Super User
Şimali Karolinada yaşayan azərbaycanlı rəqqasə
“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun ABŞ-ın Karolina ştatında “Fred Astaire Dance Studio”da bal rəqsləri üzrə təlimatçı vəzifəsində çalışan azərbaycanlı Gülnarə Əsgərova barədə oçerkini təqdim edir.
Bəlkə də çox adam bilmir ki, 1999-cu ildən Bakıda fəaliyyət göstərən "Gülnarə" rəqs məktəbi hazırda Şimali Karolina ştatında yaşayan Gülnarə Əsgərovanın adını daşıyır.
Gülnarə deyir ki,- “Mən o məktəbin müəllimi olmuşam. Heç ağlıma da gəlməzdi ki, oradan gedəndən sonra rəhbərlik məktəbə mənim adımı versin”.
Sadə azərbaycanlı ailəsində böyüyüb boya-başa çatıb. Çalışqan, iradəli, əzmkar xanımdır. Xeyirxah əməllərdən zövq alır. Məğlubiyyəti xoşlamır. Daim zəfər çalmağa çalışır...
Bakıda dünyaya gəlsə də 8 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini 1985-ci ildə orada- 15 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt flialının axşam şöbəsinə qəbul olunub. 1991-ci ildə oranı mühəndis-kimyaçı texnoloq kimi bitirib. Eyni zamanda, 1985-ci ildən 1994-cü ilədək Üzvi Kimya Zavodunun layihə şöbəsində çalışıb. 1994-1996-cı illərdə Sintetik Kauçuk Zavodunun yanğından mühafizə xidmətində növbətçi dispeçer vəzifəsində işləyib. Həmin illər Bakıda fəaliyyət göstərən bal rəqsləri məktəbində incəsənətin bu növünün sirlərinə yiyələnib. 1996-1999-cu illərdə Sumqayıtda “SK klubu” adıyla tanınan mədəniyyət evində bal rəqsləri dərnəyində müəllim kimi çalışıb. Sonra bir il "Gülnarə" rəqs məktəbində müəllim işləyib...
...Ömür-gün yoldaşı Ceri Rey avia mütəxəsisdir. İki övladı var- böyük oğlu Daniyar 21, ikinci oğlu Timoti 19 yaşındadırlar...
Gülnarə xanım 2000-ci ildə ABŞ-ın Şimali Karolina ştatına gələndən sonra bir neçə il “Target” mağazalar şəbəkəsində işləyib. 2006-cı ildən “Fred Astaire Dance Studio”da bal rəqsləri üzrə təlimatçı vəzifəsində çalışır. Həmin studiya 1947-ci ildən fəaliyyətdədir. Burada orta yaşlı həvəskarlara bal rəqslərinin sirlərini öyrədirlər. Kollektiv dəfələrlə klublar arası müsabiqələrdə finala çıxaraq, mükafatlara layiq görülüb...
Bütün bunlarla yanaşı, Gülnarə xanım San Fransisko Sağlamlıq Məşqçiləri İnstitutunda online təhsil alır. Bu ilin əvvəlindən “True Healt-Healt coaching” adlı fərdi studiyasını yaradaraq müştərilərə sağlam həyat tərzi ilə əlaqədar dərslər keçir. Qısa müddətdə bu sahədə bir sıra uğura imza da ata bilib...
Dünya rəqslərini məharətlə ifa etməyi bacaran bu xanım, milli rəqslərimizi əcnəbilərə təbliğ etməkdən də çəkinmir. Azərbaycan və onun mədəniyyəti haqqında ağız dolusu danışaraq, ölkəmizi sevdirməyə çalışır...
İdmanla mütamadi məşğul olur. Uzaq məsafələrə yürüş etməyi xoşlayır. Tez-tez 20 km-lik marafonlarda iştirak edir. Həmişə də yarışın ön sırasında yer tutur...
Bəli, ABŞ-ın Şimali Karolina ştatında Gülnarə adında bir azərbaycanlı xanım da yaşayır. “Azərbaycan!” deyiləndə gözlərindən sevinc boylanır...
Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi maraqlı konsert proqramları ilə davam edir
Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konserti izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri vardı. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi üzrə Bakı Dövlət Universitetinin (BDU) tələbələri də konserti izləməyə gəlmişdilər.
“Yeni adlar”ın budəfəki istedadları gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) idi. Musiqiçiləri Bakı Kamera Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiət edirdi.
Konsert proqramından əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva "Yeni adlar" və "Mədəni gənclik" layihələri haqqında məlumat verdi. Bildirdi ki, hər iki layihənin məqsədi gənclərimizin mədəniyyətə olan marağını, yüksək mənəvi zənginliyini artırmaqdır: “Respublikamızda və onun hüdudlarından kənarda fəaliyyət göstərən, təhsil alan, uşaq yaşlarından bəri musiqi sənətinin sirlərinə yiyələn gənclər “Yeni adlar” layihəsinə cəlb edilirlər. “Mədəni gənclik” layihəsinin məqsədi isə məhz Azərbaycan mədəniyyətinin, incəsənətinin zənginliyini respublikamızın ali təhsil ocaqlarında oxuyan tələbələrə aşılamaqdır”.
Daha sonra konsert proqramı təqdim edildi. Gənclər F.Mendelsonun 10 nömrəli simli simfoniyası, D.Çimarozanın “Qoboy və orkestr üçün konsert”i və F.Şopenin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”ini məharətlə ifa etdilər.
Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.
*
Qoboy ifaçısı Əziz Pənah 2002-ci ildə Bakı şəhərində anadan olub. 2019-cu ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini qoboy sinfi üzrə bitirib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb.
Ölkəmizdə çoxsaylı festival və müsabiqələrin qalibi olan Əziz Pənah 2018-ci ildə Gürcüstanda keçirilən Y.Mikeladze adına orkestr alətləri üzrə gənc ifaçıların III Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. Həmin il Türkiyədə keçirilən "Harmoniya" VII Beynəlxalq müsabiqəsində, Litvada təşkil olunan "Dünya harmoniyası" II Beynəlxalq müsabiqəsində, eləcə də 2019-cu ildə Bakıda keçirilən “Dünya harmoniyası” beynəlxalq müsabiqələrində Qran-pri mükafatını qazanıb. 2020-ci ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının IX Beynəlxalq müsabiqəsində, həmin ildə İspaniyanın Barselona şəhərində keçirilən "Rus Alboradası" V Beynəlxalq müsabiqəsində Qran-priyə layiq görülüb.
Ə.Pənah müxtəlif illərdə Oslo Filarmonik Orkestrinin solisti D.F.Ştrunkdan (Norveç) və Almaniyanın Düsseldorf şəhərindəki R.Şuman adına Ali Musiqi Məktəbinin professoru R.V.Daaldan ustad dərsləri alıb.
Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub. 2014-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Almaniyanın Hannover şəhərindəki Musiqi, Dram və Media Universitetinə (Hochschule für Musik, Theater und Medien Hannover) qəbul olunub. 2018-2021-ci illərdə həmin universitetin magistr pilləsində təhsil alıb, 2021-ci ildən təhsilini doktorantura pilləsində davam etdirir.
2007-ci ildə N.Nəcəflinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılaraq Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb. 2013-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı”, 2016-cı ildə Gənclər üçün Prezident mükafatı alıb.
N.Nəcəfli də ölkəmizdə təşkil olunan festival və müsabiqələrdə uğurlara imza atıb. 2012-ci ildə Estoniyanın Narva şəhərində keçirilən F.Şopen adına 9-cu Beynəlxalq musiqi müsabiqəsində I yerə, İtaliyanın Seregno şəhərində təşkil olunan Gənc pianoçuların beynəlxalq müsabiqəsində II yerə, Böyük Britaniyanın Nyukasl şəhərində Gənc pianoçuların V beynəlxalq müsabiqəsində I yerə, 2013-cü ildə Polşanın Şafarniya şəhərində Uşaq və gənclərin XXI Beynəlxalq F.Şopen adına piano müsabiqəsində II yerə, 2017-ci ildə isə Qranada şəhərində (İspaniya) gerçəkləşən pianoçuların beynəlxalq müsabiqəsində xüsusi mükafata layiq görülüb.
Gənc pianoçu 2019-cu ildə Hannover Opera Teatrının Hannover Simfonik Orkestri (Almaniya) ilə birlikdə keçirdiyi müsabiqədə qalib gələrək "Nijinski və Liebhaber" layihələrində iki mövsüm solist olaraq dəfələrlə orkestr ilə çıxış edib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Beynəlxalq konfrans keçiriləcək
19-20 may tarixlərində mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konfransda Mədəniyyət naziri Anar Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edəcək.
Tədbirdə bir neçə plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq layihənin qonaqları sırasında İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev , Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos, Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmilər iştirak edəcək. Konfransda həmçinin “Mədəniyyət naminə sülh” proqramının İSESCO –ya daxil olan məsələlər planı müzakirə ediləcək.
“Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir. Plenar sessiyalarda regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkldaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu , keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr dinləniləcək.
Azərbaycan və Özbəkistan şairlərinin növbəti poeziya görüşləri keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından keçirilməsinə start verilən Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” növbəti poeziya görüşləri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, onlayn formatda keçirilən poeziya görüşündə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edildiyini və bu münasibətlə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda çoxsaylı tədbirlərin, layihələrin reallaşdırıldığını bildirib. O, iki əsrdən sonra bərpa olunan məclisin keçirilməsinin əhəmiyyəti, onun iki ölkə arasında dostluq, əməkdaşlığın inkişafına töhfəsi, ədəbiyyat sahəsində yeni istedadların üzə çıxarılması və Türk dünyası arasında ədəbi əlaqələrin genişlənməsinə dəstək olacağını qeyd edib.
Samir Abbasov ötən ay “Məclisi - fəramuşan” poeziya görüşlərinin Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada keçirildiyini və hər iki ölkənin dövlət nümayəndələri, mədəniyyət, ədəbiyyat xadimlərinin rəsmi açılış tədbirində iştirakını, Azərbaycan Dövlət Televiziyasının “Körpü” verilişinin bütövlükdə Şuşada keçirilən “Məclisi - fəramuşan” poeziya görüşlərinə həsr olunmasını tarixi və əlamətdar hadisə olduğunu vurğulayıb.
Diplomat “Məclisi - fəramuşan” poeziya görüşləri vasitəsi ilə iki ölkə arasında ədəbiyyat sahəsində əməkdaşlıq platformasının yaradıldığını, şairlər öz şeirlərini təqdim etməklə yanaşı, gələcəkdə ədəbiyyatın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq imkanı əldə edə biləcəklər. S.Abbasov növbəti illərdə məclisinin Türk Dünyasının digər ölkələrinin ədəbiyyat, yaradıcı təşkilatlarının, şairlərinin də cəlb ediləcəyini qeyd edib.
Daha sonra hər iki ölkənin şairləri öz şeirlərini təqdim ediblər.
Azərbaycan şairləri Elvin Əlizadə, Oğuz Alparslan, Gülnarə İsrafil, Emil Rasimoğlu, Samir Mustafayev, Özbək şairlər Başorat Otajonova, Suhrob Ziyo, Rashid Xojamov, Parizoda Axrorxojayeva, Alişer Navoiylik “Məclisi-fəramuşan” poeziya görüşündə öz şeirlərini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan tərəfdən məclisin moderatoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Nargiz Asadova olmuşdur.
Məclisdə səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında tərcümələri həyata keçirilərək Azərbaycan və Özbək dillərində nəşr olunacaqdır.
“Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edilib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.
İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AzərTAC-a bildirib ki, müsabiqənin keçirilməsində məqsəd təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsinə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılmasına, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın simvolunu qoruyan və yaşadan fədakar Azərbaycan gənclərinin fəaliyyətini bütün əlvanlığı, obyektivliyi və romantik zənginliyi ilə əks etdirməkdir.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- 18-30 yaşadək bütün gənclər müsabiqəyə ssenari təqdim edə bilər.
- Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.
- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
- Şrift Courier New, ölçü 12 tələb olunur.
- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
- Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.
- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.
- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
Ssenarilər mayın 19-dan iyulun 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).
Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.
Müsabiqədə birinci yerin sahibinə 2500, ikinci yerə layiq görülən ssenari müəllifinə 1800, üçüncü yerin müəllifinə isə 1000 manat pul mükafatı veriləcək. Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.
MDB ölkələrinin birgə istehsalı üzrə kino layihələrinin Pitçinqində Azərbaycanın iştirakı düzgündürmü?
Avqustun 22-23-də Rusiyanın Sankt-Peterburq şəhərində ilk dəfə olaraq MDB ölkələrinin birgə istehsalı üzrə kino layihələrinin Pitçinqi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən xəbər verir ki, Pitçinq “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş “MDB ölkələrinin birgə kino istehsalına dair beynəlxalq konfrans” çərçivəsində təşkil olunacaq. Konfransda “Özbəkfilm”, “Tacikfilm” kinokonsernləri, “Belarusfilm”, “Gürcüstanfilm”, “Qazaxfilm”, “Qırğızfilm” kinostudiyaları ilə yanaşı, “Azərbaycanfilm” kinostudiyasının, habelə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Sankt-Peterburq Mədəniyyət Komitəsinin nümayəndələri, MDB ölkələrindən olan kino xadimlərinin iştirakı nəzərdə tutulur.
Elanda qeyd edilir: Pitçinqdə iştirak ödənişsizdir. Müsabiqədə MDB ölkələrindən olan kinematoqrafçılar (fiziki və hüquqi şəxslər) iştirak edə bilərlər. Layihələr Tammetrajlı bədii film (xronometraj 70-90 dəqiqə), onlayn platformalar üçün bədii serial, tammetrajlı sənədli film (xronometraj 50-90 dəqiqə) və animasiya filmi (animasiya serialı və ya tammetrajlı animasiya filmi)ı kateqoriyalar üzrə qiymətləndiriləcək.
Müraciətlər 2022-ci il mayın 16-dan iyulun 20-dək script.moviestart.ru platforması vasitəsilə aparılır.
Müsabiqədə MDB ölkələri və Gürcüstanın kinematoqrafçılarının əsərləri və ya bu dövlətlərin ərazisində birgə istehsala cəlb olunacaq layihələr iştirak edə bilər. Layihənin “Birgə istehsal” olması üçün xarici maliyyənin (MDB ölkələri) payının büdcənin ən azı 20 faizini təşkil etməsi, habelə filmin müəlliflərinin bir hissəsinin digər ölkələrdən (MDB ölkələrindən) olması vacibdir.
Pitçinqin nəticəsinə əsasən qalib layihələrin birgə istehsalı üçün niyyət müqavilələri imzalanacaq. Pitçinq partnyorları ilə razılaşma əsasında qaliblər layihənin inkişafı, tizerin hazırlanması və ya layihənin qismən həyata keçirilməsi üçün maliyyə mükafatı da ala bilərlər.
Pitçinqin təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Sankt-Peterburqun Mədəniyyət Komitəsi, “Lendok” kinostudiyası, “Kinokultura” və “MovieStart” prodüser mərkəzidir.
Amma Ukraynaya silahlı təcavüz edən, bütün beynəlxalq mədəniyyət tədbirlərindən çıxdaş edilən Ruisyada tədbirdə iştirak etmək qonşu ölkələr, o cümlədən Azərbaycan üçün yanlış addım deyilmi?
Əlbəttə yanlışdır. Başqa ölkəyə hücum edib dinc sakinləri qıran bir ölkənin mədəniyyətdən danışmağa ixtiyarı yoxdur.
Günün fotosu: “Şəki” restoranı tarixə qovuşur
Günün fotosu: “Şəki” restoranı tarixə qovuşur
Milli elementlərlə zəngin olan, mini muzeyi xatırladan “Şəki” restoranı sökülür. Bu tədbir restoranın yerləşdiyi Nəbatət bağının təmiri və genişləndirilməsi və sahibinin dəyişdirilməsi ilə əlaqədardır.
Foto: 1news
Mərhum şair Eldar Nəsibli Sibirelin bu gün 70 illiyidir
Bu gün çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, hamımızın əzizimiz, "Bura Qazaxdır, oğlum" şeiri ilə Qazaxın xəritəsinin sözlə rəsmini çəkən şair Eldar Nəsibli Sibirelin 70 yaşı tamam olur.
Həyatın keşməkeşli yolları ömür boyu Eldar Nəsiblini təqib etdi. Sovetlərin məhvedici istəklərinin qurbanına çevrildi Eldar Nəsibli Sibirelin ailəsi. Uzaq, soyuq Sibirə sürgün olundular. 70 il öncə may ayının 18-də Sibirin sərt təbiətində bir şair oğlan göz açdı dünyaya. Adına Eldar dedilər. Elə adına layiq yaşadı. Elin, Vətənin dar günündə qələmini silaha çevirdi Eldar Nəsibli Sibirel.
Mən köhnə kişiyəm, bala,
Nuh adlı sirdən gəlmişəm.
Hara Türk ayağı dəyib,
Mən həmin yerdən gəlmişəm.
Uzaq Sibirdən Azərbaycanın ən ucqar sərhəddi olan Qazağa kimi bir tale yaşadı Eldar Nəsibli Sibirel. Şəhid qəbirləri and yeri, səngərlər qibləgahı oldu:
Bu dağlar tərs, avand yerim.
Qayalar sapand yerim.
Hər Şəhid qəbri - and yerim...
Gör neçə pirdən gəlmişəm?!
Doğrunu yazdı, xəbisdən uzaq gəzdi:
Sibirel, əyrilər əyəmməz səni,
Bədxahlar, xəbislər öyəmməz səni.
Öyrənə-öyrənə bəyənməz səni,
Köçürə-köçürə alim olanlar.
Qədim Türk boylarının genetik xüsusiyyətləri ömür yolunun kredosuna çevirdi. Seçdiyi yol həm onun şəxsiyyətinə, həm ömür yoluna, həm də oxucusuna baş ucalığı, üz ağlığı gətirdi:
Azmamışam duman, çəndə,
Aç oxu tarixi məndə.
Şəhidə qəbri sinəmdə
Qazan türk oğlu türkəm mən.
Şairlər haqqın yer üzünə göndərilmiş Söz Elçiləridir. Şairlər taleyini hansısa şeirində mütləq qələmə alır. Olacağı da, ölümü də əvvəldən bilir şairlər - Haqdan gələn səslə. Ölümünü yuxuda görmüşdü Eldar Nəsibli. Vətən yollarında öləcəyini də bilirdi. İlahi verginin ən böyük sübutudur Eldar Nəsibli Sibirel.
Sən - gözümdə ağaran dan,
Damarımda qaynayan qan.
Gəlmişəm yolunda qurban
Olam, yurd yeri, yurd yeri.
12 il öncə yurd yeri ilə görüşə gedəndə qəzaya düşdü. Yurdun yollarında bu dünya ilə vidalaşdı.
Çap olunmayan şeirləri, bir də əziz xatirəsi qaldı bizlərə. Bir gün eşitdim ki, Sibirelin çap yolu gözləyən şeirləri yazı masasının üstündə qalıb - sahibi olmayan övladlar kimi. Bu haldan "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Kamran Nəbizadə (Kamran müəllim 2017-ci ildə 107 saylı Qazax Seçki Dairəsindən seçilən millət vəkili idi) xəbər tutdu. Dərhal şairin oğlu Alı ilə əlaqə saxladı. Sibirelin sonuncu kitabını onun adına, yaradıcılığına layiq şəkildə çap etdirdi. Kamran müəllim Sibirelin 65 yaşına "Seçilmiş əsərlər" kitabını hədiyyə etdi. O kitab həm Eldar Nəsiblinin ruhuna, həm Azərbaycan ədəbiyyatına, həm də bütün qazaxlılara ən böyük ərmağan oldu - söz ərmağanı, kitab ərmağanı, ölməzlik ərmağanı. Bu dünyada bir söz yaşar, bir də əməl. Eldar Nəsibli Sibirel sözü ilə, Kamran Nəbizadə əməli ilə ölməzlik qazandı.
Bu gün ayrılığın təntənə ilə, bizlərin isə üzüntü, kədərlə qeyd etdiyimiz bir doğum günüdür - Eldar Nəsibli Sibirelin doğum günü. Yaşasaydı bəlkə də ən böyük salonlarda anşlaqla qarşılanan yubiley tədbiri düzənlənəcəkdi Eldar Nəsiblinin şərəfinə. Tale, qismət deyilən bir həqiqət var. Tale Eldar Nəsibliyə 70 yaşını Şıxlıda - doğma yurdda Sovetlər tərəfindən min bir əziyyətlərə məruz qalmış doğmaları ilə birgə dünyanın yenə o başında - Göy üzündə, bizdən çox uzaqda qeyd etməyi qismət etdi. 70 yaşınız mübarək olsun, yurd ünvanlı Eldar müəllim.
Səbinə Yusif,
“CARÇIOGLU GROUP" MMC-nin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib
Bu gün mayın 18-i Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın online iclası keçirilib.
İclası çıxış sözü ilə Şuranın sədr müavini Şahin Qədirov açaraq Şura üzvlərini salamlayıb. İrəlidə görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb.
Bölgələrdə ictimai dinləmələrin keçiriləcəyi vurğulanıb. İşlə bağlı müraciətlərə, daxil olan məktublara baxılacağı bildirilib. İyunun 2-si Şuranın ekspertlərinin ümumi yığıncağının keçiriləcəyi nəzərdə tutulub. Bundan əlavə Turanə Orucovanın Şuraya ekspert qismində qəbul olunduğu diqqətə çatdırılıb.
Aysel Kərim,
Mədəniyyət Nazirliyi yanında
İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Bu gün böyük Oljas Süleymenovun doğum günüdür
Bu gün qazax xalqının türklüyə, türklük düşüncəsinə ərməğan etdiyi böyük fikir və düşüncə adaml Oljas Süleymanovun doğum günü…
Bütün ömrü boyu “Qızıl alma”ya doğru can atan adam!
Doğum günün qutlu olsun, savaş qardaşım mənim!
Rüstəm Behrudi