Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin gücü” devizi altında “Şuşa musiqiçiləri” adlı sərgi açılıb. Muzeyin zəngin kolleksiyaları əsasında hazırlanan sərgi “Şuşa İli”nə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, bu sərgilər vasitəsilə ziyarətçilər ölkəmiz haqqında geniş məlumat əldə edirlər.
Şuşanın Azərbaycan mədəniyyətinə çoxsaylı dəyərli ədiblər, musiqi xadimləri, ifaçılar bəxş etdiyini söyləyən A.Bayramova sərgidə qala-şəhərin tanınmış simaları – musiqişünas alim Mir Möhsün Nəvvab, xanəndə Keçəçioğlu Məhəmməd, bəstəkarlar Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, maestro Niyazi, xanəndə Xan Şuşinski və başqalarının həyat və yaradıcılığını əks etdirən və muzeyin kolleksiyalarında qorunan və nümayiş olunan eksponatların təqdim edildiyini bildirib. Sərgilənən nümunələr musiqi alətləri, müəllif not əlyazmaları, şəxsi əşyalar, rəsm əsərləri, eskizlər, fotoşəkillər, kitablar, proqramlar, afişalar və s. əhatə edir.
Tədbir Mədəniyyət Nazirliyinin sektor müdiri Aqşin Mirfeyzullazadə bildirib ki, Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib. Bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
Muzeyin direktor müavini Təranə Zeynalova sərgidə nümayiş olunan əsərlər və əşyalar haqqında qonaqlara geniş məlumat verib.
Tədbirin bədii hissəsində muzeyin Qədim musiqi alətləri ansamblı və solistlər –Xalq artisti Teyyub Aslanovun, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında konsert proqramı təqdim olunub.