Beynəlxalq Silkway ədəbiyyat festivalı, sevinclər, incikliklər və qalibiyyət – Nərgiz Cabbarlı yazır Featured

Festivallar, müsabiqələr bir çoxları üçün qalibləri, mükafatları ilə maraqlı olsa da, əslində, ən vacib olanı yeni tapıntılar, kəşflər, qurulan ədəbi münasibətlər, yaranan ünsiyyətlərdir.

 

Əlbəttə, məsələyə kim hansı prizmadan yanaşır – bu da vacib məqamdır. Amma aprel ayının 30-dan mayın 2-nə qədər Qubada, “Şahdağ Quba Truskavets” sanatoriyasında keçirilən Beynəlxalq Silkway ədəbiyyat festivalı bir çoxları üçün, xüsusilə mənim üçün məhz bu cəhətdən maraqlı oldu.

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi daşıyan festivalın Azərbaycan turunun final mərhələsində 30 gənc iştirak edirdi. Festival öz üzərinə qaliblərin gələcək yaradıcılıq yoluna istiqamət vermək, təbliğini təşkil etmək kimi də vacib bir öhdəlik götürüb və bu onun mahiyyətini daha da artırır.

Silkway International Writers Union təsisatının təşkilatçılığı ilə baş tutan festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şura, Dünya Gənc Türk Yazarlar Birliyi, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, “Şahdağ Quba Truskavets” sanatoriyası təşkilati dəstək, “Ədəbiyyat və incəsənət” portalının isə informasiya dəstəyi verirdi.

300-ə yaxın namizəddən fərqlənərək son tura gələnlər arasında ədəbi gəncliyin seçilən nümayəndələri də vardı, qismən az tanınan nümayəndələri də. Münsiflər heyəti Ruslan Dost-Əli, Ramil Əhməd, İntiqam Yaşar, Cavid Zeynallı, El Roman, Fərid Hüseyn, Faiq Hüseynbəyli, Eminquey, Nargis İsmayılova, Bahəddin Salman, Emin Piri, Mehdi Dostəlizadə, Ayxan Ayvaz, Nadir Yalçın, Ələsgər Əhməd, Ümid Nəccari, Rəvan Cavid, Nigar Arif, Cavid Qasımov, Səddam Laçın, Həsən Kür, Ulucay Akif kimi yazarların yaradıcılığını qiymətləndirdi.  Təbii ki, bal sistemi ilə. Amma maraqlıdır ki, münsiflərin şifahi olaraq müzakirələr zamanı imzasını səsləndirdikləri favoritlərin adi ilə bal sisteminin nəticələri, demək olar ki, üst-üstə düşdü.  Nəticələr kimlərisə qane etməyə bilər… Bu da, əlbəttə ki, belə müsabiqələrdə, gözlənilən haldır. Xüsusilə xanımlardan kiminsə qalib olmaması inciklik səbəblərindən biri kimi dilə gətirildi. Amma… Mətnlərin və ifaların apardığı bir yarışda məhz festivalın şüarinda da deyildiyi kimi, “Sonda ədəbiyyat qalib gəldi”. Çünki bu görüşün, aparılan söhbətlərin xatirəsi və təəssüratı, inanıram ki, hələ uzun müddət yaddaşlarda qalacaq.

Yeri gəlmişkən, qeyd edim ki, həmsədrləri Anar və akademik Nizami Cəfərov olan Münsiflər Heyətinin tərkibində AYB sədrinin müavini Rəşad Məcid, AYB katibləri Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis, bir də mən var idim.

Əvvəlcə səsləndirilən şeirlər haqqında.

Açığı, maraqlı nümunələr dinlədik. Bəzilərini mətbuatdan artıq oxusam da, müəllifin öz dilindən, öz intonasiyasını (və təbii ki, emosiyasını) qatmaqla təqdim etməsi, bir başqa təsir gücünə malik idi. Həyəcan da vardı, aktyorluq məharəti və qiraət ustalığı da. Və ya əksinə, gözəl bir nümunəni zəif səsləndirənlər də oldu. Amma bu həyəcanın arasında yenə də yaddaşıma yazılan, xatirimdə qalan nümunələr vardı ki, hansısa gözəl poetik tapıntı olduğundan, hansısa çox səmimi ifadəsi ilə diqqətimi çəkdiyindən, hansısa uğulu bir şəkildə poetik situasiya yaratmaq gücündə olduğundan fərqli idi. O da dəqiqdir ki, alınan təəssürat, ilk növbədə, müəllifin imzasını yadda saxlayacaq və bundan sonra da bizi onu izləməyə vadar edəcəkdir. Məncə, gənclərin əldə etdiyi ən böyük uğur məhz budur.

Şəxsən mən xüsusi olaraq bir neçə imzanı qeyd etmək istəyirəm. Ruslan Dostəli, Səddam Laçın, El Roman, Nigar Arif, Günel Balakişi, Cavid Qasımov, İntiqam Yaşar və Ümid Nəccari.

Yazıdan fərqli olaraq şifahi səsləndirilən mətnlərdə hansısa fikrin yadda qalması mənim üçün çətindir (göz yaddaşım daha güclüdür). Əsas ilk səsləndirmədən aldığım təəssürat olur. Amma həmin günlərdə dinlədiyim şeirlərdən xatirimə yazılanlar vardı.

Məsələn, Ruslan Dostəli daha çox səmimi ifadəsi, ötürdüyü emosional təsirlə auditoriyanı ələ ala bilməsi ilə fərqləndi. Onun

Bircə səhər üzün gülə:

məktəbə gedən oğlunun

cibinə şeir qoyasan…

misraları ilə xatırladığım şeirində əsas məhz səmimiyyət və yaşadıqlarını, hiss etdiyi çıxılmazlıqları tam bir içdənliklə mətnə gətirə bilməsi idi. Bir də bunu səmimi ifasını əlavə edərək çatdırması…

Yazmağa həvəsin ola,

nəyəsə yaraya şeir…

Bir ovuc küldən ötəri

özünü yandırmayasan,

basasan yaraya şeir…

Bir daha qeyd edim ki, Ruslan Dostəlinin yaratdığı şeir ovaqatı, ifa etdiyi şeirə qatdığı ifa gözəlliyi, bir də təbii ki, xalq şeirindən qaynaqlanan təbiiliyi o qədər təsirli idi ki, demək olar, münsiflər heyətinin əksəriyyətindən 10 balla qiymətləndirildi.

Götürüb üstünə adımı yazdım,

bir arxa tulladım, getdi-gəlmədi –

Mənim uşaqlığım, ahh… uşaqlığım

kağız gəmilərdə batdı, gəlmədi…

Məhz elə bu səbəbdən də söhbətlərdə favorit olduğu hiss edilən Ruslan ən yüksək balı toplayaraq birinciliyi qazandı.

Festivalda çıxış edən elə şairlər də oldu ki, məhz maraqlı tapıntıları ilə yadda qala bildilər. Məsələn, Nigar Arifin çox bəyəndiyim və həqiqətən də böyük ağrını ifadə edən “Bax belədir, əzizim, Yol uzundur, zaman dar, Hardan biləydik axı Div boyda arzuların cırtdan ayaqları var…” misraları… “Cırtdan ayaqlarınn daşıya bilməyəcəyi böyük arzular”ın ağırlığı bu şairin ifasında “göründü”, öz dəqiq təəssüratını yaratdı və yadda qala bildi.

Başqa bir xanım şairə Aypara Ayxan şeirlərini usta bir qiraətçi kimi təqdim etdi. Bu mətnin təəssüratını gücləndirən əsas amil olsa da, onun yazdığı şeirdən  “Getdin, intihar etdi qəmzəmdə kəpənəklər” misrasının yaratdığı obraz, bir də “getdin, içimdəki quşlara qəfəs oldum” ağrısı idi. Hə, bir də “Çin səddi arxasında gizlənən tapmaca adam” obrazı. Əlbəttə, o obraz bir az da gücləndirilsə, daha uğurlu olardı.

İlk dəfə “Söz” layihəsinin müəllifi Nigar Həsənzadənin təşkil etdiyi “İgidlərin sözü” layihəsində gördüyüm və elə oradan da yadımda qalan Cavid Qasımovun ifasını da bəyəndim. Onun az qala bütün bədənini lərzəyə gətirən həyəcanı  oxuduğu qəzələ başqa bir emosional təsir gücü qatmışdı.

El Romanın “Mağara – dağların əsnəməsidir. Tərsinə asılmış quş qəfəsidir”, Emin Pirinin “İşsiz vaxtlarımda evdən çıxanda, Anamın namaz üstə dediyi duaları qoydum cibimə Yolpulu əvəzi”, Fərid Hüseynin  “Elə bilirsən ovcunda gizlətdiyindən xəbərsizəm? Açacaqsan – yalan, Yol adlamaq deyil ömür yaşamaq,  O tərəfə keçəcəksən – yalan” misraları şeirimizdə maraqlı imzaların maraqlı nişanəsi idi. Onsuz da var olan imzalarını bir az da möhkəmləndirirdi. Ümid Nəccarinin “Karantin günləri” adlı şeirində yaratdığı gerçəkçi təsvir öz təsir qüvvəsi ilə darıxdırdı məni: “Küçələrdən kimsəsizlik gedib-gəlir. Boylanır pəncərədən bir quşun səsi. Divarlar qəfəs rəngində. Uşaqların sükutu oynayır məhəllədə”. Bir də Günel Balakişinin şeirlərindəki səmimiyyət yadımda qaldı.

Açığı, bu festivala qədər adlarını qeyd etdiyim şairlərdən bəzilərinin yaradıcılığına az və ya çox bələdliyim var idi. Amma burada tanıdığım Səddam Laçının adını xüsusi qeyd etmək istəyirəm. Özəlliklə də “Bir qadın unutmuşam…” şeirini.

Əlbəttə, münsiflər heyətinin müzakirələrində də fikrimi bildirdim: Hekayələrin şeirlərlə eyni anda və eyni müstəvidə qiymətləndirilməsi çətin və az qala, mümkünsüz məsələdir. Və təşkilatçılardan biri olan Varis gələn il bu qaydaya yenidən baxılacağına söz verdi. Amma bununla belə, festivalda Ayxan Ayvazın atasının təyyarə ilə qayıdacağına inanan bir uşağın duyğularını əks etdirən “Sarı göyərçinlər” hekayəsini qeyd etmək istərdirm. Xüsusilə “uşaq vaxtı ona elə gəlirdi ki, bütün təyyarələrin içində atası var” inamı ilə “şəkildə atasının əlindən tutmaq istəyən” uşağın “fotodakı adamın əlləri cibində olurdu” həqiqətinə çırpılan və qırılan ümidləri məni çox təsirləndirdi. Bir də Cavid Zeynallının “Üzündə iki adamın işığını daşıyan” qəhrəmanı diqqətimi çəkdi…

Festival uğurla başa çatdı. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gənc yazarlara ustad dərsi keçdi. Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları”, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi “Dünya ədəbiyyatının mədəniyyətdə rolu” mövzusunda çıxışlar etdilər. Gənclər suallar verdilər. İncikliklər dilə gətirildi. Sevgilər də həmçinin.

Bu festival çərçivəsində daha bir görüşü də qeyd etmək istəyirəm. Bu da Qubadakı “Azərkitab” mərkəzində AYB sədri Anarın bölgə yazarları ilə görüşü və şair Ramiz Qusarçaylının AYB tərəfindən yeni təsis edilmiş Əhməd Cavad mükafatı ilə təltif edilməsi idi.

Sonda qeyd edim ki, 1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif, 3-cü yeri Cavid Qasımov qazandı. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqləndi. Hər birini təbrik edirəm. Öz adımdan isə təşkilatçılara, xüsusilə Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun təşkilat komitəsinin həmsədrləri Əlibala Məhərrəmzadə və Varisə ədəbiyyat adına gördükləri iş, çəkdikləri əziyyət üçün təşəkkürümü bildirirəm.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.