Avstriyanın Breqenz və İsveçrənin Sürix şəhərlərində Azərbaycan korifeyi, xalqımızın və türk dünyasının musiqi mədəniyyətinə böyük töhfələr vermiş musiqişünas, xanəndə, şair və bəstəkar Əbdülqadir Marağayinin xatirəsinə həsr olunmuş “İpək Yolu” adlı klassik türk musiqisi konsertləri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, komitənin, Türkiyə Mədəniyyət Nazirliyinin və TRT-nin birgə dəstəyi, İsveçrə Azərbaycanlıları Mədəniyyət, Dostluq və Həmrəylik Cəmiyyəti və Sürix Türk Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Azərbaycanın, Türkiyənin diplomatik korpuslarının əməkdaşları, türk iş adamları, müxtəlif qeyri-hökumət təşkilatlarının, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri iştirak ediblər.
Musiqi direktoru Osman Nuri Özpekelin və xor dirijoru Yəhya Ceylanın idarə etdiyi konsertdə solistlər Münip Utandı və Çiğdem Yarkını, Sürix Türk Musiqi Cəmiyyətinin xoru və Türkiyədən gələn tanınmış musiqiçilər çıxış ediblər.
Üç saata yaxın davam edən konsertlər sənətsevərlərə unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində musiqiçi ailəsində anadan olub. O, Şərq musiqi nəzəriyyəsini dərindən mənimsəyib, öz şeirlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb. Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirib və əsərlərində 9 əsas türk ladını və bütün Şərq xalqları üçün ümumi olmaqla, türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirib. Onun musiqi əsərləri yüksək mürəkkəblik dərəcəsi ilə fərqləndiyindən, peşəkar musiqiçilər, nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulub.
Marağayi ömrünün son illərini Heratda keçirib və 1436-cı ildə vəfat edib.