“Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edilib

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Şuşa – qürurum mənim!" devizi ilə ssenari müsabiqəsi elan edib.

 

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AzərTAC-a bildirib ki, müsabiqənin keçirilməsində məqsəd təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsinə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılmasına, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın simvolunu qoruyan və yaşadan fədakar Azərbaycan gənclərinin fəaliyyətini bütün əlvanlığı, obyektivliyi və romantik zənginliyi ilə əks etdirməkdir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- 18-30 yaşadək bütün gənclər müsabiqəyə ssenari təqdim edə bilər.

- Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

- Şrift Courier New, ölçü 12 tələb olunur.

- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

- Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.

- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.

- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər mayın 19-dan iyulun 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur.

Müsabiqədə birinci yerin sahibinə 2500, ikinci yerə layiq görülən ssenari müəllifinə 1800, üçüncü yerin müəllifinə isə 1000 manat pul mükafatı veriləcək. Həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.