Super User
Rəsm qalereyası: Toğrul Nərimanbəyov, “Fikrət Sadığın portreti”
Günün fotosu: Tyerri Fremo Kann kinofestivalının rəsmi mövqeyini açıqlayıb
Günün fotosu: Tyerri Fremo Kann kinofestivalının rəsmi mövqeyini açıqlayıb
Kann kinofestivalının direktoru Tyerri Fremo deyib: “Biz kommünike açıqlamışıq və mövqeyimizi ortaya qoymuşuq. Rusiya rəsmən festivalda iştirak edə biıməz. Müharibə aparan dövlətin mədəniyyətlə nə işi.”
Foto: Euronews
Rəssam Rəhim Məmmədov Türkiyədə mükafata layiq görülüb
Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi həmyerlimiz, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovu “2022-ci il sənət” mükafatına layiq görüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Türkiyə müxbirinə istinadla xəbər verir ki, mükafat Rəhim Məmmədova İzmirdə keçirilən Beynəlxalq Rəsm Sərgisi və Mükafatlandırma mərasimində təqdim olunub.
Mərasim əsnasında açılan “İzmir sənətdə” rəsm sərgisində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 40 rəssamın 50 əsəri nümayiş etdirilib.
Tədbirdə Türkiyənin İzmir üzrə dövlət rəsmiləri iştirak ediblər.
Türkiyəyə 1995-ci ildə yerləşən Rəhim Məmmədov qardaş ölkənin Kayseri vilayətinin Ərciyəz Universitetinin Gözəl sənətlər fakültəsinin rəsm bölümündə müəllim olaraq fəaliyyətini davam etdirib. 1996–2003-cü illər ərzində eyni bölümün rəhbəri seçilən rəssam 2003-2010-cu illərdə bu fakültənin dekanı olub. Hazırda həmyerlimiz İzmirdə yerləşən özünəməxsus emalatxanada fəaliyyətini davam etdirir.
Rəssamın Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Avropanın bir sıra ölkələrində fərdi sərgiləri açılıb.
Mədəniyyət Nazirliyi “Ustad dərsləri” layihəsini keçirir
Mədəniyyət Nazirliyi və “Mədəniyyət şəbəkələr evi” (“Cultural Network House”) assosiasiyasının birgə təşkilatçılığı ilə yeni “Ustad dərsləri” layihəsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevin rəhbərliyi ilə “Ustad dərsləri” layihəsi 11 may – 29 iyun tarixlərində həftədə iki dəfə olmaqla həyata keçiriləcək.
Layihənin məqsədi - Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdir.
Layihə 3 mərhələdən ibarətdir:
-Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin Xalq Çalğı Alətləri şöbəsində - tar, kamança, qanun, balaban, nağara ixtisası üzrə təhsil alan şagirdlərin arasında keçirilən (1-30 aprel 2022) seçim turu;
-11 may 2022-ci il tarixində L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Ustad dərsləri”nin başlaması;
-Ustad dərsləri keçən şagirdlərin Toğrul Əsədullayev ilə birgə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi mərasimi.
Gürcüstanın ədəbi portalında Nüsrət Kəsəmənli yaradıcılığı İşıqlandırılıb
Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş “Biri vardı, biri yox”, “Köhnə və təzə”, “Qar kimi”, “Paradoks”, “Kirayə yataq”, “Göndərilməyən məktub” və “Dörddivar mənzillərdə” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elektron portalı “1 TV. Eleqtroliti” mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rudolf Lapert, Peter Handke, Lev Rubinşteyn, Con Maksvell Kutzee kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Bu gün Beynəlxalq Muzeylər Günü münasibəti ilə müxtəlif tədbirlər keçiriləcək
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir.
Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün ICOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında qeyd edilir.
Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli qeyd edib ki, mayın 18-də mədəniyyət ocağında əlamətdar günə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olunacaq. Eyni zamanda həmin gün muzeydə “açıq qapı” olacaq.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Şuşa musiqiçiləri” adlı sərgi açılıb.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində və muzeyin filialları olan Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi və Qara Qarayevin ev-muzeyində “açıq qapı” günü olacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Aytən Məmmədova bildirib ki, əlamətdar günlə bağlı bu gün mədəniyyət ocağında “Xan qızı” ədəbi-bədii kompozisiyası təqdim olunacaq.
Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Mədəniyyət Nazirliyi arasında birgə layihələr barədə danışıqlar aparılıb
Mədəniyyət naziri Anar Kərimov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə fondun qurucu üzv ölkəsi olan Azərbaycanla təşkilat arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsi və türk dünyasının mədəni birliyinin möhkəmlənməsi yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb.
Tərəflər 2023-cü ilin Şuşanın türk dünyasının mədəniyyət Paytaxtı elan edilməsinə toxunaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər haqqında müzakirələr aparıblar. Görüşdə Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (“Peace4Culture”) adlı qlobal kampaniyaya fondun öz töhfəsini verməyə davam edəcəyi bildirilib.
Həmçinin, fondun büdcəsinin təsdiqlənməsi və təşkilatın katibliyinin beynəlxalq səviyyədə formalaşması ilə üzv ölkələrin zəngin mədəniyyətinin, tarixinin araşdırılması və tanıdılması yönündə layihələrin daha da genişmiqyaslı şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Əlişir Nəvaiyə həsr olunan tədbir keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatları ilə görüş keçirilib. Görüş çərçivəsində türk dünyasının böyük söz ustadı Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş tədbir və təşkilatın himayəsi ilə çap olunan “Əlişir Nəvai Əsərləri” kitabının təqdimat mərasimi təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, təşkilatın struktur və məqsədlərindən, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq aləmdə təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs edib. Fondun prezidenti çıxışında Özbəkistanın qədim mədəniyyəti, tarixi, dünya elminə və mədəniyyətinə töhfələr bəxş etmiş dahi şəxsiyyətləri, memarlıq abidələri ilə türk dünyasında xüsusi yerə sahib olduğunu vurğulayıb. Özbəkistan ilə əməkdaşlığın Fond üçün önəmli olduğuna toxunan Günay Əfəndiyeva, münasibətlərin inkişafının türk xalqlarının bir-birinə yaxınlaşmasında önəmli rol oynayacağını bildirərək, Özbəkistanın qədim irsinin tanıdılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Bu layihələrdən biri təşkilat tərəfindən türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvainin 580 illiyi münasibətilə çap olunan “Əlişir Nəvai Əsərləri” kitabıdır. Kitabı Əlişir Nəvainin şeirləri ilə yanaşı, özbək orta əsrlər incəsənətinin nümunələrindən olan miniatürlər bəzəyir. Şairin şah əsəri sayılan “Xəmsə”ni türk dilində yazması onun türk dünyasına olan sevgisinin, ehtiramının və bağlılığının təzahürüdür”.
G.Əfəndiyeva kitabı çağataycadan Azərbaycan dilinə uyğunlaşdıran filologiya elmləri doktoru Ramiz Əsgərin nəşrin ərsəyə gəlməsində əməyini yüksək dəyərləndirib.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinə təşəkkür edib. Səfir bildirib ki, bugünkü tədbir iki qardaş dövlət - Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın uğurlu inkişafının daha bir parlaq nümunəsidir. “Mən bu məkanda səslənən səmimi sözləri son illərdə ölkələrimizin rəhbərlərinin səyləri nəticəsində ikitərəfli münasibətlərdə əldə edilmiş yüksək etimad, dostluq və qarşılıqlı anlaşma ilə əlaqələndirirəm. Əvvəl qeyd edildiyi kimi, Nəvai bütün həyatını türk dilinin inkişafına həsr edib və bu işdə böyük nailiyyətlər qazanıb. Türk dilində özünəməxsus yazı üslubu ilə seçilən Əlişir Nəvai, həmçinin öz dövrünün böyük hörmət və ehtiram sahiblərindən olub. Böyük şair poetik və nəsr əsərlərində yüksək ümumbəşəri ideyaları, özbək dilinin misilsiz zənginliyini və sonsuz ifadə imkanlarını nümayiş etdirməklə, milyonlarla oxucu qəlbində layiqli yer tutmuşdur", - deyə səfir qeyd edib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbirin keçirilməsinin önəmindən bəhs edib: “Bu tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk böyük işi deyil. Fond tərəfindən Türk xalqları ədəbiyyatının, mədəniyyətinin yaxınlaşması, irslərimizə ortaq şəkildə sahib çıxmağımız üçün xeyli işlər görülüb. Əlişir Nəvaiyə bənzəmək orta əsrlərdə ibadət kimi idi. Onun yaradıcılığı türk əbədiyyətinin bənzərsiz nümunələrindəndir”.
Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının deputatı Oydin Abdullayeva Əlişir Nəvainin dünya ədəbiyyatındakı əvəzsiz yerindən bəhs edərək vurğulayıb ki, Asiya intibahının aparıcı mütəfəkkiri sayılan Nəvainin dünya ədəbiyyatına verdiyi töhfələr mədəniyyətlərin qarşılıqlı təsirinin parlaq nümunəsidir. Nəvai bütün həyatını türk dilinin inkişafına həsr edərək, bu işdə böyük uğur qazanıb. Böyük şairin əsərləri fars, italyan, alman, fransız, hind, türk, ingilis, rus, Azərbaycan, türkmən və digər dillərə tərcümə edilərək təkrar-təkrar nəşr olunur. Əlişir Nəvainin əvəzsiz yaradıcılıq və elmi irsi təkcə özbək xalqının deyil, dünya ədəbiyyatı tarixində, milli mədəniyyətimizin və ədəbi-estetik təfəkkürümüzün inkişafında da xüsusi yer tutur.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən önəmli işlər görüldüyünü qeyd edib: “Türk dünyasının gələcəyini təyin edəcək faktorlar ortaq ədəbiyyatımız, tariximiz, mədəniyyətimizdir. Bunların içərisində şübhəsiz Əlişir Nəvai xüsusi yerə malikdir. Nəvai milli kimliyinin fərqində olan dərin düşüncəyə sahib mühafizəkar bir ədib idi”.
Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının deputatı Xurşid Dosmuhamedov bildirib ki, iki qardaş xalq Əmir Teymur, Cəloliddin Mənquberdi, Nizami Gəncəvi, Uluqbəy və Nəsrəddin Tusi, Füzuli kimi böyük tarixi şəxsiyyətləri sayəsində bir-birinə yaxın bağlılığı vardır. “Tək özbəklərin deyil, bütün türk xalqlarının ədəbiyyatının böyük nümayəndəsi, şair, alim Əlişir Nəvai Nizami Gəncəvi ənənələrini davam etdirərək, onu öz müəllimi hesab etmişdir. Ramiz Əsgərin özbək mədəniyyətinin təbliğindəki xidmətləri əvəzsiz və təqdirəlayiqdir”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid türk məkanı olan Beynəlxalq Türk Mədəniyyəti Fondunda tez-tez türk dünyasının mədəni həyatını əks etdirən tədbirlər keçirildiyini bildirib. R.Məcid Nəvainin türk ədəbiyyatına təsirindən söz açaraq, onu bütün türk dünyasının söz sənətkarı adlandırıb.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Ramiz Əsgər tərtib etdiyi kitab haqqında məlumat verib. "Özbəkistan minillik tarixi, mədəni keçmişə malikdir. Əlişir Nəvai çağatay ədəbiyyatının şahıdır və türk dünyasının ən böyük şairlərindəndir. Puşkinin, Dantenin, Şekspirin dünya ədəbiyyatında yeri nə qədərdirsə, Əlişir Nəvainin də Özbək və türk dünyası ədəbiyyatında yeri ondan da artıq dərəcədədir".
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədovun quruluşunda aktyor və aktrisaların ifalarında şairin şeirləri səsləndirilib və Özbəkistanın milli musiqisi təqdim olunub.
Tədbirin sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən türk dünyası ədəbi irsinin tanıdılmasındakı xidmətlərinə görə Ramiz Əsgərə və türk dünyası sənət irsinin tanıdılmasındakı xidmətlərinə görə Vaqif Əsədova plaket, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri tərəfindən Ramiz Əsgərə Nəvai yaradıcılığının təbliğində gördüyü işlərə görə ünvanlanan təşəkkür məktubu və digər hədiyyələr təqdim olunub.
Bakıda rok festivalı keçiriləcək
Bakıda rok festivalı çərçivəsində qala gecə təşkil olunacaq. Sözügedən festivalda The Passion, Free From Four, Dədə Baba, Orxan Efendi, Qara Dərviş, Groove in spires, Sadnos, Evil Decay kimi rok qruplar iştirak edəcəklər.
Qeyd edək ki, festivalın qala gecəsi iyunun 11-də Heydər Əliyev Sarayında keçiriləcək.
Biletləri Heydər Əliyev Sarayının kassalarından, eləcə də onlayn əldə etmək mümkündür.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Şuşa musiqiçiləri” adlı sərgi açılıb
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin gücü” devizi altında “Şuşa musiqiçiləri” adlı sərgi açılıb. Muzeyin zəngin kolleksiyaları əsasında hazırlanan sərgi “Şuşa İli”nə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sərgilər vasitəsilə ziyarətçilər ölkəmiz haqqında geniş məlumat əldə edirlər.
Şuşanın Azərbaycan mədəniyyətinə çoxsaylı dəyərli ədiblər, musiqi xadimləri, ifaçılar bəxş etdiyini söyləyən A.Bayramova sərgidə qala-şəhərin tanınmış simaları – musiqişünas alim Mir Möhsün Nəvvab, xanəndə Keçəçioğlu Məhəmməd, bəstəkarlar Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, maestro Niyazi, xanəndə Xan Şuşinski və başqalarının həyat və yaradıcılığını əks etdirən və muzeyin kolleksiyalarında qorunan və nümayiş olunan eksponatların təqdim edildiyini bildirib. Sərgilənən nümunələr musiqi alətləri, müəllif not əlyazmaları, şəxsi əşyalar, rəsm əsərləri, eskizlər, fotoşəkillər, kitablar, proqramlar, afişalar və s. əhatə edir.
Tədbir Mədəniyyət Nazirliyinin sektor müdiri Aqşin Mirfeyzullazadə bildirib ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib. Bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Muzeyin direktor müavini Təranə Zeynalova sərgidə nümayiş olunan əsərlər və əşyalar haqqında qonaqlara geniş məlumat verib.
Tədbirin bədii hissəsində muzeyin Qədim musiqi alətləri ansamblı və solistlər –Xalq artisti Teyyub Aslanovun, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı təqdim olunub.