Super User

Super User

 

Paytaxtın Port Rivoli otelində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Kulturologiya və insan kapitalı” mövzusunda növbəti kulturoloji seminar keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşının da qatıldığı seminar kulturoloq alim, professor Fuad Məmmədovun rəhbərliyi ilə təşkil edilib. 

 

Seminar Azərbaycan mənəvi mədəniyyətinin inkişafının aktual məsələlərinə həsr olunub. Seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov açaraq “Yüksək mədəniyyətli insan dayanıqlı inkişafın strateji resursu kimi” mövzusunda çıxış edib. O, çıxışında dövrün daimi dəyişiklikləri və çağırışları qarşısında fərdin özünü təkmilləşdirməsi, eləcə də davamlı rəqabətqabiliyyətli və davamlı inkişaf üçün əsas hərəkətverici qüvvə olan yüksək mədəniyyətli vətəndaşların hazırlanması yolunda mədəniyyət elminin - mədəniyyətşünaslığın strateji dəyəri, eyni zamanda transformasiya imkanlarından danışıb. 

Seminarın davamında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərov “Təhsil Azərbaycanın rəqabətqabiliyyətli inkişafının əsası kimi” mövzusunda məruzəsində qloballaşma şəraitində milli təhsil sisteminin inkişafına və onun rəqabət qabiliyyətinin artırılması üzrə innovativ yanaşmalara toxunub.

Sonra məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.

Seminar barədə daha geniş yazını təqdim edəcəyik.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yaranan “Kür” ədəbi məclisi beş rayonda yaşayan (Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd) istedadlı yaradıcı gəncləri əhatə edir. “Kür” ədəbi məclisinin üzvləri ilə mütəmadi olaraq tanınmış yazıçıların, şairlərin görüşləri keçirilir. Növbəti görüş Mayın 20-də Beyləqan rayon Tarix Diyarşünaslıq Muzeyində yazıçı Şərif Ağayar və Mübariz Örənlə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı regional idarəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Faiq Xudanlı qonaqları salamlayıb, hər iki qələm adamının ədəbiyyatımızdakı mövqeyi, yaradıcılığı barəsində söhbət açıb.

Daha sonra Ramil Əhmədin moderatorluğunda Şərif Ağayar və Mübariz Örən ədəbiyyat haqqında düşüncələrini paylaşıb, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Görüşdə maraqlı anlardan biri Mübariz Örənin orta məktəb müəlliminin tədbirdə iştirak etməsi və onun haqqında fikirlərini bölüşməsi olub. Rayon ictimaiyyəti, ədəbi məclisin üzvləri, bölgədə yaşayan qələm adamlarının, müəllim və şagirdlərin yazarların yaradıcılıqları, əsərlərinin obrazları, süjetləri haqqında suallar ünvanlaması maraqla qarşılanıb.

Ən çox oxunan: Qubanın Xınalıq kəndinə qar yağıb

 

Bəli, ilin-ayın bu günündə Qubanın Xınalıq kəndinə qar yağıb. Özü də 10 sm qalınlığında. Bu barədə Vesti.az məlumat verir. 

Bu arada Gədəbəy, Göyöl və Daşkəsən rayonlarında da qar yağıb.

Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi.

Bu gün yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətimizə dəyərli töhfələr verən böyük sənətkar, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun vəfatından bir il ötür.

Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.

T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.

T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

 

“Növbədən qayıdanlar” və ya rəssama şöhrət gətirən tablo

 

Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.

T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind filmlərinə maraq artmışdı. Bəlkə də Hindistana qarşı yaranan ümumi maraq diplom praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb olmuşdur. T.Salahov da digər tələbə yoldaşları kimi Hindistana getməli idi. Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olur. Bu zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlir. Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayır. Onlarla birgə yeyib-içir, Abşeronun rəngsiz boz torpağında gəzir, narahat Xəzərə tamaşa edir və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırır. Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan təəssüratını öz tablosunda əks etdirməyə can atır. İki aydan sonra əsərini yaratmaq üçün Moskvaya qayıdır. Lakin diplom işini çəkmək üçün institutda boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov da belə məktəblərdən birində emalatxana tapır. Lakin məktəbdə yaradıcılıq üçün şərait yox dərəcəsində idi. Müdafiəyə bir ay qalmış institutda emalatxanalardan biri boşalır. T.Salahov həmin emalatxanaya köçür və burada diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayır. Bu zamana qədər isə Salahovun kətanı boş idi. İmtahan komissiyası onun işinə baxanda tablonu boş görür və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya üzvləri emalatxanaya gələndə gözlərinə inana bilmirlər. Onların qarşısında möhtəşəm tablo canlanırdı.

Salahovun diplom işi gözləniləndən daha çox uğur qazanır və keçmiş sosialist ölkələrində keçirilən sərgilərdə ən göz önündə olan əsərə çevrilir.

Ötən əsrin 50–60-cı illərində rəssamlıqda yeni incəsənət uğrunda gərgin mübarizə başlanmışdı. Tənqidçilər gənc rəssamları sxematiklikdə, əsərlərin həddən artıq qrafik olmasında ittiham edirdilər. Hansı ki, bu tendensiya akademik ənənələrə zidd idi. Salahovdan da həmin ittihamlar yan keçmədi. Rəssamın “Rezervuar parkı” və “Neftçi” əsərləri Moskvadakı bəzi partiya üzvlərinin xoşuna gəlməmişdi. Onlar hesab edirdilər ki, əsərlər həddən artıq pessimist ruhlu, qaranlıq və qarışıqdır. O zaman Salahovu yalnız SSRİ Rəssamlar İttifaqının sədri Sergey Gerasimov müdafiə edir. “Sizi nə üçün tənqid edirlər? Mən burada tənqidə layiq heç nə görmürəm”. Bu sözlər gənc rəssam üçün böyük dəstək idi.

T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar.

 

İki böyük uçuşun simvolu

 

Gənc rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür.

Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir. T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşundan bir neçə ay əvvəl artıq tamamlamışdı. Hansı ki, bu hadisənin olacağından xəbəri yox idi. Maraqlı təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O vaxtın bir çox tənqidçiləri əsərin birinci uçuşla bağlı olaraq sifarişlə çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünürdülər.

Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da gücləndi. Çünki əsərdəki ikinci obraz qadın idi və sanki Tereşkovanın kosmosa uçuşunu simvolizə edirdi. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində “Sənə, Bəşəriyyət” əsəri iki böyük uçuşun simvoluna çevrilib.

 

Rəssama medal qazandıran portret

 

Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçmişdir. Rəssam həmin məqamı belə xatırlayır: “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”. Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.

 

Əmək mövzusundan daha üstün bir mövzu tanımayan sənətkar

 

Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edir. O, müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların həyat tərzi ilə tanış oldum”. Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatçılıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərində görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi “Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.

T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb. Gənc rəssam banal mövzuya çevrilən gözəl xanımları və ya varlı qocanı təsvir etməyə can atmırdı. O, vağzallara, Praqa tunellərinə, qaranlıq, gözdən uzaq qalmış küçə döngələrinə gedir və Bakıdakı üslubuna sadiq qalaraq bu gözoxşamayan, cansıxıcı məkanların gözəlliyini kəşf edərək təsvir edir. İtaliyaya səfərində Salahov bu ecazkar ölkə ilə bağlı çoxlu sayda yağlı boya, stank akvarel əsərləri yaradır. Onun Roma ilə bağlı ilk akvareli “Romada küçə” adlanır. 1962-ci ildə Parisdə keçirilən Gənc Rəssamların Yaz Biennalesində iştirak edən rəssam bu şəhərin bəzəyi olan və sevgi rəmzinə çevrilən Eyfel qülləsini dəfələrlə təsvir edir.

 

Portretlərinin hamısı onun üçün əzizdir

 

Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. “Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.

Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun “Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə” baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.

O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.

Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq, Vətəninə çox bağlıdır. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O, əsl bakılı kimi Abşeron mənzərəsinə böyük dəyər verir. Təsvir etdiyi Abşeron mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə Xəzərin sahilində yerləşən qəsəbələri böyük məhəbbətlə təsvir edən rəssam, hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və məbədləri sevərək kətan üzərinə köçürüb.

Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.

 

Həyatı doğma Azərbaycana təmənnasız xidmətdə keçən bənzərsiz fırça ustası

 

Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.

Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.

Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.

Xalq rəssamı 2021-ci il mayın 21-də vəfat edib.

T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə təmənnasız xidmətindən ibarət olub. O, böyük istedadı ilə Azərbaycan xalqının milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Öz dəst-xəti ilə seçilən rəssamın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

 

Materialı AzərTAC-ın əməkdaşları hazırlayıblar.

 

Fransada dünyaca məşhur yunan bəstəkarı, elektron musiqinin ilk müəlliflərindən və ifaçılarından olan Vanqelis Papatanasiu 79 yaşında dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Papatanasiu bir çox filmlərin saundtreklərini yazıb, onların arasında "Ülgüc üzrə qaçan", "Aleksandr", "Opera kabusu", "Alovlu döyüş arabaları" var. 

1981-ci ildə çıxan bu sonuncu idman dramına musiqiyə görə Vanqelis "Oskar"mükafatına layiq görülüb. Bu filmin musiqisi ABŞ-ın bütün ən nüfuzlu hit-paradlarına uzun müddət liderlik edirdi.

Bundan başqa, bəstəkar Akademik, Simfonik və xor musiqisinin yaradılması üzərində də çalışıb. 2002-ci ildə Vangelis Yaponiya və Cənubi Koreyada futbol üzrə Dünya Çempionatının himninin müəllifi olub.

Onun sonuncu studiya albomu 2021-ci ildə çıxıb və "Yunona Yupiter" adlanırdı.

 

Böyük müvəffəqiyyətlə keçirilmiş SilkWay Beynəlxalq Ədəbiyyat Festivalı Azərbaycan turunun finalçıları ilə oxucularımızı tanış etməkdə davam edirik. Növbəti təqdim edilən Səddam Laçındır.

 Səddam Laçın - Məmmədov Gülmalı Şahlar oğlu 1992-ci il mart ayının 1-i Laçın şəhərində doğulub. Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda " ARB" telefviziyasında efir redaktoru olaraq çalışır. Şeirləri və hekayələri ilə müntəzəm olaraq mediada çıxış edir.

 

 

 Babam rəhmətə gedəndən bir neçə ay sonra anamın yuxusuna girdi. Anam da yuxusunu birinci axar suya, sonra atama danışdı. Gördü ki ürəyi soyumadı, un halvası bişirib yeddi qonşuya payladı. Sonda bir daha atamla məsləhətləşdi.

- A kişi, nə deyirsən, qəbir üstünə gedək, ya yox?

Əslində özü hər şeyi bilirdi. Amma niyəsə hər dəfə atamdan soruşurdu. Biz tərəfdə bütün analar belə edirdilər. Onlar dəqiq bildikləri şeyləri də kişilərdən soruşmamış etmirdilər. Son sözü yenə atam dedi: 

-Hazılaş, gedək.

Adət-ənənəyə əsasən yuxusuna rəhmətə gedən əzizi girən hər kəs mütləq onu ziyarət etməli idi. Yoxsa qəbiristanlığa diri yox, ölü gedərdi.

Atam qapının ağzında siqaretini tüstülədə-tüstülədə “Ağız, uşağı qonşuya qoy, özün də bir az tez elə, şər qovuşmamış gedək”- dedi.  Anam da “ Uşağı niyə qapılarda qoyaq e, getsin də bizlə, nə olacaq ki?”- soruşdu. Yəqin ki, “qapılar” sözü atamı tutdu. Siqaretindən bir qullab da alıb “Yaxşı, di bir az tez ol” dedi. Anam tələm-tələsik hazırlaşmağa başladı. Onsuz da yazıq ömür boyu harasa tələsirdi. Atamın deyinməyini nəzərə alsaq, həmişə də gecikirdi. 

Günortadan sonra qəbiristanlığa getdik. Anam içəri girər-girməz dil deyib ağlamağa başladı. Mən isə yersiz uşaq qısqanclığı ilə iki daşın arasında fikirləşdim ki, görəsən, mən də ölsəm anam belə ürəkdən ağlayarmı?

Yazıq elə nalə qopardı ki, pis oldum. Oradan uzaqlaşmaq istədim. Atam isə anama təsəlli vermək yerinə, mənə özümü ağıllı aparmağı, qəbirlərin üstünə çıxmamağı tapşırdı.

Anam ayağa qalxıb babamın məzarını təmizlədi. Bu vaxt başında qəribə papağı, üzündə eybəcər saqqalı olan bir kişi bizə tərəf gəldi. "Allah rəhmət eləsin" - dedi.

Mənə elə gəldi ki, o, bu cümləni sual formasında işlətdi . Çünki atam başını yelləyəndən sonra bilmədiyim dildə bəzən gur, bəzən asta səslə tələm-tələsik nəsə oxudu. Bitirən kimi də atam onun cibinə on manat basdı. Çox pulgir olduğumdan, ya da atamdan nə vaxt pul istəsəm vermədiyindən, onluğu görən kimi anamdan əminin oxuduğu kitabı bizə neçənci sinifdə keçəcəklərini soruşdum. O da ağzımdan vurub, "Kiri, Allaha ağır gedər" -dedi. Allah babaya oxumaq istədiyim kitab, yoxsa qazanmaq istədiyim pul ağır gedər, bilmədim, amma kiridim.

Anam babamın baş daşını öpə-öpə bir az da ağladı. Onun ağlamağı ürəyimi sıxırdı. Başımı qatmaq üçün ətrafa göz gəzdirdim. Bizdən xeyli aralıda gözümə bir qəbir sataşdı. O dəqiqə bildim ki, qəbir yiyəsi bütün ölülərdən varlıdı. Həm rəngi, həm hündürlüyü, həm də üstündəki gülləri ilə digərlərindən seçilirdi həmin qəbir. Acgözlüyümdənmi, yoxsa uşaqlığımdanmı, bilmədim, amma dərhal düşündüm ki, görəsən, mən də ölsəm, elə qəbrim olarmı? Sonra əlimi uzadaraq "Ana, o qəbir kimindir? "- soruşdum.

Deməz olaydım.

Ağzımdan söz çıxan kimi aləm dəydi bir-birinə. Atam hədsiz dərəcədə əsəbiləşib, "Sənə dedim axı, uşağı qəbiristlanlığa gətirmə"- dedi. Yazıq anam kor-peşman, mənə tərəf döndü. Mən də nə olub itdiyindən xəbərsiz, sual dolu baxışlarla ona baxdım. Anam əsə-əsə bir əli ilə qolumdan tutub, o biri əlinin şəhadət barmağı ilə tənbeh etdi ki, bir də heç vaxt qəbirlərə əl uzatmayım.

Mən də bir az qorxmuş, bir az da küskün halda niyəsini soruşdum. "Adam əlini qəbirlərə uzatmaz, yoxsa qəbirdəki onu yanına aparar"- dedi. Dəhşət içində ağlamağa başladım. Mən artıq əlimi uzatmışdım.

Pəh, yazı yaza bilməyən uşaq əli ölüm fərmanı imzaladı.

Maraqlı idi. Ölümün nə demək olduğunu bilməsəm də ölməkdən qorxdum. Amma bir tərəfdən də sevindim ki, ən yaxşı qəbirin, ən varlı ölünün yanında olacam. Bəlkə də ondan pul istəsəm, atam kimi xəsislik etməz, nə qədər lazım olsa verərdi. Bir tərəfdən də, özümə təsəlli verirdim ki, onsuz da cənnətə düşəcəm.

Qonşumuzun mən yaşda oğlu öləndə atam demişdi ki, Allah baba uşaqları cənnətə aparır. Sonra birdən yenə dəhşətli qorxu içində ağlamağa başladım. Yadıma düşdü ki, dünən gecə anamdan gizlin dırnaqlarımı tutub, bu azmış kimi qayçının ağzını da açıq saxlamışam. Çünki anam ikisinə də “olmaz” demişdi. Mən də etsəm nə olacaq deyə qəsdən iki günahı birdən işləmişdim. Bu da axırı…

Allah baba məni cəhənnəmə aparacaq. Ağlamağa, ağladıqca da qışqırmağa başladım. Sonra evə gəldik, qəbiristanlıq yadıma düşdükcə yenə ağladım.

Bir müddət sonra ağlamağımın səbəbini axtarmağa başladılar. Heç kim məndən heç nə soruşmadı. Müxtəlif versiyalar irəli sürüldü. Anama elə gəldi ki, mənə göz dəyib. Bu gün qəbir üstünə gedəndə hanısısa sonsuz arvad mənə yaman baxıbmış. Atam da öz növbəsində düşünürdü ki, bütün baş verənlərin günahkarı anamdır. Axı uşağın çöldə nə işi var ki, ona göz də dəyə. Anam həm atamı, həm məni, həm də özünü sakitləşdirmək üçün "Dərd verən Allah dərmanın da verər" - deyib mətbəxə keçdi.

Mən isə yenə uşaq ağlımla, dərman olanın niyə dərd verdiyini düşünməyə başladım. Bu arada anam Allah babanın göndərdiyi dərman - yeməyə tökdüyü duzu başıma hərlədi, sonra onu ocağa atdı, ocaqda duz çırtladadıqca hiss elədim ki, arvad xeyli rahatlaşdı. Lakin hər zamanki kimi işini yarımçıq qoymaq istəmədi, son olaraq bir topa üzərlik yandırdı.

Vəssalam, bununla da göz yaşım qurumasa da mənə dəyən bütün gözlər çıxacaqdı. Beləcə, borcunu layiqincə yerinə yetirən anam yatmağa getdi. Mən isə həmən gecə qorxumdan gözümü belə qırpmadım. Elə bildim ki, yatan kimi öləcəm.

Ondan sonra da nə vaxt anamın yuxusuna girsəm, adəti üzrə halva bişirəcək, qonum-qonşuya paylayacaq, atamla məsləhətləşib balaca qardaşımı qonşuda qoyub, məni görməyə gələcək. Babamın qəbri üstündə tökdüyü göz yaşından mənim də məzarıma axıdacaq, atam isə anama təsəlli verəcək. Səs-küyü eşidən o qəribə papaqlı kişi də haradansa peyda olub, tələm-tələsik nəsə mızıldanacaq, sonra atamdan on manat alıb yoxa çıxacaq. Heç bir saat çəkməmiş hamı ev-eşiyinə dönəcək və növbəti yuxuya kimi məni orada tək qoyacaqlar. 

Bir gecənin içində ölümdən qorxan uşaqdan, öldürməkdən qorxan qocaya çevrildim. 

Səhərə yaxın idi. Nə qədər müqavimət göstərsəm də, yuxu məni aparırdı. Son dəfə gözlərimi açdım, tavana baxa-baxa Allaha vəsiyyət elədim ki, əgər ölsəm, mənə elə yaraşıqlı məzar qoymasınlar. Hansısa uşaq bilmədən əlini uzatmasın, mən də onu öz yanıma gətirməyim.

 

 

Azərbaycan Dövlət “Yuğ” Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası sabah, mayın 21-də nümayiş etdiriləcək. 

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır.

Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

 

Mayın 18-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın publisistika mövzusunda qurultayqabağı məruzəsi dinlənildi.

 

Tədbiri Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli açdı. Bildirdi ki, son yeddi ilin publisitika təsnifatı ilə bağlı məruzə Azərbaycan yazıçılarının növbəti qurultayı qarşısında ayrı-ayrı ədəbi janrlar üzrə edilən məruzələrin onuncusu və sonuncusudur. "Deyim ki, edilən məruzələr ümumilikdə ötən illərin ədəbi-bədii mənzərəsini yetərli şəkildə əhatə edib, faydalı müzakirələrə səbəb olub. Hesab edirəm Azər Turanın publisistika ilə bağlı məruzəsi də maraqla qarşılanacaq, bu janrda yazılmış əsərlərin obyektiv təsnifatı veriləcək".

Sonra ədəbiyyatşünas alim Azər Turanın əhatəli məruzəsi dinlənildi.

Məruzə ətrafında ilk sözü də Elçin Hüseynbəyli dedi: "Olduqca məntiqli, səriştəli bir məruzədir. Lüzumsuz sadalanmalara yol verilməyib. Publisistika sahəsində diqqət çəkən hər bir əsərə fundamental şəkildə nəzər yetirilib. Azər Turanın bu sahəyə yaxından, peşəkarcaçına bələdliyi məruzənin uğurunu təmin edib. Bu mövzu barədə maraqlı bir söz var ki, publisistika faktlı ədəbiyyat, ədəbiyyat faktsız publisistikadır. Həmin aforizm bu məruzədə də öz təsdiqini tapdı".

AYB sədrinin müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də E.Hüseynbəyli ilə həmrəy olduğunu bildirdi: Məruzəçi haqlı olaraq ədəbi-bədii düşüncəyə və milli məfkurəyə istiqamət verə bilən bədii publisistika nümunələri üzərində dayanıb. Bu, onun əsl sənətə, sözə olan münasibətindən, obyektiv dəyərləndirmə mövqeyindən irəli gəlir… Deyə bilərik ki, unudulan ad ümumiyyətlə olmadı. İradə Tuncay, Niyazi Mehdi, Ramilə Qurbanlı kimi adların da çəkilməsini təqdirəlayiq hesab edirəm. Məruzə ilə bağlı iki iradım var: birincisi, Azər Turanın özünə yer verməməsinin düzgün olduğunu düşünmürəm. Çünki Azər Turan adları çəkilənlərdən heç də geri qalmır və publisistikada gördüyü işlər də hər kəsə məlumdur. Əlbəttə, bu da onun təvazökarlığından irəli gələn bir haldır. İkincisi, fikrimcə, publisistika nümunələri adı altında yazılan bir çox uğursuz yazını tənqid etmək olardı. Hər bir halda çox uğurlu məruzədir, Azər Turana təşəkkür edirəm". 

Görkəmli yazıçı Xeyrəddin Qoca bildirdi ki, ədəbi həyatımızda yolu gözlənilən, istedadla qələmə alınmış əsərlər az olduğu kimi, Azər Turanın etdiyi məruzə kimi dəyərli araşdırmalara da az halda rast gəlirik: "Namuslu, əsl ədəbiyyatşünas araşdırmasıdır… Çox vaxt deyirlər kitab oxunmur. Deyirəm ki, yaxşı yazın, oxunsun. Bu mənada Azər müəllimin məruzəsi o yaxşıların sırasındadı".

AYB-nin katibi, yazıçı-publisist İlqar Fəhmi bildirdi ki, məruzəçinin milli düşüncəyə, vətəndaş mövqeyinə stimul verən əsərlər üzərində dayanması daha çox cəlbedicidir: "Bu əhatəli məruzəyə görə mən də Azər Turana təşəkkür edirəm. Məruzədə milli düşüncə, milli təfəkkür aparıcı xətt idi və bu, onu daha çox dəyərli etmiş oldu. İndi istənilən mövzuda yazılmış yazını esse kimi qələmə vermək olar. Amma bu məruzədə toxunulan publisistika nümayəndələrinin və nümunələrin hamısı vahid xətt üzrə qruplaşdırıla bilir. Söhbət milli təfəkkür xəttindən gedi…"

Professor Qəzənfər Paşayev qeyd etdi ki, məruzədə bütün nəsillər təmsil olunub: "Məruzə olduqca məntiqli, bitkin və yanaşma tərzinə görə obyektivdir. AYB rəhbərliyinin publisistikamıza bu yöndən yer verməsi çox əlamətdardır. Deyim ki, publisistika Azər Turanın gündəlik fəaliyyətinin önəmli bir sahəsidir. Bu prosesin içindədir. Məruzəçinin peşəkarlığı diqqətə çatdırdığı bütün arqumentlərdə özünü aydın şəkildə büruzə verir. Publisistika oxucular tərəfindən ən çox sevilən janrdır. Mənəvi məzmunlu gözəl bir məruzə dinlədik. Məruzədə bütün nəsillər təmsil edilib. İlk dəfə görürəm ki, publisistika ilə bağlı məruzədə gənclərə də yer verilir. Bu məruzənin Azər Turana həvalə edilməsi də çox yerində verilmiş qərardır. Çünki o, hər gün bu işlə məşğuldur və işinin peşəkarı olan biridir".

Tanınmış yazıçı, AYB-nin nəsr sektorunun rəhbəri Səyyad Aran bildirdi ki, adətən mükəmməl, əhəmiyyətli və bitkin iş barəsində yekdil rəy, münasibət olur. "Azər Turanın məruzəsinə də münasibət belədir və bu, haqlı münasibətdir. O, məruzəyə mükəmməl bir girişlə başlayıb və bu mükəmməllik bütün məruzə boyu davam etdirilib. Elmi-intellektual təhlil, real dəyərləndirmələr göz qabağındadır və dərin razılıq doğurur…"

Professor Tofiq Məlikli dedi: "Maraqla dinlədim. Publisistikamızın inkişaf mərhələləri gözlərim önünə gəldi. Belə bir məruzə ilə çıxış etmək sözügedən sahəyə yaxından bələdliyin və ciddi hazırlığın nəticəsidir. Ona görə ki, məruzəçi bütün hallarda faktlara əsaslanıb. Olduqca obyektiv baxışdı…"

Yazıçı-publisist Fazil Güney bildirdi ki, məruzəçi son illər publisistikamızın ümumi mənzərəsini dolğun şəkildə ifadə edə bilib. Ancaq yaxşı olardı ki, bu sahədə diqqətə çarpan, arzuolunmaz məsələlərdən də konkret misallar fonunda bəhs olunaydı.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında məşhur bir fikri xatırlatdı ki, "doğrudan da üslub insandır". Azər Turan fəaliyyətində hansı üslubla çıxış edirsə, bu məruzədəki çıxışda da biz onu görürük. Mən düşünürəm ki, məruzə çox yaxşı sistemləşdirilib. Məruzədə son illərin publisistikası dərin notlarla öz əksini tapıb. Azər Turanın məruzəsi onun sənətə baxışını, mövqeyini və özünəməxsus üslubunu bütünlüklə ehtiva edir. Məruzədə zamana tarixi-tipoloji vahid kimi deyil, daha çox milli məzmun ifadə edən düşüncə müstəvisindən nəzər salınıb. Bu da Azər Turanın özünün ədəbiyyatşünas səriştəsindən irəli gəlir. Məruzə yaxşı bir sistemləşdirmə nümunəsidir. Son yeddi ilin publisistik mənzərəsi yığcam şəkildə ümumiləşdirilib”.

Tənqidçi Bəsti Əlibəyli məruzənin əhatəli, konseptual, orijinal cəhətlərini dəyərləndirdi.

Yazıçı-publisist Zemfira Məhərrəmli bildirdi ki, publisistika həmişə inkişafda olub, düşüncə həyatımızın müəyyən sahəsini əhatə edib. A.Turan bu reallıqları yetərincə dəyərləndirib.

 

Sərvaz Hüseynoğlu

 

Avstriyanın Breqenz və İsveçrənin Sürix şəhərlərində Azərbaycan korifeyi, xalqımızın və türk dünyasının musiqi mədəniyyətinə böyük töhfələr vermiş musiqişünas, xanəndə, şair və bəstəkar Əbdülqadir Marağayinin xatirəsinə həsr olunmuş “İpək Yolu” adlı klassik türk musiqisi konsertləri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, komitənin, Türkiyə Mədəniyyət Nazirliyinin və TRT-nin birgə dəstəyi, İsveçrə Azərbaycanlıları Mədəniyyət, Dostluq və Həmrəylik Cəmiyyəti və Sürix Türk Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Azərbaycanın, Türkiyənin diplomatik korpuslarının əməkdaşları, türk iş adamları, müxtəlif qeyri-hökumət təşkilatlarının, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri iştirak ediblər.

Musiqi direktoru Osman Nuri Özpekelin və xor dirijoru Yəhya Ceylanın idarə etdiyi konsertdə solistlər Münip Utandı və Çiğdem Yarkını, Sürix Türk Musiqi Cəmiyyətinin xoru və Türkiyədən gələn tanınmış musiqiçilər çıxış ediblər.

Üç saata yaxın davam edən konsertlər sənətsevərlərə unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində musiqiçi ailəsində anadan olub. O, Şərq musiqi nəzəriyyəsini dərindən mənimsəyib, öz şeirlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb. Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirib və əsərlərində 9 əsas türk ladını və bütün Şərq xalqları üçün ümumi olmaqla, türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirib. Onun musiqi əsərləri yüksək mürəkkəblik dərəcəsi ilə fərqləndiyindən, peşəkar musiqiçilər, nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulub.

Marağayi ömrünün son illərini Heratda keçirib və 1436-cı ildə vəfat edib.

 

Bu gün - mayın  20-də “Hilton Baku” otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır.

 

Azərbaycan Moda Həftəsinin iştirakçıları Qazaxıstan, Özbəkistan və Tacikistandan olan modelyerlər və Azərbaycan və Türkiyənin ən yaxşı kutüryeləri öz yeni kolleksiyalarını iki il yarımlıq fasilədən sonra nümayiş etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 22-dək “Hilton Baku” otelində keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.