“İçimdəki müharibəyə uduzur bütün zəfərlər” (Faiq Hüseynbəyli) - SW ekspertlərinin seçimi Featured

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi artıq başa çatıb. 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalda 30 finalçının adları bu gün açıqlanacaq. 

Əsas favoritlərin adlarını da məlumdur: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli, Faiq Hüseynbəyli və digərləri...

 “Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.

 

Faiq Hüseynbəyli

 

Hüseynbəyli Faiq Bilal oğlu 1983-cü il, dekabr ayının 20-də Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığına görə 2006-cı ildə “Gənclik, İdman və Turizm” nazirliyi tərəfindən “İlin ən yaxşı gənc şairi” kimi təltif olunub. 2007-ci ildə Prezident mükafatına layiq görülüb. Səkkiz poetik toplunun müəllifidir.

Faiq Hüseynbəyliyə çox rahatca peşəkar şair demək olar. Sözü cilalamaq, sözlə oynamaq, sözün nazını çəkmək, sözün qədrini bilmək onun şeirlərinin görünən tərəfləridir. Faiq Hüseynbəyli hər şeirində sözə bir abidə ucaldır sanki və deyir:

İlbəil yandıqca köz olur şair,

Hərf-hərf birləşib söz olur şair.

 

 

 

 

***

 

Bir səhər müharibəyə açıldı gözüm,

Gördüm, hər tərəfi

bürümüş vətən qoxusu.

Bir səhər müharibəyə açıldı gözüm,

Sən demə, qarışıb gecənin yuxusu,

Sən demə, qarışıb Gəncənin yuxusu.

 

Oyanıb otuz illik həsrətdən

Qocaman Murovdağ.

İlahi, möhtəşəmliyə bir bax!

Silkələnib, töküb üstündən yad izləri,

Şuşaya doğru səsləyir bizləri!

Səsləyir qədim abidələr -

Şuşa qalası,

Azıx mağarası,

Cıdır düzü.

Qaldığı yerdən boy atır

Xanın səsi, Vaqifin sözü.

 

Bir səhər müharibəyə açıldı gözüm,

Əmr verilib: - İrəli!

Üzülüb düşmənin

özgə ətəyindən əli.

Amma, lakin, ancaq,

dəyişməyib xisləti.

Atəşkəs istəyir müvəqqəti,

Aman diləyir,

girib heyvan cildinə çaqqallar,

Quzu kimi mələyir...

 

Döyüş meydanında dizini yerə atdı yağı,

Atəşə tutdu sivilləri, qız-gəlini, uşağı...

Məsum uşaqların ahı tutsun düşməni,

Xəbərlərə baxıb o ki var ağlamışam,

İçimdə bu əclaflığa qarşı

Bir ömürlük qisas hissi saxlamışam!

Daha sülh ola bilməz,

Axar sular durula bilməz!

Cənab Ali Baş Komandan,

Hörmətli zat ailləri,

Zəfər xəbərlərin xalqın ürəyinə su səpir,

Hərf-hərf, söz-söz, sətir-sətir.

Təşnə könüllərə məlhəmdi

Bütün çıxışların!

Rusiyadan, Fransadan eşidilir

Erməninin yalvarışları!

 

Bir səhər müharibəyə açıldı gözüm,

Bütün vücudumu bürüdü bu nida:

Qarabağ Azərbaycandır!

Günəş Ərgünəşdən doğdu bu yurda,

Əmr dəyişməyib: "İrəli!".

Qisas vaxtıdır,

Qana qan, cana candır!

 

Kəndbəkənd, oba-oba nəfəs alır,

Geri qayıdır torpaqlar

qarış-qarış, addım-addım...

Mənə zəfər verin,

Qələbə verin,

Azadlıq verin,

Bütün ağrılarımı-acılarımı unudum!

Ulu Babam, Dədəm Qorqud,

vaxt həmin vaxtdır,

An həmin andır -

Qarabağ Azərbaycandır!

 

 

***

 

İlbəil qocalır güzgülər,

Dərinləşir üzündəki cizgilər.

İlbəil qocalır yollar,

Enişdən yoxuşa ucalır yollar.

İlbəil quruyur ağaclar,

Qolsuz-budaqsız çürüyür ağaclar.

İlbəil əriyir sular,

Göylərə yeriyir sular.

Səmtini dəyişir çaylar,

Eyni fəslə dönür

Payızlar, qışlar,

Yazlar, yaylar.

İlbəil ayrılır o qız məndən,

Uzaqlaşır Günəş məndən,

Ay məndən, ulduz məndən.

İlbəil böyüyür qayğılar,

Bütün vücudumu bürüyür qayğılar.

İlbəil tanımır məni doğmalar, yadlar,

İlbəil süstləşir inadlar.

İlbəil çoxalır rəqəmlər,

İlbəil ömürdən çıxılır rəqəmlər.

Böyüyür addımlar, izlər,

Sükutun lal diliylə danışır sözlər.

İlbəil kar olur xəbərlər,

İçimdəki müharibəyə

uduzur bütün zəfərlər.

İlbəil uzaqlaşır hər şey adamdan,

Çıxmaq istəmirəm tənha odamdan.

İlbəil illər də azalır,

İlbəil bənizlər sozalır.

İlbəil yandıqca köz olur şair,

Hərf-hərf birləşib söz olur şair.

 

 

***

 

Salam, Tanrım mənim, salam, İlahi,

Mən gülü burnumda solan bəndənəm.

Çətin tanıyarsan bu qəmi, ahı,

Filankəsin oğlu filan bəndənəm.

 

Qarada itirdim bütün rəngləri,

O asan rəngləri, çətin rəngləri.

Atadan-anadan yetim rəngləri,

Həyat tablosuna salan bəndənəm.

 

Milçəklər qaynaşır söz pətəyində,

Nə kökündə dad var, nə kötəyində.

Həqiqət, azadlıq, haqq ətəyində,

Zühur namazını qılan bəndənəm.

 

Bəlkə də xitabım sənə xoş deyil,

Həmin adam deyil, vətəndaş deyil –

Heçdən yaratsan da, içim boş deyil,

Sən özün "Ol!" dedin, olan bəndənəm.

 

Çətin tanıyarsan... əyər tanısan,

Sən özün bu ruhun tərcümanısan.

Bütün şeirlərin qəhrəmanısan,

Min ildi qeydinə qalan bəndənəm.

 

Kimsə söz çeynəyir burda acından,

Qaçır ömrü boyu ehtiyacından...

Göstər ağ rəngini, tutum ucundan,

Mən yalan bəndənəm, yalan bəndənəm.

 

Sağ ol, Tanrım mənim, İlahim mənim,

Səndən öz payımı alan bəndənəm.

 

 

Sözün yorğunu

 

Yüyənə sığmayır dəli at kimi,

Ruha bax, dərənin-düzün yorğunu.

Min ildi Günəşdən nur içir əllər,

Min ildi ayaqlar izin yorğunu.

 

Həyat bir oyundu, yarışdan keçər,

Sevgidən, sevdadan, barışdan keçər.

Alın yazıları qırışdan keçər,

Alın yazıları... üzün yorğunu.

 

Tanrı, gəl sahib çıx bu ruha, cana,

Bir addım yaxın ol qulun insana.

Gündüzlər atadır, gecələr ana,

Oğulun yorğunu, qızın yorğunu.

 

Şimşəklər oynaşır qayada, dağda,

Rənglər yoxa çıxır qarada, ağda...

Qopmasın kökündən bircə budaq da,

Sən özün hifz elə, özün, yorğunu.

 

Ulayır səbrimi kəsən küləklər,

Torpaqdan, dənizdən küsən küləklər.

Bu yağan yağışlar, əsən küləklər,

Yar gələn yollarda tozun yorğunu.

 

Tanrı, sirlərini açan bəndəyəm,

Mən haçan Tanrıyam, haçan bəndəyəm?

Sözlə qanadlanıb uçan bəndəyəm,

Sözün yorğunuyam, sözün yorğunu.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.