər. 10 mart - Milli Teatr Günü, 27 Mart - Beynəlxalq Teatr Günü münasibəti ilə düzənlənən tədbirlərdə verilən tapşırıqları çox böyük məsuliyyətlə yerinə yetirməyə çalışmışıq. Bu və ya digər tədbirlərdə fəaliyyətimizə görə də teatr rəhbərliyinin daim diqqətindəyik. Bizə yaratdığı şəraitə görə təşəkkür edirik. Teatr və könüllülük – yüksək dəyərdir və həmişə şüarımız belə olub. Ölkəmizin inkişafı naminə gələcəkdə də teatrsevər gənclərlə birlikdə daha gözəl ideyaları həyata keçirməyi düşünürük. Başladığımız bu ənənələri böyük məsuliyyətlə davam etdirmək və teatra həvəsi olan gəncləri daim yanımızda görmək arzusundayıq”.

 

Çilinin “Ærea. İspan – Amerika poeziyası” (“Ærea. Revista Hispanoamericana de Poesía”) jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş “Gedim bir az ağlayım”, “Tərk edə bilmərəm heç zaman səni” və “İnanmıram” şeirlərini nəşr edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən bildirir ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə redaktoru – tanınmış argentinalı tərcüməçi Raul Poggi Alexandrodur.

Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo Espina, Monika Velaskes Qusman, Karlos Aquasako, Leonel Alvarado, Luis Benites, Viktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti kimi tədris proqramlarına da salınır.

Jurnalının baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.

 

ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan diasporu Milli Qəhrəman Albert Aqarunovun doğum gününə həsr olunmuş “Mən Azərbaycanı hər yanda axtarıram” mövzusunda foto müsabiqəsi elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Azərbaycanın Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaşarası uşaqlar və gənclər iştirak edə bilərlər. Mayın 28-də başa çatacaq müsabiqənin şərtlərinə əsasən, fotolar plagiatdan uzaq olmalıdır. Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qaliblərin adları iyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanacaq.

Həmin gün keçiriləcək mərasimdə I, II və III yerləri tutan qaliblərə pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim ediləcək. 

Birinci yerin qalibinə 500, ikinci yerin qalibinə 300, üçüncü yerin qalibinə 200 ABŞ dolları məbləğində pul mükafatlarının verilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyən uşaqlar və gənclər Azərbaycana aid olan şəkilləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməlidirlər.

Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi keçirilmişdi. Özü də yüksək səviyyədə.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.