Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd olunur. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) 11-ci konfransında təsis edilib. 1978-ci ildən etibarən dünyanın əksər ölkələri əlamətdar günü qeyd edir.
Muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etmək məqsədilə təsis olunmuş əlamətdar gün ICOM-un təşəbbüsü ilə hər il müəyyən deviz altında qeyd edilir.
Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçiriləcək.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli qeyd edib ki, mayın 18-də mədəniyyət ocağında əlamətdar günə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olunacaq. Eyni zamanda həmin gün muzeydə “açıq qapı” olacaq.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Şuşa musiqiçiləri” adlı sərgi açılıb.
Musiqi Mədəniyyəti Dövlət Muzeyində və muzeyin filialları olan Niyazinin Mənzil-Muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi və Qara Qarayevin ev-muzeyində “açıq qapı” günü olacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi katibi Aytən Məmmədova bildirib ki, əlamətdar günlə bağlı bu gün mədəniyyət ocağında “Xan qızı” ədəbi-bədii kompozisiyası təqdim olunacaq.
Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək.