Super User

Super User

Çərşənbə, 18 May 2022 11:00

Bu gün Beynəlxalq Muzeylər günüdür

 

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunmuşdur.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunmuşdur. Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

 

Şəkildə: Milli tarix muzeyi

 

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2022-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Şuşa şəhərində bir sıra beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçiriləcəkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi təşkil olunacaqdır.

Dünyaca məşhur türk fotoqraf Hüseyn Taşkın öz baxış prizmasını əks etdirən möhtəşəm fotoşəkilləri ilə bu beynəlxalq layihədə ilk olaraq iştirak edəcəkdir. Şuşada yaz fəslindən fotoları lentə alacaq fotoqraf 16-23 may tarixlərində ölkəmizdə səfərdə olacaqdır.

Səfər çərçivəsində mayın 16-da türk fotoqraf Hüseyin Taşkın və layihənin kuratoru Angelo Bucarelli mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşdü və layihənin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı.

Bu layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaqdır. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihəyə xarici mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Layihə Türkiyə ilə yanaşı, Almaniya, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaqdır. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Azərbaycana dəvət olunacaq mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaqdır.

Həmçinin, bu layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq və onlar tanınmış türk fotoqrafı ilə görüşmək imkanı əldə edəcəklər. Hüseyin Taşkın tərəfindən gənc fotoqraflar üçün treninq proqramı da təşkil olunacaqdır.

 “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən reportajda qeyd edilib ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

 

Üç gün davam edən  festivala dünyanın üç qitəsinin – Asiya, Afrika və Avropanın on ölkəsindən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın regionlarından folklor kollektivləri qatılıb.

Süjetdə festivalın Şuşada  keçirilməsi xüsusi vurğulanaraq Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olması ilə yanaşı təbiətinin gözəllikləri , sıldırım qayaları , Cıdır düzünün gözəlliyi qeyd edilir.  Reportajda həmçinin Şuşanın əsrarəngiz gözəlliyi fonunda festivalın rəngarəngliyi və multikultural Azərbaycanın mədəni müxtəlifliyi haqqında söz açılır.

Verilişi aşağıda qeyd olunan link vasitəsilə ilə izləyə bilərsiniz:

 

https://www.youtube.com/watch?v=zYZmbn89UB8

Çərşənbə axşamı, 17 May 2022 17:17

Bu gün 75-ci Kann Kino Festivalı başlayır

Bu gün Fransada - Zümrüd sahildə Kann Kino Festivalı başlayır. 

2020-ci ildə COVID-19 pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.

Festivalın açılışını belçikalı aktrisa Vircini Efira edəcək. O, münsiflər heyətini və rəsmi müsabiqə üçün 21 filmi təqdim edəcək. O, həm də mərasimlərin aparıcısı olacaq. 

Münsiflər heyətinə fransız  Vinsent Lindon sədrlik edəcək. Britaniyalı Rebecca Hall, Hindistanlı Deepika Padukone, isveçli Noomi Rapace, italyan Jasmine Trinca, eləcə də iranlı məşhur rehissor Asghar Fərhadi, fransalı Ladj Ly, amerikalı Ceff Nichols münsiflər heyətinin üzvləridir.

75-ci Kann Kino Festivalının açılış mərasiminin fəxri qonağı amerikalı aktyor, rejissor və prodüser Forest Vitaker olacaq. Bu münasibətlə o, fəxri “Palma budağı” mükafatını alacaq. Onun Kristof Kastan və Tomas Sametin ilə birlikdə çəkilmiş “Sülh naminə” son filmi mayın 18-də xüsusi nümayiş olunacaq.

Ukraynaya silahlı təcavüzünə görə Rusiya təmsilçiləri festivala buraxılmayıb.

 Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda “Şota Rustaveli Günü”nə həsr olunmuş “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii gecə keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvi və Şota Rustavelinin Marneulidəki “Çay Evi”nin qarşısındakı büstləri önünə gül dəstələri düzüblər.

Tədbirdə “İnkişaf və Təhsil Mərkəzi”nin layihə rəhbəri Emin Əhmədov və Gürcüstan Mədəniyyət Akademiyasının direktoru David Nesteronko çıxış edərək Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığından danışıblar. Natiqlər “Nizami Gəncəvi və Şota Rustaveli” adlı maraqlı poeziya günündə iştirak edən şeirsevərləri təbrik ediblər. 

E.Əhmədov qeyd edib ki, belə tədbirlər davamlı olacaq və hər ay keçiriləcək. Bədii gecədə Gürcüstan Yazıçılar Birliyinin (GYB) sədri Mağvala Qonaşvili çıxışında Gürcüstan və Azərbaycan ədəbi mühitindən danışıb. O, məşhur qələm ustaları Ş.Rustaveli və N.Gəncəvinin xalqlarımızın nümunə göstəriləcək qələm sahibləri olduğunu bildirib. Qeyd edib ki, onlardan bizə miras qalan sevgi və məhəbbət əsərləri dünya ədəbiyyatı inciləri siyahısına daxil edilib.

GYB-nin sədri Mağvala Qonaşvili Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrə nəzər salıb, Azərbaycan şairlərinin əsərlərinin gürcü dilinə tərcümə olunduğunu bildirib. Qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şeirləri gürcü dilinə tərcümə olunur. O, Nizami Gəncəvi əsərlərinə tamaşa hazırlanacağını da vurğulayıb.

Ş.Rustaveli cəmiyyətinin sədri David Şemokledeli çıxışında Gürcüstan-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini bildirib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov bədii gecənin təşkilini yüksək qiymətləndirib və bu cür tədbirlərin Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Tədbirdə tanınmış tərcüməçi Oqtay Kazımovun “Nizami İli”ində nəşr olunan “Rustaveli və Nizami” kitabı haqqında ətraflı məlumat verilib. 

Müəllif bildirib ki, kitabda 16 nəfərdən ibarət gürcü və Azərbaycan alimlərinin məqalələri dərc olunub. 

O.Kazımov M.F.Axundovun və C.Məmmədquluzadənin əsərlərinin Akaki Sereteli və Məmməd bəy Abaşidze tərəfindən gürcü dilinə tərcümə olunduğunu və bu əsərlərin əsasında tamaşalar hazırlandığını qeyd edib. 

Bədii gecədə istedadlı tərcüməçi, şair İmir Məmmədlinin Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasından etdiyi tərcümələr, M.Maqomayevin ifasında N.Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Eyni zamanda, “Gürcüstan haqqında nəğmə” mahnıları canlı ifa edilib.

Tədbir çərçivəsində gənc rəssam İvan Kezuanın və Şota Rustaveli mükafatı laureatı və Tiflis şəhərinin fəxri vətəndaşı, Keti Matabelinin “Pələng dərisi” silsiləsindən olan əsərləri nümayiş olunub.

Tədbirdə incəsənət, dövlət və ictimai xadimlər, ziyalılar, alim və şairlər, jurnalistlər iştirak ediblər. 

Qeyd edək ki, bədii gecə “Gürcüstan Yazıçılar Birliyi”, “Gürcüstan Mədəniyyət Akademiyası”, “Gürcüstanın Şota Rustaveli Cəmiyyəti” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.

Çərşənbə axşamı, 17 May 2022 09:30

Bu gün ədəbi tənqid barədə məruzə dinləniləcək

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda qurultaylararası dövrdə  Azərbaycan ədəbi tənqidi mövzusunda məruzə dinləniləcək. 

Məruzəçi tanınmış tənqidçi Əsəd Cahangirdir. 

Tədbir saat 12-də başlayacaq. 

Arzu edən hər kəs dəvətlidir.

“Oskar” mükafatlandırma mərasiminin növbəti keçirilmə tarixi müəyyənləşib. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, növbəti 95-ci “Oskar” mükafatlandırma mərasimi gələn il martın 12-si keçiriləcək. 

Bu barədə Amerika Kino Sənəti Akademiyasının mətbuat xidməti məlumat yayıb. 

Bu mükafatlandırma mərasiminin ənənəvi olaraq Los-Ancelesdəki “Dolby” teatrında keçirilməsi planlaşdırılır. Kino sahəsinin ən nüfuzlu mükafatına namizədlər gələn il yanvarın 24-də açıqlanacaq. Mükafat 23 nominasiya üzrə təqdim olunacaq.

 Azərbaycan Dövlət “Yuğ” Teatrı Türkiyənin Konya şəhərində keçiriləcək XIV “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edəcək. 

 

Teatrdan AzərTAC-a bildirilib ki, sənət ocağı festivalda ölkəmizi “Kloun Z” tamaşası ilə təmsil edəcək. Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Feeriya-makabr janrında hazırlanmış tamaşada pyesdən fərqli olaraq, vakansiya üçün müraciət edən klounlar qadınlardır. Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər. 

“Min nəfəs, bir səs” Türkiyənin nüfuzlu teatr festivallarındandır. Artıq 14-cü dəfə keçirilən festival bu il 20-30 may tarixlərinə təsadüf edir. Festivalda “Yuğ” teatrı ilə yanaşı, Kosovo Sənət Teatrı, Qaqauz Milli Teatrı, Qazaxıstan Dövlət Kukla Teatrı, Qazaxıstan Nur-Sultan Akimat Jastar teatrı, Hollandiya NY Prodakşn, İstanbul Dövlət Teatrı və Van Dövlət Teatrı da iştirak edir. Teatrın kollektivi may ayının 23-də Konya Dövlət Teatrının səhnəsində çıxış edəcək. 

Tamaşa kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.

Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.

 

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi davam edir. 

 

Ötən həftə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyasına baxan Bakı Dövlət Universitetinin tələbələri bu gün Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestrinin konsertini dinləyəcəklər. 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “mədəni gənclik” həm əylənmək, həm də öz musiqi zövqlərini formalaşdırmaq imkanı qazanacaq. 

Qeyd edək ki, gənc nəsil arasında mədəniyyətin və incəsənətin təşviqinə yönəlmiş layihə Azərbaycan mədəniyyətinin sabahına sahib çıxacaq “mədəni gənc”lərin formalaşdırılmasını hədəfləyir.

Çərşənbə axşamı, 17 May 2022 12:00

Şair Yusif Nəğməkarın hikmət bankomatından

 

*İçi qaranlıq insanın üzündə nur olmaz.

 

*Yaxşılıq etdiyindən pislik, yaxşılıq etmədiyindən isə yaxşılıq görəndə adam öz görməzliyini görür.

 

*Pıçıltı ilə deyilən həqiqət qışqırtı ilə deyilən yalandan daha yaxşı eşidilir.

 

*Əsl sevgi ikinin bir, birin də iki olması ilə səciyyələnir.

 

*Dostdan dosta dünya olsa da, dosta dünyadan dost olmaz.

 

*Hər qəzəb qılığa, hər əzab qulağa çatmaz...

 

*İnsandakı paxıllıq və qısqanclıq eynən təbiətdə də mövcuddur.

 

*Dünya köhnə dünyadır-deyə "dost" sözünü arxaikləşdirməyək...

 

*Şair qəlbinə, ağlına gələni, "buqələmun" ağzına gələni yazar...

 

*Adam var söz-cəfənglə çox səs edər, adam da var ahənglə bir kəlməsi  bəs edər...

 

*kişinin kişiliyi əsasən vəfasında və "cəfa"sında, qadının kişiliyi vəfasında və səfasında əks olinur...

 

*Adətən, asudə vaxtı çox olanlar, yeri gəldi-gəlmədi, tez-rez"vaxtım yoxdur" ifadəsini işlətməkdən xoşhal olurlar...

 

*Filan...baş redaktor başdan başa düşmür ki, o, başdır, ya boşdur...

 

*Keyfin həsrətini çəkməkdənsə, həsrətin keyfini çəkmək yaxşıdır...

 

*Bəzi adamların vəziyyətə uyğun olaraq, "atam balası", "anam", "qardaşım", "bacım" -müraciətləri öz müstəqim mənasını itirir...

 

*İki cür yuxu var:

        1.Bioloji yuxu -- həyat,

         2.Cəhalət yuxusu -- ölüm...

 

*İnsanın üzü dan yerinə bənzər, gülüş o dan yerındən boylanan günəşdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.