Nazir Anar Kərimov ABŞ-da Holokost Memorial Muzeyinə olub

 

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfər çərçivəsində Holokost Memorial Muzeyinə olub.

 

“Ədəbiyyat və incəsınət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, eksponatlarla yaxından tanış olduqdan sonra Anar Kərimov ABŞ Holokost Memorial Şurasının sədri Stüart Eysenstatla bir sıra məsələlər ətrafında müzakirə aparıb. Azərbaycanın multikultural dəyərlərindən bəhs edən A. Kərimov həmçinin əsrlər boyu ölkəmizdə yaşayıb-yaradan yəhudi icması haqda da məlumat verib.

Nazir bildirib ki, ölkəmizdə yerləşən Quba Soyqırımı Memorial Kompleksi azərbaycanlılara və yəhudilərə qarşı törədilmiş soyqırımın rəmzi olaraq hər zaman dərin sayğı ilə anılır. Bu gün Holokost soyqırımı hətta məktəb dərsliklərində də yer alıb. Azərbaycan illərdir ki, antisemitizmlə mübarizəyə həsr olunmuş konfranslara, müxtəlif səpgili tədbirlərə ev sahibliyi edir.

Görüş zamanı Holokost Memorial Muzeyinin yəhudilərə qarşı törədilmiş soyqırımın gələcək nəsillərə çatdırılmasında daşıdığı böyük önəmdən bəhs olunub. Həmçinin bu sahədə Quba Soyqırımı Memorial Kompleksi ilə gələcək əməkdaşlığın, arxiv materialların üzə çıxarılmasının və təbliğinin, məlumat mübadiləsinin vacibliyi vurğulanıb.

Elə həmin gün Anar Kərimov tanınmış caz ifaçısı, pianoçu Əminə Fiqarovanın rəhbərlik etdiyi musiqi qrupunun konsert proqramında iştirak edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.